Diaspor quruculuğunda mədəni sistem

 

Bu gün Almaniya, Fransa, ABŞ, Kanada, Avstraliya, İsveçrə, İsveç, Finlandiya, Polşa və digər ölkələrdə başqa xalqlara məxsus diaspor təşkilatlarının etnomədəni sistemi ilə uyumlu proseslər inkişaf etməkdədir. Hətta milli diaspor təşkilatlarının mədəni və digər sahələrdə festivalları belə keçirilir. Məqsəd, həmin ölkədə ilk öncə mühacir və ya ucuz işçi qüvvəsi kimi məskunlaşmış müxtəlif xalqların icma şəklində varlığının qorunmasdır. Hətta bəzi diaspor icmalarına bu məqsədlə maddi dəstək də verilir. Finlandiyada yaşayan 100 minlik isveçlilər üçün ana dilində xüsusi təhsil məktəbləri və mədəni mərkəzləri açılıbdır.

 

ABŞ və Kanada örnəyi

 

XVII-XX yüzilliklərdə ABŞ-da iş tapmaq və ya imkanlı olub da təbii sərvətlərə məxsus yataqları ələ keçirmək həvəsi ilə Avropadan gələn böyük köç dalğasının sayəsində bu gün ölkədə dünyanın müxtəlif xalqlarını təmsil edən çoxsaylı diaspor təşkilatları mövcuddur. Say tərkibinə görə ABŞ-da ən iri diaspor təşkilatları olaraq hindli, çinli, yəhudi, meksikalı, rus, ukrain, ərəb və afroamerikalılar üstünlük təşkil edirlər.

Sayları milyonları aşan irland, fransız, alman, portuqal, ispan, türk və digər xalqların da diaspor təşkilatları ABŞ-ın sosial, iqtisadi, xarici siyasət, ictimai və digər sahələrdə təsir gücü önəmli sayılır. Hər bir xalqın statusunun tanınması və ABŞ-ın bu diaspor təşkilatları vasitıəsilə onların mənsub olduğu dövlətlərlə işbirliyinin inkişaf etdirilməsi kimi strateji məsələlərə xüsusi önəm verilir. 1989-1997-ci illərdə erməni diasporu bu hüquqlarından istifadə edərək ABŞ Dövlət Konqresini öz çirkin niyyətlərini yönəldə bilmişdi. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktı adı altında “907-ci düzəliş”in qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Çünki, bu ərəfədə ABŞ-da Azərbaycan diasporu adına böyük bir passivlik müşahidə olunurdu. Bu gün durum tamamilə fərqlidir. 1998—ci ildə Ermənistan parlamentində dövlət çevrilişi və silahlı sui-qəsd nəticəsində dövlət çevrilişi olayları və 20 il davam edən “hərbi xunta” rejimi” ABŞ-da erməni diasporunun faktiki olaraq əl-qolunu bağlamış oldu. Çünki, ABŞ-da yaşayan və əslən Güney Azərbaycandan olan onminlərlə soydaşlarımız uzun illərdə mühacir həyatı yaşamalarına baxmayaraq, onların beynində hələ də “irani” kimlik şüuru üstünlük təşkil edirdi. 2001, 2006, 2011 və 2016-cı illərdə Bakıda Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Dünya Azərbaycanlılarının Qurultay”larının  sonucu milli diaspor quruculuğunda mövcud olan bir sıra neqativ hallara son qoydu. Son qurultayda isə, ABŞ-da Azərbaycan və Türk diaspor təşkilatlarının vahid iradə nümayiş etdirməsi kimi şərtlər ortaya çıxanda çoxları bunun mənasını dərk etməkdə aciz duruma düşmüşdülər. Proseslərə 2020-ci ilin baxışları ilə yanaşdıqda ABŞ-dakı Azərbaycan və Türk diaspor təşkilatlarının ortaq mövqeyinin əhəmiyyəti çoxlarının böyük sevincinə səbəb oldu. Belə bir proses Kanada dövlətində də müşahidə olunur. Kanadada Azərbaycan diaspor təşkilatları ilə yanaşı, Krım Tatarları, Anadolu türkləri, ukraynalılar, İraq və Suriya türkmanları, özbəklər və uyğurların mühacirətdəki qurum və strukturları ölkəmizin taleyüklü məsələlərində bizimlə həmrəylik nümayiş etdirməsi artıq qürurverici proses kimi yeni mərhələnin başlandığına açıq şəkildə işarədir. Bizimlə eyni tarixi köklərə malik və ortaq mədəni dəyərləri daşıyan xalqların diaspor təşkilatları ilə uzlaşdırılmış fəaliyyət həm də beynəlxalq aləmdə gücümüzün daha da artması üçün çox böyük təkan deməkdir. ABŞ və Kanada örnəyi digər ölkələrdəki diaspor təşkilatlarımız üçün örnək sayılmalıdır.

 

Avropada əsən yeni rüzgarlar

 

12 iyul 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində həyata keçirmək istədiyi fitnəkar əməlləri yerindəcə layiqli cavabını almaqla yanaşı, həm də beynəlxalq miqyasda bir sıra müzakirələrə səbəb oldu. Bu azmış kimi, Avropanın 23 dövlətində Azərbaycan diaspor təşkilatları ayağa qalxaraq, dövlətimizin ərazi bütövlüyü uğrunda çoxsaylı aksiyalar həyata keçirdilər.

İsveçdə rəsmi şəkildə qeydiyyatı olan və fəaliyyət göstərən “Stohkolm Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Rahim Sadıqbəylinin bizə verdiyi açıqlamaya görə, bu ölkənin bir çox şəhərlərində güneyli-quzeyli bütün soydaşlarımız bir araya gələrək Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, Ermənistanın ekspansiya siyasətini ifşa edən şüarlarla dövlət orqanlarını və xalqı məlumatlandırmağı bacardıq. Bu aksiyalarda Türkiyə-İsveç Dərnəkləri Federasiyası, Doğu Türküstan Cəmiyyəti, Krım Tatarları Kültür Mərkəzi, İraq və Suriya Türkmanları Dərnəkləri də Azərbaycan diasporunun yanında yer aldılar. “Avropa-Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə qeyd etdi ki: “Biz Hollandiyanın bir neçə şəhərində Ermənistanın təcavüzkar lənətləyən siyasətini ifşa edən aksiyaları həyata keçirəndən sonra, Polşa və Almaniyanın iri şəhərlərində Ermənistanın beynəlxalq hüquqa zidd addımlarını və xüsusi Qarabağ problemini qarabdaraq ermənilərin təcavüzkar əməllərinin BMT-nin qanunlarına qarşı zidd olduğunu ifadə etdik. Çox sevindirici haldır ki, bizimlə eyni qanı daşıyan Anadolu Türkləri, Doğu Türküstan uyğurları, Əfqanıstan özbəkləri, Krım tatarları sıra nəfərimiz kimi bizimlə Avropanın küçələrində hayqırdılar, səsimizə səs verdilər, yol yoldaşı olduqlarını nümayiş etdirdilər. Fransa kimi ermənipərəst ölkədə erməni diasporunun səsi çıxmadı. Bu yürüşlərdə Azərbaycan hakimiyyətinə qarşı daim müxalifətdə olduğunu gizlətməyən soydaşlarımızın üstünlük təşkil etməsi bizə görə xalqımızın sosial-ictimai baxışlarında köklü şəkildə redakətlər olunduğuna açıq şəkildə işarədir. Hamı bir sağızdan Vətən üçün, dövlətimizin ərazi bütövlüyü üçün bu yola çıxmışdı”.

Qırx ildən çoxdur Almaniyada yaşayan istedadlı karikatur rəssamı və əslən Güney Azərbaycandan olan təbrizli Mustafa Ramazani öz duyğularını belə ifadə etdi: “Mən ilk dəfəydi ki, siyasətdən tamamilə uzaq olan bir sənət adamı kimi Azərbaycanımızın ərazi bütövlüyü aksiyalarında iştirak etdim. Quzeyli-güneyli soydaşlarımızın bir araya gəlməsi və hamının bir ağızdan vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu ifadə etməsi məni həm çox qürurlandırdı, həm də gözlərimi yaşartdı. Daxilən belə bir inam yarandı ki, artıq bizlər vahid bir millətin övladları olduğumuzu dərk edirik. Bu Qarabağın azadlığına gedən yolun başlanğıcı deməkdir. “İrani” etnik kimlik siyasətinin iflasa uğraması mənəvi baxımdan Azərbaycanın bütövlüyünün əsil simvoludur. Fəxrlə deyə bilərəm ki, mühacirətdə yaşayan və güneyli soydaşlarımızın 90 faizinin Azərbaycan dövlətini dəstəkləyirlər. Çünki, bizim bu gün dünyanın siyasi xətirəsində hər birimizin qürur mənbəyi ola biləcək Azərbaycan dövləti mövcuddur”.

 

Nədən mədəni bütünlük

 

Xarici ölkələrdə 12 iyul 2020-ci il aksiyaları ilə bağləı keçirilən tədbirlər xalqımızın həm də ictimai, siyasi və sosial baxımdan səviyyəsdini təsdiq etdi. Bu aksiyalarda iştirak edənlərin əksəriyyətinin ictimai və siyasi baxımdan səviyyəsi müstəsnalıq təşkil edir. Mühacirətdə yaşayan bütün soydaşlarımızdan eyni ideya və məfkurəyə bağlı düzənin içində olmalarını tələb etmək faktiki olaraq mümkün deyil. Ona görə də hər bir diaspor təşkilatının mədəni birlik ətrafında fəaliyyətlərini ortaya qoya bilməsi irəlidə bizləri gözləyən milli bütünlük hədəflərinin təməl prinsiplərindən biri olaraq qəbul edilcəkdir. Çünki, mədəniyyətin bir dili var. İnsanları bir-birinə bağlayan da elə həmin dildir. Qardaş Türkiyənin 1990-cı illərin başlanğıcından etibarən xaricdə türk diaspor təşkilatlarını səfərbər etmək üçün dəstək verdiyi “Kültür Mərkəzləri” ideyası fikrimizcə bizim üçün böyük bir təcrübədir. Avropa dövlətlərinin əksəriyyəti bu gün öz ilkin mədəni sistemlərini qorumaq və dirçəltmək üçün “etnofolk” konsepsiyasını irəli sürübdür. Çünki, “qlobalizm” starndartları adı altında bir sıra xalqların assimliasiyaya məruz qalması, öz etnik kimliyini itirməsi kimi təhlükələr sürətlə yayılmaqdadır. Ona görə də “etnofolk” düzəni qabartmaqla hər bir xalqın mədəni irsinin inkişafına dəstək verilir. Azərbaycan üçün bu mənada “Macarstan modeli” daha effektli görünür. Milli dövlət olmanın və diasporun da bu prosesdə iştirakının təmin edilməsi “etnofolk” adı ilə yeni proseslərə təkan verə bilər. YUNESCO-da son illərdə Azərbaycanın mədəni irsinin tanınması və bu prosesdə ortaq proyektlərin gündəmə gəltirilməsinin mənası da bu axarda araşdırılmalıdır. Milli diaspor təşkilatlarımızın mədəni kimlik düsturu ilə ortaq şəkildə fəaliyyət mexanizmlərinin reallaşdırılması bir sıra uğurlarımızın təməli deməkdir. Tatarstan Respublikası hər il paytaxt Kazanda “Yoldız” (ulduz) beynəlxalq müsabiqəsini təşkil etməklə mühacirətdə yaşayan diasporfəallarının yeniyetmələrinin ana dilində şeir, mahnı və rəqs müsabiqələrini gündəmə gətirir. Bu möhtəşəm yarışa demək olar ki, dünyanın dörd bir yanından yeniyetmə tatar gəncləri qatılırlar. Onlar mühacirətdə yaşamalarına baxmayaraq, milli kimliklərinə və tatar xalqının mədəni irs məsələsinə sadiq olduqlarını nümayiş etdirirlər. Bütün bunlar yerli TV kanallarda və eləcə də KİV-lərdə geniş şəkildə işıqlandırılır. Həmin yeniyetmələrə tarixi vətənləri ilə bağlı çoxlu kitablar və digər əşyalar hədiyyə olunur. Vətənin tarixi yerlərinə səfərlər təşkil olunur. Yaponiyada 1920-ci ildən üzü bu yana yaşayan tatar icmasının bu gün 5-ci nəslinin nümayəndələri belə, öz ana dillərini və milli kimliklərini unutmayıblar. Fikrimizcə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diasporumuzun milli səfərbərlik siyasətində mədəni bütünlük proqramlarına diqqət yetirməsi daha düzgün addım sayıla bilər. Mədəni birlik bütün siyasi və digər baxışları daim kölgədə qoya bilən faktordur. Bu, həm də xalqımız üçün çox vacib olan dövlət siyasətimizin parçası deməkdir.

 

Hürriyyət.- 2020.- 17-18 sentyabr. S. 10.