FANTAZİYALARIN
ƏN GÖZƏLİ
Mircəfər
Bağırov və Üzeyir Hacıbəyovun söhbəti…
…O, yeganə sənətkar idi ki, həm
fəal kommunist, həm də böyük istedad sahibi idi…
(əvvəli var)
Üzeyir bəy otaqda var-gəl edə-edə
öz-özünə danışırdı: “Həm öz
ürəyim istəyən olar, həm də yoldaş
Bağırovun istəyi yerinə yetər. Vokal əsərdən orkestr əsəri daha çox yerinə düşər. Həm melodiyalar rəngarəng olar, həm yeni bir janr meydana
gələr, həm də böyük Motsarta da olan
borcumu yerinə yetirərəm. Elə təkcə “Türk
marşı” üçün.
Doğrudur, böyük
Bethovenin də “Türk marşı” var, amma o hara,
bu hara… Bethoven bir yol açıb
– geniş, möhkəm,
tamamilə yeni bir yol. Motsart isə sələflərindən
Bethoven qədər fərqlənməsə də,
açdığı yollar
geniş, möhkəm
bir o qədər döşənmiş olmasalar
da, sayları çoxdur və hamısı ilə getmək eyni dərəcədə dinləyicini
məmnun edir. Bir sözlə Motsart daha əlvandır
və “ 40-cı sinfoniya” gözəlliyində
ondan sonra hələ heç kim bu dərəcədə
gözəl olan ikinci bir simfoniya yarada
bilmədi. Şampan dolu qədəhdən
daşıb töküldüyü
kimi adamı əsir edən melodiyalar da “40-cı simfoniyadan” o cür çağlayıb daşır.
Ancaq təbii ki, mənim öz yolum var. Nə Bethoven, nə də Motsartı heç nədə təkrar etmədim. Bir şeydə səhv elədim ki, inqilabdan qabaqkı operalarımı çox əbəs yerə məhv etdim. Doğrudur, ayrı-ayrı ariya və orkestr hissələrindən faydalandım,
amma gərək səbr edə, kütlənin zövqünün
ardınca getməyəydim.
Nə isə, olan olub, keçən keçib. Hələ kisəmizdə ehtiyat
çoxdur. Sadəcə
çox ara
verdiyimə görə
özümü yığışdıra
bilmirəm. İnşallah “Fantaziya” ilə
həyatımda yeni mərhələ başlayacaq”.
Üzeyir bəy o gündən Motsartın həmin “do major”unu bir-iki dəfə eşitməklə
artıq yadında saxlamışdı. Əslində yadda saxlamaq elə bir çətinlikdə
törətmirdi. Çünki bütün gözəllik “andante”də cəmlənmişdi.
Və
yalnız bundan sonra Üzeyir bəy pianonun
arxasına keçib öz
“andante”sinin bir neçə variantını zümzümə
etdikdən sonra birinin
üstündə dayandı. Özü də
tərtəmiz “Çahargah” üstündə.
Doğrudur, Çahargah
savaş, müharibə, göy
gurultusu və ildırımlar sintezi olsa da, Üzeyir
bəy daha çox düşüncə və
oynaqlığa üstünlük verdi. Həmişəki kimi
heç bir əsərini
yarım-yarım yazmadığı kimi bir dəfəlik başa
çatdırmağı qərara almışdı.
Əslində bu elə də çətin
məsələ deyildi. Çünki
Motsartın “andante”sində olduğu kimi hər şey leytmotiv üzərində qurulurdu.
Melodiyanın bütün
gözəlliyi hər dəfə motiv təkrar
olunanda sanki yeni çalarlarla əks olunurdu. Üzeyir bəy Motsartdan fərqli olaraq heç bir hissəyə üstünlük vermək istəmirdi.
Ümumiyyətlə onun bütün
yaradıcılığı bu prinsip üzərində qurulmuşdu.
“Arşın mal alan”ın bütün
ariya, duet,
triolarında olduğu kimi
Üzeyir bəy heç
bir hissəyə üstünlük
vermirdi. Kim deyə bilərdi
ki, “Əsgər”in və xüsusilə
“Gülçöhrə”nin vokal
partiyalarının hansı biri digərlərindən üstündür. Kim deyə
bilər ki, “Gülçöhrənin naləsi”
onun “Elegiya”sından zəifdir. Hər ikisi eyni dərəcədə
gənc qız qəlbinin ilahi
sarsıntılarının əksi kimi
gözəldir.
Eləcə
“fantaziya”nın hər üç hissəsi
də, bu qüdrətli qəlbdən süzülüb gələn eyni
dərəcədə cazibəli, heyranedici
musiqi notları idi.
Əslində
Üzeyir bəy yalnız birinci
hissə “andante”də Motsartdan bəhrələnmişdi.
Çünki Motsart
sonatasının bütün cazibədarlığı
həmin hissədə idi. Amma “do major”u Motsartın
barmaqları bəstələmişdi, Üzeyir
bəyin isə hər melodiyada, hər notda ürəyi döyünürdü.
Əsəri bitirib nota
köçürdükdən sonra Üzeyir bəy onun ilk ifasına başladı. Və bir də gördü ki, qapını dır qoyub
Məleykə də öz otağından
onun çalğısına qulaq asır. Üzeyir bəy
gülümsədi:
– Hə, xoşuna gəlirmi?
– Üzeyir bəy əladır. Amma
ikinci hissə lap çox xoşuma gəldi.
Bu hadisədən bir neçə ay
keçəndən sonra bir
gün Müslüm Maqomayev onlara gəldi.
Söz-söhbətdən sonra dostu dedi:
– Üzeyir bəy orkestr demək olar ki, hazırdır. Repertuarın bir-iki
nömrəsini mən nəzərdə tutmuşam.
Qalanları sizin işinizdir.
Necə edəcəksiz? Bizim üç yolumuz var. Ya öz
yaradıcılıq nümunələrimizdən, ya rus və Avropa klassiklərindən, ya
da xalq musiqisi
nümunələrindən tərtib etməliyik. Sizin fikriniz necədir?
Üzeyir bəy həmişəki kimi bığlarını didişdirib
dedi:
– Elə hər üçündən.
Əgər tamamilə rus və Avropa klassiklərindən tərtib etsək qorxuram ki,
xalqımızı, əksər dinləyicilərimizi o qədər də təmin etməsin. Xalq musiqisi nümunələrindən
tərtib edə bilərdik. Onda da deyərlər ki, Oqanezaşvilini təqlid ediblər. Kişi arabir mənə sataşsa da, hər halda ilk orkestri
o yaratmışdı və bu xidmətini danmaq olmaz. Yalnız öz
yaradıcılığımızdan da
istifadə etsək, onda da
qeyri-təvazökarlıqda ittiham edərlər.
Müslüm bəy bir
anlıq duruxdu və sonra
gülümsəyib dedi:
– Üzeyir bəy, daha sözüm yoxdur. Ancaq bir xaişim
var, özün də
bir şey
yazmalısan.
Çay gətirən Məleykə bir anlıq duruxdu, Üzeyir bəy ona
baxdı və arvadı o dəqiqə başa düşüb susdu. Üzeyir bəy dedi:
– Yaxşı, cənab sədr.
Çalışarıq o vaxtacan
bir şey ortaya çıxaraq.
– O vaxtacan yox e, Üzeyir
bəy tez lazımdır. Orkestrlə sabah, birisi gün
məşqlərə başlamalısız.
1931- ci
ilin yayı idi. Konservatoriyanın konsert zalı
ağzına kimi dolu idi. Mərkəzi Komitənin katibləri,
Nazirlər Sovetinin rəhbər işçiləri
və bir çox nazirlərin iştirak etdiyi hadisə Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin
ilk konsertinə həsr
olunmuşdu. Mərkəzi Komitənin birinci katibi yəhudi Polonski hər vəcdlə yerli xalqın, ədəbiyyatçıların,
musiqiçilərin rəğbətini
qazanmağa çalışır,
hər bir mədəni hadisədə
şəxsən iştirak
edirdi. Əksəriyyət isə musiqiçilərdən,
təzə əmələ
gələn bəstəkarlardan,
şair və yazıçılardan ibarət
idi. Eyni zamanda Mir Cəfər
Bağırovun sədrliyi
ilə Azərbaycan Fövqəladə Komissiyasının
rəhbərləri də
dinləyicilər arasında
idilər. Sözsüz ki, onları ən çox maraqlandıran Üzeyir bəyin uzun illərin fasiləsindən
sonra yazdığı-yaratdığı
yeni əsər idi.
Pərdə açıldı, ifaçıların bəziləri
yerlərində idilər,
qalanları da gəlib yerlərini tutdular.
Üzeyir bəy səhnəyə
çıxanda zaldakıların
hamısı ayağa
qalxıb ilk əl çalan adama baxdılar. Bu, Mir Cəfər Bağırov
idi. Onun bığaltı gülümsəməsinin səbəbi
yalnız Üzeyir bəyə aydın idi. Alqışlar qopdu və konsert başlandı.
İlk səslənən musiqi Çaykovskinin “Qu gölü” baletindən “balaca qu quşlarının
rəqsi” oldu. Sən demə dünya musiqisinin incilərindən
biri olan bu əsər tarın, kamançanın
ifasında necə də gözəl səslənirmiş.
Beləliklə, əsərlər bir-bir səslənir, zalda alqışlar qopur, Üzeyir bəy də yüngülcə baş əyməli olurdu.
Nəhayət konfransye elan etdi:
– Üzeyir Hacıbəyov, “1-ci fantaziya”.
Və orkestr dilə
gəldi. Sehrli musiqi dalğa-dalğa salona, ordan isə
çölə, ətrafa
və bütün Azərbaycana yayılmağa
başladı. Əsərin
ən böyük orijinallığından biri
də Üzeyir bəyin özü üçün də, bir az təəccüblü olan
bir şey, bir yenilik, fortepianonun
orkestrə qaynayıb
qarışması idi.
Ön sırada oturan Müslüm ilk dəfə
idi ki, Azərbaycan
musiqisində fortepianonun
orkestrdə bu qədər üzvi şəkildə qaynayıb
qarışmasının şahidi
olurdu. Və istər-istəməz onun başı musiqinin ahənginə uyğun olaraq yırğalanırdı.
“Alleqro”nun sonlarına yaxın orkestr həzin-həzin çulğalananda birdən-birə
zalda görünməmiş
hadisə baş verdi. 8-9 yaşlarında bir oğlan qabaq cərgələrin birindən
qalxıb səhnəyə
qalxan pilləkənlərlə
Üzeyir bəyə tərəf qaçdı.
Görünür uşağın
yaxını olan bir kişi
yerindən qalxıb – Fikrət! deyə həyəcanla
çığırdı. Üzeyir bəy orkestrə dayanmağı işarə
etdi və salona sükut çökdü. Uşaq düz
Üzeyir bəyə tərəf gəlib onun hələ də havada olan əlindən tutub öpməyə başladı. Bu görünməmiş, heyranedici
hadisə sözsüzki
hamını təəccübləndirdi.
Üzeyir bəy bir əli oğlanın
çiynində ayağa
durmuş kişiyə
tərəf səsləndi:
– Sənin oğlundur?
– Bacım oğludur, sizin dostunuz rəhmətlik Məşədi Cəmilin
oğludur. Tar çalır
və sizə pərəstiş edir.
Üzeyir bəy əlini ağlayan oğlanın saçlarına
çəkib, – Oğlum,
nə olub? – dedi.
Doqquz yaşlı
oğlan göz yaşları içində,
– Üzeyir bəy, nə qədər gözəl əsərdir!
Üzeyir bəy heyranlıqla, başını yırğalaya-yırğalaya
dedi:
– Oğlum, sən bütün musiqişünasları rüsvay
elədin, çox sağ ol. Get otur, davamına qulaq as.
Oğlan geri qayıdanda
zalda yenə alqış səsləri
qopdu. Həmin balaca oğlan isə gələcəyin
böyük bəstəkarı,
əsərlərinə böyük
Amerika dirijoru Stakovskinin drijorluq etdiyi Fikrət Məşədi Cəmil oğlu Əmirov idi.
Əlisa NİCAT
Hürriyyət.- 2020.- 14-15 may. S. 14.