70
yaşın zirvəsində
Xalq
artısti Alim Məmmədovun doğum günüdür
İnsan
yaşa dolduqca müdrikləşir. Həyat yolu onu zamanın
cığırında enişli-yoxuşlu imtahanlarında daha
da möhkəmləndirir. Amalı-idrakı uğrunda daha mətin
edir. Bu gün haqqında söhbət açmaq istədiyim sənətkarımızda
ömrünün müdrik çağında,
enişli-yoxuşlu həyatının daha uca zirvəsində
ömür dəftərini vərəqləyir.
Hər
zaman sevdiyim aktyor və ya rejissor haqqında yazmaq istədikdə
çox düşünməli oluram. Çünki oxucuya həyat
və səhnə qəhrəmanını tanıtmaq
heç də asan deyil. Yenə də düşünürəm.
Gözələrim önündə bir aktyorun səhnə
yolu canlanır. Hər zaman uğurları və obrazları ilə
yaxından tanış olduğum səhnə fədaisinin
artıq 70 yaşı tamam olur. Elə bil ki, bütün
olanlar dünən idi. Ancaq onu səhnədə və həyatda
tanıdığım zaman kəsiyindən 33 il keçir. Bu
zaman mən də Gəncə Dövlət Dram Teatrında
müqavilə əsasında aktyor olaraq
çalışmağa başalmışdım. Teatrın səhnəsində
1986-cı ildə quruluşçu rejissoru Arif Ağayev olan
Tatar dramaturqu Şərif Xusainovun “Ana vüqarı” psixoloji
dramı üzərində məşqlərə
başlanıldı. Rol bölgüsündə məni də
unutmadılar. Kənan obrazını mən oynamalı oldum.
Bu pyesdə bir çox sənətkarlar rol almışdı.
İslam obrazında isə …
Alim
Tahir oğlu Məmmədov 25 sentyabr 1950-ci ildə Gəncədə
anadan olub.
O,
1957-ci ildə 21 nömrəli tam orta məktəbin birinci
sinfinə daxil olaraq 1965-ci ildə həmin məktəbin səkkizinci
sinfini, 1968-ci ildə isə 18 ¹-li fəhlə və gənclər
məktəbinin onbirinci sinfini bitirib. 1967-ci ildən taleyini Gəncə
Dövlət Dram Teatrına bağlayaraq yardımçı
heyət aktyoru olaraq fəaliyyətə başlayıb. 1969-ci
ildə hərbi xidmətə çağırılan Alim Məmmədov
1972-ci ildə hərbi xidməti başa vuraraq yenidən
doğma teatrına qayıdıb. Bir müddət burada aktyor
olaraq çalışdıqdan sonra 1972-ci ildə M. A.
Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun “Mədəni-maarif” fakültəsinin
qiyabi şöbəsinə daxil olaraq 1977-ci ildə yüksək
dərəcəli maarif işçisi ixtisasına yiyələnib.
1977-ci ildən isə davamlı olaraq Gəncə Dövlət
Dram Teatrında aktyor olaraq fəaliyyət göstərir.
1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti, 1992-ci ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb. Aktyor müxtəlif illərdə Mədəniyyət
Nazirliyi tərəfindən fəxri fərmanlar və pul
mükafatlarına eləcə də 1994-cü ildə teatr səhnəsində
ilin ən yaxşı ifaçısı üçün Nəsibə
Zeynalova adına mükafat komissiyasının qərarı ilə
“Cavad xan” tarixi dramındakı Cavad xan obrazının
ifasına görə “İlin ən yaxşı aktyoru”
mükafatı və Fəxri diplomu ilə təltif olunub.
Xalq
artisti Alim Məmmədov yaradıcılığı
dövründə səhnədə əsasən
dramatik-psixoloji və romantik ruhlu tamaşalarda daha şövqlə
oynayaraq, lirik-psixoloji janrlı tamaşalarda özünün
emosional ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı
ilə hər zaman seçilməyi bacarıb. O, hər zaman
obrazlarında lirzm, həm də qəltanlı dramatizmli səs
tempri ilə pyeslərin janrına və obrazların xarakterinə
uyğun tərzdə yaradıcılıq xüsusiyyətlərini
zənginləşdirən bir aktyor olaraq tamaşaçı
sevgisini qazana bilib. Onun milli klassik dramaturqlarımızın
müxtəlif janrlı əsərlərində
oynadığı obrazlarından hesab edilən M. F. Axundzadənin
“Hacı Qara”da Heydər bəy, N. B. Vəzirovun “Müsibəti
Fəxrəddin”də Fəxrəddin, H. Cavidin “Maral”da Nadir bəy,
C. Cabbarlının “Aydın”da Aydın, “Almas”da İbad, “Oktay
El oğlu”da Oktay, S. Vurğunun
“Vaqif”də Eldar, “Fərhad
və Şirin”də Fərhad,
S. Rəhmanın “Nişanlı qız”da Aslan kimi obrazları hər zaman
aktyor oyun tərzi, əlvanlığı və rəngarəngliyi
ilə seçilib.
Sözsüz
ki, səhnədə hər hansı bir obrazı yaratmaq, onu
istədiyin şəkildə tamaşaçıya
çatdırmaq aktyordan böyük bacarıq və istedad tələb
edir. Yaratdığı obraz tamaşaçı tərəfindən
sevilib böyük alqışlarla qarşılanırsa demək
aktyor məqsədinə nail olub. Bəzən aktyorun
yaratdığı bir obraz belə bir teatrın ümumi
inkişaf yolu ilə qırılmaz surətdə bağlı
olur. Bir aktyorun teatr məktəbinə çevrilir. Bu
baxımdan Gəncə Dövlət Dram Teatrının səhnəsində
ilk ictimai baxışı 4 noyabr 1982-ci ilə təsadüf
edən Mustay Kərimin “Odu atma, Prometey!” (Tərcümə edən
Eyvaz Borçalı, quruluşçu rejissoru, əməkdar
incəsənət xadimi Yusif Bağırov, rəssamı
Dmitri Tavadze) iki hissəli, altı şəkildən ibarət
olan faciəsində aktyorun məharətlə
yaratdığı Prometey surəti maraqla qarşılanan və
çox uğurlu səhnə həllini tapan obrazlarından
biri hesab edilir. Onun ifasında Prometey tipik, real və
orjinaldır. Aktyor səhnədə maraqlı oyun tərzi ilə
obrazın psixoloji aləmi və məqsədini tam olaraq təqdim
etməyə müvəffəq ola bilirdi. Aktyor ifası ilə
faciə janrının psixoloji ünsürlərini həssaslıqla
duyur, onu ifadəli vasitələrlə təqdim edə
bilirdi. Aktyorun obrazlarının mahiyyət etibarı ilə
müxtəlif çalarlarından söhbət düşərkən
xalq artisti, rejissor Mehdi Məmmədovun 15 yanvar 1977-ci ildə
“Ədəbiyyat və İncəsənət” qəzetində
dərc edilərək qələmə aldığı
“İkinci görüş” adlı məqaləsində
oxuyuruq: “Sofoklun “Antiqona” faciəsində digər gənc
iştirakçı Alim Məmmədovun yaratdığı
Hemon obrazı əslində Antiqonanın münaqişəsini
və mübarizəsini davam etdirir. O, Kreontun hakimi – mütləq,
tiranlıq iddiasını səhnədə öz oyunu ilə
cəsarətlə ifşa edir”.
Alim
Məmmədov çağdaş Azərbaycan
yazıçılarının dram əsərlərində də
maraqlı səhnə surətlərinin yaradılmasına
müvəffəq olub. Belə ki, S. Rüstəmin “Qaçaq
Nəbi”də Qaçaq Nəbi, Z. Xəlilin “Şairin
yuxusu”da Nizami, M. İbrahimovun “Həyat”da Abbas, A. Məmmədovun
“Ulduzlar görüşəndə”də Sahib Kamal və Hakim
Şah Abbas, S. Qədirzadənin “Gözəllik ondur”da Elşən,
İ. Məlikzadənin “Yaxın adam”da Bəhmən, İ.
Şıxlının “Odlu çarpazlar”da Kapitan Aslan, İ.
Əfəndiyevin “Üçatılan”da Ərşad, N. Həsənzadənin
“Atabəylər”də Toğrul bəy, N. Məmmədlinin
“Cavad xan”da Cavad xan, “Unutmaq istəyirəm”də Nicat, Ə.
Hacızadənin “İtkin gəlin”də Elməddin kimi
obrazları deyilənlərin bariz nümunəsi olaraq
maraqlı surətlər qaleriyasına daxildir.
Gəncə
Dövlət Dram Teatrının səhnəsində 30 mart
1974-cü ildə ilk ictimai baxışının
keçirilməsi ilə diqqəti çəkən M. F.
Axundzadənin “Aldanmış kəvakib” əsərinin motivləri
əsasında yazıcı-dramaturq Altay Məmmədovun
“Ulduzlar görüşəndə” pyesi maraqlı səhnə
həllini tapan, müasirliyi, orjinal güclü dramatik səciyyəsi
və uğurlu rejissor traktofkası ilə maraq doğuran
quruluşlardan biri olaraq bu gün də xatırlanır.
Mövzusu tarixdən götürülsə də əsərin
qayəsində tamaşaçıları maraqlandıran hadisələrin
dolğunluğu, iki bir-birinə zidd qüvvələrin
üz-üzə dayanması, xüsusilə Şah Abbas rəzaləti,
despotizmi, fəlakəti, Yusif Sərrac isə ədaləti, yüksək
ideaları təmsil edir. Bu quruluşda xalq artisti Alim Məmmədov
yaratdığı Sahib Kamal və Hakim Şah Abbas
obrazlarındakı yüksək ifa tərzi ilə hadisələrin
gedişində hər iki obrazın xarakterini açmaqla saray
və onun törətdiyi fitnə-fəsadları, xalqa, tərəqqiyə
zidd mahiyyətin bütün
çalarları ilə aşkara çıxarılmasına
müvəffəq olur. Aktyorun yaradıcılığında
həmçinin Sofoklun “Antiqona”da Hermon, U. Şekspirin “III –
Riçard”da Georq, “Ottello”da Kassio, M. Lermontovun “İki
qardaş”da Yuri, A. Ostrovskinin “Daha bir qurban”da Mikael, M. Qorkinin
“Qoca”da İvan Vasilyeviç, A. Salınskinin “Təbilçi
qız”da Kruqlik, V. Şukşinin “Diribaş adamlar”da
Qaraşın, A. Baranqanın “İctimai rəy”də Turkulets,
N. Hikmətin “Domoklun qılıncı”da Aptekçi oğlu,
D. Valeyevin “Vicdan məhkəməsi”də Ravil kimi tərcümə
əsərlərinin tamaşalarında oynadığı səhnə
personajları da maraqla baxılan uğurlu surətləri
silsiləsinə daxildir.
Xalq
artisti Alim Məmmədov həmçinin 1979-cu ilin
payızından “Slavyan gözəlinin hekayəti”
tamaşası ilə həyata qədəm qoyan “Zərrabi”
Nizami Poeziya Teatrının səhnəsində böyük
şairin obrazını ustalıqla, maraqla yaratmağa müvəffəq
olub. Burada Nizami “Xəmsə”si motivləri əsasında
hazırlanan tamaşalar tematik cəhətdən rəngarəng
olmaqla yanaşı həmçinin müasirliyi ilə də
hər zaman diqqəti cəlb edib. “Zərrabi” Nizami Poeziya
Teatrında tamaşaya qoyulan səhnə əsərlərində
yeknəsəklik duyulmur, konkretliyi,
yığcamlığı, qısa və dolğun məzmunu,
vahid süjet xətti, aydın məqsədi və ideyası
ilə biri digərindən fərqlənirdi. Rejissor fərdiyyətinin
hər tamaşada qabarıq şəkildə özünü
biruzə verməsi göstərilən əsərlərin
müvəffəqiyyətini şərtləndirən əsas
amillərdən hesab edilirdi. Bu baxımdan teatrın səhnəsində
“Gül və Zəhər”, “Şairin gənclik illəri”,
“Xeyir və Şər”, “Hikmət axşamı”, “Şair və
Hökmdar”, “İsgəndər və Nüşabə”, “Zəhmət
dastanı”, “Yeddi Gözəl” və digər tamaşalarda
Nizami Gəncəvi surəti aktyorun uğurla yarada bildiyi
obrazı hesab edilir.
Alim
Məmmədov həmçinin “Azərbaycanfilm”
kinostudiyasının istehsal etdiyi “Bir cənub şəhərində”
filmində Sabir, “Göz qabağında şeytan” filmində Məmmədov,
“O dünyadan salam” (“Ölülər”) filmində Heydər
ağa, “Qara volqa” filmində Mayor Bürcəli, “Uluxanlı məktəbi
125” sənədli filmində Aparıcı, “Qisas almadan ölmə!”
filmində Mahmud, “11 B sinfi” filmində müəllim,
“Kainatın açarı” filmində Akademik kimi maraqlı
ekran surətlərinə çəkilib.
Sənətkar
ömrü yaşanan illərlə deyil, görülən əməllərlə
ölçülür. Sənətkar var ki, ömrünü
“yüksək titullar qazanmağa” sərf edir, qısa bir
zamanda sənətin zirvələrini fəth edir. Sənətkar
da var ki, qəlbini piltə-piltə əridir, öz insani və
vətəndaşlıq borcunu təmkinlə,
hay-küysüz yerinə yetirir, məqsədi, amalı
uğrunda daima hərəkətdə, inkişafda olur. Elə
səhnə ustası da var ki, onun sənət yolu bir
teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi
hər bir yenilik bir teatrın yeniliyidir. Yaratdığı hər
bir obraz hətta epizodik olsa belə, tamaşaçının
yaddaşına əbədi həkk olunur, öz
xalqının milli sərvətinə, milli teatr tarixinin bir səhifəsinə
çevrilir. Mənəvi güc, idrak aydınlığı
ilə həyatın həqiqət səviyyəsinə enir.
Anar Burcəliyev, teatrşünas
Hürriyyət.-
2020.- 26-28 sentyabr. S. 14.