ŞEİR VƏ
SONETLƏR
Biri qaçır, biri qovur,
Günah kimdədir, bilmirəm,
Görən qorxaq məhkumdadır,
Ya hakimdədir, bilmirəm.
Evin dözümlüyü qumda,
Döyüşün canı hücumda,
Haqqın açarı məzlumda,
Ya zalimdədir, bilmirəm.
Zalim zalımlıqda mətin,
Məzlum da tərpənə çətin.
Bu qovğanın, bu nifrətin,
Çarəsi nədir, bilmirəm.
* * *
Dostlarımın dostları,
Hamısı mən kimidir.
Bəzilərisə hətta,
Mənlə düşmən kimidir.
Əyilməzlik adama,
Çox baha başa gəlir.
Bədbəxtlik tək gəlməyir,
Gələndə qoşa gəlir.
Hər dəfə son məqamda,
Ümid çatır dadıma.
Neyləməli, deməli,
Bu yazılıb adıma.
Bu mənim qismətimdir,
Səbəb – təbiətimdir.
* * *
Kim and içsə aldanıb,
İnanıram sözünə.
Məni aldadadanların
Tüpürmürəm üzünə.
Kimləsə şərt bağlayıb,
Danışırıqsa əgər,
Mən bu şərtə, bu anda
İnanıram müxtəsər.
Mən bu inanmaq ilə
Nə qədər itirimişəm.
Bu sadəlövlük mənə
Çox içirib qüssə, qəm.
İnanmasaydın, heyhat
Olmazdın sən də Nicat.
* * *
Dünya iki bölünüb,
Qəribə mənzərədir.
Birində haqq, ədalət,
Birində bilməm nədir.
Birində dərəbəylik,
Ha söy, verməyir fayda.
Birində əbədilik
Hər yerdə qanun, qayda.
Dünyanın yarısında
Azadlıq, firavanlıq.
O biri yarısında
Yerlibazlıq və xanlıq.
İndi gəl hünərin var,
Bu tilsimdən baş çıxar.
Əlisa NİCAT
Hürriyyət.- 2020.- 3-5 oktyabr.-
S.14.