Xatirələr dəftərindən səhifələr
İllər
keçdikcə və insan uşaqlıq
və gənclik dövründən uzaqlaşdıqca
xatirələr beynin alt qatlarına köçüb, çox vaxt yuxularda və müxtəlif sujetlərdə
dönə-dönə təkrar olunur. Xüsusən qocalıq illərində daha intensiv olub demək olar ki, adama hər gecə
bəzən şirin, bəzən
də əzablı xatirələr bəxş edir.
Əlbəttə, bütün bunlar əsasən hissiyatlı
və yüksək intelekt sahibi olanların
həyatında baş verir. İnsan ömrü boyu bu xatirələrdən qopa bilmir.
Mən də
demək olar ki, hər
gecə bu cür həyəcanlı xatirələrlə dolu yuxular görürəm.
Mənim on üç, on dörd yaşından ta otuz, otuz beş yaşına kimi həyatımın iki tələbi, iki məşğuliyyəti, iki ehtirası olub: sevgi və kitablar. Xüsusən Bakıya köçüb universitetin tələbəsi olduğum və eləcə də sonrakı illər bu mənada beynimin əsas xəzinəsi olaraq qalır.
Tələbəsi olduğum və o vaxt indiki İqtisad universitetinin binasında yerləşən
binanın ətraf rayonları və bulvar həmin dövrlər üçün əsas məskənim idi. Elə həmin
illər də həyatımın ən xoşbəxt və
ən kədərli, mənəviyyat cəhətdən
çətin keçən illərini təşkil edir. Qiyabi oxuduğuma görə vaxtım bol idi. Amma işsiz və kirayədə yaşayan, arabir şeirləri çap olunan və yenicə bitirdiyi “Qızılbaşlar” romanını heç cür çap etdirə bilməyən gənc Əlisa Nicat. Elə həmin illərdə də həyatım
1959-1961-ci illər arasında iki böyük sevgim və gözəllər
gözəli olan iki sevgilimin olması ilə keçmişimin bütün sərvətini
təşkil edir. Yaxından tanış olduğum hətta biri ilə bir neçə ay görüşdüyümüz həmin qızlarla sevgi tariximiz baş tutmayıb, yarıda qırıldı. Səbəb
isə o idi ki, işsiz və evsiz idim. Qızlar isə nişanlanmaq və az sonra da evlənməyimizi
istəyirdilər. Mən isə təkrar edirəm işsiz və evsiz idim. Amma həmin qızlar bugün hələ sağdılarsa, həyatımda necə
dərin izlər buraxdıqlarını yəqin ki, bilmir və çoxdan unudublar. Amma mənim inadkar beynim isə heç cür unuda bilmir.
O dövrün yəni
1957-1975-ci illərdə iki ən
yaxşı dostum var idi ki, demək olar ki, hər gün görüşürdük. Əlbəttə hər adam özünə uyğun, özünə yaxın, özünə
bərabər olanlarla dost olur. O dövrün ən parlaq şairlərindən biri olan Vaqif Nəsib
və dərin intelekt və
zəka sahibi Beytulla Şahsoylu ... biz demək olar ki,
hər gün görüşər, bir yerdə nahar edər, çay içər, bulvarda və
Tarqovidə gəzər, sevinc və
kədərlərimizi, eləcə də sevgi və arzularımızı
bölüşərdik. Və bu iki qeyri-adi istedad, zəka və
şəxsiyyət sahibləri mənim tüğyan edən arzu, sevgi və yaradıcılıq
nümunələrimin şahidləri və
təqdirediciləri idilər. Amma etiraf edək ki, mən onlardan daha artıq oxumaq həvəskarı idim. Doğrudur, Beytulla da çox oxuyardı və hətta mənə tanış
olmadığım dahilər haqqında ilk dəfə məlumat da verərdi.
Məsələn Montenlə bu cür tanış olmuşdum. Mənim onlardan fərqim onda idi ki, öyrəndiklərimi, bəyəndiklərimi, vurğun olduğum dahilərin
əsərlərini əldə etməyə,
özümdə olmağına nail olmayınca rahatlıq tapa bilmirdim. Xüsusilə sevgilərimin baş tutmamasından sonra tamamilə
həyatımı fəlsəfə, tarix və ədəbiyyata həsr etmişdim. Orada itirdiklərimin üstünü bunlarla örtürdüm.
Böyük qardaşımın köməyi
ilə həm yaşayır, həm kitab toplayır, həm də gecə-gündüz oxuyurdum (yeri gəlmişkən qeyd edim ki, sonralar çətin maddi günlərimiz
də iki dəfə kitabxanamı
satmalı oldum).
Qayıdaq yenə
1960-cı illərə. Gərək ki, 1963-cü ildə mən Lənkəranda ikən Vaqif Nəsibdən məktub aldım. O, mənə
həsr etdiyi iki şeirini göndərmişdi. Onların biri artıq dönə-dönə çap olunub və bu yaxınlarda rast gəldiyim ikincisi isə hələ əlyazma olaraq qalır. Bu vərəq saralıb ortadan cırılsa da sətirlər çox aydın oxunur və mənim üçün çox əzizdir. Çünki həmin tufanlı günlərin çox realist əks-sədasıdır. Bu şeir oda deyil, orada tərif yoxdur və demək olar ki, çox amansız bir ruhda yazılıb. Amma mənim 25-26 yaşlı dövrümdə
necə bir şəraitdə
yaşadığımı, necə bir daxili həyəcanlar,
fırtınalar içində olduğumu əks etdirir. Həmin şeir budur:
ƏLİSA NİCATA
Əlindən gəlmir,
Daşlardan insan yonmaq,
X üstə Y gəlmək,
Ulduzdan ulduza qonmaq,
Alim,
Şair,
Fəhlə
Kimi səs sala bilmirsən.
Həyatda hər cür
çətinliklə
Reaksiyaya girirsən,
Özünü ala bilmirsən.
Elə hey
Bir az səbri,
Bir az bəxti
Kirayə götürmək
istəyirsən.
Elə hey
Sevdiyin bir günəşciyə
Günəşi gətirmək
istəyirsən.
Heç nə bacarmırsan, -
Yer əkmək,
Maşın və ya
Ömür sürmək,
Durna olmaq
Zamanla bağlanıb,
Dəyişməmək,
Sabit qalmaq,
Gedə bilmirsən axıradək,
Bir əməlin boyunca,
Təkcə sevmək gəlir
əlindən
Sevirsən doyunca,
Doyunca, doyunca.
Əlisa NİCAT
Hürriyyət.- 2020.- 25-27 yanvar. S.
14.