Əliabad qəsəbəsinin sönməz
ulduzu…
Dörd dəfə
komandirini ölümün pəncəsindən xilas edən
şəhid İsmayıl İrapov
44 günlük
İkinci Vətən Müharibəsində tarixi və əbədi
düşmənimiz, faşist xislətli ermənilərə
qan udduran cəsur oğullarımız, millət seçimi
etmədən döyüşlərdə birlik, əzmkarlıq
və bir-birilərinə dayaq, dəstək nümayiş
etdiriblər. Respublikamızın bütün bölgələrindən
olan valideynlərin alın təri ilə qazandıqları
halal çörəklə böyütmüş bu sadə gənclər
bir-birilərinə arxa olaraq, təsəlli verərək, inamla,
hətta ağır yaralı vəziyyətdə bir-birilərini xilas etməyə
çalışırdılar. Bu oğullar bir yumruq kimi birləşərək,
o, azğınlara qarşı hər an kəsərli
cavablarını veriblər…
Və Zəfər Qələbəsinin qazanılmasında Azərbaycanda yaşayan azsaylı xalqların, millətlərin, etniklərin nümayəndələri ancaq bir amal uğrunda, Azərbaycanımızın bütövlüyü və Qarabağ torpaqlarının düşməndən təmizlənməsi uğrunda döyüşüblər…
Yazılarımda qeyd etdiyim kimi, cəbhə bölgələrindәn çox-çox uzaqda yerləşən qədim Zaqatala diyarında, bu torpaqda tarixən yaşayan bütün millətlərin cəngavərləri – düşmənə öz hünərlərini göstəriblər…
Əliabad qəsəbəsi Zaqatala rayonunun ən çox yengiloyların yaşadığı yaşayış məntəqəsidir. Qəsəbənin əhalisi 10 min nəfərdən çoxdur. Zaqatala Rayon İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi, təcrübəli ziyalı Həsən Həsənov söhbət zamanı bildirdi ki, Birinci Qarabağ Savaşında da Əliabad qəsəbəsindən onlarla vətənpərvər gənc Vətənimizin bütövlüyü və Qarabağ torpaqlarının azad edilməsi naminə vuruşublar. Onlardan bir qismi Qazi olub, 6 nəfəri isə şəhidlik statusunu alıb.
Həsən müəllimin söylədiyinə görə İkinci Qarabağ Müharibəsində qəsəbədə yaşayan 50 –dən yuxarı yengiloylu gənc həm könüllü, həm də səfərbərliklə və həmin zaman həqiqi hərbi xidməti keçirən hərbiçilərdən Azərbaycanımızın bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüblər…
Qəsəbə icra nümayəndəsi Həsən Həsənovun verdiyi məlumata görə, İkinci Vətən Müharibəsində qəsəbədən 1 nəfər şəhadətə qovuşub, 8 nəfər isə yaralanaraq Hüquqi Qazi olublar.
Bu savaşda Əliabad qəsəbəsindən ağır döyüşlərdə mərdlik edərək, həlak olan igid yengiloylu kimdir? Onun keçdiyi qısa və şərəfli ömründən danışaq, qəsəbənin “Kürə” adlanan obasında yaşamış, uşaqlıq, yeniyetməlik dövrünü və məktəb illərini bu obada yaşıdları ilə mənalı keçirmiş, İsmayıl Nəsrullah oğlu İrapov haqqında… Zaqatala rayonu Əliabad qəsəbəsinin sönməz ulduzu barəsində…
…Əlbəttə ki, Əliabad qəsəbəsində olduğum zaman, rayonun torpaqlarımızın işğaldan azad olunmasında cəsur, şəhid oğulları barədə ətraflı məlumatlar toplamaqla yanaşı Həsən müəllimlə birlikdə, şəhid İsmayıl İrapovu da xalqımıza tanıtmaq üçün onun ailəsi ilə görüşdük. Yenə də sadə, zəhmətkeş, nümunəvi bir ailə ilə elimizin-obamızın fəxrini Vətənə bağışlayan Nəsrulla kişi və Naimə xanımla. İsmayıl kimi ağıllı, tərbiyəli, vətənpərvər, zəhmətsevər, ağsaqqalın, ağbirçəyin hörmətini saxlamış, qəsəbə sakinlərinin sevimlisi olmuş bir gəncin valideynləri ilə…
…İkinci Vətən Savaşından sonra şəhidlik statusuna yüksəlmiş Nəsrulla və Naimə İrapovalar üçün söz yox ki, 18 yaşlı oğullarını bu çağlarda itirmək ağır itkidir, dərddir və sağalmaz yaradır… Bəli, nə qədər təsəlli versək də onlara zamansız övladın düşmən gülləsinə tuş gələrək həlak olması nə deməkdir…
…Bu ailənin iki övladı vardı: İsmayıl və onun bacısı Havva. Valideynlərinin söylədiklərinə görə İsmayıl İrapov 23 fevral 2002-ci il tarixində Əliabad qəsəbəsində dünyaya gəlib. Qəsəbədəki, Birinci Qarabağ Savaşında həlak olan, qəsəbənin cəsur oğlu Adil Hacıyev adına 1 nömrəli tam orta məktəbinin 9 –cu sinfini müvəffəqiyyətlə bitirib.
“Məktəbdə yaxşı oxuyurdu, məktəbin 9 –cu sinfini bitirəndə elə bilirdilər ki, o, harasa təhsilini davam etdirməyə gedəcək, dərs fənlərinin hamısına ciddi hazırlaşırdı. O, eyni zamanda Birinci Qarabağ Müharibəsində Əliabad qəsəbəsindən şəhid olan gənclərin həyatı və döyüş yolları ilə maraqlanır, öyrənər və onların qəbrlərini ziyarət edərdi”, – deyərək hələ də əynidən qara libasını çıxartmamış Naimə xanım çox mülayim səslə, təmkinlə söhbətini davam etdirdi:
“Məktəbi bitirəndə oğlumdan soruşdum ki, bala, niyə oxumağını davam etdirmirsən, ürəyin hansı sənəti istəyirsə seç və oxu, gələcəkdə həmin sənət sənin əlindən tutacaq, dedi ki, ana, oxumaq heç vaxt gec deyil, hərbi xidmətdən qayıdandan sonra oxuyub sənət sahibi olaram, bir də ki, işğal altında olan Qarabağ torpaqlarımızı işğaldan azad edək, sonra. Elə bil oğlum əvvəlcədən müharibə olacağını hiss etmişdi. Çox işgüzar uşaq idi, mənə də, atasına da ev və təsərrüfat işlərində yaxından köməklik edərdi. Boş vaxt keçirməzdi. Doqquzuncu sinifi bitirib, qəsəbədəki fındıq zavodunda işlədi, ailəmizə maddi cəhətdən köməklik etdi. İşdən qayıdandan sonra isə bizə əl tuturdu, biz hələ bir dəfə də olsa İsmayılı küçənin başında, yaşadığımız obada boş dayanaraq söhbət edəni görməmişik. Həqiqi hərbi xidmətə çağırılanda da oğlumuz böyük həvəslə Milli Ordu sıralarına xidmətə getdi və…”
Şəhidin atası Nəsrulla İrapov isə söylədi ki, oğlu İsmayıl 2020 –ci ilin aprel ayında Azərbaycanın Silahlı Qüvvələrinə, yəni Milli Ordu sıralarına hərbi xidmətə gedib. Əvvəlcə oğlu Müdafiə Nazirliyinin Ağcabədidəki “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Nəsrullah kişinin dediklərindən: “Oğlum hərbi xidmətinin ilk günlərindən vicdanla, qeyrətlə əsgərliyə başlayıb. Komandirlərinin tapşırıqlarını yerinə yetirib. Onlar oğlumun hərbi xidmətindən daima razılıq ediblər. Vaxtaşırı keçirilən hərbi təlimlərdə xüsusi ilə seçilən İsmayıl sərrast atıcı kimi birinci yer tutmuşdur. Oğlum dəfələrlə hərbi hissə komandirinin təşəkkürünü də almışdır. Hətta oğlum nümunəvi hərbi xidmətinə görə məzuniyyətə də buraxılmışdır. Ancaq evə gəlməkdən imtina etmişdir. Həmin vaxtlar artıq ermənilərin təxribatları səngimək bilmirdi. İsmayılla danışanda hər gün təlimlərdə olduğunu deyirdi… Onlar müharibənin qaçılmaz olduğunu bilirdilər. Ancaq bizə bu barədə heç nə bildirmirdi… Çünki azğınlaşmış mənfur düşmən Beynəlxalq qaydaları, şərtləri, danışıqları, atəşkəsi kobudcasına pozaraq, Milli Ordumuzun mövqelərini, sərhədboyu yaşayış məntəqələrimizi daha müasir silahlardan, artileriya qurğularından mütəmadi atəşə tuturdular… Necə deyərlər, azğınlaşmış erməni köpəkləri gecə-gündüz hürürdülər…”
İsmayıl hərbi xidmətdə olduğu dövrdə andiçmə mərasimindən sonra atası, anası və bacısı Havva onu görüşünə gediblər. Naimə xanım söyləyir ki, İsmayıl həmin görüşümüzdən çox məmnun qalmışdı, çox-çox sevinmişdi. Hərbi xidmətinin əla getdiyini söyləmiş, müharibə barədə də heç nə bildirməmiş və tezliklə məzuniyyətə gəlib görüşəcəyini demişdi. Sevimli bacısını bizə tapşırmışdı: “Bacımdan möhkəm muğayat olun, onu qoruyun, xətrinə dəyməyin, işlətməyin, qoy dərslərini oxusun, məktəbi bitirən kimi ali məktəbə oxumağa aparacağam. Yeganə bacımı mənim əvəzimə də tez-tez əzizləyin, ürəyi nə istəyirsə onu da alın. Qardaşı ölməyib ki, əsgərlikdən qayıdanda əvəzini çıxaram…”
…Söhbət zamanı şəhid atası qeyd etdi ki, onların oğulları ilə bu görüş son görüşü oldu. Belə ki, İrapovlar ailəsi bir də 2020 –ci ilin sentyabr ayının əvvəllərində İsmayılla telefonla danışıblar. Anası Naimə xanım daha sonra dedi: “Oğlumuz danışanda yenə də “narahat olmayın, vəziyyətimiz yaxşıdır, sakitçilikdir, özüm də, hərbiçi yoldaşlarım da yaxşıdırlar, siz özünüzdən muğayat olun, məndən nigaran olmayın, bu mənim vətəndaşlıq borcumdur. Lazım gələrsə, komandir əmr verəndə düşmənin başını da əzməyə hazırıq…”. Oğlumuzla sonuncu dəfə 28 sentyabr 2020 –ci il tarixdə qısaca danışdıq. Artıq 27 sentyabr 2020 –ci ildə müharibə başlamışdı. Danışanda İsmayıl dedi ki, Biz irəli gedirik; Allah sizi də, bizi də qorusun, tezliklə sağ-salamat qayıdacağıq – Qələbə müjdəsi ilə. Amma oğlum bu ölüm – dirim müharibəsində bizim üzümüzü ağ etdi, bizim təlqin etdiyimiz vətənpərvərlik ruhunu kişi oğlu kimi yerinə yetirdi…”
Şəhidimizin cəbhədə komandiri olmuş, mayor Anar Quliyev İsmayıl İrapovun müharibədə göstərdiyi qəhrəmanlıqlarından danışdı: “Müharibə başlayan ilk gündən biz, İsmayılla birlikdə döyüşə başlamışıq. O, gənc olmasına baxmayaraq, qorxu nə olduğunu bilmirdi, əlindəki “TSKA” pulemyotu ilə erməniləri dənləyirdi… Əvvəlcə Cəbrayıl rayonu istiqamətindən döyüşə-döyüşə Füzuli rayonunu düşmən tapdağından azad etməyə başladıq. Bu bölgədə daha ağır döyüşlərimiz oldu. Çünki, düşmən bu əraziyə daha çox canlı qüvvə, texnika toplamışdılar. Bütün çətinliklərə baxmayaraq, üstümüzə mərmi, raket yağışı yağmasına baxmayaraq, döyüşçülərimiz mərdliklə döyüşərək düşmənin həmlələrini dəf etdilər. Bizim cəsur döyüşçümüz İsmayıl İrapov 4 dəfə məni ölümdən xilas etdi, döyüş meydanından daha təhlükəsiz əraziyə çıxartdı. 2 oktyabr 2020 –ci il tarixində Füzulinin Qaraxanlı kəndindә İkinci Vətən Müharibəsində ən ağır döyüşlərimiz oldu. Həmin vaxt düşmən hücumunu Ağdam istiqamətindən gözləyirdik. Lakin, faşist ermənilər Füzuli rayonunun hər tərəfindən hücuma keçərək, artileriyadan, minaatanlardan, digər iri çaplı silahlardan bizim mövqelərimizi ardıcıl atəşə tutmağa başladılar. Həmin gün elə bil göydən od ələnirdi… Biz, rayonun “Vodpad” adlanan yerdə və Qaraxanlı kəndində düşmənin dağıtdığı evlərin xarabalıqlarlarında yerləşmişdik. Düşməni ərazidən qovub, torpaqlarımızı onlardan təmizləmək istəyirdik. Daha güclü istehkamlar qurmuş erməni azğınları havadarlarının köməyi ilə əks hücumlarımızın qarşısını həmin anda dəf edirdilər. Həmin döyüşdə düşmən tərəf əsasən 82 –lik və 120 –lik minaatanlardan istifadə edirdilər. Mərmi yağışı altında tez-tez yerimizi dəyişməli olurduq. Mən, digər döyüşçülərimizlə, İsmayıl və Elvin Məlikovdan 30-40 metr aralıda idim. Düşmənin atdığı mərmilərin əksəriyyəti onların yaxınlığına düşdü…Düşmənin minamyot 82 –nin mərmisi bu dəfə onların yerləşdiyi mövqenin lap yaxınlığına düşdü. Artıq onların silahları susmuşdu… Çox çətinliklə də olsa özümü döyüşçülərimin yanına yetirdim. Artıq gec idi… Çünki, hər ikisi ağır yaralanmışdılar. Son nəfəsdə idilər. Yaralarını bağlasam da, təəssüflər olsun ki, onları xilas edə bilmədim. İsmayılın göz qapaqlarını bağladım, həmin döyüşdə daha 6 nəfər hərbiçimiz də ağır yaralandı. Şəhid və yaralıları çox çətinliklə də olsa döyüş meydanından çıxarda bildik… Heyf belə mərd döyşçülərimizdən…”
Qeyd edək ki, mayor Anar Quliyev növbəti döyüş zamanı ağır yaralanaraq 40 gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında komada qalıb.
Sonda İsamyılın altıncı sinifdə oxuyan bacısı Havvanın söylədiyi sözləri xatırlamaq istədim: “Mənim şəhid, əziz, şirin qardaşım hamımızın xilaskarıdır, o, əvəzolunmaz qəhrəmandır, yeganə qardaşımın ömrünün bahar çağlarında bu həyatdan köçdüyünə görə kədərlənsəm də, şəhadətə qovuşduğuna görə fəxarət, qürur hissləri keçirirəm. Axı, o, heç vaxt unudulmayacaq, daima qəlbimizdə yaşayacaqdır…”
Şəhid İsmayıl İrapovun atası Nəsrulla kişi də Birinci Qarabağ Savaşının iştirakçısı olub. Söylədiyinə görə, o, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin taborunda Tərtər və Ağdam rayonlarında erməni işğalçılarına qarşı döyüşüb, şücaət göstərib, qəhərmanlıq salnaməsi yaradıb…
İkinci Qarabağ Savaşında Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə 18 yaşında həlak olan, sərrast atıcı İsmayıl Nəsrulla oğlu İrapov isə 4 oktyabr 2020 –ci il tarixində Əliabad qəsəbəsindəki qəbristanlıqda son mənzilə elin әsil böyük xilaskarı kimi, elliklə yola salındı. Ruhun şad olsun, Vətən oğlu. Qüssələnməyin, kədərlənməyin, başınızı dik tutun Nəsrulla Ata, Naimə Ana və Havva balamız! Siz qəhrəman İsmayılın əzizlərisiniz…
Ölkə başçısının sərəncamı ilə İsmayıl Nəsrullah oğlu İrapov, ölümündən sonra “Vətən uğrunda” medal ilə təltif edilib.
Elman Maliyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2021.- 10-12 aprel.-
S.13.