Bir yerdə ölüb, bəs, niyə min
yerdə doğuldu?..
Bəxtiyar
Vahabzadə: “Şeir mənim sənət qayəmdir”
Poeziya düşüncənin gözəlliyidir. Gözəl düşüncə, gözəl fikir bu gözəlliyi duya, onu görə bilən böyük bir istedad sahibinə məxsusdur. Müqəddəs şeir sənətinin sahibi - şairlər Allahın sevdiyi bəndələrdir. Şairin fikirləri, düşüncələri sözün qüdrətini duymağa, bütövlükdə dünyanı dərk etməyə imkan verir. Təsadüfi deyil ki, Hegel bu sənətdən söz açarkən onun idraki funksiyası olduğunu bildirir və insanın Allahı dərk etməsinin ilk dəfə məhz şeir vasitəsilə mümkün olduğunu yazırdı.
Poeziya milli sənətdir. Bu mənada xalqın varlığı, tarixi, keçmişi, milli dəyərləri, istək-arzuları yaşayır poeziyada. Poeziya xalqın milli varlığının simasıdır. Poeziya nümunələrini başqa dilə çevirməyin çətinliyi məhz bu sənətin milliliyindən irəli gəlir. Şeir ilahi qüdrətdir. Bu qüdrətin doğulması, yaranması özü də bir möcüzədir. Poeziyanın vəzifəsi həm də insanı heyrətləndirməkdir. Bu mənada poeziya adi, ötəri hissləri, hadisələri deyil, insanı “heyrətləndirəcək” hadisələrdən doğmalıdır. Bualonun “Poeziya sənəti” əsərində deyildiyi kimi: “Poeziyanı təsadüflər, müstəsnalıqlar, eybəcər qəribəliklər deyil, ümumi hadisələr cəlb etməlidir”. Məhz bu “ümumi hadisələrə” xidmət edən poeziyanı əsl poeziya hesab etmək olar. Şeir sənəti axtarışdır. İnsanın özünü, “məni”ni dərk etməsinin, ətraf aləmin, gerçəkliyin, arzu və istəklərinin, kamilliyə doğru gedən insanın ideallarının, həyat qayəsinin, amalın, məsləkin axtarışıdır. “Şeir mütləq həqiqəti axtarış işidir” (Nəcib Fazıl Kısakürək). Mütləq həqiqəti axtarış, yəni gerçək olanı axtarmaq işi, səyidir. Nədir gerçək olan?.. Nədir həqiqət?.. Kimdir şair?.. Bu sualların ətrafında düşündüm və bu düşüncələr məni zəngin fəlsəfi dünyası olan, istiqlal, əqidə, məslək şairi Bəxtiyar Vahabzadənin poeziyasına gətirib çıxardı. B. Vahabzadə poeziyası həqiqətən gerçək olanı, həqiqəti, açılmayan hikmətləri milyonların gözü önündə açan poeziyadır. Əqidə, məslək, milli dəyərləri, xalqın varlığını, tariximizi, türkçülüyümüzü, bu varlığın ən vacib dəyərləri olan üçrəngli bayrağımızı, ana dilimizi, heysiyyatımızı, qürurumuzu, mənliyimizi, vətən sevgisini, azadlıq, istiqlaliyyət duyğusunu, bu torpaq üçün şəhid vermək qüdrətini açdı B. Vahabzadə poeziyası. Böyük şair şeir sənətini öz həyat fəlsəfəsindən çıxış edərək belə qiymətləndirirdi: “Həqiqətən bu şeir mənim sənət qayəmdir. Çünki meydana gələn meydana gətirənin həqiqətən imanıdır, əqidəsidir. Buradan deyə bilərik ki, yazdığım şeirlər hissimin, fikrimin, əqidəmin ifadəsi olmaqla mənim imanımdır, dinimdir, həyat qayəmdir” (B. Vahabzadə. Avtobioqrafiyam. “Ömürdən səhifələr”). B. Vahabzadə bir şair kimi şeir sənətinin millətə, vətənə, bütövlükdə bütün insanlığa xidmət etdiyini söyləyirdi. Bu mənada milli məsələlər, xalqı, onun sabahını düşünən, cəmiyyəti narahat edən hadisələr onun şeirinin əsas mövzusuna çevrilirdi.
B. Vahabzadənin şeirləri canlıdır. Bu poeziyada şairin şəxsiyyəti, onun fərdi istək və arzuları xalqın arzu, istəkləri ilə birgə meydana çıxır. Sanki B. Vahabzadə bir şəxs, fərd olaraq özü yox, xalqın varlığı, xalqın səsi olaraq çıxış edir. Məhz bu cəhət də B. Vahabzadə poeziyasını başqalarından fərqləndirən bir xüsusiyyət kimi meydana çıxır. B. Vahabzadə şeirinin kökü, fikri dərindir, düşündürücüdür.
Bu əsl poeziyanın sirridir. Düşündürücü poeziyada dərin fikir, dərin təfəkkür var. Bununla bərabər söz sahibinin qüdrətli, təsirli sözü - demək istədiyini qarşısındakına çatdıracaq, sözün təsirinin bəlkə də qədərindən bir az da artıq təsir gücünə malik olması çox vacibdir. Təbii ki, bunun üçün, ilk növbədə, şair zəngin biliyə malik olmalı, bir çox elmlərə, tarix, sosiologiya, fəlsəfə və b. dərindən yiyələnməlidir. Bir sözlə, şeirdə elmilik olmalıdır. Dahi M. Füzuli demiş: “Elmsiz şeir bünövrəsi olmayan divar kimidir”. Bütün bunlar mükəmməl poeziyanı şərtləndirən əsas əlamətlərdir. Bu mənada B. Vahabzadə poeziyasını hərtərəfli, mükəmməl poeziya adlandırmaq olar. Şairin poeziyasından çıxış edərək, istər həyat, yaradılış, təbiət, bütün bu mövcudluğu yaradan uca Allahın dərkinə qədər aparan fəlsəfi görüşləri, düşüncələri onun müdrikliyindən, uzaqgörənliyindən xəbər verən dərin, hikmətli şeirləri bunu deməyə əsas verir:
“Mənim şeirim” -
Əbədi bir od kimi öz içindən közərib,
Hey yanır şeirim mənim.
Bu günümdən sabaha
Boylanır şeirim mənim.
Gəzib dildə, dodaqda
Uçur, uçur həmişə özümdən də
Qabaqda İdrakımın gözləri
Əqidəmin ən təmiz, ən mənalı sözləri
Duyan ürəyi şeirim.
Bütün diləklərimin ən saf diləyi şeirim...
“Şairlik - ən uca duyğularımdır”, - deyirdi B. Vahabzadə.
B. Vahabzadə poeziyası haqqında Mirzə İbrahimov yazırdı: “Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, S. Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc, mənəvi-estetik ləzzət duyursan”. Oljas Süleymenov isə bu poeziyada şərq ruhunu xüsusi qeyd edirdi: “Bəxtiyar Vahabzadə bütün ölkədə tanınan və sevilən şairdir. Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb”. B. Vahabzadə poeziyası inam, əqidə, məslək üzərində qurulmuş milli poeziyadır. Bu poeziyanı daha çox fərqləndirən məqamlardan biri də şairin əqidəsinə, məsləkinin gücünə inamının olmasıdır. Şairin özünün dediyi kimi:
İnamdır əqidəm, gücüm, məsləkim,
Qələbə mənimdir, bu inamımla!..
Bəs nə idi B. Vahabzadə poeziyasının əqidəsi, məsləki, onu qələbəyə səsləyən bu inam?.. Əlbəttə ki azərbaycançılıq.
B. Vahabzadə ədəbiyyatımızda S. Vurğun poeziyasıyla bir daha yüksələn azərbaycançılığı tərənnüm edən ən böyük şairlərdən biri idi. 20-ci əsr azərbaycan ədəbiyyatının ən yeni dövrünün 1 mərhələsinə nəzər salsaq, sovet ideologiyasının ədəbiyyata, milli məfkurəyə qarşı mübarizəsi əsasən özünü bu sahələrdə göstərməyə başlayırdı:
- Azərbaycançılığın əsas əlaməti olan türkçülük, əsassız olaraq millətçilik hesab olunur. Ədəbiyyatda milli-tarixi mövzulara imkan verilmir.
Milli mənafe əvəzinə sinfi mənafelərin mübarizəsindən danışılır, vulqar beynəlmiləlçilik təbliğ olunurdu.
- İkinci əsas əlamət olaraq müsəlmançılıq, ümumiyyətlə, hər cür dini dünyagörüş inkar edilirdi.
- Azərbaycançılığın üçüncü əlaməti olan müasirlik vulqarlaşdırılaraq sovet gerçəkliyinin tərənnümü ilə məhdudlaşdırılırdı.
Amma bütün bu məqamlarla yanaşı bu da bir faktdır ki, 20-ci əsrin əvvəllərində artıq formalaşmağa başlayan milli məfkurə - Azərbaycançılıq söz sənətkarlarının yaradıcılığında özünə müəyyən dərəcədə yer tapmışdı. Ədəbiyyatda, şüurda milli oyanış - milli özünüifadə, özünütəsdiq vardı. Bu məqamlar özünü, ilk növbədə, şüurda göstərirdi. Digər tərəfdən, xalq ədəbiyatının yazılı ədəbiyyata təsiri- xalq ruhunun ədəbiyyatda əksi. Eyni zamanda, ədəbiyyat doğma ana dilində yaranırdı. Ədəbiyyatımızın bu mərhələsində 10-cu illərin sonu, 20-ci illərin əvvəllərində milli vətənpərvərliyin əsas tərənnümçüsü məhz poeziya idi. 30-cu illərdə formalaşan müasir Azərbaycan poeziyasının önündə gedən görkəmli sənətkar Səməd Vurğun Azərbaycanın varlığını axtarmaq, onu poeziyanın əsas tərənnüm obyektinə çevirərək, bu idealın böyük tarixi əhəmiyyətini dərk edirdi. Əslində bu düşüncənin böyük əhəmiyyəti vardı. S. Vurğun poeziyası ilə azərbaycançılıq məfkurəsi gücləndi. Ədəbiyyatımızda bu məfkurənin əsasını qoyan isə A. A. Bakıxanov, M. F. Axundzadə, N. Nərimanov, C. Məmmədquluzadə, M. Ə. Sabir, M. Ə. Rəsulzadə, C. Cabbarlı kimi görkəmli şəxsiyyətlər olmuşdur. Bu böyük sənətkarların yaratdığı milli məfkurəni öz yaradıcılığında davam etdirərək S. Vurğun xüsusilə, 1935-ci ildə özünün məşhur “Azərbaycan” şeirini yazdı:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!..
Bu şeir başdan-başa Azərbaycanla
bağlı fəxarət,
qürur hissləri ilə doludur, vətənpərvərliyin ən
ali zirvəsidir.
Şairin əsas idealı
olan azərbaycançılığın,
bu millətə mənsubluğun qürurudur.
Bu kökdən qaynaqlanan B. Vahabzadə yaradıcılığı, şairin
milli idealını özündə əks etdirən zəngin poeziyası bu baxımdan həm də böyük tarixi- siyasi dəyərə, əhəmiyyətə
malikdir.
B. Vahabzadə bu xalqa öz
varlığını, milli
mənsubluğunu, kimliyini,
tarixini, türkçülüyü,
milli dəyərlərini
tanıtmaq missiyasını
həyata keçirmək
kimi məsuliyyətli,
ağır bir işi qarşısına
məqsəd olaraq qoymuşdu.
B. Vahabzadə hər şeydən əvvəl vətənini
sevən, milli bir şair idi.
O, bir şair kimi Azərbaycanın, xalqın azadlıq, istiqlaliyyət uğrunda apardığı mübarizəyə,
bu tarixə yaxşı bələd idi. Tarixən bu xalqın
başına gətirilən
müsibətlər, faciələr
ona məlum idi.
Şairin poeziyada əsas qayəsi, əsas idealı vətəndaş
idealıdır. Vətən uğrunda ölümə
gedən vətəndaş...
Budur vətənin azadlığı, dövlətin
müstəqilliyi, əbədiliyi...
Şair bu ruhda yazılmış ən gözəl şeirlərindən biri olan “Vətəndaş” şeirində deyir:
Bilirik dünyaya
biz niyə gəldik,
O bizi yaradan, biz ona bəndə.
Yaradan uğrunda
ölməyə gəldik...
Yaxud şair “Vətən” adlı şeirində yazır:
Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ay oğul, cənnətə
dünyada, Vətən.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz, binədən yada Vətən.
Sinə altında
gərək qəlb kimi hər an
döyünə,
Yana ulduz
kimi hər sözdə, hər imzada Vətən.
B. Vahabzadə poeziyasının əsas qayəsini təşkil edən vətəndaşlıq
idealı şairin “Vətən var”, “Bəsdir”, “Təyyarələr”,
“Şəhid məzarları”
və b. şeirlərində
milli və estetik ideal kimi meydana çıxır. Hələ 1975-ci ildə yazdığı “Şəhid
məzarları” şeirində
B. Vahabzadə şəhidliyi
vətən idealı
olaraq tərənnüm
edir:
Şəhid məzarları...
Düşmən qənimi.
Vətənin köksündə vüqarla
durub.
Mənim varlığımı
bir təsdiq kimi
Yurdun sinəsinə
möhürlər vurub...
Şəhidlər müqəddəsdir. Onlar heç bir
şeydən çəkinmədən
vətən uğrunda
canlarını fəda
edənlərdir. B. Vahabzadə
bununla bəzən həyatda çata bilmədiyimiz arzular kimi bizi yaşadan,
gələcəyə inandıran,
sabaha ilhamlandıran ideallardan və bu idealı uğrunda canından belə keçməyə
hazır olan, şəhidlik zirvəsini
qazanan, “düşmən
qənimi” adlandırdığı
“şəhid məzarlarını”
bu xalqın varlığını təsdiq
edən, “yurdun sinəsinə öz möhürünü vuran”,
əslində şəhidliyi
ilə öz idealına qovuşan vətən aşiqlərini
yad edirdi.
Hələ gələcəkdə
bu xalqın “Şəhidlər xiyabanı”ndan
xəbərsiz olan şair...
...Türkçülük,
millilik B. Vahabzadə yaradıcılığının ən ümdə keyfiyyətlərindən biri
kimi meydana çıxır. Şairin Türk
dünyasına olan böyük sevgisi, məhəbbəti onun türkçülüyə həsr
etdiyi şeirlərində
daha aydın duyulur. B. Vahabzadənin
poeziyasında türkçülük
hissi ötəri bir sevgi yox,
şairin özünü,
xalqını, tarixini,
keçmişini, soy- kökünü,
onun ədəbiyyatını,
görkəmli şəxsiyyətlərini,
mədəniyyətini bütün
dünyaya tanıtmaq,
bu şanlı-şərəfli
tarixdən qürur duymaq və bu tarixi gələcək
nəsillərə çatdırmaq
hissidir. Şair türkçülüyə böyük
sevgisini özündə
əks etdirən “Mən türkəm” şeirində yazır:
“Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm
özümdən ürkəm,
Sən kimsən,
sən nəsən, özün bilərsən
Mən ilk qaynağımdan
Türkoğlu, Türkəm!..
...Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən
adımı ancaq,
Canım çıxanadək
qəlbimin səsi,
“Türkəm gerçəkliyin pıçıldayacaq”...
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin söylədiyi
“Bir millət, iki dövlət” ifadəsi iki türk xalqının gələcək, böyük,
uğurlu siyasətinə
istiqamətlənmişdi. Bu düşüncədən
çıxış edərək
görkəmli şairimiz
B. Vahabzadənin yazdığı
ən gözəl şeirlərindən biri olan “Azərbaycan -Türkiyə” şeirini xüsusi qeyd etmək olar:
Bir ananın iki oğlu,
Bir çinarın iki qolu,
O da ulu, bu da
ulu,
Azərbaycan- Türkiyə.
Dinimiz bir, dilimiz bir.
Ayımız bir, ilimiz bir.
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan - Türkiyə...
B. Vahabzadə poeziyası Azərbaycan hüdudlarını aşır,
insanın gözü
önündə qocaman,
şanlı dünyaya
səs salan, qədim tarixi ilə dünyaya öz adını yazan əzəmətli türk dünyasını
canlandırır. Beləcə, şair B. Vahabzadə bir ulduz kimi
türk dünyasının
səmasında doğdu,
işıq saçdı,
parladı. O, türkün
haqq səsini dünyaya çatdırdı.
O, şəhidlərin qanı
bahasına qazandığımız
azadlığımızın, istiqlaliyyətimizin şairi
kimi hər kəlməsində Böyük
Turan, böyük vətən sevgisini yaşadan, dünya var olduqca yaşayan,
dillərdə əzbər
olan söz xəzinəsini, şeirlərini,
cild-cild kitablarını,
böyük sevgisini, məhəbbətini miras qoydu bu xalqa.
Günəş ZAKİRQIZI,
ADPK-nın dil-ədəbiyyat müəllimi,
BDU-nun dissertantı
Hürriyyət.-
2020.- 11-13 yanvar. S. 13.