Ədalətin cəzası, cəzanın ədaləti

 

 

Bu yaxınlarda hüquq elmləri doktoru İlham Rəhimov təzə çapdan çıxmış “Din və cəza” adlı kitabını mənə göndərmişdi. Mən İ.Rəhimovun bir çox kitablarını oxumuşam, eləcə də onunla bəzi hüquqi məsələlər, o cümlədən ölüm cəzası ilə bağlı müzakirəyə çıxarılmış məsələ ətrafinda fikir mübadiləsi aparmış və ölümün cəza kimi təyin edilməsinin düzgün olmadığı fikrində həmfikir olmuşuq. Vaxtilə “Demokratik Azərbaycan” qəzetində hər ikimiz öz fikirlərimizi elmi məqalə formasında da geniş ictimayyətə çatdırmışıq. Bir çox məsələlərdə fikirlərimizin üst-üstə düşməsinə gorə də İ.Rəhimovun yeni kitabı məndə xüsusi maraq dogurdu və kitab əlimə çatan andan çox həvəs və diqqətlə oxumağa və müəllifin bu kitabda müdafiə etdiyi əsas ideyanı özüm üçün müəyyənləşdirməyə cəhd etdim.

 

Əvvala qeyd edim ki, dünyəvi elm sahəsində alimlik səviyyəsinə qalxmış birinin çox ciddi bir teoloji elm sahəsinə - fiqh elminə xas mövzunu gündəmə gətirməsi, məncə, olduqca ciddi bir iddiadir. Bu, xüsusən ona görə əhəmiyyətli məsələdir ki, bir qayda olaraq minillərdir dünyəvi elm sahibləri dini bilgilərə, teoloqlar isə dünyəvi bilgilərə şübhə ilə yanaşır və bir çox hallarda bir-birinə qarşı mübarizə aparırlar.

 

Məhz buna görədir ki, ictimai şüurun iki fərqli forması - din və elm bəşəriyyətin inkişafında əməkdaşlıq etmək əvəzinə, bir-biri ilə rəqabət apararaq, əksinə tərəqqinin qabağında böyük əngələ çevriliblər. Alimlərin tonqallarda yandırılmasına, eləcə də din xadimlərinin cəmiyyət həyatından kənarlaşdırılmasına səbəb olmuş orta əsr sxolastikası və yeni dövrdə qısa ömürlü müxtəlif “izim”lər əslində tarixin hərəkət sürətini xeyli yavaşlada bilmişdir. Bəs, bu iki şüur sahiblərinin bir-biri ilə düşmənçilik etməsinin səbəbi nədir?

 

Amerika fikir adamı Maysil Ledvit yazır: “Elmlə ruhaniyyət arasındakı uçurm bu gün bizə daha çox təsir edir. Rəsmi elm aləminin təmsilçiləri  dini təlimlər haqqında olduqca az bilirlər. Onlar kilsə xütbələrindən götürülmüş qaydaları tənqid edirlər, hansı ki, kilsə qanunları ruhun inkişafının variantlarından yalnız biridir. Bədbəxtilikdən kilsə xadimləri də müasir elmin nailiyyətləri ilə az maraqlanırlar. Buna görə də hər iki tərəf faktiki olaraq bir-birinə atəş açmaqla məşğuldur. Baxmayaraq ki, dünyanın elmi görüşü və həqiqətin mənəvi dərki – reallığa baxmaq üçün iki bir-birini tamamlayan üsuldur”.

 

İ.Rəhimov dünyəvi elm nümayəndəsi kimi “Din və cəza” adlı bir kitab yazmaqla, əslində dünyada minillərdir davam edən dinlə elm müharibəsində bir “atəşkəs” elan etmiş, həm də bununla kifayətlənməmiş, sübut etməyə çalışmışdır ki, əslində bir çox hallarda  elmi biliklər öz mənbəyini dini görüşlərdən almışdır.

 

 

 

Elmlə dinin əlaqələndirilməsinin insanlıq üçün nə demək olduğunu Enn Berinqin bu fikri bir daha təsdiq edir: “Qədim dünyanın nəhəng mədəniyyətlərində həmişə insani olanla ilahi olan arasında əlaqə mövcud olmuşdur... İnsan ilahi olanı maddi dünyada hiss edir”. Zatən, müqədds Kitabımız Qurani-Kərimdə də bu dünyanın və insanın Allahın varlığının bir dəlili olması açıq şəkildə bəyan edilmişdir.

 

İ.Rəhimovun bu kitabı həm də başqa bir aspektdən diqqətçəkəndir. Hələ otuzuncu illərdə ispan filosofu Orteqa Qasset belə bir müddəa irəli sürmüşdü ki, elmlərin fakultələrə ayrılması artıq elmin tarixi inkişafinda əngələ çevrilib, buna görə də ensklopedik elm erasına keçid etmək zəruridir. Artıq bir çox sintetik elmlər - fakultativ elmlərin sərhədlərində yaranan elm sahələri - meydana çıxmış və çox böyük həqiqətlərin əldə edilmsinə səbəb olmuşdur.

 

Məncə, ensklopedik elm həm də dini, mifoloji, metafizik və fəlsəfi elmləri də əhatə etməlidir. Çünki insanlıq öz dühasını müxtəlif dövrlərdə formaca fərqli, mahiyyətcə eyni şəkildə ifadə etmişdir. İ.Rəhimov öz kitabında dini bilgiləri hüquqi bilgilərlə sintez etməsi ilə Azərbaycanda ensklopedik elm sahəsində çalışan alimlərin sırasına daxil olmuşdur. Əslində, bu kitab bəşəri cəza ilə ilahi cəzanın əlaqələrinə həsr olunub və kitabda müəllif öz işini yalnız islam dini ilə məhdudlaşdırmamış, həm də iudaizm, xristianlıq, induizm, buddizm dinlərində cəza məsələsini araşdırmağa cəhd etmişdir. Bu yanaşma nə dərəcədə düzgündür?

 

“İnsanlığın böyük dinləri” kitabının müəllifləri, ingilis alimləri Floyd Ross və Tinet Xills adıçəkilən əsərlərində induizm dini ilə bağlı yazırlar: “İbadətin (Allaha) hansı yolu ən yaxşıdır?” İndus demişdir: “İnəklər müxtəlif rənglərdədir, amma onların südü hamısında eynidir. ...inanc sistemləri müxtəlifdir, Allaha isə təkdir”. Buradan aydın olur ki, dünyanın aparıcı dinlərinin hamısı bu və ya  başqa şəkildə insanlığı düşündürən fundamental suallara təxminən bir-birinə formaca müxtəlif, məzmunca eyni cavab verirlər.

 

Cinayət və cəza (günah və cəza) məsələsi də bu mənada istisna olunmur. Demək olar ki, təkallahlı dinlərin hamısında vahid sünnə vardır, digər dinlərdə də ilahi qanunlar bu sünnəyə az və ya çox dərəcədə yaxındır.

 

Məsələn, dünya əhalisinin beşdə birinin inanc sistemi kimi çıxış edən, Buddizmin peyğəmbəri hesab olunan Buddanın məqsədi orta yolu tapmaq, ifratçılıqdan uzaqlaşmaqdır. Qurani-Kərimdə Allah müsəlmanlığı orta yol kimi yaratdığını və buna görə müsəlmanların ən yaxşı hümmət olduğunu bəyan edir.

 

Haşiyə çıxım ki, islam dinində cəzaya münasibətdə də məhz orta yolun tutulması, ifratçılıqdan qaçılması əmr edilir.

 

Kitabın bütün müsbət məziyyətləri ilə yanaşı, aşağıdakı məsələlərə də diqqət edilməsini zəruri hesab edirəm və düşünürəm ki, müəllif kitabın təkrar nəşrində bu qeydləri nəzərə alacaqdır.

 

İ.Rəhimovun “Din və cəza” kitabında həll etməyə çalışdığı problemi iki cür təsfir etmək olar: Bəşəri cəza ilə ilahi cəzanın əlaqəsi və dində cəza məsələsi.

 

Buradan belə bir sual meydana çıxır: ümimiyyətlə cəza təsadüfə və ya zərurətə görə meydana çıxmışdır? Başqa sözlə, cəza olmadan insan cəmiyyəti mövcud ola bilərmi?

 

Daosizmə görə, nə zaman ki, hər bir insan öz borcunu ödəməyi və öz öhdəliyini yerinə yetirməyi öyrənəcək, onda yerdə yaşayan bütün insanlar xoşbəxt olacaq. Günahkarlar (cinayətkarlar) məhz bu yolu seçməyənlərdir, hansı ki, onların öz borclarını yerinə yetirməmləri və öhdəliklərinə əməl etməmələri yerdə yaşayan bütün insanlara az və ya çox dərəcədə bədbəxtlik gətirir. Daosizmə görə, “bir insan dünyanı  özünün görmək istədiyi kimi etməyə cəhd edirsə, bununla özünə və başqalarına ziyan vurur... Kim ki, Daonu (doğru yolu) öz daxilində görür, onu başqalarında və eləcə də bütün dünyada görür. Bu, məhz o adamdır ki, öz xeyrini bütün insanların xeyri kimi görür. Hamı üçün xeyir, - bu, həm də onun özünün  xeyridir. Dünya ona görə mövcud deyil ki, onu idarə edəsən, onun buynuzundan yapışasan. Dünya ona görə mövcuddur ki, onda yaşayasan və onu anlayasan”. Hər bir insan da özü özündə bir mikrokosmosdur. Ona görə, bir insanı öz iradənə cəlb etmək yox, onu başa düşmək və onunla birlikdə mövcud olmağa cəhd doğru və düzgün yoldur. Cinayətkarlar müxtəlif üsullarlarla ayrı-ayrı  fərdləri və ya toplumu qeyri-qanuni, qeyri-legitim üsul və vasitələrlə idarə etməyə cəhd edən insanlardır. Konfutsi insanın başlıca cavabdehliyini - cəmiyyət qarşısında cavabdehlik kimi təyin etmişdir. Cəmiyyətdə  fərdlər qarşısındakı cavabdehlik isə həmin cəmiyyətin qanunları şəklində ifadə edilir. Buradan da belə aydın olur ki, qanunları pozan hər bir fərd cəmiyyət qarşısında öhdəliyindən imtina etmiş olur. Bu zaman cəmiyyət bu öhdəliyə ekvivalent şəkildə fərdə verdiyi səlahiyyətləri - cəmiyyət həyatında digər günahsız insanlarla eyni şərtlərdə yaşama hüququnu onun əlindən alır ki, bu da cəza kimi təzahür edir.

 

Daosizmə görə, kamil insan başqa insanlarla harmoniyda olmağa cəhd edən insandır. Bir qayda olaraq, cinayətkarlıq insanlar arasında harmoniyanın pozulması kimi təzahür edir. Bu da həmin harmoniyanı pozan insanın qeyri-kamil insan olduğunu üzə çıxarır ki, cəzanın islah funksiyası məhz fərdin kamilləşdirilməsini özündə ifadə edir.

 

Qurani-Kərimə görə, düzgün əxlaq həqiqi biliklərlə vəhdət təşkil edir. İnsan nə qədər təkmil biliklərə malikdirsə, bir o qədər həqiqi əxlaqi vəziyyətdədir. Bu biliklər içərisində ən vacibi cəmiyyət qanunlarını bilmək və onlara qüsursuz əməl etməkdən ibarətdir. Buna görə, cinayət əməli  nadanlıqla uyğunluq təşkil edir ki, cəza həm də özünün ictimai xəbərdarlıq funksiyasi ilə cəmiyyəti marifləndirməyə -bilikləndirməyə xidmət edir.

 

Qurani-Kərimdə insanların beşikdən məzaracan elm öyrənmələrinin əmr edilməsi əslində hər bir insanın düzgün əxlaqi həyat tərzi yaşamalarına təşfiq kimi təsəvvürə gəlir. Daosizmə görə, təkmil insan bilən insandır. Cəmiyyət həyatında doğru yol insanlararası münasibətlərin yaxşılaşması kimi təsəvvürə gəlir. O əməllər ki, bu münasibətləri pozur, həmin əməli törədənlər cəmiyyət həyatına əks yolda olurlar və dində də bu azanların yolu kimi təyin edilir. Azanların yolu dünya həyatında cinayətkarların yolu kimi meydana çıxır. Cəmiyyət başqaları ilə uzlaşmadan meydana çıxdığından, fərdin başqaları ilə uzlaşmayan istənilən hərəkəti cəmiyyətin mövcudluğunu təhdid edir ki, bununla da cəmiyyət özünü qorumaq məqsədi ilə  həmin şəxsi cəzalandirmaq hüquqi əldə edir.

 

Bəs ilahi hüquqla bəşəri hüququn nə kimi əlaqəsi var?

 

Yaponların “Sinto” (Allahların yolu) dininə görə, təbiəti idarə edən möcüzəvi güc həm də bizim daxilimizdə fəaliyyət göstərir. Onlar arasında heç bir fərq yoxdur, ilahi olanı bəşəri olandan ayıran heç bir cizgi yoxdur. Buna görə, insanın dini ilə onun həyatı o qədər sıx, qarşılıqlı əlaqədədir ki, demək olar, birinin harda başladığını,  digərinin harda qurtardığını təyin etmək mümkün deyildir. Bu baxımdan, cəmiyyət qanunları da dünyəvi qanunlara xas keyfiyyətlər əldə etməlidir. Bu dəyişməzlik, sərtlik, möhkəmlik, istənilən şərtdə eyni cür təzahür etmə və s. kimi  keyfiyyətlərə malik olmalıdır. Təbiət  qanunlarının pozulması təbii fəlakətlər yaratdığı kimi, cəmiyyət qanunlarının pozulması da ictimai fəlakət yaradır. Hər iki fəlakətdən  hamı ziyan görür. Qurani-Kərimdə Allah bu dünyada günahkarları həm də təbii fəlakətlərlə - əzab qamçısı ilə cəzalandırdığını bəyan edir ki, bu da hər iki qanun arasında vəhdətin olduğunu sübut edir.

 

(Ardı var)

 

Sərdar CƏLALOĞLU

 

Hürriyyət.-2021.-17 avqust.-S.3.