Karyerasına
atası son qoydu, dostları nankor çıxdı…
Kinomuzun Sərvəri
haqda maraqlı faktlar
Kulis.az-a
istinadla aktyor Arif Mirzəquliyev haqqında maraqlı
faktları təqdim edirik. Arif Teyyub oğlu Mirzəquliyev 6
iyun 1939-cu ildə Bakıda dünyaya gəlib. Atası Teyyub
Mirzəquliyev Qusar rayonunun Uqur kəndində həkim işləyib.
O, oğlunu gələcəkdə özü kimi həkim
görməyi arzulayıb.
Orta
məktəbi bitirən Arif Moskva Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil olur. İnstitutun sonuncu kursunda təhsil
alarkən Arif Mirzəquliyev dalbadal iki filmə –
“Görüş” filmində Kamil və “O olmasın, bu olsun”
filmində Sərvər obrazlarına çəkilərək,
aktyor kimi özünü sübut edir və populyarlıq
qazanır.
Təhsilini
başa vurub peşəkar aktyor kimi vətənə
qayıtmağa hazırlaşan Arifə Bakıdan teleqram gəlir.
Bir cümləlik teleqramda belə yazılır: “Arif, atan
ağır vəziyyətdədir. Səni görmək istəyir”.
Tələbə-aktyor
təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində
ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.
***
Teyyub
Mirzəquliyevin rəhmətə getməzdən əvvəl
Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi
oğlunu öz yolunu dəyişməyə məcbur edir. Və
Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna
qayıtmır. Atasının xahişi ilə Moskvadakı təhsilini
yarımçıq qoyaraq Bakıya gələn Arif imtahan
verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur.
Onların ailəsində hamı həkim idi…
Beləliklə
də, Arif Mirzəquliyev Azərbaycan Dövlət Tibb
İnstitutunda təhsilini başa vuraraq, nevropatoloq
ixtisasına yiyələnir. İncəsənətdən
uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi
Bakıda həkim işləyir.
***
Xəstəxanaların
birində həkim işləyən Arif yanına təcrübəyə
gələn II kurs tələbələrindən birinə
aşiq olur və onunla evlənir. Sonralar hər ikisi eyni xəstəxanada,
bir otaqda işləyirlər. Uzun illər Sərvərin kiminlə
evləndiyini bilmək üçün onun otağına gənc
qızlar gəlib gedir.
Arif
Mirzəquliyev uzaq qohumlarından birinə öz evində
müvəqqəti məskunlaşmaq üçün yer
vermişdi. Bunun üçün qohumunu qeydiyyata da
saldırmışdı. Günlərin birində evini satmaq
istəyən aktyorun köməklik etdiyi qohumu evdən
çıxmır. Deyir ki, mən artıq bu evdə
qeydiyyatdayam və burada da yaşayacağam. Arif məcbur
qalıb evi hökumətə təhvil verəndən sonra onu
oradan güclə çıxarırlar.
Deyilənə
görə, “O olmasın, bu olsun” filmində Sərvər
roluna əvvəlcə məşhur müğənni Rəşid
Behbudovu çəkmək istəyiblər. Sərvəri də
əslində Arif Mirzəquliyev yox, Rəşid Behbudov ifa etməli
imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid
Behbudovu təsdiqləyir. Hətta ona gələn təbrik məktublarında
müğənnini ərkyana Sərvər də
adlandırırlar. Vəziyyət isə əksinə olur.
Ssenari ilə tanış olan R. Behbudov qətiyyətlə
roldan imtina edir. Səbəb kimi isə özünü bu rol
üçün yaşlı sayır. Bildirir ki, “Sərvər
gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun
üçün qocayam”. O zaman Behbudovun yaşı 40-a
çatırdı.
Arif
Mirzəquliyev illər sonra – 1980-ci ildə III dəfə
kinoya dəvət olunub və o, bir sıra tanınmış
aktyorlarla “Məşədi İbad-80, yaxud köhnə
tanışlar” qısametrajlı filminə çəkilib.
Burada yenidən Sərvər obrazını canlandırıb,
amma bu dəfə başqa ampluada. Həmin film isə elə də
uğur qazana bilməyib.
***
Aktyor
1990-cı il avqustun 4-də ürək
çatışmazlığından dünyasını dəyişib.
Aktyorun
qızı Teyyubə xanım atasının son günlərini
müsahibələrinin birində belə xatırlayır: “O
günləri yada salmaq çox çətindir. Atam siqareti
çox çəkirdi. İki dəfə infarkt keçirmişdi.
Bir dəfə ürəyindən ağrı tutanda
özünə söz vermişdi ki, sağalsın, daha
siqaret çəkməyəcək. Amma siqareti tərgidə
bilmirdi. Atam hamıya həmişə kömək edirdi, amma
son nəfəsində ona heç kim kömək edə bilmədi.
Hətta təcili yardım maşını da hadisə yerinə
gecikdi. Ürəyindən qəflətən sancı
tutması nəticəsində dünyasını dəyişdi.
Atamdan sonra anam çox əziyyətlə yaşadı. Ona
yaşamaq demək olmaz… Ömrünün son dörd ilini
yataqdan qalxa bilmirdi. Bir-birlərinə çox bağlı
idilər. Anam 2008-ci ildə uzun sürən xəstəlikdən
sonra dünyasını dəyişdi. Atamın
ölümündən bir il keçməmiş bütün
dostları onu unutdular. Halbuki, o insanlar atamın
sağlığında evimizin yuxarı başında
otururdular”.
Hürriyyət.-
2020.- 26-28 sentyabr. S. 16.