Ədalətin cəzası, cəzanın ədaləti

 

 

(Əvvəli ötən sayımızda)

 

Bu yaxınlarda hüquq elmləri doktoru İlham Rəhimov təzə çapdan çıxmış “Din və cəza” adlı kitabını mənə göndərmişdi. Mən İ.Rəhimovun bir çox kitablarını oxumuşam, eləcə də onunla bəzi hüquqi məsələlər, o cümlədən ölüm cəzası ilə bağlı müzakirəyə çıxarılmış məsələ ətrafinda fikir mübadiləsi aparmış və ölümün cəza kimi təyin edilməsinin düzgün olmadığı fikrində həmfikir olmuşuq. Vaxtilə “Demokratik Azərbaycan” qəzetində hər ikimiz öz fikirlərimizi elmi məqalə formasında da geniş ictimayyətə çatdırmışıq. Bir çox məsələlərdə fikirlərimizin üst-üstə düşməsinə gorə də İ.Rəhimovun yeni kitabı məndə xüsusi maraq dogurdu və kitab əlimə çatan andan çox həvəs və diqqətlə oxumağa və müəllifin bu kitabda müdafiə etdiyi əsas ideyanı özüm üçün müəyyənləşdirməyə cəhd etdim.

 

 

Bəşəri cəzalar ədalətliliyə görə ilahi cəzaya oxşayır. Əgər cəza pozulmuş ədalətin bərpası kimi təsəvvürə gəlirsə, onda ədalətsiz istənilən cəza özü-özlüyündə cinayətin bir forması kimi meydana çıxır. Bir çoxları cəzanın sərtliyini cəzanın ədalətliliyi kimi təsəvvür edir. Əksinə, hüquq təcrübəsi göstərir ki, cəzaların sərtliyi islaha yer qoymur və belə cəzalar aşağı dərəcəli, ədalətsiz cəzalar kimi meydana çıxır. Qurani-Kərimin “Əraf” surəsinin 181-ci ayəsində bəyan edilir: “Yaratdıqlarımız içərisində haqq ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb, ədalətli olan bir dəstə vardır”. Bu ayə göstərir ki, bəzi bəşəri cəzalar Allah-təalanın cəzalarına oxşar özündə ədalətlilik keyfiyyətini saxlayır. Bu ayədən görünür ki, əgər insanlar arasında da ədalətə əsaslanıb, ədalətli hökm çıxaranlar vardırsa, əksikliklərdən dolayı məntiq üsulu ilə sübut olunur ki, bunun əksinə, həm də ədalətə əsaslanmadan ədalətsiz hömk çıxaran insanlar da vardır.

 

Allahın ədaləti mütləq, bəşəri ədalət nisbi olduğundan, bəşəri cəzalar ədalələtliliyə görə bir-birindən fərqlənir. Bəşər tarixində cəzanın tarixi inkişafi da özündə məhz cəzanın ədalətliliyinin inkişafi kimi baş vermişdir. Cəzanın kamilləşməsi onun ədalətliliyi və düzgünlüyü ilə baş verir. Beləliklə, ilahi cəzada ədalət təyinedici, bəşəri cəzada cəza təyinedicidir. Məhz cəzanın təyinedici olmasına görə, bir çox hallarda bəşəri cəzaların özü cinayətin bir formasına çevrilir.  

 

Cəzanın ədalətliyinin bir əlaməti cəzanın dərəcələnməsindən ibarətdir. Qurani-Kərimin “Həcc” surəsinin 10-cu ayəsində bəyan edilir: “Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir. Allah bəndələrinə əsla zülm edən deyildir”. ”Ənam” surəsinin 132-ci ayəsində bəyan edilir: “Hər bir kəs üçün etdiyi əməllərdən dərəcələr vardır. Sənin Rəbbin onlarin etdiklərindən qafil deyildir”. Buradan da belə anlaşılır ki, əgər günahlar dərəcələnirsə, buna uyğun olaraq cəzalar da zərurətə görə dərəcələnməlidir.

 

Qurani-Kərimin “Nisa” surəsinin 92-ci ayəsində bəyan edilir: “Heç bir möminə səhv və xəta istisna olmaqla, hansısa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mömini öldürsə, bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən olsa, özü də mömin olsa, onda mömin bir qulun azad edilməsi vacibdir. Əgər sizinlə aralarında əhd-peyman bağlamış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir... Kim bir mömini qəsdən öldürsə, onun cəzası cəhənnəmdir ki, orda əbədi qalacaqdır. Həmçinin, Allah ona qəzəb edər, onu Öz rəhmtindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar”. Bu ayələrdən görünür ki, səhv və xəta nəticəsində insan öldürmək qəsdən adam öldürməkdən fərləndirilmiş və qəsdən adam öldürmə ağır cinayət kimi təyin edilmişdir. Qurani-Kərimdə bir insanın öldürülməsi bütün insanlığın öldürülməsinə qiyas verilir ki, bu da qəsdən insan öldürmənin bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilməsini tələb edir. Amma dünyəvi cəza sistemlərində qəsdən adam öldürmə fərdə qarşı yönəlmiş cinayət kimi tövsif olunur.

 

İlahi cəza ədalətli cəza olduğundan, pislik kimi meydana çıxmır. İlahi cəzanın ədalətliliyinə cəzanın təxirə salınmasını - möminə özünü islah etmk fürsəti verilməsini də aid etmək olar. İslam dinində bəzi ilahi cəzalar təxirə salınır. Bu, Halim olan Allahın, günahkarları cəzalandırmağa səbr edən Allahın işi kimi təsəvvürə gəlir...

 

Qurani-Kərimin “Fatir” surəsinin 45-ci ayəsində bəyan edilir: “Və əgər Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini görəndir”. “Nəhl” surəsinin 61-ci ayəsində bəyan edilir: “Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər”. Bu ayələrdən görünür ki, Allah-təala insanları əməllərinə görə cəzalandırmağa tələsmir. Buradan da tələskən verilmiş cəzaların ədalətdən uzaq olduğu sübut olunur.

 

Qurani-Kərimin “Ali İmran” surəsinin 88-89-cu ayələrində bəyan edilir: “...O lənətdə həmişəlikdirlər. Onların əzabi yüngülləşdirilməyəcək, onlara nəzər salınmayacaq və qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir... Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlyan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır”. İlahi hüqüqda istisnalar -yüngülləşdirici halların nəzərə alınması öz əksini tapıb. İkinci ayədən görünür ki, tövbə edib islah olunan, iman gətirənlərin qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilir və bu möhlət dövründə iman gətirənlər tövbə edib, yaxşı işlər gördükdə Allah onlar haqqında qərarını dəyişdirir.

 

İlahi cəzanın ədalətliliyinə həm də əməllərin bir çoxunun bağışlanması -üstündən keçilməsi aiddir. Qurani-Kərimin “Şura” surəsinin 30-cu ayəsində bəyan edilir: “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O onların çoxundan keçir”. Allahın insanın zəif və aciz yaradıldığını bəyan edir və insan əməllərinin bir çoxunun onun fitrəti ilə, yəni acizliyi və zifliyi ilə bağlı olduğundan, onlara görə cəza təyin etmir.

 

Bəşərti cəza ila ilahi cəzanın əsas fərqi aşağıdakılardan ibarətdir:

 

Birincisi, mükafatla cəzanın eyni inistansiya tərəfindən təyin edilməsi. Bəşəri hüquqda cəzalar məhkəmə orqanları, mükafatlar qanunverici və ya icra orqanları tərəfindən verilir. İlahi hüquqda Allah-təala həm cəza, həm də mükafat verəndir. Bu, Allah-təalanın öz bəndələrinin əməllərinə yalnız neqativ tərəfdən yox, həm də pozitiv tərəfdən yanaşdığını göstərir. Bu zaman mükafata layiq əmllər cəzaya layiq əməllərlə summasiya edilərək, son hökm çıxarılır. Bəşəri hüquqda qanunları verənlərlə (parlament) cəzanı verənlər (məhkəmə) fərqli hakimiyyət qolları kimi fəaliyyət göstərir.

 

İkincisi, bəşəri hüquqda cəza verənlərin özləri də dünyəvi hökmranlığa tabe olur və buna görə cəzavermə siyasi xarakter almış olur. İlahi cəzada cəza verən - Allah həm də eyni anda Hökmdar kimi çıxış edir. Yəni Allah-təala həm qanunlar verir, həm də həmin qanunlar əsasında mühakimə edir. Bəşəri məhkəmələr yalnız başqa orqanların vermiş olduğu qanunları icra edir.

 

Üçüncüsü, bəşəri cəzalar birdəfəlik akt kimi həyata keçirilir, bundan fərqli olaraq ilahi cəzalar mərhələli - həm bu dünyada, həm axirət aləmində verilir. Buradan da ilahi cəzaların konkret və mücərrəd cəzalar kimi iki yerə ayrıldığı aydın olur. Bəşəri cəzalarda mücərrədlik yoxdur. Qurani-Kərimin “Ali İmran” surəsinin 56-ci ayəsində bəyan edilir: “Kafirlərə gəldikdə isə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir koməkçisi olmayacaqdır”. “Səcdə” surəsinin 21-ci ayəsində bəyan edilir: “Biz ən böyük əzabdan öncə onlara mütləq ən yaxın əzabı daddıracağıq, bəlkə qayıdalar!”

 

Göründüyü kimi, kafirlərin cəzası həm bu dünyada, həm də axirət aləmində veriləcəkdir. Cəzanın bu cür mərhələli təyin edilməsi cəzanın ikinci hissəsindən - Axirət cəzalarından insanın qurtulması üçün təyin edilib ki, bu da Allahın əsas məqsədinin cəza vermək yox, islah etmək olduğunu sübut edir.

 

Dördüncüsü, bəşəri cəzalar üçün fərdiləşdirmə xarakterikdir. Bəzi İlahi cəzalarda cəza fərdiləşdirilmir və bu zaman günahsızlar da günahkarlarla birlikdə cəzalandırılır. Qurani-Kərimin “Ənfal” surəsinin 25-ci ayəsində bəyan edilir: “Siz yalnız zalimlərin düçar olmayacağı fitnədən qorxun və bilin ki, Allah ağır cəzalandırandır”. İlk baxışdan bu məsələ ədalətsiz görünsə də, əslində bu, bütün insanları günahkarlığa qarşı mübarizəyə cəlb etmək məqsədi daşıyır ki, bu da dində “Pis əməldən çəkinmə və başqalarını da pis əməllərdən çəkindirmə” əmrinə əsaslanır. Yəni bir insanın yalnız özünün günahdan çəkinməsi kifayət deyil, o, başqalarını da günahlardan çəkindirməlidir. Əks halda, fitnənin (ictimai sabitliyin pis niyyətlərlə pozulmasi) nəticəsi olaraq verilən kollektiv cəzaya həm də fitnəyə qarşı durmayanlar məruz qalır.

 

Beşincisi, xəbərdar olanla xəbərsizin fərqləndirilməsi. Qurani-Kərimə görə günakara münasibət iki yerə ayrılır:

 

a) Günah edən xəbərsizlərə münasibət. Bu məsələ dünyəvi hüquqla zidiyyət təşkil edir. Dünyəvi hüquqa görə, qanunu bilməmək  şəxsi (qanundan bixəbər olmaq) məsuliyyətdən azad etmir. Amma ilahi hüquqda xəbərsizlik cəzadan azad edir. Buna görə, ibtidai insanlar, usaqlar və ruhi xəstələr, o cümlədən Quran haqqında heç bir məlumatı olmayanlara xəbərdarlardan fərqli yanaşılır.

 

b) Günah edən xəbərdarlara münasibət. Qurani-Kərimdən görünür ki, Allah-təala əvəllər peyğəmbər göndərib, insanlara ilahi cəza haqqında xəbərdarlıq etdikdən sonra onları cəzalandırır. Bununla da xəbərsizlər xəbərdarlardan differensasiya edilir.

 

 

(Ardı var)

 

Sərdar Cəlaloğlu

 

Hürriyyət.-2021.-31 avqust.-S.6.