Professorun qiymətli əsəri

 

(əvvəli var)

Son dövrlər müxtəlif elm sahəlrinə aid nəşr olunan dərslik, monoqrafiya, məqalələr toplusu və sairdən ibarət olan kitabların əksəriyyəti müəlliflərin öz şəxsi vəsatiləri hesabına nəşr olunduğundan az tirajlanır və bunun da nəticəsində onların əldə edilməsində müəyyən çətinliklər yaranır. Elə kitablar  vardır ki, biz onların nəşr sədasını eşidəndən sonra, səhrada susuz qalan  insanların su axtarışına cıxdıqları yanğı ilə həmin  kitabların axtarışına çıxırıq(İndi lazımi kitabların axtarılıb tapılması, səhrada su axtarışından da asan başa gəlmir).

Mən müxtəlif titullara  sahib olan professor, eyni zamanda Əməkdar elm xadimi ustad  müəllim Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi  sintaksisi” (Bakı-“Elm”-2019) kitabının nəşr olunduğu xəbərini eşidəndə onu tapmağa çox çalışdım, lakin heç yerdə tapa bilmədim. Nəhayət, əlacsız qalıb müəllifin özünə müraciətimdən sonra hörmətli professor həmin kitabını öz avtoqrafı ilə mənə təqdim etdi. Kitab  AMEA Nəsimi adına Dilçilik İnstitutunun  8 noyabr 2017-ci il tarixli qərarı ilə (protokol N11) çap olunub.

Professor Q.Kazımov  sintaktik vahidlər haqqında fikir söyləyərkən bunların  hamısını  “Dədə Qorqud” dastanından  gətirdiyi nümunlər əsasında təsdiqləyir və bu nümunələri illərin sınağından  çıxan  dil vahidləri kimi təqdim edir. O, dilimizdə bu gün  işlənən  sintaktik vahidləri  “Dədə Qorqudun dilində işlənən  sintaktik vahidlərlə müqayisə edərək bu nəticəyə gəlir ki, “Bu gün dilimizin əsas  mexanizmi nədən  ibarətdirsə, o, “Dədə Qorqudda var. Yəni “Dədə qorquddilinin sintaksisi elə kamil  formadadır ki, keçən 1500 ilin  (müəllif bunun  3300 illik tarixi olduğunu qeyd edir-S.Z) ərzində  söz birləşməsi və cümlə strukturunda əsaslı bir dəyişiklik baş verməmişdir” (səh.15)

İsmi birləşmələrin inkişaf tarixi” (səh.20-75) bölməsində müəllif ismi birləşmələr  haqqında  məlumatın ilk dəfə “izafət” adı altında  Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin 1313-cü ildə yazdığı “Kitab-əl-idrak li-lisan əl-ətrak” (“Türk dillərinin dərketmə kitabı”) əsərində verildiyini qeyd edir. XIV əsrdə nəşr edilən bu əsərdə izafətin həm hərflə, həm də hərfsiz işləndiyi qeyd edilir ki, bu da bizim bu gün  ikinciüçüncü növ təyini söz birləşmələri adlandırdığımız sintaktik vahidlərin, demək olar ki, eynini təşkil edir.

Qeyd olunan bölmənin  İsmi birləşmələrin tərəfləri arasında sintaktik əlaqələr” (səh.32) adlanan  mətnində isə professor  “Kitabi-Dədə Qorqudun dilində  işlənən nümunələri əsas gətirərək ismi birləşmələrin tərəfləri arasında  ən qədim əlaqə olan yanaşma, bundan sonra isə uzlaşma və idarə əlaqələrinin ardıcıl işləndiyini qeyd edir.Kitabda yanaşma, uzlaçma və idarə əlaqəli birləşmələrin hər biri ayrı-ayrı başlıqlar altında nəzəri cəhətdən izah edilib “Dədə Qorquddan ,Qazi Burhanəddindən, Vaqifdən, Füzulidən gətirilən nümunələrlə əsaslandırılır.

Kitabın  Feli birləşmələrin inkişaf tarixi” (səh. 76-195)adlanan bölməsində isə feili birləşmələr haqqında geniş məlumat verilir. Burada feli birləşmələrin quruluş modelləri- koordinativ feli birləşmələr, yanaşma əlaqəli feli birləşmələr və idarə əlaqəli feli birləşmələrdən söz açılır.

Bu bölgüdə professor Q.Kazımov fellərin tələbilə öz formasını dəyişən sözləri qruplaşdıraraq  onları təsirlik, yönlük, yerlik, çıxışlıq hallı, eyni zamanda vasitə halı ilə düzələn  birləşmələr adı altında beş yerə bölür.

 Bu bölmədə feli bağlama  feli bağlama birləşmələri, feli sifət və feli sifət birləşmələri, eyni zamanda məsdər və məsdər birləşmələri haqqında geniş məlumat verilmiş, onları əmələ gətirən şəkilçilər, onların yaratdıqları məna çalarları nümunələrlə aydınlaşdırılmışdır.

Kitabın ən geniş bölmələrindən biri də “Cümlə” (səh.196-600)adlanır. Bu bölmədə cümlənin mənşəyi, sadə cümlənin  məqsədə görə növləri, cümlə üzvləri, sadə cümlənin şəxsə görə növləri, mürəkkəb cümlənin inkişaf tarixi, tabelitabesiz mürəkkəb cümlələrlə bağlı məsələlər aydınlaşdırılımışdır. Cümlənin mənşəyi haqqında  (səh.196) danışan professor bununla bağlı yazır:”Sadə cümlə insan nitqinin  ilk elementi sayılsa da, polipredikativlik dövründə sadə və mürəkkəb cümlə fərqlənməmiş,  tədricən predikativ element cümlənin sonuna doğru sıxışdırıldıqca, monopredikativ quruluşa malik olan mürəkkəb cümlələr yaramışdır” (səh.196).

 

 

 

Müəllif bu quruluşda cümlələrin hələ bizim eradan əvvəl 12-ci  minillikdə işləndiyini qeyd edir.Bu bölmədə də “Dədə Qorqud” dastanlarının dilinə əsaslanan professor sözlər arasındakı əlaqələrin yaranmasında  mühüm rol oynayan  şəkilçilərdən  bəhs edirbu dastanları yenidən Homerin poemaları ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki,” Bizim “Dədə Qorqudun tarixi çox qədimdir.Lakin onun son formalaşması ümumxalq Azərbaycan dilinin təşəkkül dövrünə- miladın 3-5-ci  əsrlərinə aiddir”.(səh.197)

Bu bölmədə cümlənin intonasiyaya görə növlərinə aid nümunələr “Dədə Qorqud” dastanı ilə yanaşı, Qazi Burhanəddinin, Ruhinin, Xətainin , Vaqifin və digər şairlərin əsərlərindən və  eləcə də bu gün anadan olmasının 650 illiyini beynəlxalq səviyyədə qeyd etdiyimiz Nəsiminin əsərlərindən seçilmişdir.

Nəsiminin yaradıcılığından nəqli cümləyə aid seçilən  “Mənlikin rəf olmayınca arədən getməz hicab  sual cümləsinə aid seçilən “Qaşlarına qurban olam, ya türreyi-dilbəndinə?”, nida cümləsinə aid  «Bunca Mənsurun asılmış başı bər-dar üştə gör!”, əmr cümləsinə aid verilən “Bütpərəsti bigüman etmək dilərsən, etməgil!! kimi nümunələrin seçilməsini ana dilimizə olan tükənməz  sevginin, ədəbiyyatımıza olan ölçüyəgəlməz pərəstişin nəticəsi kimi qiymətləndirmək olar. Elə bunun nəticəsidir ki, bu həcmdə olan  elmi əsəri oxuduqca, özündə bir bədii əsər duyğusu hiss edirsən.Elmi fikirlərin  bədii nümunələrlə   müşayiəti bala batırılmış açı dərman təsiri bağışlayır.

Görkəmli alim,  obyektiv insan, yaxşıya yaxşı, pisə pis deməyi bacaran bu bənzərsiz şəxsiyyətin elmi yaradıcılığına müəyyən qədər bələd olsam da, onun bu səviyyəyə gəlib  çatana qədər hansı dolay-döngələrdən keçdiyi  haqda xəbərim  yox idi.Elə buna görə də,  görkəmli dilçini dərindən tanımaq üçün alimin 70 illiyi münasibətilə, filologiya elmləri doktoru  Zaman Əsgərlinin  tərtib  edib ön söz  yazdığı “Professor Qəzənfər Kazımov 70” bioqrafikbiblioqrafik məlumat kitabını yenidən qarşıma qoyub vərəqlədim və oxuduqca yenidən inandım ki, Tanrı dünyada  heç kəsin payını  kəm bölmür, pay kəsənlərin acığına , paya layiq olanları qədərincə qiymətləndirir.Alınan birin əvəzinə min verir ona, borclu qalmır. Elə bilirəm ki, Qəzənfər Kazımovun elmdə-o cümlədən  həyatda qazandıqları bütün  nailiyyətlər onun itirdiklərinin –müharibəyə gedib-qayıtmayan ata həsrətindən, güvəndiyi babası Kazım kişinin yarımçıq həyat yolundan, son ümidi və arxası Müzəffər əmisinin   vaxtsız itkisindən  çəkdiyi yanğı və iztirabın Tanrı tərəfindən ödənilən qarşılığının cüzi bir  əvəzidir.

Bironu bilirəm ki,  əgər pambıq sahəsində kolxoz sədri Məhərrəm kişinin oğlu Hacı ilə  birlikdə sovka yığarkən  sahə sahibi Qurban kişi  sədr oğlu  Hacıya  30 gün, balaca Qəzənfərə bir gün yazmasaydı,”1962-1963-cü tədris ili üçün  dərs yükü bölünəndə” Sizə tədris etmək üçün  dil-ədəbiyyat dərsləri əvəzinə, nəğmə və bədən tərbiyəsi dərsləri verməsəydilər, indi Siz professor, Əməkdar elm xadimi , minlərlə tələbənin  sevimlisi, barmaqla sayılacaq dilçilərdən biri deyildiniz.O da mənə gün kimi aydındır ki, Sizin qazandıqlarınızın hamısı usaqlıqdan başlayaraq itirdiklərinizin və çəkdiyiniz ağır zəhmətin və yuxusuz gecələrin  əvəzində Tanrı tərəfindən yazılan mükafatlarınızdır.

Mükafatlarınızın davamlı olması arzusu ilə beş il bundan qabaq opponenti olduğunuz

 

 

Sərdar Zeynal. Filologiya elmləri doktoru

Hürriyyət.- 2020.- 9-10 yanvar. S. 13.