“Qarabağda
üçüncü dövlət savaşmayacaq”
Elxan
Şahinoğlu:
“Paşinyanın iki yolu var: ya müharibəni davam etdirməlidir,
ya da ağ bayraq qaldırmalıdır”
Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğludur. Onunla söhbətimizdə siyasi gündəmi müzakirə etdik.
– 10 gündən çoxdur ki, orduzumun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir, bir sıra yüksəkliklər və yaşayış məntəqələri düşməndən azad edilib. Sizcə, bu günə qədər baş verənlər Azərbaycan ordusunun gücü, döyüş əzmi haqqında nə deyir?
– Azərbaycan ordusu 27 ildir ki, bu günü gözləyir. Bu illərdə nizami ordu formalaşdırdıq. Artıq, cəmiyyətə də aydın oldu ki, danışıqlar yoluyla torpaqlarımızı geri qaytara bilməyəcəyik. Biz istər psixoloji, istərsə də hərbi baxımdan müharibəyə hazır idik. Ona görə də düşmən Gəncəyə və digər şəhərlərə raket atanda insanlar arasında təşviş yaşanmadı. Biz buna illərdir hazırlaşırdıq ki, düşmənlə mübarizə aparıb, torpaqlarımızı azad edək. Bu günlər ərazində uğurlu əməliyyatlar aparmışıq. Düzdür, şəhidlərimiz var. Allah onlara rəhmət eləsin… Uğurlarımız çoxdur. Ərazilərimizi ard-arda düşmən işğalından azad edirik. Artıq, düşmən özü təşviş içindədir. Hərbi texnikalarını tərk edib qaçırlar. Bir az da hücumları artırsaq, bəlkə də düşmən ağ bayrağı da qaldırar. Amma, hələ bu haqda danışmaq çox tezdir. Önəmli olan, düşməni ərazilərimizdən təmizləmək və əsas hədəflərini neytrallaşdırmaqdır. Pilotsuz uçuş aparatları da uğurla düşmən məntəqələrini məhv edir. Düşmən halsızdır və savaşmaq üçün canlı qüvvəsi də getdikcə azalır. Artıq, boşluğu doldurmaqda çətinlik çəkirlər. Nikol Paşinyan da səfərbəliklə bağlı çağırış edib. Amma, inanmıram ermənilər bu çağırışa müsbət reaksiya versin. Onlar, Dağlıq Qarabağda ölmək istəmir. Bu baxımdan, bu çağırışın da effekti yoxdur. Paşinyanın dövlət başçılarına yalvarması, düşmən məğlubiyyətinin daha yaxın olduğundan xəbər verir.
– Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi?
– Mümkün deyil. Çünki, müharibə Azərbaycan ərazisində gedir. Daha böyük qarşıdurmalara Ermənistan özü cəhd edir. Düşmən çalışır ki, müharibə regiona yayılsın və güclü dövlətlər prosesə müdaxilə etsin. Azərbaycan nəyinki Ermənistanın, heç bir dövlətin ərazisinə hücum etmir. Öz ərazilərində torpaqlarını işğaldan azad edilməsiylə bağlı əməliyyatlar aparır. Buna da tam haqqı çatır. Paşinyan və ətrafı isə müharibənin ətrafa yayılmasına çalışır. Çünki, Rusiyanı da müharibəyə cəlb etmək istəyirlər. Baxmayaraq ki, Ermənistanın müttəfiqidir. Amma, Rusiya neytrallığını qoruyub saxlayır. Azərbaycan Ermənistan ərazilərinə hücum etmədiyinə görə, Rusiyanın Ermənistanı müdafiə etməkdə marağı yoxdur. Müharibə Azərbaycan ərazilərində gedir. Döyüşlərin regional müharibəyə çevriləcəyinə inanmıram.
– Beynəlxalq ictimaiyyətdən hər iki tərəfə müharibəni dayandırmaqla bağlı çağırışlar olunur. Azərbaycan bu çağırışlara nə kimi reaksiya verməlidir?
– Sözügedən çağırışlar Azərbaycan üçün heç bir məna kəsb etmir. Əslində, böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana qoşunlarını Azərbaycan ərazisindən çıxardılmasıyla bağlı xəbərdarlıq etməlidir. Təəssüf ki, belə çağırışlar çox azadır. Həmsədr ölkələr atəşkəsə və barışığa çağırır. İndiki vəziyyətdə bu mümkün deyil. Bizim bir şərtimiz var: Ermənistan qoşunları Azərbaycan torpaqlarını tərk etsin. Daha sonra, barış və digər danışıqlar da baş tuta bilər. Hazırki, vəziyyətdə biz barış və ya atəşkəs demələri gülüncdür. Biz yenə danışıqlar masasına otursaq, Ermənistan məsələni yenə uzatmağa çalışacaq.
– Fransa prezidenti Makronun ermənipərəst mövqeyinin arxasında nə dayanır?
– Fransa artıq neytrallığını pozmuş oldu. Emmanuel Makron birbaşa Ermənistana dəstək verdi. Halbuki, həmsədr ölkə olaraq, neytrallığı qorumalıydı. Fransa neytrallığı çoxdan pozmuşdu. Çünki, yeni prezident seçiləndə Ermənistana səfər edib, Azərbaycana isə gəlməmişdi. Açıqlamaları da ermənipərəst mövqeyindən xəbər verir. Keçmiş Fransa prezidentləri Ermənistana səfər etdikləri vaxt, eyni zamanda Azərbaycana da səfər edirdilər. Onlar balansı qorumağa çalışırdı. Artıq, Azərbaycan Fransaya inanmır. Ola bilər ki, Qarabağ problemi həllini tapdıqdan sonra, Fransayla münasibətlər normallaşa bilsin. Bu ancaq, Makrondan sonraki dövrdə baş verə bilər. Hazırda isə Fransanın vasitəçiliyini heç bir halda qəbul edə bilmərik.
– Fransa, ABŞ və Rusiya atəşi dayandırmaqla bağlı birgə bəyanat verdilər. Bundan sonra bu hər hansısa siyasi əhəmiyyət daşıyırmı?
– Birgə bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Əsas önəmli olan böyük dövlətlərin biz mane olmamasıdır. Onların dəstəyi bizim üçün problem deyil. Hazırda elə bir maneə də yoxdur. Hansısa üçüncü dövlət gəlib Qarabağda Azərbaycanla savaşan deyil. Əgər, sözləri varsa Ermənistana işğalçı qoşunlarını çıxarmalarıyla bağlı desinlər. Amma, belə çağırışlardan çəkinmək də lazım deyil. Əsas olan odur ki, ordumuz hədəfləri uğrunda irəliləyir.
– Ermənistana İran üzərindən silahlar daxil olur. Müsəlman İran tərəfinin
öz ərazisindən Azərbaycana qarşı istifadə
ediləcək silahların keçməsinə “yaşıl
işıq” yandırılmasını necə qiymətləndirmək
olar? İran narahtçılığının
arxasında nələr dayanır?
–
Düzdür, müharibənin ilk günlərində belə
məlumatlar paylaşılırdı. Bu, Azərbaycanda
çox ciddi narahatlıq da doğurdu. Amma, iran azərbaycanlıları fəallaşandan
və Qarabağa dəstək mitinqləri keçirəndən
sonra sanki, İranın mövqeyində dəyişiklik
baş verdi. İranın dini liderinin cənubi
Azərbaycan vilayətindəki dörd nümayəndəsinin
Azərbaycana dəstək verən bəyanatı
yayımlandı. Eyni zamanda, İranın
Xarici İşlər Naziri açıqlamasında Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiyini
vurğuladı və Ermənistan qoşunlarının Azərbaycan
ərazilərini tərk etməli olduğunu bildirdi. İnanmıram ki, bundan sonra Rusiya İran üzərindən
Ermənistana hərbi yükləri daşıya bilsin.
– Fransa
prezidenti bildirib ki, Vladimir Putin və Donald Trampla
danışaraq Qarabağdakı vəziyyəti müzakirə
edəcək. Bu üç ölkənin lideri müharibənin
dayandırılmasına nail ola bilərmi?
– Xeyr, nail ola bilməzlər. Amerika Birləşmiş
Ştatlarında hazırda seçki ərəfəsidir.
Digər tərəfdən, Donald Tramp virusa
yoluxub. Əslində, Fransanın
özünün də problemləri var. Orda da seçkilər
olacaq və sarı jiletlilərin aksiyaları davam edir. Pandemiya Fransada da geniş müşahidə olunur.
Rusiyada da pandemiyayla mübarizə
aparılır. Bütün bu məsələləri
nəzərə aldıq da, böyük dövlətlərin
Azərbaycana təzyiq yoluyla döyüşlərin
dayandırılmasını istəyəcəyinə
inanmıram. Digər tərəfdən,
dövlət başçısı son
çıxışında qətiyyətlə
dayanmayacağımızı vurğuladı. Bizim irəliylə gedəcəyimizi və heç
bir bəyanatın biz dayandıra bilməyəcəyini
dövlət başçısı
çıxışında qeyd edib.
– Sizcə,
Paşinyanın köməklə bağlı
yalvarışlarının nəticəsiz qalmasına səbəb
nə ola bilər?
–
Paşinyanın daxili və xarici siyasəti artıq iflasa
uğrayıb. Hakimiyyətə gələndə
düşünürdü ki, Qərblə yaxın münasibətlər
quracaq. Bu da alınmadı. Eyni zamanda, Rusiyayla münasibətlərdə də
soyuluq yaşandı. Bu da bizim
maraqlarımıza xidmət edir. Hakimiyyətdə
Paşinyan yox, Köçəryan olsaydı bəlkə də
Rusiya Ermənistana kifayət qədər dəstək verərdi.
Belə olan halda, bizə təzyiq də arta bilərdi.
Amma, Paşinyanın Rusiyayla soyuq münasibətləri
olduğuna, Putinin yaxın dostu Köçəryanı uzun
müddət həbsdə saxladığına və Qərblə
də normal münasibətlər qura bilmədiyinə görə,
onun çağırışlarını heç kim eşitməyəcək.
– Sizcə,
hərbi əməliyyatlar nə vaxta kimi davam edə bilər?
– Mən
hərbi mütəxəsis deyiləm. Bu suala hərbi
mütəxəsislər cavab verə bilər. Biz plan əsasında hərəkət edirik. Əsas odur ki, ərazilərimizin bir hissəsini azad
etmişik. Düşmənin böyük
itkiləri var. Müharibə davam etdikcə, düşmənin
itkiləri daha da artacaq. Ümumiyyətlə,
Paşinyan artıq hakimiyyətini itirib. Onun iki yola var:
Ya müharibəni davam etdirmək, ya da ağ
bayrağı qaldırmaq. Hər iki yol, onun
hakimiyyətinin sonuna gətirir. Müharibəi
davam etdirsə, daha da itkiləri çox olacaq. Bunu da erməni cəmiyyəti ona
bağışlamayacaq. Ağ
bayrağı qaldırsa da rəqibləri onu hakimiyyətdən
devirəcək.
–
Düşmən qüvvələri mülki əhalini durmadan
hədəfə alır. Bu, nə ilə bağlı ola bilər?
– Əslində, bu ermənilərin köhnə
taktikasıdır. 90-cı illərdə də bu taktikadan
istifadə ediblər. Məqsəd, Azərbaycan
cəmiyyətində təşviş yaratmaqdır. Təəssüf ki, 90-cı illərdə bu yolla
torpaqlarımızın bir hissəsini işğal edə
bildilər. Artıq, Azərbaycan cəmiyyəti
bütövdür. Düşmənin xaos
və təşviş yaratmaq cəhdi, bizim üçün əsas
deyil. Bütün bunlara rəğmən,
insanlar yaşayış evlərini tərk etmir. Mülki əhalini hədəf almaqla, Ermənistan Azərbaycanda
təşviş yarada bilmir. Ermənistan
özü də bundan məyus olub. Bu
baxımdan, düşmən heç bir nəticə əldə
etmədi. Gəncənin raket zərbəsinə
məruz qalması, beynəlxalq mətbuatda geniş şəkildə
işıqlandırıldı. Bu da
informasiya müharibəsində Ermənistana böyük zərbə
idi. Ola bilsin ki, daha sonra Gəncənin
raket atəşinə tutmamaqlarıyla bağlı
açıqlama da veriblər. Bu da
informasiya müharibəsində Ermənistanın əleyhinə
işlədi.
– Ermənistan
niyə məhz Gəncə və Mingəçeviri hədəfə
aldı?
– Bunun səbəbi
bəllidir. Gəncə Azərbaycanın
müqəddəs şəhəridir. Düşünürdülər
ki, Gəncəni vursalar, Azərbaycan cəmiyyətində
xaos və təşviş yaranacaq. Azərbaycanın
da Ermənistan ərazisinə raket atmağını gözləyirdilər.
Bununla da Rusiyanı da müharibəyə cəlb
etmək istəyirdilər. Amma, hər iki
məqsədlərinə çata bilmədilər. Mingəçeviri əvvəldən də
vuacaqlarını deyirdilər. Lakin, raketləri
o qədər keyfiyyətsizdir ki, gəlib məntəqədə
partlamadı. Burda iki məqsəd ola
bilər. Birincisi odur ki, 1990-cı illərdə
olduğu kimi xalqın daxilində çaxnaşma yaratmaq istəyirlər.
Fikirləşirlər ki, belə etməklə istəklərinə
nail ola biləcəklər. Təəssüf
ki, 1990-cı illərdə nüfuzlu ordumuz yox idi. Amma, qəhrəmancasına savaşırdılar.
O zamanlar da insanlar içərisində müəyyən
düşünülmüş çaxnaşmalar
yaradırdılar. Torpaqlarımızın
işğal olunmasının əsas səbəblərindən
biri də bu idi. Hazırda isə vəziyyət
tam fərqlidir. Artıq, nizami ordumuz var.
Xalqımız da 30 ildir ki, torpaqlarımızın
işğaldan azad olunmasını gözləyir. Bizi, bu cür addımlarla qorxu da bilməzlər.
İstəklərinə nail ola bilməyəcəklər.
İkincisi isə, bizim Ermənistana cavab
addımları atmağımızı gözləyirlər.
Bununla da Ermənistan ərazisini hədəf
götürməyimizi istəyirlər. Daha
sonra, Rusiyaya yalvaracaqlar ki, gəlib Ermənistanı müdafiə
etsin. Belə anlarda biz
soyuqanlığımızı da qorumalıyıq. Düşmənin əsl məqsədinin nə
olduğunu başa düşməliyik. Bu o demək deyil ki,
biz cavab addımlarından çəkinməliyik. Cavab addımları atmasaq, onlar boşluq olduğunu
düşünəcək və zərbələrin
sayını daha da artıra bilərlər. Bu baxımdan biz atəş gələn nöqtələri
susdurmalıyıq. Belə etməklə onlar
anlamalıdır ki, Azərbaycan Dağlıq Qarabağda edilən
müharibəni total müharibəyə çevirə bilər. Əgər Gəncəyə, Mingəçevirə
və hətta Xızıya belə ata biliblərsə, istənilən
təxribata əl ata
bilərlər. Baş verə biləcək hər təxribata
hazır olmalıyıq. Məncə, cəmiyyətimiz
və dövlətimiz də hazırdır.
–
Hal-hazırda dünyada iqtisadi böhran müşahidə
edilir və neftin qiymətləri hər keçən gün
ucuzlaşır. Necə hesab edirsiniz, iqtisadi vəziyyətin
pisləşməsi qlobal müharibələrə və ya geosiyasi
dəyişikliklərə gətirib çıxara bilərmi?
–
Ümumiyyətlə, dünyada baş verən müharibələr
resurslar üstündə gedir. Bura su, enerji kimi resurslar daxil ola bilər. Soyuq müharibə
bitdikdən sonra, düşünülürdü ki, artıq
birqütüblü dünya formalaşacaq. ABŞ-ın super güc olduğu deyilir. Amma, artıq ABŞ-da enerji resursunu çatdıra
bilmir. Dünya çoxqütüblü
istiqamətdə irəliləyir. Amma,
çoxqütüblü dünya birqütüblü və
ikiqütüblü dünyadan daha təhlükəlidir.
Çünki, müxtəlif qütblər var və
bu qütblərin də müxtəlif maraq dairələri
var. Bu maraqlar kəsişdikdə isə müharibələrin
baş verməsi qaçılmazdır.
Elxan
Şahinoğlu
Müsahibəni
apardı: YƏHYA
Hürriyyət.-
2020.- 10-12 oktyabr. S. 10.