Leyla
Bədirbəylinin həyat və
yaradıcılığı
Bolqarıstandan göndərilən
məktubda nə yazılmışdı?
«Mənim həyatımı uzun bir yola bənzətsək,
bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu
günlərim də olub, kədərli günlərim də.
Bir sözlə, məşəqqətli və
ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm».
Azərbaycan teatr və kino sənətinin görkəmli
nümayəndəsi, SSRİ və Azərbaycan
Respublikasının Dövlət mükafatları laureatı,
Xalq artisti Leyla Bədirbəylinin (Cavanşirovanın) bu
sözləri, yanvar ayında 100 illiyi qeyd edilən məşhur
aktrisanın həyat yolunu vərəqləməyə, teatr və
kinomuza şöhrət gətirən səhifələrlə
tanış olmağa fürsət verir.
Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində
öz sələflərinin ənənələrini uğurla
davam etdirərək Azərbaycan mədəniyyəti salnaməsinə
yeni səhifələr yazmış sənətkarlardandır. Aktrisa fitri
istedada malik teatr ustası kimi, ifa üslubundakı səmimiyyət,
məlahət və təbiilik sayəsində dramaturqlarımızın
və dünya ədəbiyyatı klassiklərinin çox
sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə
həyatı verməyi bacarıb.
Atası
bəy nəsli, anası xan qızı
Leyla Bədirbəyli Bakıda nəsilli-nəcabətli
ailədə doğulub. Atası Ağalar Bədirbəyov Şəmkir
bəylərinin nəslindən, anası şəmkirli Bikə
xanım Musaxan qızı isə əsl xan qızı idi.
Həmin illərdə Əli Bayramov
klubundakı qadınlar dərnəyinə gedən Bikə
xanım böyük qızı Leylanı da özü ilə
aparırmış. Rəqsə
böyük maraq göstərən gələcəyin məşhur
aktrisasının istedadının üzə
çıxdığı ilk sahə də məhz rəqs
olur. Xüsusi rəqs bacarığına
malik olan L.Bədirbəyli Azərbaycan Dövlət
Filarmoniyasına dəvət edilir.
Leyla xanım səhnəyə ilk dəfə 8
yaşında çıxır. Bakının
keçmiş Poluxin küçəsində yerləşən
Mərkəzi Kəndçi Evinin səhnəsində
«Coşqun» tamaşasında Coşqunun bacısı rolu onun
ifasında maraqla qarşılanır. Leylanın
anası bu mədəniyyət evinin tibb məntəqəsində
işləyirdi. O, tez-tez balaca Leylanı özü ilə
iş yerinə aparar, qız da həvəskar aktyorların məşqlərinə
maraqla baxardı. Bir gün dərnəyin
rejissoru Əlisəttar Babayevin “görürəm səhnəyə
yaman həvəsin var, gəlsənə, özün kimi balaca
bir rol tapşıraq sənə…» sözləri sonradan onun gələcək
seçimini müəyyən edir.
1937-1942-ci
illərdə Azərbaycan Dövlət Filarmoniyasının
Mahnı və Rəqs Ansamblının solisti kimi bu ansamblda
«Bir dənəsən», «Naz eləmə», «Tərəkəmə»
rəqslərini elə məharətlə ifa edir ki,
tamaşaçılar böyük zövq alırlar.
Filarmoniyada çalışdığı illərdə
“Ayna” və “Bakının işıqları” filmlərində
rol alan Leyla Bədirbəyli 21
yaşında Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrına dəvət edilir. Aktrisa 33 il bu
sənət məbədinin səhnəsində bir-birindən
fərqli qadın obrazları yaradır.
Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin
xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın
səhnəsində yaratdığı Sara (“Solğun
çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə
(“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə
(“Göz həkimi”) və s. bu kimi obrazları ilə mədəniyyət
tariximizin qızıl səhifələrini yazıb. Leyla xanım tamaşalarda əsasən baş
rolları oynayıb.
Leylanın
Gülçöhrəsi
L.Bədirbəylinin kinoda aktyor taleyi uğurlu olub. O, kinoya da çox erkən
gəlib. Leyla xanım hələ yeniyetmə ikən
moskvalı rejissor D.Vertovun «Lenin haqqında üç
mahnı» sənədli filmində pioner qız rolunda
çıxış edir. Bundan sonra aktrisa peşəkar
teatr səhnəsinə gəlməzdən əvvəl,
1937-ci ildə «Dəcəl dəstə» filmində pioner dəstə
rəhbəri, 1941-ci ildə «Səbuhi» filmində Tubu, 1942-ci
ildə «Sovqat» filmində Ayna rollarında oynayır.
Aktrisanın «Səbuhi» filminə rol almasının da
maraqlı tarixçəsi var. O dövrün qəzetləri
yazırdı: «Film
üçün aktyor seçmək rejissorları çox
düşündürürdü. Onlar
filarmoniyaya getdilər. Məqsədləri
Leyla Bədirbəylini bir daha rejissor gözü ilə yoxlamaq
idi. Nəhayət, milli paltar geymiş Leyla
səhnəyə gəldi. Azərbaycan
xalq çalğı alətləri
üçlüyünün müşayiəti ilə «Tərəkəmə»
rəqsini elə məharətlə oynadı ki, rejissorlar dərhal
səhnənin arxasına keçib Leyla ilə
görüşdülər. Leylanın
boy-buxunu, incə rəqsləri rejissorların xoşuna gəldi”.
Kino sahəsində aktrisanın parlamağında dahi bəstəkar
Üzeyir Hacıbəylinin rolu böyük olub. 1945-ci ildə “Arşın
mal alan” filmi çəkilərkən Rza Təhmasib
Gülçöhrə rolu üçün gözəl
xarici görünüşə malik qız
axtarırmış. Məhz Üzeyir Hacıbəylinin
tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Filmin
yaranmasının maraqlı tarixçəsi var. 1943-cü ildə
Tehran konfransı zamanı İrana mədəni proqramla azərbaycanlı
artistlər də səfər edirlər. Onlar təsadüfən
Hollivudda çəkilmiş “Arşın mal alan”
filminin nümayişində olurlar. Filmdən
sonra onlar titrlərdə filmin rejissorunun Tiqranov, ssenari və
musiqi müəllifinin isə Maqalyanın olduğu haqda
yazıları oxuyurlar. Artistlər bunu
Üzeyir Hacıbəyliyə çatdırırlar. O
isə “Arşın mal alan”
operettasının Stalinin xoşuna gəldiyini bilərək,
onun adına etiraz ünvanlayır. Qısa zamanda dahi bəstəkar
Stalindən “Təklif edirəm, bizim öz, əsl sovet
“Arşın mal alan” filmini çəkək”
yazılı teleqram alır.
1945-ci ildə Stalinin göstərişi ilə Azərbaycanda
əsər ekranlaşdırılır. Filmin ssenarisini
Sabit Rəhman yazır, quruluşçu-rejissor vəzifələrinə
isə Rza Təhmasib və Nikolay Leşenko təyin olunur.
Bu işə cavabdehlik Mircəfər
Bağırova həvalə edilir. Baş
rollara artistlərin axtarışı başlayır. Bu zaman Rəşid Behbudov Bakıya qastrol səfərinə
gəlir. Üzeyir Hacıbəyli, Rza Təhmasib və
Nikolay Leşenko onun konsertində olurlar. R.Behbudov öz konsert
repertuarına “Arşın mal alan”-dan iki
musiqi nömrəsi – Əsgər və Vəlinin ifa etdikləri
mahnıları daxil etmişdi. Əsgərin
ariyasına Rəşidin ifasında qulaq asandan sonra
(müğənni başına atasının qaragül
papağını taxaraq ifa edərdi) onlar müğənnini
filmdə çəkmək qərarına gəlirlər.
Konsertdən sonra ona yaxınlaşan
yaradıcı qrupun iştirakçıları sevinərək
“Axır ki tapdıq…qarşımızda əsl tacir Əsgər
durur!” deyirlər.
Gülçöhrə roluna Leyla Bədirbəyli dəvət
edilir. Əvvəlcə 20 yaşlı rəqqasə
çəkiliş qrupunun xoşuna gəlmir. Lakin Leyla filmdə çəkilməyi çox istəyirdi
və bu səbəbdən Üzeyir Hacıbəylinin
yanına gələrək, gözünün
yaşını tökür, Gülçöhrə rolunda
çəkilməyi arzuladığını və bunun
üçün hər bir çətinliyə qatlanmağa,
gecə-gündüz işləməyə hazır
olduğunu bildirir. Bəstəkar isə
rejissorlardan qızı təkrar “sınaqdan keçirməyi”
xahiş edir.
Filmin
ssenarisi 1944-cü il martın 22-də
Moskvada təsdiq olunur. Ekran əsəri Bakı
kinostudiyası tərəfindən türk və rus dillərində
çəkilməyə başlayır. Filmin
çəkilişləri Mərdəkanda aparılır.
Rəşid Behbudovun sözlərinə görə,
Bakı camaatı film çəkildiyini eşitdikdə
sandıqlarından bəy interyerinə layiq olan
qab-qacaqları, paltarları çıxararaq çəkiliş
meydançasına gətirirdilər. Buna
görə də, bütün rekvizitlər – qızıl
portsiqar, dəbdəbəli paltarlar, bəzək əşyaları,
mebel, qab-qacaq hamısı həqiqi idi.
1945-ci ilin iyulun 5-də filmin yoxlanması zamanı Moskva
komissiyasının üzvləri arasında münaqişə
yaranır. Üzvlərdən biri filmi tənqid edərək
yaradıcı qrupu Sibirə sürgünlə hədələyir.
Toplantıda “bu, bəy-xan həyat tərzinin
ideallaşdırılmasıdır”, “çəkiliş
reklama bənzəyir”, “bu filmi çəkməklə nə məqsəd
güdürdünüz?”, “demək istəyirsiniz ki, inqilabdan
öncə həyat bu qədər gözəl idi?” kimi ifadələr
səslənirdi. Lakin bədii şuranın
fikri ilə razı olmayan və filmin dünya miqyasında məşhur
olacağını hesab edən Sergey Eyzenşteyn, filmin Stalinə
nümayiş etdirilməsinə nail olur və ölkə rəhbəri
ekran əsərini bəyənir. Stalin bəyəndikdən
sonra film SSRİ səviyyəsində nümayiş etdirilməyə
başlayır və əsərin yaradıcı kollektivi
“Stalin mükafatı”na layiq
görülür. “Arşın mala alan”
136 ölkədə nümayiş olunur və 86 dilə dublyaj
edilir. Təkcə SSRİ-də filmə 16
milyondan çox tamaşaçı baxır. Filmin büdcəsi 5 milyon 807 min rubl təşkil
etdiyi halda, gəliri 5 milyard rublu aşır. Amerikalı
tarixçi Maykl Smit öz “Sovet şərqinin”
kinematoqrafı” məqaləsində yazırdı: “Xalq
respublikalarında tamaşaçılara orta əsrlərin
şair və müğənniləri, uğursuz sevgi haqda
gözəl hekayələr nümayiş etdirilirdi. Bu filmlər stalinizmin neo-folklor üslubunda idilər.
Xəlqilik yenə təsdiqini
tapmışdı. Azərbaycan bu janra “Arşın mal alan” musiqili şedevri ilə töhfə
vermişdi”.
Beş
qardaşın bir bacısına verilən ad
2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə film restavrasiya edilir və rəngli
versiyaya keçirilir. Hollivud ustaları 1 ilə ərzində bərpa
ilə məşğul olurlar. Film
yaradıcı heyətə, o cümlədən
Gülçöhrə rolunda çəkilən Leyla Bədirbəyliyə
böyük şöhrət gətirir. Aktrisa
yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar
dünyanın müxtəlif ölkələrindən məktublar
alırdı. Bolqarıstandan gənc qadının ona
göndərdiyi məktub bu sözlərlə qurtarır: «Mən
beş oğlun bir bacısına, məharətlə
oynadığınız Gülçöhrənin adını
verdim. Bolqarıstanın Gülçöhrəsi
sizin kimi şöhrət qazansa, özümü xoşbəxt
sayaram».
Leyla Bədirbəylinin Azərbaycan kinosunun
inkişafındakı fədakar xidməti təkcə
Gülçöhrə ilə bağlı deyil. 1940-cı illərdən
etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı
və mənəvi-əxlaqi dəyərlərin təbliği,
tamaşaçı zövqünün
formalaşdırılması baxımından əhəmiyyət
kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da
zənginləşdirir.
İstedadlı
aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Fətəli
xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş
Parisi partladır” filmlərində yaddaqalan obrazlar yaradır.
O, “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində
işləyərkən istedadlı gənclərin
inkişafına kömək edir, onlara dəyərli məsləhətlərini
verirdi.
Aktrisanı yaxından tanıyanlar deyirlər ki, Leyla Bədirbəylinin
zahiri qədər, daxili də gözəl olub. Həssaslığı,
səmimiliyi, qəlbinin təmizliyi zahiri gözəlliyini
tamamlayıb. “Azərbaycan gözəli”
titulunu da ona bu gözəlliyini vəsf edərək veriblər.
Məmməd MİRZƏLİYEV
Hürriyyət.- 2020.- 10-12 oktyabr. S. 14.