“Xəqani şəhid olmağı
çox arzulayırdı”
İkinci Qarabağ savaşında qəhrəmancasına
şəhid olan Xəqani Məmmədovun həyat hekayəsi…
Onunla çiyin-çiyinə
vuruşan komandir döyüşdən sonra qəhrəmanın
nəşini çiynində gətirdi…
“Döyüş alnımıza
yazılıb”, – dedik və bunu 44 günlük müharibədə
qazandığımız qələbələrlə torpaq
uğrunda canını fəda etmiş şəhidlərimiz,
qazilərimiz, Vətən oğullarımız təsdiqlədilər.
O Vətən oğulları ki, 30 illik Qarabağ həsrətinə
son qoydular, şəhidlərimizin qanı Qarabağ
torpağına qarışdı, ən ali zirvəyə
şəhadətə qovuşdular şəhidlərimiz.
Allahın sevimli bəndələri oldular nur üzlü şəhidlərimiz.
Qarabağın
yeni tarixini yazanlardan biri də 19 yaşlı əsgər Xəqani
Məmmədov oldu. Əslən zəngilanlı olan Məmmədovlar
ailəsinin sevimlisi idi Xəqani. Şirvanda yaşayan şəhid
ailəsi ilə yaxından tanış oldum. Əziz
oxucularımız, müharibə adamımız Xəqani Məmmədovu
sizlərə də tanıdım. Tanıdım ki, Vətən
sevdalılarımızı unutmayaq.
Xəqani
Məmmədov martın 30-da Şirvan şəhərində
məcburi köçkün ailəsində dünyaya göz
açıb. Kasıb bir ailənin övladı olmasına rəğmən,
çox zəhmətkeş, çalışmağı sevən,
anasına həddən çox bağlı bir övlad idi. 13
yaşından zəhmətə qatlaşaraq, ailəsinə
kömək olub, işlədiyi yerlərdə də çox
hörmət qazanıb. Doğmalarından haqqında
eşidib, ancaq üzünü görmədiyi Zəngilanı
“tezliklə işğaldan azad edəcəyik” – deyirdi. Əsgəri
xidmətdə olan Xəqani müharibə başlanan gündən
ön cəbhədə Ağdam və Suqovuşan istiqamətlərdə
döyüşlərdə iştirak edib və qəhrəmancasına
şəhid olub.
Xəqani
dediyi sözü tutdu. Qarabağ işğaldan azad olundu. Xəqani kimi Vətən
oğullarının fədakarlığı sayəsində.
Xəqani Məmmədovun necə mərd, igid olduğunu,
müharibənin od-alovundan qorxmadığını bizə
daha yaxşı anladan onunla çiyin-çiyinə
döyüşən komandiri Kənan Qurbanzadə olub. “Xəqani
Məmmədov necə bir əsgər olub” sualını verəndə
komandir dərin fikrə gedərək, cavab verdi:
-İstər
hərbi təlimlərdə, istər hərbi hissədə,
döyüşlərdə həmişə bacarıqlı,
qabiliyyətli əsgərləri başıma
yığıb daha da möhkəm təlimatlandırıram
ki, verilən tapşırıqları düzgün icra etsinlər.
Bir sözlə, iş yarıdan əsgərlər lazım
olur bizə. Bax, Xəqani Məmmədov da belə əsgərlərdən
olub. Xəqaniyə tapşırığı ver, dur kənarda.
Onu lazımınca, çox gözəl şəkildə
yerinə yetirəcək. Yaşının az olmasına
baxmayaraq, onun ürəyində Vətən, torpaq sevgisi daha
böyük idi. Sağ qalsaydı, yaxşı bir hərbçi
kimi həyatına davam edərdi. Bu gün aramızda
olsaydı, müddətdən artıq hərbi qulluqçu
kimi, hərbi şəxsi heyətin qayğısına qalan,
gizir kimi dövlətin əmlakını qoruyub saxlayan,
qayğısına qalan, zabit kimi də ona təhkim olunmuş
bütün şəxsi heyəti qoruyub, sevib və digər
şəxsi heyətə gələcəkdə də əsgəri
xidmətdə olan şəxslərə də diqqət
çatdıra biləcək bir hərbçi ola bilərdi.
Çox təəssüf… Ancaq Xəqani çox qabiliyyətli
əsgər idi.
– Xəqani
Məmmədov necə şəhid olub?
–
Müharibənin ilk günlərində Suqovuşan ərazisi
işğaldan azad olunmuşdu.
Ancaq orada bir neçə yüksəkliklər
düşmən nəzarətində idi. Oktyabrın 4-də
döyüşdə hücum komandası verildi. Bizim tabor
döyüşə qatıldı. Xəqani komandirlərdən
biri ilə öndə döyüşürdü. Düşmən
artilleriyasının atdığı mərmilər nəticəsində
Xəqani və döyüş yoldaşları qəhrəmancasına
şəhid oldular. 5 gün həmin ərazidə şəhidlərimizin
nəşi qaldı. Çünki həmin əraziyə
düşmən güclü nəzarət edirdi. Ancaq çətinliklə
də olsa şəhidlərimizin nəşini döyüş
ərazisindən çıxara bildik.
– Cənab
komandir, döyüş ərəfəsində əsgəriniz
Xəqani Məmmədovla çiyin-çiyinə
döyüşürdünüz. Ancaq sonra Xəqani Məmmədovun
nəşini çiyninizdə gətirdiniz…
–
Çox ağır hislər keçirdim həmin vaxt, bu
olanlar bütün həyatıma da çox mənfi təsir
göstərdi. Oğullarımızın şəhid
olmağı həm qürurvericidir, həm də çox kədərlidir.
Düzü, mən Xəqani üçün nə qədər
ali fikirlər söyləsəm də, şəhidimizin
ucaldığı o uca zirvədən, şəhidlik zirvəsindən
yüksək olmayacaq.
Mən
çəkiliş üçün şəhid Xəqani Məmmədovun
ailəsinə təşrif
buyuranda xəbər tutdum ki, ad günü imiş,
sağ qalsaydı 19 yaşı tamam olurdu. Doğmaları,
bütün dostları Şəhidlər Xiyabanında şəhidimizin
cənnətdəki ilk doğum gününü qeyd edirdilər.
Belə şərəfli bir gündə doğmaları Xəqanini
xatırladacaq xatirələri “Hürriyyət” qəzetinin
oxucuları ilə də bölüşmək istədilər.
Şəhidin atası Məmmədov Füzuli oğlu haqda
danışanda gözləri çox yaşardı. Oğul
nisgilli atanın dediklərindən:
– Mənim
oğlum Xəqani Vətənin qəhrəman oğludur. Mən
fəxr edirəm oğlumla, onun üçün çox
darıxıram. Oğlum həmişə deyirdi ki, “ata, sən
mənimlə fəxr elə həmişə”. Elə fəxr
edilməli uşaq imiş Xəqani. Elə bu niyyətlə
deyirmiş “mənimlə fəxr elə”.
Xəqani
Məmmədovun dayısı Nizami Məmmədov şəhidimizin
döyüş yolundan danışarkən aldığı məlumata
əsasən onu da qeyd etdi ki, Xəqani Məmmədov hərbi
xidmətə Goranboyun Ballı Qaya hissəsindən
başlayıb. Müharibənin ilk günlərində
Ağdam və Suqovuşan istiqamətdə
döyüşüb. Oktyabrın 4-də Suqovuşanda
yüksəkliyin azad edilməsində iştirak edərək,
qəhrəmancasına şəhid olub. Şəhidimizin bədənində
7 qəlpə var idi. Biri başında, ikisi ayağında,
biri ürək nahiyəsi tərəfdə, ikisi qol nahiyəsində,
biri də kürəyində. Bu qəlpələr onun həyatına
son qoydu.
Mən Xəqaninin
döyüş yoldaşlarından onun haqda soruşdum. Dedilər
ki, komandiri Şəbiyev Məhəmmədlə birgə
döyüşüblər. Elə
bir yerdə də şəhid olublar. Mən Xəqaninin
timsalında bütün şəhidlərimizə Allahdan rəhmət
diləyirəm.
Müsahibəmi
şəhidin anası ilə davam etdim. Şəhid oğlu
haqda danışan, onun yoxluğunu qəbul edə bilməyən
ana Zülfiyyə Səmədova övladının necə
ailəcanlı, Vətənə bağlı olduğunu
bildirdi:
-Uşaq
vaxtı ona “Kato” deyirdik. Kasıb ailə olmuşuq. Xəqani
həm gündüz, həm də gecə işləyirdi. Mən
xəstə olanda əlimdəki süpürgəni
götürüb özü küçəni təmizləyərdi,
düşünməzdi ki, tay-tuşları nəsə deyər.
Xəqaninin arzusu hərbçi olmaq idi. Ali məktəbə
imtahan verdi. Ancaq ödənişli fakültəyə qəbul
olduğuna görə evdə bizə bildirmədi.
-Zülfiyyə
xanım, oğlunun hansısa bir arzusu olubmu ki, yerinə yetirməyə
macal tapmadınız?
-Xəqani
mənə “ürəyim” deyərdi, “ürəyim, mənim
üçün elçi gedərsizmi?” – təbii ki, mən də
sevincək deyirdim ki, əlbəttə ana qurban, sən nə
vaxt desən, mən hazıram. Sonralar bu fikrindən
daşındı. Elə bil ürəyinə
danmışdı şəhid olacaq. Hə, bir də deyirdi
ki, “ürəyim, mənim üçün lap çox dualar
edin. Dualarınıza da çox ehtiyacım var”. Düzü,
biz analar həmişə ön cəbhədə olan
bütün əsgərlərimiz üçün, hərbçilərimiz
üçün dualar edirdik. Indi də dualar edirik. Xəqani
şəhid olmağı çox arzulayırdı. Arzusuna da
çatdı. Ancaq mənim gözlərimi yollarda qoydu.
Çəkilişlə birgə şəhidimizin ailəsi ilə Xəqaninin məzarını Şəhidlər Xiyabanında yad etdik. Şəhid Xəqani Məmmədovun adına Şirvan şəhərində yaşadığı qəsəbədə bulaq da tikilib. Onu da qeyd edim ki, ailənin çox gözəl bir istəyi də var. Zəngilan rayonunun Qaradəri kəndinin II Qarabağ savaşının ilk şəhidi olan Xəqani Məmmədovun adı oxuduğu məktəbə verilsin. Əslində, bütün şəhidlərimizin adını əbədiləşdirmək üçün rayonlarda mühüm işlər görülməsi təqdirəlayiqdir.
Bu gün Azərbaycanımızı
bütövləşdirən Xəqani kimi Vətən
oğullarımızı həm tanımalıyıq, həm
də tanıtmalıyıq. Çünki onların adı
Qarabağın yeni tarixinə öz qanları ilə
yazılıb. Tanrıdan bütün şəhidlərimizə
rəhmət diləyirik.
Vüsalə Vətənqızı
Hürriyyət.- 2021.- 10-12 aprel.- S.11.