“Şuşanın dağları”
Mahnı haqda bilmədiklərimiz
Xan Şuşinskinin
mahnısında Azərbaycanın
müstəqillik həsrətinə
işarə vurulduğu
da söylənir. Deyilənə görə,
“Şuşanın dağları”
mahnısında da bu mübarizənin simvolları var. Mahnıda
bayraq, vətən sevgisi və müstəqillik həsrəti
duyulur. Sovet dönəmində Azərbaycan bayrağının
qadağan edildiyi bir dönəmdə Xan Şuşinski bayrağımızı simvolikalar
ilə təsvir edirdi.
Məşhur mahnıların qəribə
taleləri olur. Elə “Şuşanın
dağları” mahnısı
kimi. Mahnını çox xalq
mahnısı kimi qəbul etsə də onu XX əsrdə yaşamış
böyük xanəndə
Xan Şuşinski yazıb. Mahnı tar
və kamançanın
müşayiəti ilə
muğam üslubunda oxunub. “Şuşanın
dağları”nda təbiətin
gözəlliyi qadın
gözəlliyi ilə
müqayisə olunur.
“Şuşanın dağları”
Şuşa şəhəri haqda yazılan ilk mahnı kimi tarixə düşüb.
Xan Şuşinskinin oğlu Aslan Cavanşirov deyir ki, o vaxtlar,
yəni sovet dönəmində peşəkar
(diplomlu) bəstəkar
olmayan şəxslərin
mahnıları qeydiyyata
alınmadığı üçün
Xan Şuşinski “Şuşanın dağları”nı
xalq mahnısı kimi qələmə verərək, müxtəlif
məclislərdə ifa
edirmiş.
Xanəndə mahnını 1930-cu illərin
əvvəllərində bəstələmişdi. Dəqiq tarixi
məlum deyil. Sözləri də Xan Şuşinskiyə məxsusdur.
Mahnını vala yazdırdığı
vaxt mətnə baxan şəxs Xan Şuşinskiyə üzünü tutub həyəcanla deyib: “Siz “Şuşanın dağları başı dumanlı” oxuyursunuz, həm də nəqəratda “ölürəm”
sözü təkrar olunur, belə olmaz”.
Xanəndə cavab verib:
“Bəs necə oxuyum, şeirdə belə yazılıb axı…”
Həmin
adam eyni
həyəcanla təkrarlayıb:
“Ay Xan, sizdən soruşmazlar ki, Sovet Şuşasının
dağları niyə
dumanlıdı? Bəs “ölürəm”
nə deməkdir?
Deməzlər ki, bu nə əks
təbliğatdır?..”
Xan əsəbiləşib:
“Əmioğlu, dağda
duman olar, çən olar də! O da ola
Şuşa dağları.
Bir də görürsən, Kirsin zirvəsindən qaynayan duman, budu ha ətraf dağları da, Şuşanı da bürüdü. Bir də
ki, “ölürəm”
sən deyən ölürəmdən deyil
ey. Bu söz
mahnıya bir duz, yanıqlıq gətirir, onu təravətləndirir”.
Mətnə baxan adam
təzədən eyni
yerə qayıdıb:
“Xan, “duman”, “ölürəm” sözlərinə
bir rəng-zad verərlər eyy…”
Xan: “Görürəm, rəngi
özün tündləşdirirsən.
Axı,
o sözlərdən sən
dediyin məna çıxmır.
Xan Şuşinski mahnı haqda danışarkən deyib ki, mahnıda
Şuşa şəhəri gözəl
qadınla müqayisə
edilir, onunla eyniləşdirilir. Qadının
yaylıqla örtündüyü
kimi Şuşa
dağları da dumanla örtünür. Xanəndə daha sonra əlavə edib: “Dağların orta hissəsi lalə çiçəkləri
ilə bol olması qızın qırmızı köynəkli
olmasına işarə
edir, dağın alt hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə edilir. Əgər bu sözlər dəyişdirilərsə, mahnının
mənası da itər.
Şuşanın dağları başı
dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı.
Dərdindən ölməyə çoxdur
gümanlı,
Ay qız, bu nə
qaş, göz, bu nə tel,
Ölürəm dərdindən, onu bil.
Bax burada Şuşa
gözəl bir qıza bənzədilib. Dağlar hərdən duman-örpəyə
bürünür, onun
sinəsi – yamacları,
al lalə, gül çiçəklərlə bəzənir.
Şuşanın ətəkləri gözəlin yaşıl
tumanına oxşadılıb.
Şeirdə Şuşanın əlvan təbiəti bahar libaslı qəşəng bir qızla müqayisə olunub”.
Sovet höküməti
mahnı mətnindəki
“dumanlı” və “ölürəm” kəlmələrini
doğru hesab etməyə bilərdi. Quruluş bu
sözlərin kədəri
ifadə etdiyini və sovet ab-havasına
zidd olduğunu düşünəcəkdi. Xan Şuşinski Şuşanın
dumanlı dağ zirvələrinin birinə
işarə edib mahnıdakı dumanlı sözünün həqiqəti
ifadə etdiyini demişdi. O, “dumanlı”
sözünü təbiətin
adi hadisəsi kimi qələmə verdiyini bildirmişdi. Məclislərin birində
zarafatla demişdi ki, sovet adamı
niyə ölmür, elə də yaxşı ölür ki…
Xan Şuşinskinin arqumentlərini
mətnə baxan şəxs əsassız hesab etdi və
dərhal mahnı mətninin dəyişdirilməsi
təklifini verdi.
Dedi ki, Sovetin Şuşasının
başı heç vaxt dumanlı ola bilməz.
Çarəsiz qalan Xan Şuşinski nəticədə mahnıdakı
həmin yeri bu cür dəyişdi:
“Şuşanın dağları
deyil dumanlı”. Təbii ki, illər sonra mahnı öz ilkin variantına
qayıtdı və “Şuşanın dağları”
nə qədər müəllifi bilinsə də, çox sevildiyindən Azərbaycan
xalq mahnısına çevrildi.
Xan Şuşinskinin
mahnısında Azərbaycanın
müstəqillik həsrətinə
işarə vurulduğu
da söylənir. Deyilənə görə, “Şuşanın
dağları” mahnısında
da bu mübarizənin
simvolları var. Mahnıda
bayraq, vətən sevgisi və müstəqillik həsrəti
duyulur. Sovet dönəmində Azərbaycan
bayrağının qadağan
edildiyi bir dönəmdə Xan Şuşinski bayrağımızı
simvolikalar ilə təsvir edirdi:
Şuşanın dağları başı
dumanlı,
Qırmızı qoftalı, yaşıl
tumanlı…
İddialara görə, burda dağların başı
dumanlı deməklə,
xanəndə mavi səmaya, yəni göy rəngə işarə vurur. “Qırmızı qoftalı”
deməklə müəllif
dağın lələlər
bitən döşünə
simvolika edərək bayrağımızdakı qırmızı
rəngi təsvir edir, yaşıl tumanlı isə dağın yamaclarına işarə edərək Azərbaycan bayrağının
simvolik təsvirini yaradırdı.
Şuşada axşamlar doğar
ulduzlar,
Onlardan gözəldi gəlinlər-qızlar,
Yol üstdə dayanıb, yolunu gözlər…
Daha bir iddiaya görə, mətnin bu hissəsində müəllifin
aypara və ulduza işarə edir. Klassik ədəbiyyatımızda qadınlar bir çox hallarda Aya, ulduza bənzədilir.
Bu misrada ayla
ulduz qovuşmaq üçün həsrət
çəkir, onu yenidən səmaya qaytaracaq igidlərin yolunu gözləyir.
Əslində isə mətndəki
intizar başqa bir əhvalata işarəymiş. Ağdamdan Şuşaya
gedəndə yeddi qat dolamanı keçdikdən sonra yolun sağ qanadında yerləşən
Çanaqqala qayası
varmış. Çox səfalı
mənzərəsi hamını
valeh edirmiş. Vaxtilə Şuşada belə bir dəb olub;
yaz aylarında şuşalı bəylər
öz faytonları ilə Aran Qarabağa
gedərək əkin-biçinlə
məşğul olanlara
baş çəkərdilər.
Bəylərin xanımları da
bu qayanın ətrafına yığışaraq
həm istirahət edər, həm də ərlərinin yolunu gözləyərdilər.
Hər kəs öz ərinin faytonunu yaxşı tanıyardı.
Elə ki tanış atlını görərdilər,
tez xanımların biri qaraltıdan öz həyat yoldaşını tanıyar
və bərkdən deyərdi:
“Ərim gəldi,
ərim gəldi!”
Və sevinə-sevinə
evinə dönərdi. Bu əhvalatdan sonra Çanaqqala getdikcə öz əvvəlki adını itirib “Ərimgəldi qayası” oldu.
Mətndəki “qadınların gözləməsi”
hissəsi bu gerçək hekayayə dayanır. “Şuşanın
dağları” o qədər
məşhurlaşdı ki,
keçən əsrin
ortalarından etibarən
müğənnilər bu
mahnıya müraciət
etməyə başladılar;
o dönəmin müasirləri
Əbülfət Əliyevin
və Yaqub Məmmədovun ifaları
bunların içində
xüsusi seçildi.
Xan Şuşinskidən
sonra bu mahnını ilk dəfə
milli opera müğənnisi
Əli Mehdiyev oxuyub, bu ifa
1967-ci ildə lentə
yazılmışdı. Əli Mehdiyevdən
sonra qızıl fondda Xan Şuşinskinin
dostu, peşəkar müğənni Vəli Məmmədovun da ifası mahnıya ayrı rəng qatdı.
Vəli Məmmədov Seyid Şuşinskinin tələbəsi
olub. Bu ifa da
məşhurlaşdı və
70-ci illərdə yaddaşlara
həkk olundu.
1988-ci ildə “Qızıl
fond”a daxil olmuş ifa Qarabağın məşhur
müğənnilərindən olan Sədi Məmmədova məxsusdur. Bu ifaçı “Şuşanın
dağları” mahnısına
professionallıqla və
sevgiylə yanaşdı.
Deyilənə görə, Filarmoniyada Ağdam günləri keçirilirdi. Onda Xan Şuşinski
sağ idi. Sədi Məmmədov ilk dəfə orda “Şuşanın dağları”nı oxuyanda Xan Şuşinskinin gözündən yaş gəldiyini söyləyirlər.
90-cı illərin birinci
yarısında bu mahnı ilk dəfə qadın tərəfindən
oxundu. Bu, məşhur
və gözəl müğənni Bəsdi
Sevdiyevanın ifası
idi. Mahnının ifa tarixində
hələlik son ifaçısı
da qadın ifaçıdır – İlahə
Fəda.
Şuşanın işğalından sonra bu mahnıya müraciət edənlər
çoxaldı və
mahnı kədərli
ovqata büründü.
Şuşanın işğaldan azad olunduğu bu günlərdə isə mahnıdakı oynaq ovqat təzədən özünə qayıtdı
və bu dəfə mahnını həsrət notları ilə deyil, qələbə sevdasıyla
dinlədik.
Hürriyyət.- 2021.- 27-28 aprel.-
S.14.