Sidqi Ruhulla və
Hüseyn Cavid dramaturgiyası
1926-cı
il noyabr ayının 15-də Hüseyn
Cavidin “Topal Teymur” pyesi A. Tuqanovun quruluşunda ilk dəfə
tamaşaya qoyuldu. Rejissor bu tamaşaya maraqlı aktyor heyəti
toplamışdı: Topal Teymur-Sidqi Ruhulla, İldırım Bəyazid-Ülvi
Rəsəb, Şair Kirmani-Abbasmirzə Şərifzadə,
Dilşad-Əzizə Məmmədova, Dəmirqaya-Mirzağa
Əliyev, Almaz-Mərziyə Davudova, Ağbuğa-Əli
Qurbanov, Cücə-İsmayıl Hidayətzadə, Orxan-Rza Təhmasib,
Olqa-Qəmər Topuriya, Əli paşa Süleyman Səlimbəyov,
Meliça-Yeva Olenskaya, Nazim ağa-Rza Əfqanlı,
Köylü qadın-Panfiliya Tanailidi və b.
Əlbəttə ilk dəfə Teymur kimi obrazı ifa
etmək çox çətindir. Ona görə ki, ifa
uğurlu olmalıdır. Çünki
sonra bu rolu oynayan digər aktyorlar həmişə ilk
ifaçıdan bəhrələnirlər.
Sidqi Topal Teymur kimi mürəkkəb obrazı müəllifin
və rejissorun istədiyi səviyyədə yaratmağa
müvəffəq oldu.
“… Sidqi Ruhulla Teymuru böyük sərkərdə,
müdrik bir hökmdar, elm və sənət hamisi, mülayim,
xeyirxah, ədalətli insan kimi göstərmiş, onun
qanlı bir fateh olduğunu unutmuşdur” (C. Cəfərov).
“Sidqi Ruhulla Teymur obrazını tam realist planda, təbii
və çox inandırıcı bir tərzdə
yaradırdı. Aktyor “əzazil, qaniçən”
şahları, xaqanları göstərmək kimi köhnə
traktovkadan (quruluşdan-İ. A.) tamamilə uzaqlaşaraq
obrazı yeni, realist cizgilərlə canlandırmağa
çalışmışdı.
Böyük temperamentə malik olan Sidqi Ruhulla bu
tamaşada şübhəsiz ki, rejissorun səyi nəticəsində
xaricdən təmkinli, hirsini asanlıqla cilovlayan, kinini
çox dərindən və məharətlə gizlətməyi
bacaran, ağıllı bir şərq despotu idi. Aktyor daxilən
çox qüvvətli bir insanın, indiyədək Azərbaycan
səhnəsində görünməmiş, qeyri-adi
hökmdarın obrazını yaratmağa müvəffəq
olmuşdu.
Sidqi Ruhulla obrazın sözlərindəki məna
vurğusunu tapmış, hərəkətlərini dərindən
düşünmüşdü. Üzündəki
iblisanə ironiya, tamaşaçılarda dəhşət,
qorxu hissi yaradırdı. Xarici təmkin,
sakitlik soyuqqanlı ifadə ilə həmahəng idi. Aktyor tarixən Teymurun soyuqqanlı qəddarlığını
bəzən sözsüz, çox yığcam hərəkətlərlə,
çox vaxt isə yalnız üzünün ifadəsi ilə
çatdırırdı.
İldırım Bəyazidin məktubunu oxuduğu səhnədə
Topal Teymur-Sidqi Ruhulla qəzəbini büruzə verməməyə,
zahirən çox səbirli və soyuqqanlı görünməyə
çalışır, hətta gülür və istehza
edirdi.
Orxanı casusluğa göndərən Topal Teymur-Sidqi
Ruhulla bu səhnədə çox düşüncəli
görünürdü. O, sanki cızdığı planı aydın
görürdü, aktyor burada ağıllı bir sərkərdənin
fikirlərini, niyyətini, məqsədini
çatdırmağa çalışırdı. Teymur-S. Ruhulla tələ qururdu.
Lakin o bunu hiylə quran ordu
başçısı tipi kimi naturaliscəsinə göstərmirdi,
əksinə, müharibənin tələb etdiyi taktika
üsulu kimi qələmə verirdi.
İldırım
Bəyazidlə olan son səhnədə aktyor tarixi Teymurun böyük nifrətini, bəşəriyyətə
olan kinli münasibətini elə dəhşətli kinayə
ilə ifadə edirdi ki, onun son sözləri Teymurun daxilinin,
xarakterinin məcmusu, əhval-ruhiyyəsinin apafeozu kimi səslənirdi”
(T. Təhmasib).
Sidqi Ruhulla müəllifin qələmə
aldığı Topal Teymurun əsl simasını yaratmağa
müvəffəq olmuşdur. Onun səhnədəki
bütün hərəkətləri Teymurun cəngavər,
uzaqgörən, şücaətli bir insan olduğunu göstərirdi.
Onun mimikası, sözləri və hərəkətləri
Teymurun xarakterinə tamamilə uyğun gəlirdi.
Azərbaycan teatrında şah rollarını ən
çox ifa edən aktyor Sidqi Ruhulla olmuşdur. Onun Nadir
şahı, Qacarı, Teymuru buna layiqli misaldır.
1932-ci ildə
oktyabr ayının 28-də tamaşaçılara təqdim
olunan “Şəyx Sənan” faciəsi teatr tarixində ilk dəfə
olaraq dörd rejissor (Rza Darablı, İsmayıl Hidayətzadə,
Rza Təhmasib və Ələsgər Şərifov) tərəfindən
tamaşaya qoyuldu. Bu rejissorların hər biri
tamaşanın bir pərdəsinə quruluş verdilər.
Teatrın baş rejissoru və əbədi hissə
müdiri Yakov Varşavskinin ümumi rəhbərliyi ilə
“Şeyx Sənan” tamaşaçılara göstərildi.
H. Cavidin
“Şeyx Sənan” mənzum pyesi müxtəlif illərdə
tamaşaya qoyulmuş (26.10.1924; 28.10.1926; 14.01.1929) və Sidqi
bu quruluşlarda Dərviş rolunu ifa etmişdir. Epizodik obraz olan Dərviş S. Ruhullanın
ifasında öz səhnə həllini tapmışdır.
Sidqinin ifa etdiyi Dərviş qoca filosof idi. Aktyor Dərvişin fəlsəfəsini
açmağa nail olmuşdur. Sidqinin Dərvişi
üsyankar deyildi. O, insanlara nifrət edən müdrik
bir qoca obrazı yaradırdı. Şeyx Sənanı
(Ülvi Rəcəb və Rza Təhmasib) inandırmağa
çalışırdı ki, din insan fəlakətinin səbəbidir.
“Dərviş rolunu realist planda, çox təbii şəkildə
oynayan Sidqi Ruhullanın ifası ilk baxışda bir qədər
qəribə və anlaşılmaz idi.
Onun tənhalığı
“həqiqət axtarışlarında”məqsədə nail
olmaq üçün mücərrəd vasitə xarakteri
daşımırdı. Bu, bütöv bir fəlsəfi
anlayışın nəticəsi idi…
Aktyor bu qəribə təbiətli qəhrəmanın
“dəliliyini” göstərməkdən qəti surətdə
imtina edərək onun mənalı və dərin psixoloji
obrazını yaratmaqla, Dərvişin bu cəmiyyətdən
daxilən, mənən yüksək olduğunu göstərirdi. Sənanla
söhbət edərkən yoldan daş yığan Dərviş-Sidqi
Ruhulla daima, son dərəcə dalğın, prinsipial, müdrik,
qoca bir filosof kimi görünürdü. Dərvişin
bu cəmiyyətə qarşı etirazı, üsyanı
Sidqi Ruhullanın ifasında mövhumata, fanatizmə,
düşünmə qabiliyyəti dar və məhdud olan
köhnə dünyaya qarşı etiraz kimi səslənirdi”
(T. Təhmasib).
1934-cü
il mart ayının 1-də Hüseyn Cavidin
“Səyavuş” mənzum faciəsi İsmayıl Hidayətzadənin
quruluşunda ilk dəfə tamaşaçılara göstərildi.
Motivləri Ə. Firdovsinin “Şahnamə”
poemasından götürülmüş bu əsərdə
qüdrətli aktyor ansamblı çıxış edirdi.
“Teatr tarixində tamaşaçılar indiyədək
“Səyavuş” tamaşasındakı qədər parlaq və
rəngarəng aktyor ifaları ilə
rastlaşmamışdılar. Ülvi Rəcəb və Abbasmirzə
Şərifzadə Səyavuş, Mərziyə Davudova
Südabə, Rza Təhmasib Keykavus, Ağasadıq Gəraybəyli
Əfrasiyab, Ələsgər Ələkbərov Gərşivəz,
Mustafa Mərdanov Vali, Sidqi Ruhulla Rüstəm Zal, Əli
Qurbanov Piran, Əzizə Məmmədova və Panfiliya Tanailidi
Rübabə, Süleyman Tağızadə Bəhram…
rollarında hərəsi bir sənət nümunəsi, hərəsi
bir aktyor incisi təsiri bağışlayırdı.
Azərbaycan teatr tarixində görülməmiş
hadisə idi ki, “Səyavuş” tamaşası premyeradan
keçən iyirmi gün ərzində on bir dəfə
oynanıldı. On birində də teatrda bir dənə
boş yer qalmırdı. Bu da rekord idi ki, milli səhnəmizdə
birinci dəfə “yüzüncü tamaşa” sözləri
“Səyavuş”a nəsib oldu (noyabr 1936) (İ. Rəhimli)”.
““Səyavuş” Rüstəm Zal (Sidqi Ruhulla), Keykavus (R.
Təhmasib), Südabə (Mərziyə xanım), Kosa (M. Vəlixanlı)
kimi canlı və qabarıq səhnə surətlərinin
bolluğu ilə seçilən tamaşa idi” (C. Cəfərov).
“Sidqi Ruhulla Rüstəm Zalın igidliyini,
qorxmazlığını ifasının əsasında
qoymuşdu. Bununla yanaşı, aktyor obrazın cəngavər
xislətindəki bəzi ehtiyatsızlığı, tez
coşduğunu büruzə verirdi” (İ. Kərimov).
“Şərq Hamleti” adlandırılan “Səyavuş” faciəsindəki
Rüstəm Zal-S. Ruhulla müsbət planda təqdim
olunmuş qəhrəmanların içərisində fikrinin
kəskinliyi və xarakterindəki əzəmətinə
görə fərqlənirdi. Onun Rüstəmi
zülmə, fitnəkarlığa qarşı çıxan,
həmişə haqqın tərəfində olan bir sərkərdə
idi. Rüstəm Zal-Sidqi təvazökar, həqiqət
qarşısında boyun əyən, mənəvi və fiziki
gücü ilə şahlardan üstün olan nüfuzlu bir pəhləvan
idi. Sidqinin-Rüstəm Zalı həqiqətən
böyük qüvvəyə malik cəngavər təsiri
bağışlayırdı.
Rüstəm Zal-Sidqini Səyavuş-Ü. Rəcəb və
Şərifzadə, Keykavus-Təhmasiblə
qarşılaşdığı səhnə tamaşanın ən
yadda qalan yerlərindən biri idi. Bu səhnələrdə
Sidqi maraqlı kontrast yarada bilirdi. Keykavusun
Rüstəm Zala üstün gəldiyi bu səhnəni hər
iki görkəmli sənətkar görülməmiş
peşəkarlıqla ifa edirdilər. Sidqi
Ruhullanın Rüstəm Zalı adi bir cəngavər deyildi,
o, xalqa arxalanan və xalqın içərisindən
çıxmış döyüşən əsgər idi.
1956-cı
ildə bütün repressiya qurbanları ilə birlikdə
Hüseyn Cavid də bəraət aldı və teatr onun məşhur
“Şeyx Sənan” faciəsinə quruluş verdi.
1956-cı il oktyabr ayının 12-də A.
İsgəndərov və Ə. Şərifovun quruluşunda
tamaşaya qoyulan H. Cavidin “Şeyx Sənan” pyesinin qapalı
tamaşası oldu. Tamaşaya Azərbaycan
Kommunist Partiyasının birinci katibi İmam Mustafayev, Nazirlər
Sovetinin sədri Sadıq Rəhimov, Mədəniyyət naziri
Məmməd Qurbanov baxdılıar.
Tamaşa ilk dəfə 1956-cı ildə oktyabr
ayının 13-də A. İsgəndərov və Ə. Şərifovun
quruluşunda tamaşaçıların ixtiyarına verildi. “Şeyx Sənan”ın
əvvəlki quruluşlarında (1924, 1926, 1929, 1932) Sidqi
Ruhulla Dərviş obrazını böyük ustalıqla
yaratmışdır. 1956-cı ilin
quruluşunda rejissorlar ona Platon obrazını
tapşırmışdılar. Platon həm
də Azərbaycan səhnəsində Sidqi Ruhullanın son
rolu oldu.
O, Platonu
ifa edərkən özündən əvvəlki
ifaçılardan (Süleyman Səlimbəyov, Əli Qurbanov,
Ağasadıq Gəraybəyli) fərqlənmişdi. Sidqinin Platonun da təkəbbürlüklə
yanaşı, amiranəlik və qızının sədaqəti
üçün çalışan atalıq
qayğısı da hakim idi.
İmran AXUNDOV,
fəlsəfə doktoru
Hürriyyət.- 2020.- 8-9 sentyabr.-
S.14.