Dünya
musiqisi inciləri haqqında
Bu barədə mübahisəyə
qətiyyən ehtiyac yoxdur. Bu zövq məsələsi də
deyil. Həm də musiqi çox qəribə,
çoxçalarlı, hətta deyərdim ki, sehrli bir sənətdir.
Daha doğrusu, sənətlərin tacıdır. Belə ki, hər
hansı bir sənəti hətta sevmədən də öyrənmək
olar. Musiqini isə sevmədən, onun gözəlliklərini
duymadan, illər boyu onun sehri ilə
yaşamadan musiqi aşiqi olmaq mümkün deyil. Bəstəkar
olmaq olar, amma qüsursuz musiqi duyumuna malik olmaq çox çətindir.
Bəzilərinə xoş gəlməsə də, məsələn
böyük tarzən Ramiz Quliyev, mərhum bəstəkarlar
Vasif Adıgözəlov, Arif Məlikov mahir professional olsalar
da qətiyyən musiqi zövqünə malik deyildilər. Mən
bunu ondan bilirəm ki, birincinin yeganə operasında heç
bir heyranedici musiqi nömrəsi, ikincinin çox yerlərdə
tamaşaya qoyulan baletində bir türk xalq rəqsindən
başqa demək olar ki, yaddaqalan heç nə yoxdur. Mən
belə düşünürəm və 13-14
yaşlarımdan musiqi ilə məşğul olub, daha
doğrusu hər gün musiqiyə qulaq asıb və 15-16
yaşımdan “Arşın mal alan”ı, 20 yaşımdan isə
“Koroğlu” operasını əzbər bildiyimə görə
kiminsə xoşuna gəlib-gəlməməyindən
asılı olmayaraq bu sahədə öz düşüncələrimi,
hökmümü və zövqümü etalon hesab edirəm.
Hər
gün, bəli demək olar ki, hər gün internetdə
müxtəlif musiqi əsərlərini dinləməklə məşğulam
və buna görə vaxtilə ətək-ətək pul
verib aldığım musiqi lentləri və diskləri
arxivimdə rahat-rahat dincəlir. Hərçənd ki, məndə
olan və internetdə olmayan
onlarla musiqi əsərləri başqa yalnız Azərbaycan
Dövlət Radio verilişləri komitəsinin musiqi fondunda
mürgüləyirlər. Ona görə “mürgüləyirlər”
deyirəm ki, həmin musiqilərin kartotekaları çox
güman ki, radionun musiqi şöbəsində itmişdir.
Əlbəttə, fondu təzədən siyahıya almaq
lazımdır. Çünki bu kitab fondu ilə bərabər
respublikamızın və xalqımızın ən
böyük sərvətidir. Məsələn, məndə
Ermənistan faqotçalanının ifasında “Gülçöhrənin naləsi”
var. Və ya bəstəkar Səid Rüstəmovun
dirijorluğu ilə Azərbaycan
Xalq çalğı alətləri orkestrinin ifasında
“Çahargah” muğamı var.
Eləcə də başqa bir çox misilsiz musiqi nömrələri.
Yavaş-yavaş
gəldik əsas məqsəd üstünə. Məsələ
burasındadır ki, internetdə, daha doğrusu “Youtube”-də
bütün janrlarda minlərlə musiqi əsəri
toplanmışdır. Burada kim gəldi öz bəsit
zövqünə, öz istəyinə uyğun olaraq (hətta dostbazlıq və yerlipərəstlik
elementləri də var) interneti doldurmuşdur. Eləcə də
Avropa və dünya musiqisi sahəsində də eyni səhnənin
şahidi oluruq. Amma qərb musiqisinə aid səhifələrdə
bir-iki iradım var. Bunlar da əsasən həmin adminlərin
Azərbaycan musiqisinə qarşı ədalətsizlikləridir.
Məsələn, “10 musiqi şedevri, “20 musiqi şedevri”, “40
musiqi şedevri” kimi
başlıqlar altında verilən musiqilərdə bircə
dənə də olsun Azərbaycan musiqisinə rast gəlmək
olmur. Görünür, bu işdə həm ermənilərin
əli, həm də rusların şovinizmi və biganəliyi
əsas rol oynayır. Məsələn “20 musiqi şedevri”
siyahısında Motsartın 2, Bethovenin 3, Çaykovskinin 2,
Bizenin 2, Paqanininin 2, Veberin, Bramsın, Baxın, Şubertin,
Oginskinin, Vivaldınin və nəhayət, erməni yəhudisi
Xaçaturyanın da bir əsəri – “Spartak” baletindən
“qılıncoynadanlar rəqsi” daxil edilmişdir. Halbuki bu
sonuncu əsərin bir hissəsi daram-durum, bir hissəsi də
Azərbaycan xalq təsnifidir. Halbuki bu siyahını tərtib
edib internetə ötürənlərin zərrə qədər
vicdanı, savadı, zövqü və ədaləti
olsaydı, ora mütləq Üzeyir bəyin ya fantaziyası,
ya da “Aşıqsayağı” kimi musiqi incilərindən biri
daxil edilməliydi. Eləcə də yəhudilərə qohum
olan və bununla da fəxr edən Qara Qarayevin də “Yeddi
gözəl” baletindən məşhur vals – çahargah daxil
edilməliydi. Amma bunların heç biri yoxdur. Və bu boyda
Azərbaycanda internetə burunlarını soxan yüzlərlə
musiqi həvəskarları çoxdan Azərbaycan musiqisindən
ibarət də belə bir siyahı və ya məcmuə
yaratmalıydılar. Amma yoxdur. Halbuki A.Xaçaturyanın həmin
“Spartak” baleti haqqında Amerika mətbuatında çox
amansız tənqidi yazılar çıxmışdı və
yazılmışdı ki, ümumiyyətlə bu balet
heç nəyə dəyməz. Mən lap bu yaxınlaracan
50-55 il qabaq “Za rubejom”
jurnalında çap olunmuş həmin resenziyanı
saxlamışdım. Bu bir. İkincisi, Xaçaturyan
ümumiyyətlə heç Avropada da elə ciddi bir bəstəkar
qəbul olunmur. Üzeyir bəyin tunc büstü Vyananın
musiqiçilər parkını bu gün də bəzəyir.
Xüsusilə də fransız musiqişünasları hələ
də Üzeyir bəy haqqında təqdiredici məqalələr yazırlar.
Üstəlik, dahi bəstəkarın adı dünya
şöhrətli “Laruş” fransız ensiklopediyasının
30-40-cı illərindəki nəşrini hələ də bəzəməkdədir.
O vaxt ilk dəfə mən bunu görmüş və
aşkar etmişdim.
Azərbaycanın
həqiqətən musiqisevərlərinə - yəni bu sahədə
zövqü, həvəsi, sevgisi mənə yaxın olanlara
misilsiz bir hədiyyə təqdim etmək istəyirəm. Bu hədiyyə
yaxşı bələd olduğum (yalnız Asiya musiqi mədəniyyəti
istisna olmaqla – çünki yapon, çin, hind, ərəb və
orta Asiya xalqlarının musiqisinə o qədər də dərindən
bələd deyiləm) Avropa, rus və Azərbaycan musiqisinin
20 ən gözəl incisinin sıyahısıdır.
Onların bəziləri haqqında zaman-zaman “Hürriyyət”
qəzeti səhifələrində məlumatlar vermişəm.
Lakin bu siyahı, bu seçim ilk dəfədir ki işıq
üzü görür və inanıram ki, zəkalı və
sevimli tələbəm
Şahin Şirinzadə kimi həmin musiqisevərlər
də bu siyahını gördükləri, oxuduqları
günü bayram günü kimi yadda saxlayacaqlar. Məsələ
bundadır ki, bu musiqilərin qiyməti yoxdur. Vaxtilə Avropa
sənətşünasları bəzi rəngkarlıq əsərlərinə
qiymət qoymuşdular. Məsələn, Leonardo da
Vinçinin “Mona Liza” sına (Cokonda)
keçən əsrin 70-ci illərində bir milyard
dollar qiymət qoymuşdular. Eləcə də başqa bir
neçə əsərə bu cür fantastik qiymətlər
qoyulmuşdu. Bu qiymətlər satış üçün
deyildi. Sadəcə həmin əsərlərin nə dərəcədə
ağlasığmaz qiymətə layiq olduğunu göstərmək
üçündür. O vaxt yalnız bir əsərə qiymət
qoyulmayıb deyilmişdi ki, həmin əsər hər cür
qiymətdən yüksəkdir. Bu əsər Rafael Santinin
“Sikstin madonnası” tablosudur. İndi təkrar olmasın – mənim
bu siyahımdakı əsərlər də eləcə hər
cür qiymətin fövqündədir. Çünki bu əsərlərin
gözəlliyi, emosional təsiri, onların insanın
zövqünə və ruhuna verdiyi ləzzət və
xoşbəxtlik təkrarolunmazdır.
Necə ki, həmin əsərlərin özləri də
bir-birlərinə bənzəməyən təkrarolunmaz
musiqi inciləridir. Musiqini isə sizə xəbər verim ki,
dahi A.Şopenhauer bütün sənətlərin ən
ilahisi hesab edib hətta fəlsəfədən üstün
tuturdu. Budur həmin siyahı:
Lüdviq
van Bethoven - “Appasionata”
Lev
Knipper – “Polyuşka-pole
Üzeyir
Hacıbəyov – “Məcnunun atasının ariyası”
Volfqanq
Amadey Motsart - “Türk marşı”
Aleksandr
Alyabyev – “Bülbül”
Pyotr
Çaykovski “Sonalar gölü” baletində balaca qu
quşların rəqsi.
Bethoven
– 5-ci simfoniya
Coakkino
Rossini “Sevilya bərbəri”
operası uvertürası və Fiqaronun ariyası.
Frans
Şubert “Gözəl dəyirmançı”
mahnılar silsiləsindən ovçunun mahnısı
Motsart 40-cı simfoniya
Aleksandr
Aleksandrov – “Müqəddəs müharibə”
Matvey
Blanter “Katyuşa”
Üzeyir
Hacıbəyov – “Gülçöhrənin elegiyası”
Jorj
Bize “Karmen operası” “Xabanera”
N.
Rimski-Korsakov “Şəhrzad”
simfonik süitasından “Bağdadın axşamı”
İsaak
Dunayevski – “Başınağacı kolu çiçək
açır”
Frederik
Şopen “Ekspromt fantaziya”
İohann
Sebastyan Bax “Tokkata”
Oginski “Polonez”
Cahangir
Cahangirov “Qəzəl”
Bu
musiqilərin bəzilərinin əlbəttə, yeri dəyişilə
bilər və ümumiyyətlə bu siyahıya daxil ola bilən
başqa musiqilər də var, buna şübhə yoxdur.
Amma musiqi duyumu olanlar
üçün sevdiyi musiqidən olanlar üçün bu
siyahının dəyəri və qiyməti həddindən
artıq yüksəkdir. Və ümumiyyətlə bu
siyahıya qulp qoymaq kim olub-olmamasından asılı
olmayaraq yaramazlıq sayıla
bilər.
Əlisa
NİCAT
Hürriyyət.- 2020.- 28-29 yanvar. S. 14.