Zəngin Zəngəzur təbiəti…
(VI məqalə)
Qarabağ vulkanik yaylası (ən
hündür zirvəsi Dəlidağ, 3616 m) ilə Zəngəzur
dağları (Qapıcıq zirvəsi, 3904 m) arasında, Araz çayının sol
qolları olan Bazarçay (uzunluğu 178 km, bunun 119 km-i Zəngəzur
mahalı daxilindədir, Həkəri çayının
sağ qolu), Oxçuçay (85 km), Gığıçay
(45 km) və Mehriçay (70 km) çayları hövzəsini
əhatə edən və Qərbi Azərbaycanın cənub
hissəsini tutan Zəngəzur mahalı Alban,
xristianlığaqədərki və qədim müsəlman-türk
tarixiliyi ilə yanaşı, həm də təbii-coğrafi
şəraitinin mürəkkəbliyi-müxtəlifliyi ilə
də fərqlənir.
Rus-sovet
şərqşünası, Qafqazşünas, tarixçi,
etnoqraf, Rusiya İmperiya və SSRİ EA-nın akademiki
N.Y.Maarın (1865-1934, ana xətti ilə gürcü mənşəli)
“Qafqaz əhalisinin tayfa tərkibi” əsərində (1920) qeyd
etdiyi – e.ə. II-I minilliklərdə Qara və Xəzər dənizi
hövzələrini tutan Sak-Skif-Xəzər tayfa-dövlət
birliklərinə daxil olan türkdilli
qıpçaq-peçenq və sak(skif)-xəzər
icmalarının Qafqaza, eləcə də Kiçik Qafqaza
böyük köç yürüşləri nəticəsində
əski Zəngəzur mahalında məskunlaşması
mülahizəsinə əsasən bir sıra toponimlərin
etno-morfogenezisinin təhlili aparılmışdır. Bu
cür etnotoponimlər sırasında “Syunik”, “Sisakan” yer
adı (“sak” söz kökü olmaqla) xüsusi yer tutur.
Sonrakı dövrlərdə yerli xalqların kökənli
dil, dialekt, şivə tələffüzünə uyğun
olaraq bu etnotoponim, eləcə də orotoponim kimi Zəngəzur
adı ilə (təbii coğrafi şəraitinə rəğmən)
öz təsdiqini tapmışdır.
Zəngəzur
mahalı (4,5 min kv.km) tarixi-coğrafi şəraitinə
görə əlverişli relyef və coğrafi mövqeyə
malik olduğu üçün həm də Naxçıvan
MR ilə həmsərhədliyi böyük siyasi-iqtisadi əhəmiyyət
daşıyır, uzun minilliklər ərzində birləşmiş
düşmən qüvvələrinin hərbi meydanına
çevrilmiş, son yüzilliklərdə isə bölgənin
kökənli müsəlman-türk əhalisi mürtəce
hay kilsəsi-hay sürüsü tərəfindən
1904-1906-cı və 1918-1920-ci illərdə törədilmiş
soyqırım-qətliam faciələrini (50-60 min nəfər)
yaşamışlar. Həmin amansız qətliamlar zamanı
dinc sakinlərin bir hissəsi qonşu coğrafi məkanlarda
da sığınacaq tapmışlar, hazırda həmin ərazilər
o dövrün tarixi-coğrafi keçmişini özündə
yaşadır, hər dağında, hər qayasında, hər
düzündə qanlı hadisələrin şahidliyini
qoruyub saxlayır.
Araz
çayının sol yatağlarını tutan Mehri, Qarakisə,
Qafan və Gorus nahiyələrini əhatə edən Zəngəzur
mahalının hər bir
yaşayış məntəqəsinin hərtərəfli tədqiqi
elmi-nəzəri baxımından (tarixi, coğrafi, iqtisadi, hərbi,
filoloji, arxeoloji, teoloji, dünyəvi…təhlil
baxımından) tarixi-coğrafi keçmişimizin öyrənilməsi
və gələcək nəsillərə ötürülməsi
baxımından ümumxalq və ümumdövlət əhəmiyyəti
daşıyır.
Qafan nahiyəsinin
Yuxarı və Aşağı Gödəkli (bu kəndlərin
arası 2 km-dir), Cibikli, Şabadin, Qaraçimən,
Ağbulaq, Şamsuz, Qurdqalağı… kəndləri də
istisnalıq təşkil etmir.
Yuxarı
Gödəkli kəndi nahiyə mərkəzindən 7 km
aralıda, Qafan-Gorus yolunun yaxınlığında yerləşir.
Yaşlı sakinlərindən Əbdül Gülməmməd
oğlunun (1892-1982), Təmil Şahbudaq oğlunun (1897-1982),
İsa Qənbər oğlu Hüseynovun (1909-1989)… söyləmlərinə
görə kəndin bünövrəsi XVII əsrdə Cənubi
Azərbaycanın Ərdəbil mahalındakı
Üçdibin kəndindən gəlmiş Eyvaz xan tərəfindən
qoyulmuş, onların tayfası indi də Eyvazxanlılar şəcərəsini
davam etdirir. Bu nəslin xələflərindən olan cərrah-travmatoloq
Ayaz Musa oğlu Hümbətov (1972) ulu babalarının
doğma Üçdibin kəndində olmuş, soyköklərinin
orada yaşayan və Eyvazxanlılar adlanan qohumları ilə
görüşmüşdür, 2019-cu ildə.
Kəndin
tarixiliyini yaşadan Kaha dərəsi (kəndin şərqə
doğru 1 km-də qoz ağacları ilə örtülü,
Şallı dağına yaxın, Gorus-Qafan yolunun altında)
də qaçaq Nəbi Alı oğlunun (1854-1896) səngər
yerlərindən olub, o, kənd sakini Xalıqverdi ilə dost
olub. 1905-1906-cı illərdə quldur Q.Nijde və
A.Ozanyanın dəstələri nahiyənin kəndlərində,
o çümlədən Yuxarı Gödəkli kəndində
qətliamlar törədəndə bir çox ailə yurd-yuvalarını
birdəfəlik tərk etmişlər. Kəndin şərqində,
1 km aralıda Xustup-Qatar dağını (3206 m)
bürümüş meşəliyin ətəyindəki
biçənək sahəsindəki həmin ocaqlar
“Çuxuryurd yeri” kimi qalmaqda
idi.
Xustup-Qatar
orotoponimi əski oğuz-türk tayfalarının dilində
formalaşmış “Oğuz təpəsi”, “Oğuz təpələri”
adının dəyişilməsi və fonetik təlləfüzə
uyğun təsdiqini tapmışdır. “Qatar” sözü məhz
“sıralanmış təpələrə” görə əlavə
edilmişdir. Bu dağ Zəngilan nahiyəsinə qədər
uzanır.
Yuxarı
Gödəkli kəndinin qərbində, 8-10 km-lik məsafədə
meşə ilə örtülü Şallı dağı
ucalırdı, üstü subalp və alp çəmənlikləri,
yaylaq yerləri idi, Şabadin, Zeyvə, Sevəkər… kəndlərinə
yaxın. Şallı dağının zirvəsini həmişə
bürüyən dumana, çənə işarə olaraq onu
belə adlandırıdılar. Ona kəmər kimi bitişən
Kəmərə dağının sıldırımlı,
yalçın qayalıqlarının ətəkləri
kollu-koslu, meşəli dərələrlə
örtülü idi, Qafan-Gorus yolu onun böyüründən
keçirdi.
1905-1906-cı
illərdə hay kilsəsinin təşkil etdiyi qətliamlardan
sonra Sevəkər kəndi yandırılmış, talan edilmiş,
canını qurtaran sakinlər qonşu kəndlərdə məskunlaşmış,
1910-cu ildən sonra hay sürüsü orada yerləşdirilmişdir.
Bu kənd Qafan şəhərindən 10 km aralıdadır.
Həmin
illərdə Qacaran kəndi yaxınlığındakı
Kirt (20-yə qədər ev olub) və Bəydaş (30-40 ev) kəndləri
yer üzündən silinmiş, sağ qalanlar Gödəkli,
Almalıq kəndlərinə, Qubadlı nahiyəsinin Mollu kəndinə
sığınmışlar.
Bu yerlərdə
1920-ci ildən sonra Suriyada köçürülən haylar
yerləşdirildi.
1950-ci illərdə
Azərbaycan SSR Daxili İşlər nazirinin müavini, sevəkərli
hay-daşnak ünsürünün anasına göndərdiyi
yazısı ələ keşmişdir, həmin məktubda
yazılmışdır ki, arxayın olun, sizin
qisasınızı almışıq və almaqda davam edirik.
Yuxarı
və Aşağı Gödəkli kəndlərinın ətrafını (1-2 km aralı) ən çox
palıd ağaclarından ibarət olan Aybasan və Əbilcə
meşələri bürümüşüdü. Bu meşələr
uzanaraq “Almalıq”, “Qızıldaş” yerlərindən
keçərək həm Qafana, həm də Qubadlıya tərəf
uzanırdı, Qızıldaş dağının
gündoğan yamacının ətəklərində
Eyvazlı, Məzrə, Qədirli, Seytaz kəndləri salınmışdır.
Aybasan
meşəsi ağac növlərinin zənginliyinə
(palıd ağaclarından başqa vən, ulas,
ağcaqayın, quşarmudu, yemişan… çox idi) və sahəsinin
böyüklüyünə görə bölgədə
xüsusilə seçilir.
Kəndin
ətrafındakı meşələrdə “Eyvaz
bulağı”, “Qaşıq bulaq”…, “Armudlar düzü”,
“Düz zəmi”, “Düzlər yeri”…, “Hətəm
daşı” (hündür yer idi, üstü biçənək,
bir tərəfi meşə), Sulu dərə (Şallı
dağ istiqamətində)… kənd sakinlərinin
ictimai-iqtisadi, mənəvi-ruhsal həyatının bir hissəsi
idi.
Biçənək
yerlərində çoxlu (10-15) kahalar vardı, kollu-koslu,
meşə sahələrinə (burada əhəg yataqı
tapılmışdır, “Çuxuryurd yeri”nin həndəvərində)
bitişik, ümumiyyətlə Yuxarı Gödəkli kəndinin
280-300 hektara qədər biçənək yeri olub.
Kəndin
qərbində, girəcəyində “Nəsir ölən yer”
1920-ci ildə pusquda duran hay quldurunun qanlı əməlinə,
vəhşiliyinə, qansızlığına… nişanə
olan toponimdir.
“Almalıq
meşəsi”ndəki (Aşağı Gödəkli kəndindən
5-6 km aralıda) mağarada, sal qaya, daş
parçalarının arasında qara qüvvələrin
olduğu güman edilirdi, ora “Tüklü pir” deyilirdi, alt hissəsində
bulaq, ona yaxın “Səki biçənəyi” təqribən
10 hektar sahəni tuturdu. Biçənəyin
qırağını yaşı 120-130 ilə çatan armud
ağacları bürümüşdür.
Kəndin
özündə qoz ağacları (diametri 3 m-ə çatan)
vardı ki, hərəsindən 12-13 kisə qoz
yığılırdı.”Almalıq meşəsi”nin
ortasında talada II-III əsrə aid Alban yaşayış məskəninin
10-a qədər yurd yeri qalırdı.
Qeyd etmək
lazımdır ki, Zəngəzur mahalı tarixi-coğrafi
keçmişinin qədimliyi ilə yanaşı təbii
şəraitinin əlverişli olması ilə (əsrarəngiz
təbiət lövhələri, relyef formasının zənginliyi,
hidroqrafik şəbəkəsinin sıxlığı, bərəkətli
torpaq-müalicəvi iqlim havası… olmaqla) bütövlükdə
Azərbaycan hüdudlarında seçilən (düşmənə
göz dağı olan) bölgəmizdir.
Təsadüfi
deyil ki, XIX-XX əsrin tanınmış bəyləri
üçün məhz Qafan-Görus məhsulları göndərilərdi…
R.S.
Türkiyə Cumhuriyyətinin Ərzurum mahalında,
Xaçmaz rayonunda da eyniadlı Gödəkli kəndləri
var. Yuxarı Gödəkli kəndinin adı Vardan,
Aşağı Gödəkli kəndinin adı Merku Qodaklu,
Qarakisə şəhəri Sisiyan, əvvəllər
Laçın nahiyəsinin Malıbəy və
Qarıqışlaq kəndlərinin 5-10 km-də yerləşən
və Şuşa qəzasına aid olan Xanabad kəndi 1920-ci
ildən sonra Gorus nahiyəsinə daxil edilmiş, bu toponim dəyişilərək
Xnatsax, Araz çayını Erasx, Bazarçay çayı
Vorotan, Oxçuçay çayı Voxçi…
adlandırır hay kilsəsi və
hay sürüsü.
Qismət
YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin
müəllimi
Qeyd: Yazının
hazırlanmasında həm də Qərbi Azərbaycanın
Qafan nahiyəsi, Aşağı Gödəkli kənd sakini
Yaqub Soltan oğlu Orucovun (1962) və Yuxarı Gödəkli kənd
sakini Məhərrəm Musa oğlu Hümbətovun (1966) məlumatlarından
istifadə edilmişdir.
Hürriyyət.- 2021.- 1-2 aprel.- S.13.