Onların şücaəti haqqında

filmlər çəkiləcək

 

Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-a müsahibə verib.

- Fəxrəddin müəllim, cəbhə bölgəsində baş verən hadisələri yəqin izləyirsiz. Hansı sözünüz, fikriniz var?

- Bu gün ordumuz Ali Baş Komandanın qarşıya qoyduğu bütün missiyanı yerinə yetirir. Mən əsgərlərimizə səbr, hər şeyə ehtiyatlı peşəkar yanaşmağı arzu edirəm. Özlərini qorumalıdırlar. Bu gün tarix yazırlar. İnşallah, tez bir zamanda bütün torpaqlarımızı işağlçı ölkədən azad edəcəklər. Onların şücaəti haqqında filmlər çəkiləcək. Qoy bilsinlər ki, bu gün qəhrəmanlıq kürsüsündədilər. Gələcəyin filmlərində qəhərəman kimi, Azərbaycan ordusunun əsgərləri kimi yaddaşa həkk olunacaq, tarixə yazılacaqlar.

Əsgərlərimizlə qürur duyuram, hər birini bağrıma basıram. Əgər lazımdırsa, onların yanına gedə onlarla birlikdə ola bilərəm. O qədər qürurverici hadisədir, təsəvvür eləmirlər ki, biz onlara qədər güvənirik, onlarla necə fəxr edirik.

- Vətən müharibəsində üstünlük, qələbə bizimlədir. Rayonlarımız, kəndlərimiz işğaldan azad edildi. İlk olaraq işğaldan azad olunmuş hansı şəhərimizə getmək istəyərsiniz?

- Bugünün məşhur ifadəsiylə desək, Qarabağ Azərbaycandır! Mən işğaldan azad olunmuş bütün torpaqlarımızı bağrıma basmaq istəyirəm. Qarabağın hər qarışı Azərbaycan torpağıdır. Onun hər qarışına ayağıyalın gedərdim, torpaqlarımızı bağrıma basardım.

Mən Xankəndində dünyaya gəlmişəm. Əlbəttə, bütün şəhər regionlarımızı eyni şəkildə sevirəm. Heç bir şəhərimizi bir-birindən ayıra bilmərəm. Baxmayaraq ki, özüm Xankəndində doğulmuşam. Mənim anamın bir sözü vardı, deyirdi ki, barmaqların hamısı eyni boyda deyil, amma hansını kəssən, ağrısı eynidir.

Qarabağın hər qarışı bizimdir. Yüz faiz əminəm ki, işğal altında olan bütün torpaqlarımız azad olunacaq. Nəhayət, biz o günü görəcəyik. Allah bizim ordumuza yar olsun. Ali Baş Komandamızı, prezidentimizi Allah qorusun!

- Qardaş Türkiyənin Azərəbaycana mənəvi dəstəyini necə qiymətləndirirsiniz?

- Türkiyə olmasaydı, biz tək qalardıq. 83 milyonluq Türkiyə mənəvi informasiya tərəfdən bizə çox dəstək göstərir. Orada mənim çoxlu dost-tanışlarım var. Azərbaycana belə münasibət bizi çox sevindirir. Türkiyə mediası bizə böyük kömək edir, hadisələri bütün dünyaya çatdırırlar. Türkiyə mediası çox güclüdür. Hətta ermənilər Gəncəni atəşə tutanda gecəylə bizim media ilə birlikdə hadisə yerinə gəldilər, faciəni bütün dünyaya çatdırdılar.

- Ümumiyyətlə, izlədiyiniz xarici kanallarda Azərbaycana qarşı adekvat mövqe görürsüzmü?

- Rusiya kanallarına baxıram, çox vaxt yalnız əsəbiləşirəm. Biz Vətənimizi qoruyuruq. Öz torpaqlarımızı işğaldan azad edirik. Biz heç kimin torpağına, dövlətinə göz tikməmişik. Baxmayaraq ki, onlar bizim qədim torpaqlarımızda yaşayırlar.

- Xankəndinə gedərkən ilk olaraq etməyi düşünürsünüz?

- İnşallah, gedəndə edəcəyimi planlaşdıracam. Yalnız onda biləcəm ki, etmək lazımdır... Qabaqcadan bunu demək mümkün deyil. Amma onu bilirəm ki, sevincimin həddi-hüdudu olmayacaq.

Hazırda bir gözümüz ağlıyır, bir gözümüz gülür. Göz yaşlarımız sevincdən gəlsin. Allah bizim Ali Baş Komandamız İlham Əliyevi, vitse-prezident Mehriban Əliyevanı, ordumuzu, generallarımızı, əsgərlərimizi, Azərbaycana dəstək olan ölkələri, Türkiyəni, Pakistanı qorusun. Allah hamısına yar olsun! Biz haqq yolundayıq haqq yolu Allah tərəfindən həmişə qorunur. Biz artıq 90-cı illərdə deyilik.

Təkrar edirəm, bu bizim haqq yolumuzdur. Azərbaycan qələbə çalacaq. Qarabağ Azərbaycandır! Qarabağın hər qarış torpağı Azərbaycanındır.

Hər gecə saat 4-ə, 5-ə qədər televiziya qarşısında oturub, ölkəmizlə bağlı baş verən hadisələri izləyirəm. Bütün media işçilərinə təşəkkür edirəm, bağrıma basıram. Biz Vətən müharibəsindəyik torpaqlarımızı azad edirik. Tarixi bir zamanda yaşayırıq. Bu gün Azərbaycan tarixinə qızılı hərflərlə yazılacaq.

 

Hürriyyət.- 2020.- 22-23 oktyabr.- S.13.