Qubada
erməni vəhşilikləri
(əvvəli
var)
Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, usta Məhəmməd, Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbalayı Dadaş Bağır oğlu, Cabbar Məmmədəli oğlu, Saibə Həsən qızı, Səfərəli Məşədi Talıb oğlu və bir çox ailə başçıları qətlə yetirilmişdilər. Şəhərə hücum edən erməni quldur dəstələri tərəfindən ələ salmaq və əzab vermək halları da az olmamışdı. Məsələn, əsgərlər möhtərəm ağsaqqallara özləri üçün müsəlman qadınlarının gətirilməsini əmr edirdilər. Belə əmrləri yerinə yetirməkdən imtina etdikləri üçün Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu yerində güllələnmişlər.
Öldürülən qadın, kişi və uşaqların ümumi sayı iki min ətrafında idi.
Ermənilər adları qohumları tərəfindən gizlədilən yüzə yaxın müsəlman qadınını və qızları zorladılar. Müsəlmanların əmlakı qarət olunurdu. Hesablamalara görə Qubada Hamazaspın dəstələri tərəfindən dörd milyon manat nağd pul, dörd milyon beş yüz min dəyərində qızıl və qızıl əşyaları, qiymətli daş – qaş, 25 milyon rubl dəyərində qida ehtiyatları və müxtəlif mallar qarət olunub ermənilər tərəfindən daşınmışdı. Qeyd etmək yerinə düşər ki, Stepan Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun çamadanlarındakı 80 milyon qızıl pulun çoxu Qubadan yağmalanmış qənimət idi.
Təkcə Qubada Hamazaspın dəstəsi 105 ev yandırmışdır. İbrahim bəy Şıxlarskiyə, Məşədə Əli Hüseynova, Orucəli Əhmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Rəcəb Orucova, Əli bəy Zizikskiyə, Yusif bəy Abdulsəlimbəyova, İsgəndər Abdullayevə məxsus böyük mülk – evlərin, şəhərdəki məscidlərin, müsəlman idarələri yerləşən binaların yandırılıb külə döndərilməsi nəticəsində əhaliyə olduqca böyük ziyan vurulmuşdur.
Hamazaspın “cəza dəstəsi” Qubaya gedərkən Bakı – Xaçmaz dəmir yolu stansiyasına çatana kimi hərəkət etdikləri istiqamətdə dəmir yolunun hər iki tərəfində qarşılarına çıxan adamlara və ətrafda yerləşən bütün müsəlman kəndlərinə hücum edirdilər, evləri yandırırdılar, dağıdırdılar, əmlaklarını talan edirdilər, qaçmağa imkan tapmayan sakinləri isə uşaq, qadın olduğuna rəhm etmədən öldürürdülər. Bəzən elə hallar olurdu ki, ermənilərlə danışıqlara cəhd etmək üçün kəndlilər onlara nümayəndələrini göndərirdilər, lakin ermənilər onlarla heç bir danışıqlara başlamadan hamısını gülləyərdilər, onların gəldikləri kəndləri isə talayaraq, yerlə yeksan edirdilər. Belə bir hadisə Əlixanlı cəmiyyətində olmuşdu: burada erməni dəstəsi onlarla danışmaq istəyən kəndxuda Mirzə Məmməd Dadaş oğlu və Gülhüseyn Məmməd oğlunu heç bir danışıqsız öldürdülər. Buna oxşar başqa bir hadisə Dəvəçi cəmiyyətində baş vermişdi, belə ki, Dəvəçi bazar və Qızılburun kəndlərinin sakinləri on beş nəfər hörmətli ağsaqqallarını duz – çörəklə ermənilərlə danışıqlara göndərdilər. Ermənilər duz – çörəyi qəbul etmədən, danşığa gələnlərin hamısını son nəfərinədək qətlə yetirdilər. Hamazaspın ermənilərdən ibarət ordusu öz vəhşiliklərinə heç bir sərhəd qoymadan, hətta müsəlmanların dini hisslərinə belə hörmət qoymurdu: onlar tərəfindən çoxlu məscidlər yandırıldı, müsəlmanların müqəddəs Qurani Kərim kitabı tikə – tikə cırılıb ayaqlar altına atılır, yandırılırdı. Müəyyən edilmişdir ki, Hamazaspın dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb, qarət edib: Dəvəçi, Saadan, Çarxana, Dərə Zarat, Sağolcan, Əlixanlı, Eynibulaq, Urah, Ərəb Əlməmməd, Ağasıbəyli, Kolanı, Ərəb Həmyə, Tuqay, Nardərə, Siyəzən, Rəhimli, Surra, Qulamlar, Butbut, Andreyabad, Xəlillər, Qızılqazma, Borbor, Sincanboyat, Kilvar, Qaraqaşlı, Aşağı Quşçu, Sarvan, Əmirxanlı, Tura, Aygünlü, Cek, Qiblə Qrız, Qaraqurtlu, Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz stansiyası, Təzə və Köhnə Xaçmaz, Mürşüdoba, Əzizlər, Qaracəlli, Qobuqırağı, Mürsəliqışlaq, Şıxlar, Qıraqlı, Nabran, Xasbulat, Bəbəli, Babaşlı, Aşaği Mehrəliqışlaq, Bəyqışlaq, Canaxırqışlaq, Qımılqışlaq, Yusifqışlaq, Qızılqışlaq, Dalğalı, Çarxı, Yergüc, Hülövlü, Xırdaoymaq, Qaraçaylı, Xanlıqoba, Həzrə, Qullar, Həsən Əfəndi, Ərəb, Ərəb Sof, Qarabağlı, Çaxmaqlı, Cığatay, İlxıçı Kazyonnı, Avaran, Xural, Çiləgir, Nəcəfkənd, Əcəxur, Zuxul, Düztahir, Uğur, Böyük Moruq, Gican, Qusar, İmamqulukənd , Yuxarı Zeyxur, Həsənqala, Urva, Aşağı Əlik, Aşağı Ləgər, Hil, Köhnə Xudat, Əvəcuq, Zeyxur, Kuzun, Yasab, Amsar, Nügədi, Daşlı Yataq, Rəngidar, Qımıl, Əlibəyqışlaq, İqriq, Əniq, Aşağı Xuc, Alpan, Digah, Zeyid, Mirzəmmədkənd, Üçgün , Hacıqayib qışlaq, Susay, Xucbala, Cimi, Rustov, Yenikənd, Talabı, Çiçi, Söhüb, Nöydün, Zərqova, Afurca, Güləzi… Bu kəndlərin talanı nəticəsində Hamazaspın yuxarıda adları sadalanan kəndlərin yerli əhalisinə vurduğu ziyanın məbləği 58.121.059 manat civarında idi.
Adı xatırlanan Gelovaninin ifadələrindən görünür ki, Hamazaspın dəstəsi Qubaya cəza tədbirləri üçün komissar Stepan Şaumyanın arzusu ilə başqa komissarlara bildirilmədən və onların razılığı alınmadan göndərilmişdir. Orduya adamların səfərbərliyə alınması ilə bağlı işlər hərbi komissar Karqanov tərəfindən həyata keçirilib və dəstə təxminən iki min nəfərdən ibarət olmaq şərtilə əsasən “Daşnaksutyun” partiyasının üzvü olan ermənilərdən təşkil edilib və ordunun başına məşhur daşnak Hamazasp qoyulub. Dəstənin komissarı Venunts adlı birisi təyin edilmiş və “cəza dəstəsi” adını alan bu dəstə heç bir siyasi məqsəd güdmürdü. Bu faktı Hamazasp özü Qubada etdiyi çıxışlarda etiraf etmişdi. O çıxışlarının birində çəkinmədən açıq – aşkar belə bəyan etdi: “Mən erməni xalqının qəhrəmanı və bu xalqın maraqlarının müdafiəçisiyəm. Mən Qubaya cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürülən ermənilərin qisasını alım. Mən bura qanun – qaydanın bərpası və Sovet hakimiyyətinin qurulması üçün göndərilməmişəm, mən bura sizin öldürdüyünüz ermənilərin sizdən qisasını almaq üçün göndərilmişəm və mənə əmr edilib ki, Şirvanda, Şamaxıda etdiyim kimi, Xəzər dənizinin sahilindən Şah dağa, Dağıstana qədər ərazilərdə olan bütün müsəlmanları məhv edim və sizin evlərinizi yerlə yeksan edim, türklərin qırdığı bizim erməni qardaşlarımızın qanını yerdə qoymayım, lakin mən sizə rəhm etdim”.
Hamazaspın “cəza dəstəsində” onun özündən, komissar Venunts və köməkçisi Nikolaydan başqa Quba ərazisində törədilən cinayətlərdə iştirak edən aşağıdakı erməni şəhər sakinlərinin də adları vardır: Arutyun Ayrepetov, dəllək Cavad, Arutyunov, Avakov, balıq sənayeçisinin oğlu Avakov, tələbə Amircanovlar. Tacir Mirzə Əmircanovun qardaşı və bacısı oğlanları, Mirzə Əmircanovun özü, dükançı Məlikov Vartan, Quba şəhərində evi olan Qriqorinin oğlu Arutyun, dəyirmanı olan Mirzəcanın nəvəsi, Vartan Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə birlikdə, Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə. Ermənilərlə cinayət əməllərində iştirak edən bu insanların əməlləri Quba şəhər sakinlərindən hadisələrdə zərərçəkənlərdən qubalı Məşədi İbad Bağırov, Kərbalayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusifxan, Hacı Əhməd Əlimurad oğlu və Molla Hacıbaba Axundzadə tərəfindən təsdiq edilmişdi.
Şərh olunanlar adları sadalanan zərərçəkənlərdən başqa, aşağıdakı Quba şəhər sakinlərinin zərərçəkənləri tərəfindən də təsdiqlənmişdir: Kərbəlayı Məmmədəli, İrzaqulu Sultanov, Məşədi Sultan Əsgərov, Məşədi Hacağa Kərbalayı Əhməd oğlu, Mir Ələkbər Mir Məmməd oğlu, Durna Məşədi Talıb qızı, Kərbalayı Paşa Turab oğlu, Zəhra Yusif qızı, Molla Şıxhüseyn Axundzadə, Dəvəçi icması kəndxudası Şaban Şərkər oğlu, Saadan kənd icmasının kəndxudası Dadaş Musa oğlu, Əlixanlı icmasının kəndxudası Hacı Mədin İsmayıl oğlu, Tuqay icmasının kəndxudası Hüseyn Əlibəy Hüseynbəy oğlu, Siyəzən icmasının kəndxudası Baləmi Zülfüqar oğlu, Boyat icmasının kəndxudası Bilal Məşədi Məmmədbağır oğlu, Cek icmasının kəndxudası İsrafil Məmməd oğlu, Qibləkey kəndinin mollası Molla Seyfəddin İxtiyar oğlu, Qaraqurdlu icmasının kəndxudası Şeyda Şıxəli oğlu, Seyidlər kənd sakinlərindən Hacı Seyid Abdulxaliq Hacıseyid oğlu, Nərəcan kənd icmasının kəndxudası Xəmməd Barat oğlu, Şollar kənd sakinlərindən Rəsul Xanməd oğlu, Aşağı Buduq kənd icmasının kəndxudası Məstan Nəsir oğlu, Şıxlar bəylərindən mülkədar Həsən bəy, Susay kənd sakinlərindən Ulubəy Xeyirbəy oğlu, Avaran kənd icmasının kəndxudası Hacı Şeyda Nəzərəlı oğlu, Nərəcan kənd sakinlərindən İbrahim Zahidov, Nügədi icmasının kəndxudası Rüstəm Fineydan oğlu, Möhüc icmasının kəndxudası Rza Səfərəli oğlu, Möhüc kənd sakinlərindən Murad Rəsul oğlu, Fətulla Cəfər oğlu, Amsar icmasının kəndxudası Hacı Mustafa oğlu, Digah kəndinin sakini Ömər Şıxkərim oğlu və Alpan kəndinin mülkədarı Bəybala bəy Qayıbovun izahatları və eyni zamanda zərərçəkən icmalar tərəfindən tərtib edilmiş Quba şəhərinə baxış protokolu və aktlarında bu hadisələrin təsdiqi öz əksini tapmışdır.
Yuxarıda yazılanları əsas tutaraq, belə hesab edirəm ki, Quba şəhərini darmadağın edən, Quba qəzasının 122 kəndini viran qoyan yuxarıda adları sadalanan “cəza dəstəsinin” üzvlərinə – Hamazasp, onun köməkçisi Nikolay, komissar Venunts, Arutyun Ayrapetov, dəllək Cavad, Avakov, Əmircanov və başqalarına qarşı onların törətdikləri cinayətlərlə bağlı onlara qarşı Qanunlar toplusunun 13, 129, 927, 1633. 1453, 1607 maddələri ilə cinayət işi açılsın. Keçmiş komissarlardan Stepan Şaumyan və Karqanova qarşı isə onların ölümü ilə bağlı olaraq cinayət işi açılmasın.
Komissiyanın üzvü
Novatski
Mənbə: ARDA, fond 1061, siyahı 1, iş 95, vərəq 5-8
Qeyd. Quba mahalında o zaman ermənlərin yandırdıqları bir sıra kəndlər – Əlixanlı, Ərəbəlməmməd, Ərəb Xəmnə, Qulamlar, Butbut, Tura, Əzizlər, Bişbişi, Aşalı, Küləşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı, Fəriz, Ərəb Sofu, Qəriblər, Əbilə kəndləri büsbütün dağıdılmış, heç sonralar dirçələ bilməmişdir. Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nohur düzü kimi qədim yaşayış məskənlərində hətta indinin özündə 3 – 5 ev qalıb. Adları çəkilən məntəqələrdə elə bizim günlərdə təzə binaların özülü qazılarkən 75 il əvvəl ermənilərin yandırdıqları binaların külü üzə çıxır. (Vaqif Arzumanlı, Nazim Mustafa “Tarixin qara səhifələri”, Bakı – “Qartal”, 1998, səh. 86)
Bakı Dövlət Universitetinin professoru, 35 kitab müəllifi Vaqif Arzumanlı ilə 2010-cu ildə söhbət edərkən tarixçilərimizdən çox gileyli olduğunu hiss etdim. Sözün doğrusu, mən də çoxdan tarixçilərimizdən narazı idim. Akademiyada A. A. Bakıxanovun, Ziya Bünyadovun kitablarında ermənilərin xeyrinə dəyişikliklər ediblər. Bunu ya arvadı ermənilər edib, ya da şərəfini, qeyrətini pula satanlar…
Ardı var
Füzulu Baratov AJB üzvü
Hürriyyət.-
2020.- 15-16 sentyabr. S. 13.