Ermənistan hər sahədə məğlubiyyətə məhkumdur

 

İnanırıq ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı erməni qəsbkarlarından qısa zaman içində azad edəcək, bayrağımız Qarabağda dalğalanacaq

 

Avstriyalı məşhur qafqazşünas alim Erik Fayqlın belə bir klassik fikri var: “Mən dünya xalqlarının etnomədəni düzəni, coğrafi areal hədəfləri ilə bağlı 40 ildən artıq çoxsaylı elmi tədqiqatlar aparmışam. Ermənilər qədər başqalarına qarşı ürəyində və ruhunda həqarət nümayiş etdirən başqa xalq görmədim. Buna “erməni xəstəliyi” xəstəliyi diaqnozunu qoyanlar çox haqlıdırlar. XIX əsrdə Avropada başlanılan fransız, ingilis, alman, balkan, rus milliyyətçiliyi ideyalarını öyrəndikdən sonra, başqa xalqların tarixi ərazilərinə qarşı ermənilər də öz iddialarını ortaya qoydular. Halbuki, Avropa xalqları öz tarixi torpaqlarını qorumaq və hər hansı ekspansionist siyasətin qarşısını almaq üçün bu addımı atıblar. Ermənilər isə, Türkiyənin Qars, İqdır, Ərzurum, Amasiya, Muş və Ağrı vilayətlərinə qarşı “Qərbi Ermənistan”, Azərbaycan Respublikasına qarşı “Dağlıq Qarabağ”, “Naxçıvan” və “Qafqaz Albaniyası”nın coğrafi düzəninə, Cənubi Azərbaycanın Urmu, Sulduz, Qoşaçay, Tikantəpə, Culfa, Mərənd, Meşkin, Qoşaçay, Makı, Xoy, Əhər və digər ərazilərini isə “Cənubi Ermənistan”, yəni qədim Urartu dövlətinin sərhədlərinə daxil olan bölgələri, Gürcüstanın Ahısqa vilayətinə  özünün tarixi ərazisi yanaşmaq hədəflərini heç zaman gizlətməmişlər. Bu bölgələrdə etnik separatizm siyasəti yürütmüş, yeri gəldikdə yerli xalqlara qarşı soyqırım siyasətini tətbiq etməkdən çəkinməmişdir. Bu gün ermənilər nə qədər torpaq iddiası sərgiləsə də, hədəfləri iflasa uğramaqdadır. Bunu təkcə Azərbaycan Respublikasına qarşı strateji hədəflərinin çöküşü sübut edir.

 

“Etnik separatizm” sevdası necə puça çevrildi

 

Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, Ermənistan və dünya erməni lobbisi iştaha gələrək, “Böyük Ermənistan” xülyası ətrafında birləşdilər. Onlar “Dağlıq Qarabağ”la yanaşı, Naxçıvan bölgəsini, Gürcüstanın Ahısqa vilayətini qısa zaman kəsmində ələ keçirməklə hədəflərinə nail olmaq istəyirdilər. Təbii olaraq bu məsələdə Azərbaycan və Gürcüstan vahid strateji mövqedən çıxış etdilər. Ermənilər “Dağlıq Qarabağ” məsələsində üç strateji hədəfi ortaya qoymuşdular:

1. Tam müstəqil “Dağlıq Qarabağ Respublikası”na sahib çıxmaq,

2. “Dağlıq Qarabağ”ı Ermənistana birləşdirmək,

3. Dövlət müstəqilliyinə bərabər “Muxtar Respublika” statusuna malik olmaq.

Göründüyü kimi, bu hədəflərin heç biri baş tutmamışdır. Bu yöndə istədiklərini əldə etmək üçün Ermənistan və erməni lobbisi Azərbaycan Respublikasının daxilində

a) Hakimiyyətə iddialı siyasi gücləri mövcud iqtidarlara qarşı qızışdırmaqla vətəndaş müharibəsinin körüklənməsinə nail olmaq,

b) Azərbaycan dövlətini özünün neoimperialist hədəfləri çərçivəsində diz çökdürmək planları olan xarici dövlətlərin yanında yer almaq,

c) Azərbaycan Respublikasının daxilində milli azlıqları “etnik separatizm” hədəflərinə doğru istiqamətləndirmək.

Ermənilərin bu hədəfləri faktiki olaraq tamamilə iflasa uğramışdır. Belə ki, ölkəmizdə yüzillərdir yaşayan və bu gün milli azlıq kimi qəbul etdiyimiz xalqlar əlahəzrət faktın qarşısında duraraq, erməniləri daha çox suçlamağa başladılar. Ermənistanın milli azlıq siyasətində digər xalqlara qarşı aparteidizm siyasətini hamı açıq şəkildə gördü. Ermənistanda yaşayan yunan, berzen, alman, ukrain, belorus, tatar, yezidi və müsəlman kürdləri, yəhudi, gürcü və digər xalqların mədəni və sosial haqlarının daim pozulması ucbatından onların məcbur olaraq başqa dövlətlərə miqrasiya etmələri bir həqiqətdir. 1930, 1940-1950, 1960 və 1980-1990-cı illərdə azərbaycanlıların zor gücünə deportasiyası barəsində çoxsaylı faktların ortaya çıxması Azəraycanda yaşayan milli azlıqlar tərəfindən lənətlə qarşılandı. Ancaq, təəssüflər olsun ki, yanaşı milli azlıqları təmsil edən bəziləri erməniləri hədəflərinə uyğun siyasi labirintlər içində onların maraqları çərçivəsində hərəkət etdilər. “Ləzgistan” və “Talışstan” adlı altında qondarma qruplar, sosial şəbəkələr və siyasi tribunalar yaradılsa da, onların təsir imkanları Azərbaycanda heç zaman gözlənilən nəticələri vermədi. Ona görə ki, real həyat tamamilə fərqlidir. Ölkəmizdə yaşayan bütün milli azlıqlar və onları təmsil edən ictimai qurumlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan düzəni əsla qəbul etmədilər. Azərbaycan xalqı ilə birgə həyat şəraiti içində yaşayan milli azlıqlar ətlə dırnağın arasına girməyin nə qədər acı olduğunu  vaxtında düzgün qiymətini verə bildilər. Ona görə də ötən 30 ildə Ermənistan və erməni lobbisi bu hədəflərinə nail ola bilmədilər.

 

İflasa uğrayan 30 illik hədəflərin gerçəkliyi

 

1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupu adı altında Ermənistan və erməni lobbisi Azərbaycanın işğal olunmuş “Dağlıq Qarabağ” və ətraf rayonların problemlərinin həll edilməsini mümkün qədər acı bağırsaq kimi uzadılması taktikası ilə hərəkət etməyə başladılar. BMT-nin 1992-1993-cü illərdə Azərbaycanın Respublikasının  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin təcili azad olunması barəsində verdiyi qətnamələrə də erməni tərəfi 30 ildir əməl etməyib. Müşahidələrimizə görə son 3-4 ildə Ermənistan xüsusi xidmət orqanları Azərbaycana qarşı etnik separatizm siyasətini gücləndirmək məqsədi ilə çoxsaylı sosial şəbəkələr yaratmışdı. Rusiya, Hollandiya, Fransa, Almaniya, Belorus və digər dövlətlərdə mühacirətdə yaşayan və Ermənistanın maraqları çərçivəsində hərəkət edən ictimai təşkilatlar, KİV-lər də bu sahədə xüsusi fəallıqları ilə seçilirdilər. Qondarma “Talışstan” ideyasını körükləmək üçün İrəvanda beynəlxalq elmi konfrans keçirildi. Şuşada “Sədoye Ozodi Talışstan” radiosu, Moskvada “OTV”, İrəvanda “Talış Araşdırmaları Mərkəzi”, Minskdə “Talış Akademiyası”, Hollandiyada “TMHH” (Talş-Muğan Mühacir Hökuməti), Rəştdə aylıq “Talış” dərgisinin nəşri və s. təbliğat vasitələri İrəvanın maraqlarını gücləndirməyə çalışırdılar.

Rusiyada fəaliyyət göstərən “Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyatı” adlı qurum isə, “Qafqaz Albaniyası” adı altında bir neçə dəfə beynəlxalq könfranslar keçirərək və çoxsaylı kiablar dərc etməklə Azərbaycanın Şirvan, Car-Balakən və başqa ərazilərinə qarşı iddia sərgiləməklə bu dövlətin tarixi ərazisində “Ləzgistan” adlı dövlətin qurulması tələbləri ilə çıxış etmişdir. Bu dəfə ləzgi xalqının özü həmin təşkilatın və onların saxta qəhrəmanlarının yanında yer almadılar. Azərbaycanda bu qardaş xalqın öz milli hüquqlarını dövlət səviyyəsində ehtiva edən “Ləzgi Dövlət Teatrı”, “Samur” Ləzgi Mədəniyyət Mərkəzi, “”Samur” qəzeti, “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblı və digər mədəni hüquqların hamısına sahib çıxdıqlarına əmin idilər.

Azərbaycanda yaşayan avar, rutul, saxur, ingiloy, buduh, tat, udi və digər milli azlıqları təmsil edən xalqların mədəni və digər hüquqları dövlət səviyyəsində daima qorunmuşdur. Onlara hər zaman dövlət səviyyəsində dəstək verilmişdir.

 

Azərbaycanın ərazi bütövlüyü və milli azlıqlar

 

1991-ci ildən Ermənistan silahlı qüvvələrinin “Dağlıq Qarabağ”ın ilhaqı və digər ərazilərimizin işğalı siyasətini yürüdən zaman Azərbaycan xalqı ilə yanaşı, milli azlıqları təmsil edən yüzlərlə-minlərlə insan vətən uğrunda döyüşə getdilər. Onların arasında milli qəhrəman adı alanlar da oldular. İsgəndər Aznaurov, Albert Araqunov və digərlərinin adları Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı salnaməsində xüsusi yer tuturlar. “Lənkəran Batalyonu” adı ilə tanınan bu hərbi birləşmənin Qarabağ uğrunda göstərdiyi qəhrəmanlar və şücaətlər heç kimin yadından çıxa bilməz. Son hadisələr də bu ənənənin davam etdiyinin bir daha əyani sübutudur. Belə ki, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuş, ordumuz tərəfindən həyata keçirilən əks hücum əməliyyatları nəticəsində düşmən layiqli cavabını almaqla yanaşı, işğal altındakı bir sıra ərazilərimiz geri qaytarılmışdır. Hazırda davam edən uğurlu əks hücum əməliyyatları ilə əlaqədar ölkə prezidenti tərəfindən qismən səfərbərlik elan edilmiş, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan dövləti və torpaqlarımızın bütövlüyü uğrunda həmrəylik namayiş edilmişdir.

Lakin ordumuzun düşmən üzərindəki əzmkar qələbəsini həzm edə bilməyən pozucu qüvvələr xalqlar arasında qarşıdurma salmaq, vətənpərvərlik ruhunu zəiflətmək məqsədilə internet resurslarında və müxtəlif sosial şəbəkələrdə dezionformasiyalar  yaymaqla məşğuldurlar. Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən separatçı qüvvələr tərəfindən “Azərbaycanda yaşayan azsaylı xalqlara müharibə aid deyil”, “zorla döyüşə aparılır”, “Ermənistan ləzgiyə, talışa və digər xalqlara dost ölkədir” tipli fikirlər səsləndirərək vətənpərvərlik ruhuna nifaq toxumu səpməyə çalışırlar.

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qismən səfərbərlik elan edilməsindən sonra, ölkədə yaşayan, əli silah tutan minlərlə talış, ləzgi, udin, avar, ingiloy və digər milli azlıqlardan olan gənclər könüllü olaraq, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qoşulublar. Bu faktın özü sübut edir ki, dövlətimizin bütünlüyünə qarşı heç bir pozuculuq təşəbbüsü baş tutmayacaq. İnanırıq ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı erməni qəsbkarlarından qısa zaman içində azad edəcək, bayrağımız Qarabağda dalğalanacaq. 30 illik vətən torpaqıları əhsrətinə son qoyulacaq. Artıq azad olunan ərazilərimizə geri dönmək istəyənlər bu fikri səsləndirirlər: “Mən məcburi qaçqın və ya köçkün deyiləm. Öz yurd-yuvamda rahat yaşamaq üçün dədə-baba torpağımdayam”.

 

Ə. Yusifoğlu

Hürriyyət.- 2020.- 8-9 oktyabr. S. 3.