Ərazi itkilərimizin səbəbləri
və tarixi gerçəklər
BMT TŞ-nin qətnamələrini
araşdırarkən məlum olur ki, həmsədrlik
institutunun 2 il 8 ay gecikdirilməsində Ermənistan-Azərbaycan-Rusiya
birliyinin maraqları çərçivəsində həyata
keçirilib.
Belə ki, BMT TŞ-nin
iclaslarında 1920-ci ildən 1991-ci ilədək Azərbaycan
Respublikası ərazisinin 27,3 min kV-km-i Kremlin təzyiqi nəticəsində
Ermənistana verilmiş, Azərbaycanın Xocalı rayonu
SSRİ-nin varisi Rusiyanın 366-cı alayının birbaşa
iştirakı ilə, Şuşa şəhəri və ətraf
kəndləri, həmçinin
Laçın rayonu Rusiya tərəfindən silahlanmış
Ermənistan silahlı qüvvələri tərəfindən
Xankəndi (26 dekabr 1991), Xocalı (26 fevral 1992), Şuşa (8
may 1992), Laçın (18 may 1992), Xocavənd (2 oktyabr 1992), Kəlbəcər
(2 aprel 1993), Ağdərə (7 iyul 1993), Ağdam (23 iyul 1993-cü il), Cəbrayıl (23 avqust 1993),
Füzuli (23 avqust 1993), Qubadlı (31 avqust 1993), Zəngilan (29 oktyabr
1993) rayonları işğal edilmişdir.
Xocalı rayonunun
işğalı Ali Baş Komandan Ayaz Mütəllimovun,
Şuşa və Laçın rayonlarının
işğalı o vaxtlar ölkə prezidenti vəzifəsini
icra edən Yaqub Məmmədovun, Kəlbəcər rayonunun
işğalı Ali Baş Komandan Əbülfəz Əliyevin,
Xocavənd, Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli,
Qubadlı, Zəngilan rayonlarının işğalı isə
Ali Baş Komandan Heydər Əliyevin ölkəyə
başçılıq etdiyi dövrlərə aiddir. Hər
üç dövlətin bu münaqişənin
yaranmasında suçu olduğundan münaqişənin
sülh yolu ilə aradan qaldırılmasında maraqları
olmayıb, münaqişənin davamlı olması
üçün bütün vasitələrdən istifadə
etmişlər. Bunu sübut etməyə
çalışacağam.
SSRİ Nazirlər Soveti sədrinin 1-ci
müavini Heydər Əliyev 1987-ci ildə (64 yaşında)
bu vəzifədən və Sov.İKP Mərkəzi
Komitəsinin Siyasi Büro üzvlüyündən “xəstəliyinə”
görə kənarlaşdırılır, ailəsi ilə
birlikdə o vaxtlar MK – işçiləri üçün
tikilmiş binada oğlu İlham Əliyevin adına
yazılmış, sahəsi 144 kv.m olan mənzildə
yaşamağa üstünlük verərək, müəyyən
səbəblərdən Bakıya qayıtmır. Heydər Əliyev Azərbaycana yalnız 1990-cı
il Kreml tərəfindən Azərbaycanda törədilən qətlamdan
sonra qayıdır və qısa bir müddətdə o vaxtlar
millətin əksəriyyətinin rəğbətini
qazanmış Azərbaycan Xalq Cəbhəsinin dəstəyi
ilə Naxçıvan Ali Sovetinin sədri seçilir. Demokratik yolla 17 iyun 1992-ci ildə Azərbaycan
Respublikasının prezidenti seçilmiş (59,4% səslə)
Elçibəy Rusiyanın dəstəyi ilə Surət
Hüseynov qiyamına görə prezidentlik postunu tərk
etdikdən sonra, öncə prezident vəzifəsini icra edən
H.Əliyev daha sonra ölkə prezident vəzifəsinə
seçilir. H.Əliyev hələ prezident
vəzifəsini icra edərkən və Azərbaycanın əksərən
könüllülərdən ibarət olan fədakar ordusu ermənilər
tərəfindən zəbt olunmuş ərazinin 50%-dən
çoxunu geri qaytarmaq və BMT TŞ-nin Kəlbəcər rayonu
və zəbt olunmuş bütün
rayonlarının qeyd-şərtsiz erməni
qoşunlarından azad etmək barədə qəbul etdiyi qətnamə
ərəfəsində (1993-cü il 30 aprel) H.Əliyev 33
könüllü batalyonu ləğv edir və bunun nəticəsi
kimi ərazisi ümumilikdə 7,42 min kv.km olan Ağdərə,
Ağdam, Cəbrayıl, Füzuli,
Qubadlı və Zəngilan (6 rayon) ermənilər tərəfindən
işğal olunur. İyul-avqust aylarında 5 rayonun
işğal olunması münaqişənin tezliklə həll
olunacağına ümidsizlik yaratmaq və atəşkəs
haqqında saziş əldə etmək üçün
ictimaiyyətin nəzərinə çatdırılan mesaj
idi. Məhz bu səbəbdən BMT
TŞ-nin 29 iyul 1993-cü il tarixli 853 saylı 2-ci qətnaməsində
Ağdamın işğalına qədər işğal
olunmuş Xankəndi, Xocalı, Şuşa, Laçın,
Xocavənd, Ağdərə, Cəbrayıl, Füzuli,
Qubadlı rayonlarının adı çəkilməmişdir.
853 saylı qətnamədə
bütün hərbi əməliyyatların dərhal
dayandırılması, münaqişədə iştirak edən
işğalçı qüvvələrin Ağdam rayonundan və
AR-nın digər bu yaxınlarda işğal edilmiş
rayonlarından dərhal, tam və qeyd-şərtsiz
çıxarılması tələb edilmişdir.
BMT-TŞ-nın 14 oktyabr
1993-cü il tarixli 874 saylı qətnamə 1993-cü ilin
avqustunda atəşkəs haqqında razılıq əldə
olunması və 8 oktyabr 1993-cü ildə Moskvada yüksək
səviyyədə görüşlərin keçirilməsi
haqqında yanlış məlumatlar Minsk konfransı sədrinin
TŞ Sədrinin adına müraciətlənmiş 1
oktyabr 1993-cü il tarixli məktub əsasında qəbul
edilmişdir. Bu səbəbdən TŞ-nin bəyanatında
1. “Maraqlı tərəfləri ATƏM-in Minsk
qrupuna kömək məqsədilə RF-ı hökumətinin
yardımı ilə həyata keçirilən birbaşa əlaqələr
nəticəsində əldə edilən atəşkəsi
effektiv və daimi etməyə çağırmış, 28
sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun
iclasında doqquz digər
üzvünün bəstəyi ilə Qrupun sədri tərəfindən
maraqlı tərəflərə təqdim olunan “Təhlükəsizlik
Şurasının 822 (1993), 853 (1993) saylı qətnamələrinin
həyata keçirilməsi üzrə təxirəsalınmaz
addımların yeniləşdirilmiş cədvəli”ni alqışlamış
və tərəflərin diqqətinə çatdırır
və tərəfləri onu qəbul etməyə
çağırmışdır.
Dövlətlərarası
münaqişə yaratmaqda misilsiz təcrübəsi olan
Rusiya BMT TŞ-nin bu qərarından sonra Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
aradan qaldırmaqda marağı olmadığından BMT
TŞ-nın 14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnaməsinə
əsasən “ATƏM-in Nazirlər
Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun
olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə
tutulduğu kimi münaqişənin danışıqlar yolu
ilə həll edilməsinə nail olmaq məqsədilə
tezliklə Minsk konfransının keçirilməsini”
1994-cü il dekabrın 5-dək uzatmağa, daha sonra isə
1 yanvar 1997-ci ildən ATƏT-in (Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı) Minsk Prosesinə
Həmsədrlər qismində ABŞ, Rusiya və Fransanın
başçılıq etməsinə nail olmuşdur.
BMT TŞ-nın 14 oktyabr
1993-cü il tarixli 874 saylı qətnaməsi ilə
ATƏM-in Minsk qrupuna kömək məqsədilə RF-hökumətinin
yardımı ilə həyata keçirilən birbaşa əlaqələr
nəticəsində əldə edilən atəşkəsi
effektiv daimi etməyə çağıran qərarından
sonra Rusiya Ermənistan-Azərbaycan DQ münaqişəsinin
sülh yolu ilə həll olunması məsələsini
öz əlinə keçirmişdir.
4-5 may 1994-cü il Bişkek şəhərində
Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası
Assambleyanın, Qırğızıstan Respublikası
parlamenti, Federal iclas və Rusiya Federasiyasının təşəbbüsü
ilə görüş iştirakçıları Qarabağ
müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi
nəzərdə tutan və ya sülhə
çağırış məqsədli və hüquqi
xarakter daşımayan sənəd “Bişkek protokolu” tərtib
edirlər.
Sənədin imzalanması ilə bağlı
fərqli iddialar mövcuddur.
Birinci iddia
Daha dəqiqi sənədin 1994-cü il
mayın 5-də Bişkekdə imzalanması nəzərdə
tutulmuşdur. Həmin sənədi Milli Məclisin
vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin
sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin
günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən
Karen Baburyan, MDB ölkələri Parlamentlərarası
Assambleyasının sədri Vladimir Sumeyko,
Qırğızıstan Ali Sovetinin sədri Medetkan
Şerimkulov, RF prezidentinin səlahiyyətli nümayəndəsi,
Rusiya vasitəçilik missiyasının rəhbəri
Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası
Assambleya Şurasının katibliyinin rəhbəri Mixail
Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi
imzalamış, o isə bundan imtina etmişdi. Bu isə ona
baha başa gəldi. 29 sentyabr 1994-cü ildə gecə evinin
girişində sürücüsü ilə birlikdə müəmmalı
surətdə güllələndi. İndiyə kimi güllələnmənin
səbəbləri araşdırılmayıb.
Görüşün 7
iştirakçılarından altısının
imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş
və daha sonra sənədin əsli də oraya gedib
çıxmışdır. Həmin sənədin əslinin
hazırda RF-XİN-nin arxivində saxlandığı
güman edilir. Bu sənədin 6 nəfər tərəfindən
imzalanmış kserosurətini isə imzalanması
üçün Bakıya ATƏM-in Minsk qrupundakı təmsilçisi
Vladimir Kazimirov gətirmişdir. O, mayın 8-də Azərbaycan
tərəfinə yenidən bu protokolu imzalamağı təklif
etmişdir. bu dəfə Azərbaycan tərəfini Milli Məclisin
o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin
mətninə düzəlişlər edilmədən və
onu imzalayanlar sırasına DQAİ-nin rəhbəri Nizami Bəhmənovun
adı əlavə olunmadan onu imzalamaqdan imtina etmişdir.
Sonralar Vladimir Kazimirov öz xatirələrində
belə qeyd etmişdir:
Bu sənəd hüquqi xarakter
daşımadığına və üstəlik öhdəliklər
qoymadığına görə bir növ siyasi müraciət
və ya sülhə çağırış idi (Bu barədə
hələ sənəd qəbul olunmaqdan öncə BMT
TŞ-nın 14 oktyabr 1993-cü il tarixli qətnaməsində
1993-cü ilin avqustunda atəşkəs
haqqında razılıq əldə olunması barədə məlumat
səslənmişdi). Buna görə də Azərbaycan
tərəfin təkid etdiyi düzəlişlərin o qədər
də böyük əhəmiyyəti yox idi. Bununla belə
Bakı yalnız onun istəklərinin təsbit olunduğu
kağızı imzalamağa razılaşırdı.
Bu sənəd belə
yekunlaşmışdır: Rəsul Quliyev
Kazimirovun gözünün qabağında öz əli ilə
N.Bəhmənovun adını orada əlavə etmiş, onun
imzası üçün xətt çəkmiş, sənədin
mətninə iki düzəliş əlavə etmiş və
bundan sonra A.Cəlilovun adının yanında öz
imzasını qoymuşdur. Bişkek
protokolunu (Afiyəddin Cəlilovun Bişkek protokolunu
imzalamaması, Rəsul Quliyevin A.Cəlilovun adının
yanında öz adını, soyadını göstərmədən
imzasını qoyması, bir müddət sonra A.Cəlilovun
güllələnməsi, səbəbinin bu günə kimi
açılmaması, sonradan bu protokolun kağız
parçasından başqa bir şey olmadığı məlum
olması, atəşkəsin “Əsrin müqaviləsi”
bağlandıqdan bir qədər sonra hər gün
pozulması “Bişkek protokolu”nun mənasız bir kağız
parçası olduğu meydana çıxdı) Bəhmənovu
axtarmağa başlayanda, məlum olur ki, o,
Bakıda yox imiş. Kazimirov mayın 5-də 6
iştirakçı tərəfindən imzalanmış və
indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə
etdiyi düzəlişlər əlavə edilmiş protokolun
kserosurətini götürüb Bəhmənov gözləmədən
Moskvaya qayıtmışdır.
Rahib ZEYNALOV
Hürriyyət.- 2021.- 3 avqust.- S.10.