Nanotexnologiyanın Azərbaycan təhsil
sistemində tətbiqi və beynəlxalq təcrübə
Son
zamanlar böyük texnoloji uğurlara imza atmış ölkələrin
iqtisadi yüksəlişinin səbəblərini araşdırarkən
məlum olur ki, bu inkişafın səbəbləri içərisində
insan intellektinin məhsulu kimi elmi innovasiyaların tətbiqi
ön sıradadır. Yüksək
texnologiyaların inkişafı və onların geniş sənaye
tətbiqinin gətirdiyi gəlirləri təbiətin bəxş
etdiyi yeraltı və yerüstü sərvətlərdən
alınan gəlirlərlə müqayisə etdikdə elmi
innovasiyalardan götürülən qazancın qat-qat çox
olduğu aşkar edilir. Dünyanın inkişaf
etmiş ölkələrinin geniş texnoloji imkanları elmi
innovasiyaların elmi tutumlu sənayeyə tətbiqi ilə əlaqələndirilir.
Aparıcı ölkələrin gəlirlərinin
əsasını yüksək texnologiyaların sənayeyə
və kənd təsərrüfatına sürətli tətbiqi
təşkil edir. Əgər elmi innovasiyaların tətbiqindən
gələn gəlir üçüncü dünya ölkələri
üçün 0-2 faiz təşkil edirsə, inkişaf
etməkdə olan ölkələrdə bu rəqəm 10-15
faiz, inkişaf etmiş ölkələrdə isə qat-qat
daha çoxdur. Düşünməyə əsas verən bu
rəqəmlərin elmi innovasiyaların tətbiqi hesabına
formalaşdığını nəzərə alsaq, bu məsələnin
çağdaş tərəqqi üçün nə qədər
aktual olduğunu görmüş olarıq. UNESCO da XXI əsri
elm və təhsil yüzilliyi elan etmişdir. Bununla
inkişafı elmə, təhsilə söykənməyən
ölkələrin gələcəyinin olmayacağı qeyd
edilmişdir.
Azərbaycanda yeni elmi-texniki elmlərə
üstünlük verilməsi
Əgər bəşəriyyətin
inkişafını vətəndaş cəmiyyətinin qurulması
ilə əlaqələndiririksə, yüksək təfəkkürlü
insanların yetişdirilməsinə də yalnız elm və
təhsilin inkişafı ilə nail olmaq mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vətəndaş
cəmiyyətinin yaradılması, demokratikləşmə
prosesinin möhkəmlənməsi, hüquqi dövlətin
qurulması, sadəcə, bir şüar deyil, Azərbaycanın
hərtərəfli inkişafı üçün
başlıca şərtdir. Ölkəmizdə həyata
keçirilən ardıcıl və məqsədyönlü
siyasətin nəticəsində elm tutumlu sənayenin
yaradılması və yeni texnologiyaların tətbiqi istiqamətində
ciddi irəliləyişlər əldə edilmişdir. Son
zamanlar aparılan məqsədyönlü dövlət siyasətinin
hesabına ölkə iqtisadiyyatı rəqabət qabiliyyətinə
görə dünya ölkələri arasında öncül
sıralara yüksəlmişdir. Bu inkişaf, ilk növbədə,
elm və təhsil sahəsində islahatların
aparılması, dünya elm və təhsilinə inteqrasiya
sahəsində dövlət proqramlarının qəbul edilməsi
ilə bağlı aparılan çoxşaxəli işlərlə
əlaqədardır.
Yüksək və inkişaf etmiş
iqtisadiyyatı qurmağa müvəffəq olan ölkələrin
təcrübəsində elmi innovasiyaların tətbiqi
mühüm strateji xətti təşkil edir. Təkcə bu
faktı qeyd etmək yetərlidir ki, nanotexnologiyalar sahəsinə
son 5-6 ildə dünya üzrə 100 milyard dollar vəsait
ayrılmışdırsa, indi 800 milyard dollara
proqnozlaşdırılıb. Yatırılan sərmayələrin
getdikcə artacağını təsdiqləyən mütəxəssislər
nanotexnologiyalar üzrə aparılan tədqiqatların
genişlənəcəyini qeyd edirlər. Nanotexnologiyalar,
informasiya texnologiyaları növbəti tədris ili
üçün Azərbaycanda da prioritet istiqamətlər
kimi müəyyənləşdirilib. Hazırda ölkəmizdə
bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Belə
ki, nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində
işlərin mərkəzləşdirilməsi məqsədilə
Bakı Dövlət Universitetində müvafiq işlər həyata
keçirilir.
BDU-da innovasiyalı elm sahəsi üzrə tədqiqat
işlərinin başlanğıcı
Demək olar ki, Azərbaycanda bu prioritet elmi
istiqamət üzrə artıq 10 ildir ki, intensiv işlər
həyata keçirilir. Belə ki, 2004-cü ildə prezident
İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı
BDU ilə Rumıniyanın bir neçə universiteti
arasında nanotexnologiya üzrə əməkdaşlıq
haqqında müqavilələr imzalanıb. Elə bu dönəmdən
başlayaraq, bu innovasiyalı elm sahəsi üzrə tədqiqat
işlərinə start verildi. Universitetdə
2005-ci ildə “Nanoaraşdırmalar mərkəzi”
yaradıldı. Bir il sonra – 2006-cı ildə isə təhsili
təşkil etmək məqsədi ilə “Nanomaterialların
kimyəvi fizikası” kafedrası açıldı və bir
sıra istiqamətlərdə uğurlu tədqiqat işləri
aparılmağa başlanıldı.
Nanotexnologiya
kimi müasir elmi istiqamətin təhsil mühitinə transferi
BDU-da bu sahədə elmi məktəb və səriştəli
kadr potensialı formalaşıb. Belə ki, ötən
müddətdə elmi baza yaradılıb, monoqrafiyalar
çap olunub, tədqiqatlar aparılıb, yalnız bundan
sonra tədrisə keçid prosesi başlanılıb. Nanotexnologiya kimi müasir elmi istiqamətin təhsil
mühitinə transferi məsələləri yüksək səviyyədə
təşkil edilib. Dünya elminin bu
prioritet istiqamətində yüksəksəviyyəli kadr
hazırlığına xüsusi fikir verilib və bu müddətdə
1 doktorluq, 3 fəlsəfə doktoru dissertasiya işi müdafiə
edilib. Hazırda bu istiqamətdə 4 nəfər
elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru
proqramları üzrə təhsillərini davam etdirir. “Nanoquruluşların fizikası”, “Nanomaterialların
fiziki kimyası”, “Nanobiotexnologiya” magistr ixtisaslaşmaları
açılıb. Bu müddət ərzində
nanotexnologiya istiqamətində 30-dan artıq magistr
hazırlanıb. Təhsilin bakalavr pilləsində
fizika, kimya və biologiya fakültələrində
nanotexnologiya fənni tədris olunmağa başlanılıb.
Son zamanlar Avropa Birliyinin TEMPUS proqrami layihəsi
çərçivəsində BDU alimləri İtaliya,
Fransa, Yunanıstan alimləri ilə Nanoekologiya istiqamətində
magistr hazırlığının təşkili istiqamətində
də əməkdaşlıq edəcəklər.
Nanotexnologiyalar
üzrə tətbiqi xarakterli fundamental elmi tədqiqat işlərinin
tətbiqi
BDU alimlərinin nanotədqiqatlar sahəsində
apardığı tətbiqi xarakterli araşdırmalar
dünyanın bu istiqamətdə tədqiqat aparan
aparıcı mərkəzlərində çalışan
alimlər tərəfindən yüksək qiymətləndirilir. Nanotexnologiya
üzrə elmi tədqiqat işlərini inkişaf etdirmək
məqsədi ilə BDU-ya dövlət büdcəsi və
beynəlxalq qrant layihələri hesabına ən müasir
avadanlıqlar və cihazlar alınıb. “Furye”
spektrometri, tədris üçün atom qüvvət
mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq
üçün “İNTECRA PRİMA” atom qüvvət
mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı,
xromatoqraf, kütlə spektrometri, ultrabənövşəyi
spektroskop, atom adsorbsiya analizatoru, rentgen difraktometri, skanedici
elektron mikroskopu, istilik fiziki spektroskopiya avadanlıqları
alınıb. Nanotexnologiya istiqamətində
aparılan tətbiqi xarakterli fundamental tədqiqat işləri
dünyanın və ölkəmizin bir sıra istehsal müəssisələrində
sınaqdan çıxarılaraq uğurla tətbiq edilir.
Səudiyyə Ərəbistanınən Elm və
Texnologiya Mərkəzinin ayırdığı qrant layihəsi
çərçivəsində nanotexnologiyanın
neftçıxarmaya tətbiqinin elmi texnoloji əsasları
işlənib, yüksək effektivliyə malik katalitik nanohissəciklərin
alınması mümkün olub və onların müxtəlif
mühitlərdə katalizator kimi ARDNŞ-nin neft quyularında
müvəffəqiyyətlə istifadə edilməsinə
başlanılıb.
Metal
nanohissəciklərinin neft quyularına
daşıyıcılar vasitəsi ilə suspenziya halında
daxil edilməsi nəticəsində aşkar edilib ki, nanohissəciklər
sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək
karbon qazı yaradır və laylarda təzyiqi artırır. Bu da neft hasilatının artmasına səbəb
olur. Azərbaycan alim və mütəxəssisləri tərəfindən
müəyyən edilmiş bu nəticələr dünya neft
sənayesi praktikasında uğurla tətbiq edilə bilər,
onun böyük elmi və tətbiqi əhəmiyyəti var.
Neftin tankerlərlə daşınması, dənizdə neft
istehsalı və s. dəniz suyunun səthinə neftin
yayılması kimi ciddi ekoloji problem yaradır. Qalın
neft təbəqələrinin təmizlənməsi əsasən
mexaniki üsullarla aparılır. Lakin ondan heç də
az təhlükəli olmayan nazik təbəqələrin
təmizlənməsi ciddi problem hesab edilir və universitet
alimlərinin verdiyi bu təkliflər sübut edib ki,
nanotexnologiyanın köməyi ilə həmin problemi də
aradan qaldırmaq olar.
Nanohissəciklərin
bitkilərdə toplanması və hüceyrələrə təsirinin
toksiki effektləri
BDU-nun
alimləri İsveçrənin Elm Fondu tərəfindən
maliyyələşdirilən “SCOPES” proqramı çərçivəsində
İsveçrə Federal Texnologiya İnstitutu (EPFL) ilə
birlikdə nanohissəciklərin bitkilərdə toplanması,
hərəkəti və hüceyrələrə təsirinin
toksiki effektləri istiqamətində tədqiqatlar
aparırlar. “SCOPES” əməkdaşlıq layihəsi çərçivəsində
nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi
– nanotoksikologiyada yeniliyi ilə fərqlənən nəticələr
almışlar və elmi nəticələr BDU-da bu yöndə tədqiqatların
inkişafında və beynəlxalq əlaqələrin
genişlənməsində mühüm rol oynayır. Polimer maqnit nanokompozit quruluşlarında yaranan nəhəng
maqnit müqavimət və superparamaqnetizmin tədqiqi ilə əlaqədar
elmi tədqiqat işləri ABŞ Mülki Araşdırmalar
Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində
ABŞ Mañsaçusets
Texnologiya Universiteti ilə birgə yerinə yetirilib”. Ümumiyyətlə, universitetdə aparılan tədqiqatlar
dünyanın inkişaf etmiş ölkələri ilə
sıx əməkdaşlıq çərçivəsində
yerinə yetirilir.
Elektron mikroskopu məktəbinin yaradılması Azərbaycanda
atom və molekulyar səviyyədə tədqiqat işlərinin
aparılmasına təkan verəcək. Ümumilikdə
bu sahənin inkişaf etdirilməsi üçün vacib olan
məsələlərə də diqqət çəkib.
Hesab olunur ki, respublikada nanotədqiqatlar istiqamətində
işlərin səviyyəsini qaldırmaq və inkişaf
etdirmək məqsədi ilə elmi məktəblərin səviyyəsini
artırmaq və yeni innovativ tədqiqat düşüncəli
kadr hazırlığı aparmaq lazımdır. Yaponiyanın “Tokio Boeki” şirkəti ilə BDU-da
elektron mikroskopu məktəbinin yaradılması barədə
razılıq əldə edilib. Elektron
mikroskopu məktəbinin yaradılması inkişaf etməkdə
olan müstəqil Azərbaycan üçün çox vacib
məsələdir. Bu məktəbin
yaradılması respublikamızda atom və molekulyar səviyyədə
tədqiqat işlərinin aparılmasına təkan verər
və səviyyəli mütəxəssislərin yetişməsinə
imkan yaradar.
BDU alimlərinin 2005-2013-cü illər ərzində
dünyanın nanotexnologiya sahəsində inkişaf etmiş
ölkələrindən aldığı qrant layihələrinin
ümumi dəyəri 5 milyon dollar miqdarında olub. Bu faktlar onu
göstərir ki, dünya birliyi yalnız təbii sərvətlərimizə
deyil, həm də intellektual resurslarımıza sərmayə
qoyur və elmi innovasiyalar sahəsindəki beynəlxalq
yarışlarda əldə edilən
uğurlarımızı qəbul edir. Son
illərdə elmin inkişafı üçün ölkəmizdə
ayrılan qrant vəsaitlərində də artımlar
müşahidə edilir və əminik ki, bu tendensiya yüksəldikcə
Azərbaycan elmi daha tutarlı nəticələr əldə
edəcək. Onu da qeyd edim ki, nanotexnologiya
sahəsində əldə edilən elmi uğurların
qısa müddətdə tədris prosesinə transferinə zərurət
var.
Nanotexnologiya istiqamətində aparılan elmi tədqiqat
işləri tətbiqi xarakterli olduğu və ölkəmizdə
bu sahədə əhəmiyyətli nəticələr əldə
edildiyi üçün aparılan işlər tədqiqat, təhsil
və innovasiya fəaliyyətinin inteqrasiyasına böyük
töhfə verəcək və Azərbaycan alimləri
yaxın gələcəkdə bu sahədə daha
böyük uğurlar qazanacaq.
Hürriyyət.-
2020.- 26-27 may.- S.14.