Vahid Azərbaycan uğrunda
mübarizə
Fətəli xan
Qubalı bütün xanlıqları vahid dövlət ətrafında birləşdirmək
istəyirdi
Fətəli xan hərbi yardım
üçün Rusiyaya müraciət edib, onunla ittifaqa girmək
istəyəndə əsas və ilkin şərt kimi Azərbaycanın
müstəqilliyinin ön plana çəkirdi. Lakin müstəqil
və güclü Azərbaycan dövləti Rusiyanın Qafqaz
və Şərq planları ilə heç cür düz gəlmirdi.
Elə buna görə də bəzi qarşılıqlı
güzəştlərə, ümidverici münasibətlərə
baxmayaraq Fətəli xanla II Yekaterina arasında mehriban
qonşuluq və möhkəm dostluq əlaqələri yarana
bilmədi. II Yekaterina İran və yenicə
Küçük Qaynarça sülhü bağlamış,
Türkiyə ilə münasibətləri gərginləşdirmək
istəmədiyini bəhanə edərək, bu işin
mümkün olmadığını bildirdi. Əksinə,
Rusiya dövləti gah II İraklinin, gah İbrahim xanın,
gah da Dağıstan feodallarının əli ilə tez-tez Quba xanlığına arxadan zərbələr
vururdu.Quba xanlığının timsalında Şimal-Şərqi
Azərbaycan dövləti yarandığı vaxt Qarabağ
xanı İbrahim xan gürcü çarı II İraklinin
hiyləsinə uymasaydı, 1779-1780-ci illərdə İbrahim
xan Fətəli xanın birləşmək təklifini
düzgün başa düşsəydi və onlar
razılığa gəlsəydilər yəqin ki, bu gün
Qarabağın və Borçalının acı
ağrılarını çəkməzdik.
Fətəli xan 1780-1781-ci illərdə
üç dəfə Qarabağ xanlığına
qarşı qoşun yeridir, hətta Ağdamı və
Əsgəran qalası da daxil olmaqla bütün aran
Qarabağı tutsa da arxası Şərqi Gürcüstana
bağlı olan Qarabağ xanlığını tabe etmək
cəhdi baş tutmadı. Fətəli xan dəfələrlə
Azərbaycan torpaqlarını Şərqi
Gürcüstan çarı II İraklinin təcavüzündən
qorumuş, gürcü hökmdarına rəsmi məktub
göndərərək, onun Azərbaycan
xanlıqlarının işinə qarışmamasını
tələb edirdi. 1787-ci ildə Quba xanlığı ilə
sülh müqaviləsi bağlayan II İrakli ümumi
düşmənə qarşı mübarizədə Fətəli
xanla birgə olacağını bildirmişdi.
XVIII əsrin 80-cı illərində Ağa Məhəmməd
şah Qacarın niyyətlərindən ehtiyat edən bir
çox Azərbaycan xanı Fətəli xanın himayəsinə
keçmək istəyirdi. Möhkəm dövlət
hakimiyyətinin yaradılması üçün Fətəli
xanın gördüyü tədbirlərin xırda və orta
feodallar, tacirlər, sənətkarlar, habelə müharibələrə
nifrət bəsləyən oturaq kəndlilər rəğbətlə
qarşılayırdılar. Təbriz, Ərdəbil, Gəncə
əhalisi, Quba xanlığının himayəsinə
sığınmaq arzusunu bildirdi. O zaman Azərbaycanda olmuş
rus məmurlarından biri yazırdı: “Mən Gilan vilayətindən,
Ərdəbil, Təbriz, Gəncə, İrəvan şəhərlərindən
hədiyyələrlə Dərbəndə-Fətəli
xanın yanına gəlmiş üç nəfər
adlı-sanlı taciri gördüm. Onlar öz
xanlıqlarından gizli, yerli əhali adından Fətəli
xandan həmin yerləri öz hakimiyyəti altına
almağı xahiş etdilər; onlar vəd edirdilər ki,
yürüş zamanı ona heç bir müqavimət
göstərilməyəcək” (12, 39). 1784-cü ildə Fətəli
xan Ərdəbili və Meşkini tutdu. Quba
xanlığının ərazisi daha da genişləndi,
nüfuzu daha da artdı. Lakin bu, II Yekaterinanı narahat etdi və
o, Fətəli xana öz narazılığını
bildirdi. Onun təkidi ilə Fətəli xan Ərdəbil
xanlığından geri döndü.
Öz istiqlaliyyətini saxlamağa
çalışan yerli iri feodal hakimlər də Fətəli
xanın siyasətinə mənfi münasibət bəsləyir
və Azərbaycan torpaqlarının bir xanın hakimiyyəti
altında olmasına müqavimət göstərdilər. Buna baxmayaraq, nəhayət, Fətəli xan hakimiyyətdə
olduğu 31 il ərzində (1758-1789) Quba
xanlığının sərhədlərini xeyli genişləndirmiş,
Azərbaycan xanlıqlarının çoxunu öz ətrafında
birləşdirərək, güclü Şimal-Şərqi
Azərbaycan dövləti yarada bilmişdi. Elə bir dövlət ki, tədricən o, rus
hökmdarı II Yekaterinaya Yaxın Şərqdə Türkiyədən
sonra ikinci bir imperiya təsiri bağışlayırdı. Gələcəkdə
həmin dövlətin güclənməsinin
qarşısını almaqdan ötrü Peterburqda məxfi
planlar hazırlandı.
Beləliklə, Dərbənddən
başlayaraq bütün Azərbaycan torpaqlarını bir
dövlət halında birləşdirən Fətəli xan hərbi
qüvvə, ticarət və iqtisadi əhəmiyyət
baxımından çox uğurlar qazanmış, ölkədə
əmin-amanlıq yarada bilmişdi.
Bundan sonra o, Cənubi Azərbaycan
xalqlarını həmişəlik İran əsarətindən
qurtarıb öz himayəsinə götürmək
üçün yollar arayırdı.30 ildən çox Azərbaycan
müstəqilliyi uğrunda mübarizə aparan Fətəli
xan yeganə qüvvə idi ki, hamı onunla hesablaşır və
tabe olurdu. Öz siyasi bacarığı və millətsevərliyi
ilə o, digər xanlardan fərqlənirdi. Təbii ki, belə
bir şəxsiyyətin düşmənləri də
çox idi.
XVIII əsrin 80-cı illərinin
axırlarında Fətəli xanın hakimiyyəti o qədər
möhkəmlənmişdi ki, gürcü çarı, rus
imperatoru və İran şahı onunla hesablaşmağa məcbur
idilər. Hər üç dövlət
başçısı “ağızlarının içindəcə”
bu cür dövlət yaranması, bu dövlətə Fətəli
xan kimi bacarıqlı siyasətçinin və sərkərdənin
başçılıq etməsi ilə heç cürə
razılaşa bilmirdilər.
Fətəli xanın siyasi
bacarığına, gücünə və uzaqgörən
siyasətinə yaxşı bələd olan Rusiya, İran,
Gürcüstan və yerli xanlar onu aradan götürmək
üçün plan hazırlamışdılar. Planda hər
üç düşmən dövlət üçün Fətəli
xanın siyasi meydandan getməsinin nəticələri
aydın görünürdü:
Rusiya üçün – Azərbaycanın
bir-biri ilə düşmənçilik xırda xanlıqlara
parçalanması, sonralar onun istila edilməsi, İran və
Hindistanın sərhədlərinə yol açması.
Gürcüstan üçün-güclü
qonşudan yaxa qurtarmaq, həmçinin məğlub
qonşunun hesabına öz ərazilərini genişləndirmək.
İran üçün – Azərbaycanın,
sonra isə bütün Qafqazın istilası
Yerli xanımlar üçün – güclü
şəxsiyyətdən təcrid olunmaq və onun yerini tutmaq
imkanı.
1789-cu ilin əvvəllərində Fətəli
xanın təklifi ilə Şamxorda (indiki Şəmkir)
gürcü çarı II İrakli ilə görüş
keçirilir. Quba xanlığı tərəfindən Gəncə
və Şəki xanlarının da iştirak etdiyi bu
görüşdə bir sıra mühüm siyasi və
strateji məsələlər müzakirə olunur. Fətəli
xan İraklidən Şəmşəddil mahalının həmişəlik
Gəncə xanlığına qatılmasına
razılıq alır.
Şamxorda Şərqi Gürcüstan
çarı II İrakli ilə danışıqlardan sonra təşkil
olunmuş naharda Fətəli xanı zəhərləyirlər.
Zəhər dərhal yox, tədricən qana
yeridiyindən (xəyanət planında belə nəzərdə
tutulmuşdu) bir neçə gündən sonra Qubaya yola
düşən Fətəli xan yolda xəstələnir və
Bakıda yaşayan bacısı Xədicə Bikənin
(Bakı xanı Hacı Məlik Məhəmməd xanın arvadı) yanına gəlir. 1789-cu
il martın 23-də görkəmli dövlət xadimi,
bacarıqlı diplomat, strateq, vahid Azərbaycan uğrunda
mübarizə aparan sərkərdənin vətən
torpaqlarının birliyi uğrunda döyünən ürəyi
dayanır. Bakıda vəfat etmiş Fətəli
xanı Bakıda Bibiheybət məscidinin həyətində
dəfn edirlər.
1936-cı ildə Bibiheybət məscidi, bu
müqəddəs ocaq sovet rejimi tərəfindən məhv
edilərkən, Fətəli xan və məscidin ətrafında
basdırılmış müqəddəs adamların qəbirləri
də dağıdılmışdır. Təsadüfən,
o vaxt Şıx kəndinin xeyirxah ağsaqqallarından biri
üstündə Fətəli xan adı yazılmış
iki baş daşından birini (ehtimal var ki, ikinci baş
daşı Xədicə Bikənin baş daşı
olmuşdur) evinə aparıb gizlətmiş və onu məhv
olmaqdan qoruya bilmişdir. Sonradan tanınmış
arxeoloq və etnoqraf İshaq Cəfərzadə baş
daşını soraqlayıb tapmış və Azərbaycan
tarixi muzeyinə vermişdir. Hazırda həmin baş
daşı muzeyin qiymətli eksponatlarından, tariximizin səhifələrindən
biri kimi qorunub saxlanılır.
1999-2003-cü illərdə
xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər
Əliyevin təşəbbüsü ilə Bakının ən
böyük məscidi olan Bibiheybət məscidi bərpa
olunub yenidən öz əvvəlki görkəmini aldı.
Orada vaxtı ilə dəfn edilmiş müqəddəs
adamların qəbirləri və digər
görüntülər bərpa olundu. Lakin nədənsə,
çox təəssüf ki, 31 il Azərbaycanın
bütövlüyü uğrunda həyatını qurban
vermiş Fətəli xanın məscidin heyətindəki qəbrinin
bərpası unuduldu.
Çox istərdik ki, görkəmli dövlət
xadimi, Azərbaycan xalqının milli iftixarı Fətəli
xanın xatirəsi əziz tutulsun və onun qəbri bərpa
olunsun. Quba şəhərində, onun doğma vətənində
ona möhtəşəm abidə ucaldılsın, heykəli
qoyulsun, gəncəlilərin Cavad xana ucaltdıqları abidə
kimi.
Fətəli xanın ölümü (o, ancaq
53 il yaşaya bilmişdi), Azərbaycanın siyasi həyatından
getməsi xalqımız üçün böyük itki idi.
Onun ölümü ilə millətimizin faciəsi
başlayır. Onun yolunu heç kim davam etdirə bilmədi.
Şah İsmayıl Xətainin oğlanları kimi, onun da
oğlanları – Əhməd xan (1789-1791) və Şeyxəli
xan (1791-1810) atalarını əvəz edə bilmədilər.
Quba xanlığı ilhaq edilmiş və asılı hala
salınmış ərazilər üzərində hakimiyyətini
itirdi. Dərbənd, Şəki, Bakı, Şirvan,
Talış və Gəncə xanlıqları Quba
xanlığının asılılığından
çıxdılar. Azərbaycan xırda xanlıqlara
parçalandı.
Rusiya və İran bundan istifadə
edərək, Türkmənçay müqaviləsi ilə
(1828-ci il, 10 fevral) Azərbaycanı Araz çayı ilə
iki yerə böldülər. Şimali Azərbaycan
ikibaşlı qartalın (Rusiyanın) caynağına
keçdi və bununla da millətimizin növbəti faciəsi
başlandı. Bu gün həmin faciənin Zəngəzur
və Göyçə, İrəvan və Qarabağ,
Borçalı və Dərbənd kimi yaraları hələ
də qalmaqdadır.
Görkəmli və uzaqgörən
dövlət xadimi, tədbirli diplomat və igid sərkərdə
olan Fətəli xan Azərbaycan torpaqlarının sabit
birliyini yarada bilmədisə də, onun müdrik və
uzaqgörənliyi bu gün müstəqil və suveren Azərbaycan
Respublikası üçün öz bəhrələrini verməkdədir.
Bir vaxtlar o, II Yekaterina tərəfindən
sıxışdırılan rus qaçqınlarını –
köhnə xaçpərəstləri (“staroverı”) öz
himayəsinə aldı. Məhz buna görə də Rusiya
Pribaltika və Moldovada olduğu kimi, Azərbaycanda rus məsələsini
qaldıra bilmədi. Yaxud Fətəli xanın dağ yəhudilərini
Quba xanlığında yerləşdirib müdafiə etməsi
öz müsbət bəhrələrini verməkdədir.
1990-cı ilin yanvarında, Qubada yəhudilər vəsait
toplamış, öz qanlarını vermişdilər. Həkim onların bir qolundan qan aldıqdan sonra, onlar
o biri qollarını uzadırmışlar. Öz nəsihətlərində
Fətəli xan tələb edirdi ki, yəhudiləri
müdafiə edin, vaxt gələcək ki, bunun bəhrəsini
görəcəksiniz. Bu gün məhz Azərbaycana
gələn beynəlxalq yəhudi təşkilatları və
icmalarının nümayəndələri, ABŞ-ın yəhudi
konqresmenləri Fətəli xanın adının
işığına Azərbaycana hər sahədə öz
kömək və dəstəklərini əsirgəmirlər.
Sonda onu da qeyd etmək istərdik
ki, Quba xanlığının tarixinə, xüsusilə Fətəli
xanın həyat və fəaliyyətinə həsr
edilmiş bir sıra əsərlər – monoqrafiya, kitab, roman,
elmi məqalə yazılmış, hətta bədii film
çəkilmişdir. Fətəli xan haqqında ilk
yazılı məlumat A. Bakıxanovun “Gülüstani-İrəm”
kitabında (1841) verilir. Sonra bu mövzuda xüsusi əsər
yazan azərbaycanlı tarixçi İsgəndər bəy
Hacinski olmuşdur. Onun 1847-ci ildə “Qafqaz” qəzetində
çap olunmuş “Qubalı Fətəli xanın həyatı”
araşdırması 1959-cu ildə “Qubalı Fətəli xan”
adlı ilk kitab halında nəşr olunmuşdur.
P.Valuyev “Qubalı Fətəli xan” (1942), Ə.
Şükürzadə “Fətəli xan” (1943)
kitablarını yazmış, M. Hüseyn və Ə. Məmmədxanlı
“Fətəli xan” kinofilmini çəkmiş, prof. H. Abdullayev
“XVIII əsrin 60-80 –ci illərində Şimal-Şərqi Azərbaycanın
tarixindən” (1958) adlı monoqrafiyasını, Ağa Məsih
Şirvani “Şahnamə” əsərini, İ.
Qutqaşınlı “Fətəli xan” romanı, sonrakı illərdə
tarixçi alimlər prof. T. Mustafazadə “Quba
xanlığının tarixi”, Ş.F. Fərzəlibəyli
“Quba tarixi” (2001), yenə T. Mustafazadə “Quba
xanlığı” (2005) monoqrafiyalarını yazmışlar.
Hazırda A. Bakıxanov adına
Quba diyarşünaslıq muzeyində “Fətəli xanın həyat
və fəaliyyəti” nə həsr edilmiş xüsusi
şöbə nümayiş etdirilir və Quba şəhərindəki
ən böyük və yaraşıqlı küçələrdən
biri onun şərəfinə “Fətəli xan küçəsi”
adlandırılmışdır.
Əkrəm Zeynalov
Hürriyyət.- 2021.- 17 avqust.- S.12.