Sənət naminə
Teatrşünas-tənqidçi
Anar Burcəliyevin kitabları haqqında düşünərkən
Mənim üçün teatr bir nağıl idi. Orda işləyən aktyorlar sanki bu dünyanın adamları deyildi. Əslində bu doğrudan
da belə idi. Onlar öz yaşam
tərzləri, fikir və hissləri ilə gerçəkliyin fövgündə dayanırdılar.
Onları heç məişət
promblemləri də maraqlandırmırdı. Onlar bu millətə böyük
sənət işığının
gətirilməsi üçün
mücadilə edirdilər.
Teatra gələn axın-axın
insanlar elə bil ki, bu
işığa və
SÖZƏ həsrət idilər.
İlk dəfə
məni, bacım Süsənbəri, qardaşım
Cümşüdü teatra
anam aparmışdı. Biz teatrın sehrindən çıxa bilmirdik.
Yadımdadır “Vaqif” tamaşısına
baxırdıq. Vaqif – Əşrəf
Yusifzadə səhnəyə
çıxanda zal ayağa qalxdı və sürəkli alqışlarla qarşıladı
böyük aktyoru.
Əşrəf Yusifzadə pauza gözlədi, sonra tamaşaçılara baş
əyib sözlərinə
başladı. Səhnədən zala bir sərinlik gəlirdi.
Elə bilirdim ki, səhnə
arxası bizim tanımadığımız nağılvari
bir aləmdir.
Həmin
illərdə korifey sənətkarlarımız, hər
birinin varlığından
qürur duyduğum Ələkbər Seyfi, Məhəmməd Burcəliyev,
Rəmziyyə Veysəlova,
Sədayə Mustafayeva,
İsmayıl Talıblı,
Səməd Tağızadə,
Ələddin Abbasov, Kərim Sultanov, Zülfuqar Baratzadə, Reyhan Tağıyeva, Rza Nadirov, Məmmədəli
Balayev kimi sənətkarlar çıxışlar
edirdilər.
Anar Burcəliyevin
“Məqalələrim, ressenziyalarım,
oçerklərim və
müsahibələrim” adlı
iki ciltlik kitabını oxuyanda sanki vaxt toranlığından
artıq bu dünyadan çoxdan köçən və adları, xatirələri
unudulmağa başlayan
sənət fədailərini
görürəm. Məmməd
Cəfərov, Firuzə
Bədirbəyli, Ağa
Məmmədov, Zakir Babayev, şəhid Nadir Hüseynov, Əli Məmmədov, Əmir Dadaşlı, Sona Vəliyeva və digərləri, digərləri.
Maraqlı quruluşlar
verən rejissorlar Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Yusif Bağırov, Vaqif Şərifov, Oruc Qurbanov, Ələddin İsmaylov, Hilal Nəsənov. Adam inana bilmir ki,
vaxtı ilə Gəncə Dövlət
Dram Teatrında Mirzə
Fətəli Axundzadənin,
Ədürrəhim bəy
Haqverdiyevin, Nəcəf
bəy Vəzirovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının pyesləri
ilə yanaşı Evripidin, Molyerin, Şekspirin, Lev Tolstoyun, Ostrovskinin pyesləri oynanılırdı. Anar teatra
öz əsərlərini
təqdim edən, Gəncədə yaşayan
görkəmli yazıçılarımız
haqqında da maraqlı, dolğun oçerklər yazıb.
Vaxtı ilə bu teatrın
repertuarı əsasən
görkəmli dramaturqumuz
Altay Məmmədovun əsərləri
ilə zənginləşirdi. Səhnədə onun 11 pyesi qoyulmuşdu.
Gəncədə ilk dramaturq
qadın, tanınmış
şairə Fəridə
Əliyarbəylinin 2 pyesi,
Qərib Mehdinin, Novruz Gəncəlinin, Xəzangülün, Sahib İbrahimlinin,
Rövşən Ağayevin,
Aydın Murovdağlının
da əsərləri öz səhnə təcəssümünü Gəncə
teatrında tapmışdı.
Mənim heç ağlıma da gəlməzdi ki, özüm nə vaxtsa dram əsərləri yazacam və bu böyük
sənətkarlar mənim
əsərlərimdə rol
alacaqlar. Mən xətrini çox istədiyim, əziz bildiyim, uşaqlığı
və gəncliyi gözümün qarşısında
keçən teatrşünas-tənqidçi
Anar Burcəliyevin Gəncə Dövlət
Dram Teatrının yaradıcılıq
yolu və qüdrətli səhnə
fədailərinin sənət
yoluna həsr etdiyi kitabları açanda, elə zənn etdim ki, gözlərim önündə yenidən
teatr pərdəsi açıldı və mən pərdə arxasını gördüm.
Hər bir oçerk elə dolğun yazılıb ki, özünü dərhal
o mühitdə, bu dünyanı tərk etmiş o insanların içində hiss edirsən.
Yadımdadır, 1991-ci il aprel ayının 29-da “Cavad xan” tamaşasına içtimai baxış keçiriləndə çox
dəyərli teatrşünas,
o vaxt Mədəniyyət
Nzirliyinin idarə rəisi Elmira Əliyeva Məhəmməd Burcəliyev
haqqında dedi ki, bu aktyorun
ifası nəinki Azərbaycanın, həm də SSR-i sərhədlərini
aşıb keçəsidi.
….Sadəcə insanların
çoxu yanlarından
keçən sənət
adamlarını layiqincə
dəyərləndirə bilmirlər. Ancaq səhnə
bir kaleydoskopa bənzəyir. Müxtəlif insan xarakterləri, fikirləri qəlblərdə
ixtişaş yaradır,
xoş arzular oyadır.
Teatrşünas Anar Burcəliyevin yazdığı sənət
oçerkləri məhz
onları özündə
ehtiva edir. Onun iki ciltlik kitabında
nəinki dünən
yaşayan aktyorlarımızı,
həm də sonradan böyük uğurlara sahib olan sənətkarlarımız sayılan
Məhəmməd Burcəliyev,
Yusif Bağırov, Bağır Bağırov,
Altay Məmmədov, Vaqif
Şərifov,
Şirin Rzayev, Küşvər Şərifova,
Ella Yaqubova, Xəzangül,
Məmmədəli Balayev,
Fizulət Rzayeva, Qurban Abbasov, Sevda Orucova, Rəhilə Məmmədova,
Ramiz Vəliyev və başqaları haqqında geniş məqalələri bu sənət yoluna işıqlar salıb.
Mədəniyyət və İncəsənət Universitetində
təhsil alan
sənətşünaslar və
teatrşünasların ilkin
mənbə olaraq istifadəsinə verilən
bu iki ciltlik
vəsait Anar Burcəliyevin yaratdığı
teatr ensiklopediyasıdır.
Elə bilirəm ki, Anar hər hansı
bir sahədə işləsəydi yenə
böyük uğur qazana bilərdi. Ancaq o, doğma insanları, Respublikamızın
Xalq artistləri Məhəmməd Burcəliyev
və Sədayə Mustafayeva kimi sənəti seçdi, sənət naminə
SÖZ demək istədi,
və dedi də. Mən istərdim ki,
dəyərli Anar Burcəliyev yenə də davamlı olaraq yeni-yeni kitablar yazsın. Gəncəmizin içtimai
həyatında fəal
iştirak etsin, sözün bitdiyi yerdə yenidən öz SÖZÜNÜ desin,
sənətin, o cümlədən
teatrın bundan sonrada da nüfuzunun
qalxmasına yardımçı
olsun.
Nüşabə
Əsəd Məmmədli. yazıçı-publisist
Hürriyyət.- 2020.- 12-14 sentyabr.
S. 14.