Qərbi Azərbaycanın coğrafiyası…

 

Təbii şəraiti, coğrafi mövqeyi və relyefi

 

II məqalə

 

Qərbi Azərbaycanın inzibati-coğrafi sərhədlərinin ümumi uzunluğu 1570 km-dir. Bu hüdudlar Şahdağ silsiləsi-Qarabağ dağlıq yaylası boyunca şərqi Azərbaycanla 996 km, cənubdan cənubi Azərbaycanla 44 km (Araz çayı boyunca), Türkiyə Cumhuriyyəti ilə (İqdır və Qars vilayətləri ilə həmsərhəd 311 km, Gürcüstan Respublikası ilə (dağ Borçalı yaylası ilə) 219 km məsafədə qonşudur. Ərazinin 4,7%-i su, 95,3%-i quru hissələrindən ibarətdir.

Təbii-coğrafi şəraitinə görə əlverişli landşaft örtüyünə, oroqrafik relyef quruluşuna, morfoloji struktur örtüyünə malik olan Qərbi Azərbaycan ərazisində aşağıdakı geoloji-geotektonik və təbii struktur vahidlərini ayırmaq olar:

-Zəngəzur dağlıq silsiləsinin şərq hissəsi (Qaladaş və Bəyboğan sıra dağları);

-Arazboyu düzənlik (Mehri-Nüvədi vadisi);

-Bazarşay hövzəsinin müsbət relyef formaları (Üçtəpə silsiləsi (Qızılboğaz zirvəsi, 3558 m), Qısırdağ silsiləsi (Ağdaban zirvəsi, 3107 m);

-Göyçə gölü hövzəsi (Qərbi Azərbaycanın ən böyük gölü, sahəsi 1240 kv.km, 1898 m yüksəklikdə tektonik mənşəli Göyçə gölü ətrafındakı dağ silssilələri – cənub hissədə Canıyandıq dağı (Tuluca zirvəsi, 3597 m); Göyəm dağı (3597 m), günbatanda Əhməngən dağı (Qızıldağ zirvəsi, 3610 m); Göyəm-Basarkeçər vulkanik yüksəklikləri);

-Dərələyəz dağlıq silsiləsinin şimal ətəkləri (Zəngi və Vedi çayları hövzəsindəki silsilələr-Gərni dağı, Zəngi yayalası, Ağrıdağ vadisi);

-Ağbaba yayalası və Şirəel vadisi; İncəçay hövzəsi (Dilican vadisi, Borçalı dağlıq yaylasının cənub ətəkləri);

Avropa qitəsənin cənub hissəsi boyunca fəal seysmik qurşaq kimi Sakit okeana qədər uzanan Alp-Hilmalay geosinklinal qurşağının tərkib hissəsi olan Kiçik Qafqaz dağlıq silsiləsi (Zəngəzur və Dərələyəz dağları), Qarabağ vulkanik yaylası, Borçalı yaylası, Göyəm dağları… Qərbi Azərbaycan ərazisinin 70 faizini, bu dağlıq yayla və sıra dağlar arsındakı düzənlik-vadiləri isə 30 faizə qədər hissəni tutur.

Ərazi beynəlxalq-kürəvi coğrafi koordinat sisteminə uyğun olaraq 38 dərəcə 50 dəqiqə – 41 dərəcə 20 dəqiqə şimal enliklərini və 43 dərəcə 40 dəqiqə – 46 dərəcə 30 dəqiqə şərq uzunluqlarını əhatə edir.

Coğrafi relyef-ərazi yerləşməsi baxımdan Qərbi Azərbaycan şimal-qərbdən cənub-şərqə doğru 360 km, qərbdən şərqə isə 200 km məsafədə uzanır. Bölgənin hündür nöqtələrindən biri, Zəngəzur dağlıq silsiləsindəki Qapıcıq zirvəsi (mütləq hündürlüyü 3906 m, nisbi yüksəkliyi 1815 m) cənub hissədədir, ən yüksək zirvəsi şimal-qərbdə Alagöz dağıdır (4090 m), aşağı hissə isə şimal-şərqdə Pımbək çayı (bu çay Xramçayın sağ qoludur, ümumi uzunluğu 178 km, Qərbi Azərbaycan ərazisində 152 km məsafədə axır) yatağıdır (400 m).

Qapıcıq zirvəsinin şimal hissəsindəki Qazangöl zirvəsi (3864 m) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Zəngəzur mahalı, Qafan nahiyəsinin sərhəddində olmaqla Gilan və Oxçu çaylarının suayrıcısıdır (Gilan çayı uzunluğu 53 km olmaqla Ordubad rayonu ərazisindən, Oxçu çayı isə 85 km olmaqla Zəngəzur rayonu ərazisindən Araz çayına soldan qovuşurlar).

Oxçu çayı Qazangöl zirvəsi yaxınlığındakı Kurud kəndi hüdudlarından başlayaraq bir sıra xırda dağ çayları ilə birləşir (ən böyük çay Pircavidan çayı, Oxçu kəndi yaxınlığında ona qovuşur), Keçiqayası dağının güney ətəkləri boyunca axaraq Xustup (3202 m) və Həkəri yaylaları (Topağac dağı, 2010 m) arasından mənsəbinə doğru uzanır.

Qərbi Azərbaycanın Mehri nahiyəsində Zəngəzur dağlıq silsiləsinin şərqə və cənub-şərqə doğru bir neçə qolları – Qaladaş (Lehvaz kəndi yaxınlığında, 3009 m) və Bəyboğan dağları (3220 m), Mehri dağ silsiləsi (59 km məsafədə, Bacassar zirvəsi, 3256 m) uzanır.

Yer qabığının Alp-Qafqaz geosinkilinal qırışıqlığı zonasında yerləşən, regionda seysmik fəallığı ilə fərqlənən Qərbi Azərbaycan daha çox 7-8 ballıq zəlzələ gücünə malik olmaqla tarixin müəyyən dövrlərində güclü “dağəmələgəlmə prosesinə” məruz qalmış, hüdudlarında yeni relyef formalarının yaranması prosesləri davam etmiş (dağlar, dağarası çökəkliklər, sınma zonaları, müsbət oroqrafik vahidlər və böyük antiklinallar yaranmış) və bu baxımdan regionu şərti olaraq 3 hissəyə ayırmaq olar:

Şimal və şimal-qərb hissə, Gümrü- Göyçə -Pəmbək tektonik sınma zolağı, uzunluğu 370 km, bu hissə özü də cüt qola bölünür:

– qərbdə Göyçə-Pəmbək sınması, 260 km uzanmaqla şərqə doğru keçməklə Kəpəz qalxma qurşağına qovuşur (1139-cu ildə baş verən güclü zəlzələ bu qurşağı bütünlüklə əhatə etmişdir);

-qərqdə Hunasər sınması (Gümrü-Ağrıdağ hövzəsini tutur), uzunluğu 110 km, bu qurşaq e.ə. V əsrdə güclü zəlzələyə məruz qalmışdır;

Qərb hissədə də iki zolaq ayrılır:

-nisbətən şimalda Keşişkənd-Duzkənd sınması (Qars vilayətindən Arpaçayın aşağı yatağında yaradılmış Arpaçay su anbarınadək bir sıra yüksəklikləri tutur – Törəgən (2585 m), Alaca (2691 m), Afşar (2200 m), Böyük Yağnı (2250 m), Kiçik Yağnı (1987 m), Üçtəpə (1829 m), uzunluğu 150 km-dir;

-cənuba doğru Sarısu-Sarıqamış-Gərni sınması, uzunluğu 350 km (Türkiyə Cumhuriyyəti ərazisinə də istiqamətlənmiş, bu baxımdan Qars vilayətinin Sarıqamış şəhəri fəal seysmik zonada yerləşir);

Cənub hissə, Zəngəzur-Bazarçay sınma zolağı (Dərələyəz dağlıq silsiləsi (Küküdağ zirvəsi, 3131 m) daxil olmaqla), uzunluğu 230 km;

Yuxarıda qeyd edilən seysmik-tektonik antikilinal və sinkilinal geoloji strukturların fəallığı, Alp-Qafqaz-Himalay dağəmələgəlmə prosesinin intensivliyi Qərbi Azərbaycan hüdudlarında (eləcə də qonşu ərazilər daxil olmaqla) müxtəlif illərdə güclü zəlzələlərin baş verməsi ilə nəticələnmişdir.

Dərələyəz hövzəsində 736-cı ildə baş verən güclü zəlzələ 10 min nəfər insanın həyatına son qoymuşdur, 1679-cu, 1840-cı və 1937-ci illərdə İrəvan şəhərində, 1679-cu ildə Gəni mahalında (7600 nəfər), 1931-ci və 1968-ci illərdə Zəngəzur mahalında, 1989-cu ildə Gümrü-Hamamlı zolağında 11 ballıq zəlzələ çoxsaylı insan tələfatına səbəb olmuşdur. Gümrü-Hamamlı zəlzələsində 6 m dərinlikli, 37 km uzunluqlu çat yaranmış (Gümrü şəhərindən 35 km aralı olan Nalbənd kəndindən qoyun otaran bir nəfər ora düşüb, heç tapılmayıb), Gümrü şəhərində 14 min, Hamamlı şəhərində 25 min nəfər həlak olmuşdur. Bu zəlzələ ocağının koordinatları 40 dərəcə 59 dəqiqə şimal en dairəsi ilə 44 dərəcə 11 dəqiqə şərq uzunluğunun kəsişmə nöqtəsində, ocağı (hiposentri) isə yer qabığının 10 km dərinliyində, səthdə (episentrdə) gücü 10 bal, Gümrü şəhərində 9 bal (ocaqdan 46 km aralıda), Qarakilsə şəhərində 8 bal (21 km) olmuşdur.

Apraçay vadisinin orta hissəsində Araz çayının qərbində Qars yüksəkliyində (1400 m), sol sahildə isə Gümrü nahiyəsində 1926-cı ildə də dağıdıcı zəlzələ baş vermişdir.

Ümumiyyətlə, XIX əsrin son onilliyində Gümrü-Hamamlı ocağında 17 güclü zəlzələ olmuşdur (bu mərkəzə yaxın, Arazın sol sahilindəki tarixi Alagöz vulkanik dağı (4090 m) yaranması etibarı ilə tektonik mənşəlidir və Qərbi Azərbaycanın ən yüksək zirvəsidir).

Qərbi Azərbaycanın şimal hissəsində, Gümrü-Göyçə-Pəmbək sınma zolağında yaranmış tektonik sinkilinal hövzədə Qafqazda ən hündür Göyçə dağ gölü (1898 m yüksəklikdə) yaranmışdır. Bu göldən başlanan Zəngi çayı (141 km uzunluqda) Araz çayının sol qolunu təşkil edir.

Fəal dağəmələgəlmə prosesləri nəticəsində (zəlzələ fəallığı 7-8 baldır) gölün ətrafında bir sıra cavan dağ sıraları uzanır: cənubda Gözəldərə dağı (3531 m, bu dağın şərq hissəsində kiçik Allaçöl gölü də tektonik mənşəlidir), Yamanqan dağı (3261 m), cənub-qərbdə Göyəm sisliləsi (3597 m), cənub-şərqdə, Sadanağ kəndi yaxınlığında Oğruca dağı (3327 m), şimal-şərqdə, Sarıcallı kəndi yaxınlığında Kirgitdağ (3067 m), şimalda Dilican və Cubuqli kəndləri arasında Çobanoğlu dağı (2848 m), şimal-qərq hissədə 70 km məsafədə uzanan Pəmbək dağları (Taclar zirvəsi, 3101 m), şimalda Bazum silsiləsi (Xələb zirvəsi, 3016 m) ucalmaqdadır. Sonuncu dağ ilə Ackəsər dağı (3196 m) arasında Qaraxaç aşrımı (2272 m) yerləşir.

Göyçə gölü ətrafı dağlarının su hövzəsinə enən hissələrində kiçik sahələrdə tektonik-laqun mənşəli çöküntülərdən ibarət düzən, vadi relyef formaları da əmələ gəlmişdir: cənub-qərbdə Mənuçər vadisi

(Atamxan-Başkənd-Yeni Bəyazid kəndləri arasında), cənub-şərqdə Məzrə vadisi (Böyük Məzrə kəndi ətrafında).

Qərbi Azərbaycanın relyef strukturlarının, makro-mikro relyef elementlərinin (ümumilikdə müsbət qalxma formalarının) endogen (daxili) və ekzogen (xarici) amillərin təsirinə məruz qalması nəticəsində ayrı-ayrı hissələrdə müxtəlif ölçülü-formalı dağarası çökəkliklər, yüksəkliklər və tirələr, qalxmalar və sınmalar, bir-birindən fərqli ekosistem kompleksi yaranmıdır.

Bu hal isə Qərbi Azərbaycan təbiətinin özünəməxsusluğunu fərqləndirən əsas təbii amildir.

 

Qismət YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi

 

Hürriyyət.- 2021.- 13-14 aprel.- S.13.