“Müharibə milli birliyimizi
nümayiş etdirdi”
Rza Zeyni: “Düzdür, müharibəni
qazanmışıq, amma informasiya müharibəsi hələ
də davam edir”
“Bundan sonra da Azərbaycan ancaq belə
zəfərlərlə yaddaşlarda qalacaq”
“Azərbaycanla Naxçıvan
arasında quru yolunun olması bizə çox şeyi vəd
edir”
“Mən, azərbaycanlı olaraq, burda
heç kimi tək qoya bilmərəm. Fransada
birlik baxımından heç bir problemimiz yoxdur. Təbii
ki, yaxın gələcək də Fransada yaşayan azərbaycanlılarla
birlikdə, öz təşəbbüsümüzlə Azərbaycan
evini yaradacayıq”.
Bunu “Hürriyyət”ə müsahibəsində
Fransada yaşayan Azərbaycan diasporasının nümayəndəsi,
Fransa Azərbaycanlıları Birliyinin sədri, iş
adamı Rza Zeyni deyib. O, 44 günlük müharibənin
soydaşlarımızı daha da birləşdirdiyini bildirib:
– Rza bəy, ilk olaraq ordumuzun, dövlətimizin
əldə etdiyi qələbə ilə bağlı
düşüncənizi bilmək istərdik…
– Ordumuzun
və dövlətimizin qələbəsini böyük
sevinclə qarşılayırıq. Xoşbəxtik
ki, 28 ildən sonra qalibiyyətin və zəfərin nə
olduğunu millət olaraq hiss elədik. Bundan əlavə,
Fransada yaşayan azərbaycanlılar olaraq, hər il erməni
aqressiyasını və Azərbaycan xalqına törədilən erməni vəhşiliklərini
Fransa mediasına və ictimaiyyətinə çatdırmaq
üçün mitinqlər təşkil edirdik. Onlara, Azərbaycanın carçısı olaraq bu xəbərləri
çatdırırdıq. Eyni zamanda, erməni
vandallığını və Azərbaycan ərazilərinin
işğalını dünyaya çatdırırıq.
10 noyabrdan sonra, bir daha fransızlara bu xəbəri
işğal olunmuş ölkə kimi
çatırmayacağıq. Artıq buna
gərək də qalmayacaq.
Təbii ki, Azərbaycan həqiqətlərini, tarixən
olmuş və keçmiş qanlı hadisələri
unutmamalıyıq. Həmişə ehtiyatı
saxlamalıyıq. Düzdür, müharibəni
qazanmışıq. Amma informasiya
müharibəsi hələ də davam edə bilər. Biz də bunun qarşılığını verməliyik.
– Bu zəfəri sadəcə son
illərin deyil, son əsrlərin ən böyük qalibiyyəti
kimi təqdim edirlər. Siz bu haqda nə
düşünürsünüz?
– Bəli,
tamamilə mümkündür. Ona görə
ki, biz yüz illərdir torpaq itkiləriylə tarixə
düşmüşük. Şükürlər olsun
ki, bu günləri Azərbaycan ordusu böyük sərkərdəmiz,
cənab Prezidentimiz İlham
Əliyevin tapşırığı, göstərişi və
düşünülmüş strategiyası ilə dörd
ilə itirdiyimiz tarixi torpaqlarımızı qısa müddət
ərzində, cəmi 44 günə yenidən Azərbaycan
xalqına qaytardıq. O torpaqların hər biri bizimdir və
biz o torpaqlara qayıdacağıq. Həqiqətən
də böyük zəfərdir və tarixi günləri
yaşayırıq. Bundan sonra da Azərbaycan
ancaq belə zəfərlərlə yaddaşlarda qalacaq.
– Sənəddə
Naxçıvanla quru əlaqəsinin təmin edilməsi də
öz əksini tapıb. Sizcə,
Naxçıvanla quru əlaqəsinin təmin olunması Azərbaycanın
və regionun gələcəyinə nə vəd edir?
– Bu
sualınıza tam səmimi cavab verəcəm. Azərbaycanla
Naxçıvan arasında quru yolunun olması bizə
çox şeyi vəd edir. Ən əsası
da bu yolla Azərbaycan böyük bir tranzit ölkəsinə
çevrilir. Üç ay bundan əvvəl
Naxçıvandaydım. Orda olan zaman bir
arzum var idi. Düşünürdüm ki,
Azərbaycan Naxçıvanla quru yoluyla birləşsə,
bizim birbaşa Türkiyəylə sərhədimiz yaranır.
Düzdür, Naxçıvanla Türkiyə
arasında sərhəd var. Amma bu yol vasitəsilə Azərbaycanla
Türkiyə arasında da sərhəd bərpa olunacaq.
Azərbaycanın turizmi,
yükdaşımaları birbaşa torpağımızdan
keçib, Türkiyəyə gedir. Türkiyə
də Avropanın qapısıdır. Mən
maşınımla səyahət etməyi çox sevirəm.
Həmişə Naxçıvanda dayanıb, ya
İran, ya da Gürcüstandan keçməyə məcbur
idim. Bu böyük uğurdur. Ona görə ki, biz qısa müddət ərzində,
quru yoluyla Naxçıvana keçə biləcəyik.
Mən bunu böyük uğur kimi qəbul edirəm.
– Azərbaycandan kənarda milli dəyərlərlə
övlad tərbiyə etmək çətindirmi?
– Həqiqətən
də çətindir. Amma vətənpərvər insan
üçün… Ürəyi vətənlə
döyünən insan üçün hədsiz çətindir.
Biz adətlərimizi və milli dəyərlərimizi
unutmamalıyıq. Babalarımız,
valideynlərimiz bunu bizə öyrədib və miras olaraq
qoyub. Bizim də valideyn olaraq vəzifəmiz
bütün bunları övladlarımıza
aşılamaqdır. Düzdür, çətindir.
Amma şərəflidir. Məhz
Azərbaycanın adət-ənənələrini yaşatmaq
naminə edirik. Bu genetik mirasdır ki, bunu
övladlarımıza aşılayırıq. Adətlərimizi unutmamaları üçün
aşılayırıq. Düşünürəm
ki, düzgün yol da elə budur.
– Fransada nə qədər azərbaycanlı
var?
– Fransda
azərbaycanlılar təxminən on mindən bir az çoxdur. Çox təəssüf
ki, hələ ki, Fransada azərbaycanlılar kompakt şəkildə
yaşamırlar. Orda ən böyük Azərbaycan
diasporası Nant şəhərində yerləşir. Bildiyiniz kimi, orda təxminən 500-600 azərbaycanlı
ailə yaşayır. Amma başqa
böyük şəhərlərdə azərbaycanlılar
kompakt şəkildə yaşamırlar. Əsasən,
səpələnmiş formada yaşayırlar. Əslində, səpələnmiş formada
yaşamağımız bizə zəiflik gətirir. Fransada azərbaycanlıların sayı on mindən
çox olsa da, biz 200-300 nəfəri bir yerə yığa
bilmirik. Çünki azərbaycanlıların
yaşadıqları ərazilərin məsafələri
böyükdür. Fransa kiçik dövlət
deyil. Yəni Strasburqdan Parisə mitinqə
gəlmək üçün 500 km yol qət etməlisən.
Ölkə böyük olduğuna görə,
azərbaycanlılar da hərəsi bir yerdə məskunlaşıblar.
Hərəsi öz həyatını bir şəhərə
həsr edib və orda yaşayır. Bu kimi
çətinliklərimiz var. Ermənilər isə konkret
olaraq müəyyən şəhərlərdə kompakt
şəkildə yaşayırlar.
– Azərbaycanlılar
Fransanın siyasi-ictimai həyatında hansı səviyyədə
təmsil olunur?
– Fransada
azərbaycanlılarımız məhz bu sahədə
azdır, hətta demək olar ki, yoxdur. Fransanın
ictimai-siyasi məsələlərində yüksək səviyyəli
fəallığımız yoxdur. Çox
zəifdir. Düşünürəm ki, gələcək
illərdə bu sahədə fəallıq və birlik
nümayiş etdirməliyik.
Çünki müharibə bizə milli
birliyi öyrətdi. Birlikdə bir gücə çevrilib, iş görmək olar.
– Azərbaycanlıların ölkə
həyatında aktiv iştirakı üçün nə edə
bilirsiniz?
– Mən
soydaşlarımıza tam olaraq dəstək oluram. Diasporamızın aktiv həyatında iştirak edirəm.
Fransada keçirilən tədbirlərin 99
faizində iştirak etmişəm. Aktiv
sosial fəaliyyətimə 18 yaşımdan
başlamışam. 25-26 yaşımdan isə iş həyatımı
qurmağa başlamışam. Fransada
yaşadığım müddət ərzində hansı azərbaycanlını
mənə yönəldiblərsə, onları darda
qoymamışam. İmkanım daxilində
istər maddi, istərsə də mənəvi dəstəyimi göstərmişəm.
Mən, azərbaycanlı olaraq, burda heç
kimi tək qoya bilmərəm. Fransada birlik
baxımından heç bir problemimiz yoxdur. Təbii ki, yaxın gələcək də Fransada
yaşayan azərbaycanlılarla birlikdə, öz təşəbbüsümüzlə
Azərbaycan evini yaradacayıq. Quracağımız
mədəniyyət evinə ümumilikdə azərbaycanlılar
gəlib, orda dərdləşib və gələcək işlərlə
bağlı planlar cızacaqlar. Hazırda
belə mərkəz yoxdur. Mən nəyi
etmək istəyirəmsə, yalnız Azərbaycan naminə
etmək istəyirəm. Görəcəyim
işlərlə bağlı heç bir təmənnam
olmayıb. Bunu Diaspora Komitəsi də
yaxşı bilir. Bundan sonra da
gücümü Azərbaycanlıların birliyinə həsr
edəcəm. Bu birlik sabah ki, işlərimizi
görmək üçün baza olmalıdır. Birlik olmasa
iş görmək də çətindir. Bundan əlavə,
birlik olmadığı təqdirdə, gələcək
işlərdə heç kim aktivlik
göstərmək istəmir.
– Azərbaycanlıların
Fransada hansı təşkilatları var?
– Fransada
azərbaycanlıların təşkilatları çox da
deyil. Bildiyim qədəri ilə təxminən
7-8 təşkilat fəaliyyət göstərir. Mirvari Fətəliyevanın,
Aytən Muradovanın təşkilatları fəaliyyətdədir.
Eyni zamanda, təzəlikcə azərbaycanlı
alimlərin asosassiyası yaradılıb. Bu
təşkilatı Fransada təhsil alıb fəaliyyət
göstərən azərbaycanlı alimlər yaradıb.
Burda təxminən 15-16 alim fəaliyyətdəir.
Bundan əlavə, Strasburq və Nan şəhərlərində
də azərbaycan təşkilatları yaradılıb.
Biz özümüz Fransa azərbaycanlıları
birliyi təşkilatını yaratmışıq. Bu təşkilatı özüm yaratmışam.
Təşkilatda üzv çox deyil. Mən əsas çoxluğa deyil, effektiv və səmərəli
işə önəm verirəm.
– Fransada azərbaycanlıların
milli kimliyini, adət-ənənəsini unutmaması
üçün hansısa işlər aparılır? Məsələn, bizim dilimizdə məktəblər
var?
(Ardı var)
Söhbətləşdi: YƏHYA
Hürriyyət.-
2020.- 17-18 noyabr.- S.10.