Sənətin nur işığında

 

Deyirlər teatr bəşəriyyətin kəşf etdiyi möñüzəsi və ən böyük bir varlığıdır. Dünyanın bütün sevinclərini, insanların arzu və xəyallarını, qüvvətli ehtiraslarını, xeyrin qələbəsini, şər işin, xəyanətin məğlub edilməsini səhnədə görmək, prometey qəlbli insanların qəhrəmanlığından ruhlanmaq tamaşaçılara həmişə xoş gəlir. Düşünürəm ki, teatrın vəzifəsi insanda özünə qarşı qürur hissi oyatmaqdan, onun həyatda ən yaxşı, ən mühüm, ən əziz, müqəddəs bir məxluq olmasını və ondan başqa diqqətə daha çox layiq bir varlıq olmadığını söyləməkdən ibarətdir.

 

Fəaliyyətə başladığı gündən Azərbaycan teatrı öz repertuarının coşğun miqyasını ildən-ilə genişləndirərək teatrlarımızın yaradıcılıq inkişafında xüsusilə Azərbaycan dramaturgiyasının banilərinin M. F. Axundzadənin, S. S. Axundovun, C. Məmmədquluzadənin, H. Cavidin, C. Cabbarlının, Ə. B. Haqverdiyevin, M. S. Ordubadinin, A. Şaiqin, A. Səhhətin, N. B. Vəzirovun, İ. Əfəndiyevin, B. Vahabzadənin, İ. Şıxlının sənət axtarışları çox böyük rol oynayaraq əvəzsiz aktyor nəsli sınaqlardan çıxaraq əsl sənət fədaisi kimi püxtələşərək hər bir yaradılan səhnə əsəri əlamətdar hadisəyə çevrilib. Klassik dramaturgiyaya müraciət böyük realist aktyor məktəbinin ən parlaq simalarını Azərbaycan mədəniyyətinə bəxş edib. Aktyor tanıyıram ki, bu sənət işığından nurlanaraq inkişaf edib, püxtələşib və öz sənət yolunu hay-küysüz, vicdanla inkişaf edirib. Ömrünün 45 ilini Azərbaycan Teatr sənətinin inkişafına həsr edən Sovqat Səmədova tək.

Atası uzun illər polisdə işlədiyindən əslən Oğuz rayonundan olan Səfər kişi müharibədən sonra 1946-cı ilə kimi Şəkidə çalışıb. 1946-cı ildə isə Xaldan rayonuna işləmək üçün göndərilib. Elə bu ildə də Sovqat Səfər qızı Səmədova Xaldan rayonunun Aşağıbucaq kəndində anadan olub. Ancaq o illərdə ana nənəsinin himayəsində Şəkidə böyüyüb, boya-başa çatıb. 1957-ci ildə Xaldan rayonu ləğv olunduğundan atası yenidən işləmək üçün Şəkiyə göndərilib. Orta təhsilini yeddinci sinifə kimi oxuyan Sovqat məktəbdən erkən ayrılmalı olub. Səbəb isə atasının aftomobil qəzasından sonra işləyə bilməməsi, böyük qardaşının isə həqiqi hərbi xidmətdə olması ailənin böyük maddi çətinliklərlə üzləşməsi ilə bağlı idi. Bu ehtiyac üzündən anası ailəyə kömək məqsədilə onu orta məktəbin yeddinci sinfindən çıxararaq Şəkidə fəaliyyət göstərən 2 saylı İpəkçilik Kombinatında işləməyə göndərib. Burada üç ay şagird olaraq çalışan Sovqat sonradan usta olaraq fəaliyyətini davam etdirib. Bununla yanaşı həmçinin Şəkidə fəaliyyət göstərən Fəhlə-gənclər məktəbində də təhsilini davam etdirib. Bu məktəb o illərdə Şəkidə 11 saylı orta məktəbin gecə növbəsi olaraq fəaliyyət göstərirdi. Orta məktəb illərindən özfəaliyyət dərnəklərinə olan həvəsi müəllimlərinin də diqqətindən kənarda qalmırdı. Məktəbin demək olar ki, bütün tədbirlərində yaxından iştirak edirdi. Bu illərdə İpək Kombinatının nəzdində olan Mədəniyyət evində Xalq Teatrı fəaliyyət göstərirdi. O, kombinatda çalışdığı müddətdə həmçinin Xalq Teatrına üzv yazılıb. Hətta Xalq Teatrına olan həvəsinə görə anası tərəfindən verilən müəyyən məbləğli pulu yığaraq fabrikdə onunla yanaşı işləyən işçi yoldaşına verərək bir saat ərzində onun əvəzinə işləməsi şərtilə məşqlərdə iştirak etmək üçün icazələr alardı. Çünki onun Xalq Teatrına getməsinə ailə üzvləri narazı idilər.

Tarixi məmbələrə nəzər salarkən görürük ki, 1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M. F. Axundzadənin “Hacı Qara” komediyası yerli həvəskarlarla tamaşaya qoyulub. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə Xalq Teatrı fəaliyyət göstərib.

Sonradan ailə həyatı quran aktrisanın bu həyatı da bir faciənin nəticəsində uğursuz olub. Cəmi bir il iki ay sürən bu izdivacdan dünyaya gələn bir övladı ilə ata evinə qayıtmaq məcburiyyətində qalıb. O illəri xatırlayan aktrisa Sövqat Səmədova deyir: “Elə bir vəziyyət yarandı ki, mən ata evimə gəldikdən sonra ailəmizdə olan müəyyən problemlər üzündən tək qalmalı oldum. Qonşuluqda yaşan bir qız o zamanlar Mədəniyyət evində katibə olaraq çalışırdı. O da ailə həyatı qurmuşdu. Bu zaman mən Mədəniyyət evinə getdim ki, onun əvəzinə katibə olaraq çalışım. Mədəniyyət evinin direktoru Nazim Bilalov dedi ki, mən sənin Kombinatda fəaliyyət göstərən Xalq Teatrında olan çıxışlarından xəbərdaram. Sən bizə səhnədə kömək et, biz də səni işlə təmin edək. Mən razılıq vermədim ki, daha Şəkidə səhnəyə çıxa bilmərəm. O zaman yerində xidmət deyilən kolxoz və sovxozlarda əməkçilər qarşısında konsert proqramları göstərilirdi. Nazim Bilalaov hələ ki, bu qastrol səfərlərində iştirak etməyimi istədi və dedi ki, nə zaman Şəkidə səhnəyə çıxmağa hazır olsan, istəsən o zaman çıxış edərsən. Beləliklə mən razılıq verdim və Mədəniyyət evində işə başaldım”.

Bir müddətdən sonra Mədəniyyət evinin nəzdində “Namus” pyesi hazırlanarkən aktrisa Sovqat Səmədovaya 22 yaşında olarkən Süsənbər obrazı həvalə olunub. Ancaq aktrisa çatışmamazlığı üzündən Şpanik obrazını oynayacaq bir şəxs tapılmayıb. Bu zaman Mədəniyyət evinin mərhum rejissoru Məmmədkəbir Hacıoğlu ona Şpanik obrazını da oynamağı həvalə edib. Çox böyük tərəddüdlərdən sonra aktrisa həm Süsənbər həm də Şpanik obrazları ilə ilk dəfə səhnəyə çıxmalı olub. Bu zaman Şəki rayon Partiya Komitəsinin birinci katibi olan Sadıq Murtuzayev və ikinci katibi olan Ənvər Nəzərli hazırlanan tamaşaya baxaraq onu təhvil alıblar. İlk səhnə debütünü xatırlayan aktrisa “Namusu təhvil verdik. Komissiya üzvləri tamaşaya baxdılar. Müzakirədə hər kəs ancaq Şpanikdən danışır. Maraqla hər kəs soruşur ki, kimdir Şpaniki oynayan. Mərhum Nazim müəllim də məni göstərib dedi ki, bu ölmüş (gülür). Məni görən hər kəs isə inanmır ki, axı bu cavandır. O zaman Sadıq Murtuzayev mənə dedi ki, daha bundan sonra cavan obrazlar oynamayasan. İnanırıq ki, sən xarakterlər yaradan bir aktrisa olaraq yetişəcəksən. Belə oldu ki, mən Xalq Teatrında qalıb aktrisa olaraq işləməli oldum” – deyir.

Beləliklə Sovqat Səmədova 1972-ci ilin aprel ayından Xalq Teatrında aktrisa olaraq fəaliyyətə başlayıb. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Dram Teatrı yaradılaraq bərpa olunub və az müddət ərzində böyük uğurlar qazana bilib. Bu zaman xalq teatrında fəaliyyət göstərən aktyor heyətindən Rafiq Yunusov, Sovqat Səmədova və Aydın Əlibalayevdən imtahan götürülərək yeni bərpa olunan teatra cəlb olunublar. Bu minvalla aktrisa 1975-ci ildən 2012-ci ilin dekabr ayınadək Şəki Dövlət Dram Teatrında 37 illik səhnə fəaliyyətində aktrisa olaraq çalışıb.

Şəki Dövlət Dram Teatrının səhnəsində yüzdən artıq obrazlar qaleriysı yaradan aktrisa “Komsomol poeması”da Gülcahan Ana, “Quşu uçan budaqlar”da Kaftar, “Adamın adam”da Xəbərçi Xədicə, “Müsyo Jordan və Dərviş Məstəli şah”da Xanpəri, “Hacı qara”da Tükəz, “Bir saatlıq xəlifə”də Səkinə xanım, “Lənkəran xanın vəziri”də Nisə xanım, “Aydın”da Böyük xanım, “Yalan”da Güllü xala, “Şirinbala bal yığır”da Dilşad, “Kəndimizin narları”da Maral, “Hökm”də Dilsüzə, “Kral Lir”də Kordelya, “Arvadımın əri”də Zərifə, “Ustalar”da Miramixa, “Onun iki qabırğasın”da Qəşəm ana obrazları maraqla baxılan və böyük ustalıqla yaradılan səhnə obrazlarının bir qismidir.

Bu gün də Şəki Dövlət Dram Teatrında çalışdığı müddət ərzində sənət dostlarından söhbət düşüərkən Sovqat Səmədov bir qədər kövrək səslə danışdı: “Bu illər ərzində sənət dostlarımdan söhbət düşərkən mərhum rejissorumuz, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevi xatırlamaya bilmirəm. Əslində o, mənim tək sevimli rejissorum olmayıb. Şəki Dövlət Dram Teatrında mənim qardaşım, sirdaşım, müəllimim olub. Onunla bağlı nə qədər də danışsam bitməz, tükənməz”.

Aktrisa Məmmədkəbir Hacıoğlu, Rahib Mustafayev, Vaqif Abbasov, Hüseynağa Atakişiyev, Cahangir Novruzov, Muxtar İbadov, Mirbala Səlimli kimi peşkar Azərbaycan teatrının professional rejissorlarının quruluşlarında maraqlı obrazları ilə hər zaman onların diqqətini cəlb etməyi bacarıb. Həmçinin Şəki Dövlət Dram Teatrının səhnəsində Cahangir Novruzov, Gülşad Baxşıyeva, İbrahim Əliyev, Hüseynağa Atakişiyev, Muxtar İbadov, Maya Əliyeva, Fərman Abdullayev kimi sənət dostları ilə birlikdə çiyin-çiyinə çalışaraq, müxtəlif səpgili əsərlərdə tərəfmüqabili olub.

1974-cü ildə Dövlət Akademik Musiqili Teatrı Şəkiyə qastrol səfərinə gələn zaman bu teatrın baş rejissoru Vaqif Ağayev Sovqat Səmədovanın Xalq Teatrında olan obrazlarda ifasını gördükdən sonra onu işləmək üçün bu teatra aktrisa olaraq dəvət edib. Ancaq 1975-ci ildə Şəki Dövlət Dram Teatrı yenidən bərpa olunduğu üçün aktrisa bu dəvəti qəbul etməyib. Aktrisa o illəri xatırlayarkən deyir: “1974-cü ildə Dövlət Akademik Musiqili Teatrı Şəkiyə “Qaynana” komediyası ilə qastrol səfərinə gəlib. Burada mən görkəmli sənətkarımız, xalq artisti Nəsibə Zeynalova ilə yaxından tanış ola bilmişəm. Bu tanışlıq sonradan böyük dostluğa hətta ana və övlad qədər sıx olan münasibətlərə çevrilib. Hətta Cahangir Novruzov 1985-ci ildə bizim Şəki Dövlət Dram Teatrına baş rejissor təyin olunduqda mən onun bacısı kimi çox yaxından qayğıları ilə məşğul olmuşam. O zamanda da Nəsibə Zeynalova da mənim  Dövlət Akademik Musiqili Teatrına aktrisa olaraq getməyimi təkidlə istəyirdi. Ancaq mən doğma Şəkidən ayrıla bilmədim”.

Sovqat Səmədova 2013-cü ilin yanvar ayından etibarən isə Bakı Uşaq Teatrında aktrisa olaraq fəaliyyətini davam etdirir. Bu teatrın səhnəsində “Əs-Xaş”da Mərhəmət, “Göyçək Fatma”da Nənə, “Humayın yuxusu”da Nənə, “Dələduz siçanlar”da Ana siçan, “Qış yuxusu”da Küpəgirən, “Çay dəsgahı”da Nağılçı, “Ballı”da Ballı, “Bəla”da Ana kimi maraqlı obrazlar qaleriyası yaradan aktrisa İntiqam Soltan və İlhamə Əhmədova kimi rejissorlarla çalışır.

Aktrisa fəaliyyəti müddətində bir sıra bədii və sənədli filmlərdə də maraqlı obrazlar yarada bilib. Belə ki, “Axırıncı dayanacaq”, “Sübhün səfiri”, “Anai”, “Qaynanamız”, “Bağlı qapı”, “İmtahan”, “Qız qaçırma-2”, “Baldızım”, “O dünyadan salam”, “Niyə-2”, “Döngələr”, “İşığa doğru”, “Qız yükü”, “Günahkarlar”, “Könül yarası”, “Üç bacı”, “Bir qadın” bədii eləcə də sənədli televiziya filmlərində də maraqla qarşılanan rəngarəng və bitgin obrazlar yaratmağa müvəffəq olub. Bununla yanaşı aktrisanın kino fəaliyyəti Türk kinomotoqrafiyasının da diqqətindən kənarda qalmayıb. Belə ki, “Həyat varsa”, “Mahmud və Məryəm” filmlərinə dəvət alan aktrisa maraqlı surətlərə çəkilib.

O, fəaliyyəti müddətində bir çox Fəxri fərmanlarla və eləcə də Beynəlxalq Teatr Festivallarının mükafatları ilə təltif olunub.

Bu gün bir oğul, dörd nəvəsi olan aktrisa Sovqat Səmədova yaradıcılığı ilə körpə fidanlarımızın qarşısında maraqlı və orjinal surtətləri ilə çıxışlardan böyük zövq alır. Yaşayır və yaradır. Sənətin nur işığında parlayan günəş tək varlığını sübüt edir. Sənətkar ömrü yaşanan illərlə deyil, görülən əməllərlə ölçülür. Sənətkar var ki, ömrünü “yüksək titullar qazanmağa” sərf edir, qısa zamanda sənətin zirvələrini fəth edir. Sənətkar da var ki, qəlbini piltə-piltə əridir, öz insani və vətəndaşlıq borcunu təmkinlə, hay-küysüz yerinə yetirir, məqsədi, amalı uğrunda daima hərəkətdə, inkişafda olur.

 

Anar Burcəliyev, teatrşünas

Hürriyyət.- 2020.- 11-13 yanvar. S. 14.