Xəyal Əliyev hərbçi
yoldaşlarını xilas
etmək üçün düşmən
tankını partladıb
Vətən müharibəsinin 22 yaşlı qəhrəmanı şəhid kəşfiyyatçı Xəyal Əliyev döyüşlər vaxtı şücaəti ilə seçilib. O, ermənilərin 200-ə qədər canlı qüvvəsini və hərbi texnikalarını məhv edib. Hərbçi yoldaşlarını xilas etmək üçün düşmən tankı ilə üzbəüz çıxaraq onu partladıb, özü isə şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən döyüşçülərdən biri də əslən Füzuli rayonundan olan kəşfiyyatçı Xəyal Əliyevdir. O, 1999-cu il aprelin 25-də Beyləqanın Qəhrəmanlı kəndində dünyaya göz açıb. Köçkün ailəsində böyüyən Xəyal hər zaman işğal altında olan torpaqlarımızın həsrəti ilə yaşayıb.
Qəhrəman övladı
haqqında qürurla danışan şəhid
atası Saleh Əliyev deyir
ki, Xəyal həqiqi hərbi xidməti
yerinə yetirdikdən sonra, öz istəyi ilə müddətdən
artıq xidmətçi kimi Vətənin
keşiyində dayanmağı qərara alıb. Kəşfiyyatçı
olaraq xidmət edən Xəyal həm də
xüsusi təlimlərdən uğurla keçib. Vətən
müharibəsi başlananda ilk döyüşə girənlər
arasında Xəyal da olub.
Onun döyüş yolu ata-baba yurdumuz
olan Füzuli
torpaqlarından başlayıb. Açdığı dəqiq
atəşlə ermənilərin dayaq məntəqələrini,
200-ə yaxın canlı qüvvəsini və hərbi
texnikalarını məhv edib. Xəyal
döyüşlərin birində düşmən
tankının irəlilədiyini görür
və tankla üzbəüz
çıxaraq onu məhv edir.
Lakin özü də
düşmən tərəfindən açılan snayper gülləsinə tuş
gəlir. O, şəhid olsa da, döyüşçü
yoldaşlarını xilas edir.
Şəhid anası Ofelya Hacıyeva cənnətdə ilk doğum günü qeyd edən övladının və digər şəhidlərimizin ölmədiyini, hər zaman qəlbimizdə yaşayacağını söyləyir. “Xəyal evin son beşiyi idi. Hər zaman həmyaşıdlarından fərqlənirdi. Ən böyük arzusu isə ata-baba yurdunun düşməndən azad edilməsi idi. O, ülvi arzusu uğrunda yaşadı və bu arzu ilə şəhadətə ucaldı. Bu gün torpaqlarımız Xəyal və onun kimi qəhrəman övladlarımızın igidliyi sayəsində azaddır”, - deyə şəhid anası bildirib.
Xəyalın bacısı Jalə Əliyeva qardaşı haqqında göz yaşları ilə danışsa da, qürurlu olduğunu və onunla fəxr etdiyini deyir: “Xəyal igidliyi, qorxmazlığı ilə seçilirdi. Düşmənə qarşı hər zaman qisas hissi ilə yaşayırdı. O, hər zaman Xocalı faciəsinə aid kadrları izləyəndə kövrəlirdi və deyirdi ki, biz torpaqlarımızı azad etməliyik və şəhidlərimizin qisasını almalıyıq. Xəyal bu amal uğrunda yaşayırdı, ona görə öz istəyi ilə Vətənin keşiyində dayanmağı seçdi. Ata-baba yurdumuz Füzuli uğrunda döyüşərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı”.
Qeyd edək ki, Xəyal Əliyev oktyabr ayının 1-də şəhadətə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Hürriyyət.- 2021.- 29-30 aprel.- S.13.