“Gürcülərin böyük əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləyir”

 

 Hüseyn Yusifov: “Gürcülər istəyirlər ki, Azərbaycanın da torpaqları, onların öz torpaqları da işğaldan azad olunsun, ərazi bütövlüyü bərpa edilsin”

 

“Keçirilən sorğulara görə, Saakaşvilinin partiyası ikinci yerdədir…”

 

“Gürcüstan nə hava, nə quru yolu ilə Rusiyadan Ermənistana gedən silah-sursatı ərazisindən buraxmır”

 

Gürcüstan və Azərbaycan bir-biri ilə strateji tərəfdaşdırlar. Bəzi məsələlərdə onların taleyi oxşardır, tutaq ki, Rusiya tərəfindən torpaq itkisinə məruz qalmaq kimi. Gürcüstan həm də Borçalıda 600 min nəfərə yaxın azərbaycanlının yaşaması baxımından da bizim üçün vacib ölkədir. Bir sözlə, bizim ortaqlıq və tərəfdaşlığımız vazkeçilməzdir. Odur ki, ölkəmizdə müharibə getməsionə rəğmən, bu ayın sonunda – oktyabrın 31-də qonşu ölkədə keçiriləcək parlament seçkiləri də Azərbaycanda maraqla gözlənilir. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifovla söhbətimiz də elə bur seçki ilə bağlı oldu.

 

– Hüseyn bəy, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. İlk olaraq ölkədəki seçki ab-havası ilə bağlı fikirlərinizi bilmək istərdik…

 

– İlk öncə seçki nəticələrinin ölkəmiz üçün də, xalqımız üçün də xeyirli olmasını diləyirəm. Biz Gürcüstan azərbaycanlıları üçün öz vətənimizdə seçkilərin sakit, rahat bir atmosferdə, heç bir təzyiq olmadan keçirilməsi ən vacib şərtlərdən biridir. Seçkilər yaxınlaşdıqca seçki atmosferi daha da gərginləşir. Siyasi partiyalar həyəcanı daha da artırmağa çalışırlar. Amma insanlar əsasən çalışırlar ki, soyuqqanlı olsunlar. Qərarı soyuqqanlı versinlər. Çünki adətən Gürcüstan seçiciləri öz seçimlərini son həftədə, son saatda edirlər. Bu da maraqlı və həyəcanlıdır. Atmosfer bu cürdür – həyəcanlı və gərgin.

 

– Sizcə, pandemiyanın seçki prosesinə, insanların aktivliyinə təsiri olacaqmı?

 

– İnanmıram. Çünki hal-hazırda virus ölkənin hər yerində yoxdur, bəzi bölgələrdə var. Bu bölgələrdə də yəqin müəyyən önləmlər alınacaq və seçki pandemiyanın tələblərinə uyğun keçiriləcək. Pandemiyanın seçkinin keçirilməsinə mane olmağı gözlənilmir. Seçki atmosferində pandemiya da bir faktordur, Azərbaycanın Qarabağ üçün apardığı haqq mübarizəsi də bir faktordur. Seçicilərin yüzdə 10-u azərbaycanlılardır. Bundan başqa da ağıllı seçicilərin böyük əksəriyyəti bilir ki, Azərbaycan Gürcüstan üçün nə deməkdir. Məsələn, əgər Tovuz vurularsa, hansı ki, oradan Gürcüstan tarixinin ən böyük proyekti olan tranzit kəmərlərinin keçdiyini ağıllı, savadlı Gürcüstan seçiciləri bilir. O kəmərlərə zərər verilməsi Gürcüstan iqtisadiyyatının çökməsi deməkdir. Ona görə də bizim gürcü qardaşlarımız da arzulamırlar ki, Tovuz vurulsun. Əksinə, böyük əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləyir. Onlar da istəyirlər ki, Azərbaycanın da torpaqları, onların öz torpaqları da işğaldan azad olunsun, ərazi bütövlüyü bərpa edilsin. Necə ki, Azərbaycanın ərazisnin 20%-i işğal altındadır, gürcülərin də 20% torpaqları işğal altındadır. Yəni ki, bunlar da bizim hərəkət istiqamətimiz üçün uyğun faktorlardır.    

 

– Bəllidir ki, seçkidə 66 partiya 120 yer uğrunda mübarizə aparacaq. O cümlədən, 30 yeri də majoritar qaydada namizədliyini irəli sürən şəxslər “bölüşdürəcək”. Maraqlıdır, bu dəfə neçə azərbaycanlı seçkiyə qatılıb?

 

– Bu dəfə çox sayda azərbaycanlılar seçkiyə qatılıblar. 66 partiyadan 30-dan çoxu seçki ilə tanışlığı olmayan partiyadır. Yəni, nə vaxtsa, 90-cı illərdə təşkil olunmuş və passiv partiyalar da var. Aktiv fəaliyyəti olmayan, unudulmuş partiyalar da var. Bir neçə həftə və ya bir neçə ay əvvəl təşkil olunmuş partiya da var. Amma aktiv olan partiyalar 20-yə qədərdir. Bu partiyaların içində də çox sayda azərbaycanlılar var. Marneuli və Qardabanidə olan seçki dairələrində azərbaycanlıların iştirakı daha çox görünür. Bu dairələrdə azərbaycanlı namizədlər çoxdur, amma mandat sayı bir ədəddir. Orada 20 nəfər azərbaycanlının olması o demək deyil ki, 20 nəfər mandat alacaq. Çünki Marneulidə majoritar qaydada azərbaycanlılar öz aralarında mübarizə aparacaqlar. Mən həmin eloğlularımızın hamısına səbrli, ağıllı və təmkinli rəqabət arzulayıram. Amma düşmənçilik olmasın. Majoritar qaydada namizədliyini irəli sürənlərin içində Marneuli-Qardabani seçki dairəsindən aparılan bütün sorğuların nəticələrinə görə Zaur Darğallı acıq-aşkar irəlidədir. Proporsional siyahılara gələriksə, “Gürcü arzusu”ndan Savalan Mirzəyev, “Vahid Milli Hərəkat” partiyasından 17-ci yerdə İsmayılov, yenə bu partiyanın həm majoritar, həm proporsional qaydada Azər Süleymanovun şansları var. “Avropalı Gürcüstan” partiyasında Əhməd İmanquliyev majoritar namizəddir, həm də irəlidədir. Allah onun da yolunu açıq etsin. “Lelo” partiyasından Murad Muradov majoritar namizəddir, şansı bol olsun. İslam Kərimov da namizəddir, Allah şansını bol etsin. Məmməd Yusibov da ön sıralardadır. Qacar Hüseynov da siyahıdadır. Başqa partiyalarda da azərbaycanlılar çox var. Bu məsələ partiyaların elektoratının miqyasından asılıdır. İnşallah, parlamentdə 3-4 nəfər azərbaycanlımız olacaq. Ən azı 4 nəfər parlamentə girəcək.

 

– Ümumiyyətlə, azərbaycanlı namizədlər proporsional, yoxsa majoritar qaydada seçkiyə qatılmağa üstünlük verir?

 

– Seçim namizədlərdə deyil, onları irəli sürən partiyalardır. Partiyalar azərbaycanlıların mənsub olduğu bölgədəki elektoratının böyüklüyündən, onu siyasi çəkisindən asılı olaraq onun namizədliyini irəli sürür. Elə partiyalar var ki, həmyerllilərimiz o partiyalardan namizəd olmaq istəməz. Bunlar anti-türk, anti-islam partiyalardır.

 

– Bir neçə ay əvvəl Gürcüstanda seçki qanununun dəyişməsi Parlamentdə hakim qüvvələrin də dəyişməsi ilə nəticələnə bilərmi?

 

– Seçki qanununun dəyişməsi bu anlama gəlmir. Seçki qanunu dəyişmədən də hakim partiyanın dəyişməsi xalqın iradəsinə bağlıdır. Seçki qanunu necə olursa-olsun xalq sevmədiyi partiyaya səs vermək istəmir, sevdiyi partiyaya səs verir. Seçki qanununun təsiri bu ola bilər ki, seçiləcək hökumət koalision ola bilər. Çünki əvvəllər baryer 5% idi. Baryeri keçə bilməyən partiyalar parlamentə düşə bilmirdi. İndi 1%-lik bayeri keçən partiyalar proporsional qaydada parlamentə düşə bilir. Bu da o deməkdir ki, parlament çox rəngli olacaq. Bu, demokratiyanın göstəricisidir. Nə qədər çox partiya parlamentdə təmsil olunarsa, parlamentin tərkibi nə qədər çoxrəngli olarsa o qədər də çox müxtəlif fikir ola bilər. Bunun da milli azlıqlara müsbət mənada təsiri ola bilər. Ona görə də seçkidə çox partiya olanda bir partiyanın çox yer götürməsi sıfıra yaxınlaşır. Hamı minimal əksəriyyətlə təmsil olunur.

 

Hökumət kabineti qurmaq üçün 76 yer lazımdır. Bu da olmasa 40% ilə hökumət qurulacaq. Bu şərtlə ki, yerdə qalan 60% öz arasında birləşə bilməsin. Koalisiya baxımından çox kəskin qarşıdurmalar, qütbləşmələr var. Məsələn, partiyalar var ki, İvanişvili – “Gürcü arzusu” ilə koalisiyada təmsil olunmaq istəmir, partiyalar var ki, “Vahid Milli Hərəkat”la – Saakaşvili ilə birləşmək istəmir. Bunlar da öz mövqelərini çox kəskin və özlərinə görə arqumentlər gətirərək, əsaslandıraraq, ortaya qoyurlar.

 

– Necə düşünürsünz, Mixail Saakaşvilinin yenidən hakimiyyətə qayıtma ehtimalı varmı?

 

– Bilirsinizmi, hər şey xalqın iradəsindən asılıdır. Bu günki keçirilən sorğulara görə Saakaşvilinin partiyası ikinci yerdə görülür. “Gürcü arzusu” birinci yerdə görülür.

 

– Sizcə, borçalılar ümumi götürsək, daha çox hansı qüvvənin yanındadır: iqtidarın, yoxsa müxalifətin?

 

– Hər iki tərəfdə insanlar var.

 

– Hüseyn bəy, Qarabağ savaşı haqda fikirlkərinizi də bilmək istərdik. Gürcüstan hakimiyyətinin bu məsələ ilə bağlı sərgilədiyi mövqe sizi qane edirmi?

 

– Ortaya qoyulan mövqe budur ki, Qarabağ Azərbaycandır. Dünya türkləri üçün ilk cümlə budur ki, Qarabağ Azərbaycandır, Azərbaycan olaraq da qalacaqdır. Planetin adı dəyişənə qədər. Gürcüstanla bağlı olaraq, Şevardnadzenin vaxtında müharibənin getdiyi zamanlarda Gürcüstan hakimiyyətinin mövqeyi belə idi ki, “Bəli, Azərbaycan bizim qonşumuzdur, strateji tərəfdaşımızdır, amma ermənilər də din qardaşımızdır” və s. Müəyyən təəssübkeşlik var idi. Bu gün maraqlısı budur ki, hakimiyyət nə isə demir, konkret addımlar atır. Nə hava, nə quru yolu ilə Rusiyadan Ermənistana gedən silah-sursatı ərazisindən buraxmır. Bundan başqa, Ermənistana neft və yanacaq məhsullarının ötürülməsi dayandırıldı. Axalkalakidə yaşayan ermənilər “humanitar yardım” adı ilə Qarabağa konteynerlərlə silah göndərmək istəyirdilər, Gürcüstan hakimiyyəti bunu blokladı. Müxtəlif şəhərlər, regionlar, kəndlərdə bizim yerli azərbaycanlılarımız kütləvi şəkildə Qarabağa dəstək aksiyaları keçirirlər. İnanın ki, bütün küçələr Gürcüstan, Azərbaycan, Türk bayraqları ilə bəzədilib və hakimiyyətdən buna heç bir əks təpki gəlmir. Əksinə onlar da insanlara qoşulub coşqu ilə bunu dəstəkləyirlər.

 

– Yeri gəlmişkən, bu aksiyalara müxalifətin və hakimiyyətin ayrı-ayrılıqda münasibətini də bilmək istərdik… Tutaq ki, hansı tərəf bu aksiyalara daha çox dəstək verir, ya da, ümumiyyətlə, verirmi?

 

– Müxalifət deyəndə, rus yönümlü olmayan, Avropa yönümlü partiyalar dəstək verir. Onlar iqtidar, ya müxalifət yönümlü  olmalarından asılı olmayaraq bu işə dəstək verirllər. Ammar rusyönümlü – onlar həm də erməniyönümlü sayılır- partiyalar anti-türk, anti-islam təbliğatı aparırlar. Onlar bu məsələnin əksinə çıxırlar və dəstək vermirlər.

 

Ülviyyə ŞÜKÜROVA

Hürriyyət.- 2020.- 15-16 oktyabr. S. 3.