Nizami Gəncəvi
yaradıcılığında həyat
eşqi
Nizami, Qərb intibah
dövrünün yazıçıları kimi komik deyil, bəli.
O, hadisələrə, olaylara Rable,
Şekspirsayağı ironik, təbəssüm yönündən
yanaşmır. Daha çox Şərq
ağırlığında, müdrüklüyündə,
sanbalında görünür. Nizaminin kərpickəsən
qocası, əkinçisi, sənətkarı fəlsəfi
nitqdə danışır. Onlar “Kral Lir”in (Şekspir) təlxəyi
kimi komik ifadələrlə həqiqəti dilə almır.
Birbaşa ciddi görkəmdə öz fikrini,
düşüncəsini ifadə edir. Əlbəttə, bunun
bəlli səbəbləri var. Onlardan ən biricisi, ironik
nitqin o zamanların Şərq oxucusu üçün (nəzərə
alaq ki, bu oxucu daha çox hökmdar idi) uyğun olmaması
idi.
Bəzən bu dövr əsərlərini oxuduqca insanların daş küçələrdə ağır-ağır yerişini təxəyyülündə canlandırırsan. Sanki o dövrün insanı sakit, emosiyasız bir nitqə malikdir, qətiyyən gülmür və fikirlərini nəsihət diliylə anladır. Yəni əsərlər bizə o dövrün insanının həyat-tərzi haqqında heç bir təsəvvür yaratmır. Biz təqribi də olsa onun yaşadığı mühitin necəliyindən, o dövr insanının xarakterindən, yaşamından, təfəkküründən, həyata baxışından xəbər ala bilmirik. Reallıq əsərlərdə qətiyyən görünmür. Əsərlərin heç biri mühitin insanı haqqında informasiya ötürmür. Bir sözlə, sadə insanlar, personajlar əsərə gəlir, amma forma olaraq mövcud olur, doğruluğu əks etdirmir. Hər şey daha çox sarayın əhvalına hesablanır. Yəni hökmdarı üçün əsər qələmə alan Nizami, didaktika dilinə daha çox üstünlük verərərk qeyri-ciddi görünməmək üçün əsərlərini təbəssümdən uzaq bir şəkildə qələmə alır.
Ümumiyyətlə, Şərqdə istənilən
qələm adamı tərəfindən yazılmış əsərlərdə
obraz özü öz üzərində iş aparmır,
daxili təbəllüdad qətiyyən yoxdur. Obraz yalnız kənarda
gördüyü, müşahidə etdiyi hadisələrlə,
şairin təqdim etdiyi öyüdlərlə, nəsihətlə
kamilliyə doğru yol alır, həqiqətə qovuşur.
Obrazın nə içində, nə də xaricində
konflikt yoxdur, şəxsiyyət ikiləşməsi getmir,
özünüyaratma qətiyyən mövcud deyil. Yəni bu
obrazların heç biri Hamlet ola bilmir. Sirr, hiyləgərlik,
özü-özüylə mübahisə, müharibə
yoxdur. Halbuki, Nizamilərin əsərləri Şərq,
Şekspirlərin əsərləri isə Qərb intibah
dövrünün məhsulu idi. Qərb, insan xarakterini
açmaqda dramaturji nəticəyə daha erkən gəlib,
Şərq isə indi də didaktika yönümlü qələm
mədəniyyətinə sahibdir və bu çərçivədən
qopa bilmir.
Nizami
öz cəmiyyətində, şairlər sırasında bəlli
çəkiyə malik sənətkar idi. Onun obrazları onun
beyninin, mənəviyyatının məhsulu idi. Bu səbəbdən
də bu obrazlar olduqca ağır, samballı,
düşünülmüş şəkildə
danışırdılar. Əlavə şivəyə,
dialektə, özünəməxsus təhkiyəyə yol vermirdilər.
Ütülü və ciddi görünürdülər.
Çünki onlar Nizami zəkasını təmsil edirdilər.
Elə bu səbəbə görə Nizami Şərq
ağırlığında fikirlərini ifadə etməyi
üstün bilir, Rable, Şekspir kimi riskə getmir. Həm də
onun ironiyası hökmdara lağlağı və təhqiredici
formada görünə bilərdi. Bir həqiqətə diqqət
yetirək. Əgər Avropa saraylarında təlxəklər
mövcud idisə, Şərq sarayları bu dəbdəbəni
özlərindən uzaq tuturdular. Hökmdarlar daha çox
ağıllı, ağır, ləngər vuran qəzəl və
qəsidələri dinləməyi tərcih edirdilər. Onların
ironik həqiqətləri və gülməcələri
eşitməyə həvəsləri yox idi. Bir sözlə, İntibah – rennosans
dövrünün Şərqi gülməyə hazır
deyildi.
İronik və Qərbsayağı gülüş olmasa belə, Nizami qətiyyən pessimist görünmür. Onun poeziya nümunələri Fizulisayağı göz yaşı tökmür, nalə çəkmir. Nizaminin ağır ironiyası elə müdrik cümlələri arasından da gözəl görünür. Onun lirik poeziya qəhrəmanı yar axtarışında depressiv vəziyyətdə deyil, ağlamır, çökmür. Nizami əsərləri vasitəsilə qaranlıqdan sonra günəşin mütləq görünəcəyi ümidini verir. Bu günəş insanı yaşamağa, var olmağa həvəsləndirir. Nizami bizə məlum olan filosofların həyat həqiqətlərini bir daha təkrar edərək dünya malını çiyinlərdə daşımanın absurd olduğunu söyləyir. “Ağırlıqdan qaçarsansa, rahatlıqla ömr edərsən” həqiqətini, asudə həyat tərzi keçirməyi və vicdanla, hörmətlə bu dünyadan köç etməyi məsləhət bilir. Həyatın faniliyini bir daha yadımıza salır.
Nizami öz yaradıcılığında müxtəlif eksperimentlər təqdim edir. O, İslamda qadağa səviyyəsində məqbul bilinməyən surətçəkmə, rəssamlıq sənətini əsərlərinə gətirir. Və ya Nizami “Leyli və Məcnun” əsərinin fonunda qızların və oğlanların bir yerdə təhsil almaq ideyasını təklif edir. Nizami ədalətli cəmiyyət, ədalətli idarəçilik nümunələrini təqdim edir. “Sirlər xəzinəsi”də “Sultan Səncər və Qarı”, bu qəbildən olan digər hekayətləri vasitəsilə demokratik danışıq tərzi nümunəsini göstərir. Nizami insana, dilin ağızda ancaq dadbilmə funksiyasında olmadığını, danışmaq üçün verildiyini xatırladır. Tənqidin eşidildiyi məmləkətlərdə düzəlmənin mümkünlüyünü nəzərə çatdırır. Çünki tənqid etmək nə qədər cəsarətli addımdırsa, onu dinləyib islah olmaq daha böyük mədəniyyət tələb edir. Əgər qulağın əsas funksiyası eşitməkdirsə, nədən ona pambıq tıxansın ki...Bəlkə elə Avropanı inkişafa aparan danışa bilmək və eşidə bilmək bacarığıdır?
Nizami navatorluq missiyasından da çıxış edərək qadını bürünən zamanlarda belə özgür təsvir edir. Onu elmli, savadlı, ali, düşünən beyinli qələmə alır. Hökmdarını demokratik, insanını azad ruhlu görmək istəyir. Nizamişünas alim Bertels də belə söyləyirdi: “Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsilə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?”
Qayıdaq Nizami Gəncəvinin əsərlərində pozetivlik mövzusuna. Nizaminin nikbinliyi daha çox həyat mövzusunda özünü göstərməkdədir. Şair ruhdan düşmüş insanı sürünən, diriykən ölü vəziyyətdə olan şəkildə görmək istəmir. Bir psixoloq kimi belə bir insanın əlindən tutaraq onu qaldırmağa çalışır. Yəni Nizami sələflərindən, xələflərindən fərqli olaraq daha çox pozetiv və şən görünür:
Kədərə
dəyməz bu dünya, şən keçin!
Kim deyər
bu saray tikildi qəmçin?
Şənlikçin
yaranmış dünya, bunu bil!
O, zillət,
fəlakət ocağı deyil!
...
Hələ
qəm çəkilməz xəzəl gəlməmiş,
Məzara
girilməz əcəl gəlməmiş.
...
Girmə
bu dünyanın kəc qapısından,
Heçlikdən
bir fayda görərmi insan?
...
Qəlbimiz
hər zaman şən olmalıdır,
Kin, tamah bədənə
atəş halıdır.
Ömrə
sərmayədir aldığın nəfəs,
Kədərə
tapşırmaq əbəsdir, əbəs!
...
Darılma
sənə üz verdikdə kədər,
Ondan da
böyük bir dərddən qıl həzər!
Hər
gün bu çöllərdə gəzmək
çıl-çılpaq,
Yaxşıdır,
ya dəniz dibində yatmaq?
Əlbəttə,
bəzən həyatın faniliyi ilə Nizami də
barışmır. Dirilik suyuna rast gəlmək İskəndər
obrazının yox, elə Nizaminin də böyük arzusuydu.
Çünki yaşlandıqca o da sadə insanlar kimi dünya
ilə vidalaşmaq istəmir, amma dünyadan ikiəlli
yapışmağı da absurd sayır. Doğrudur,
ölümə heyfslənir, amma onu da nikbin notlarla izah edib
sanki təskinlik verir:
Keçənlər
zəhmətlə əkdiyi bağdan,
Gələnlər
meyvəni dərmiş hər zaman.
Keçənlər
bir çox şey əkmişdir bizə,
Biz də
əkməliyik gənc nəslimizə.
Dünya
bir tarladır, diqqətlə baxsaq,
Hamı bir-birinə
cütcüdür ancaq
Və ya
“Yeddi gözəl”də:
Nə qədər
bu torpaq, yel, atəş, su var
Ol qəm
aləmindən hər zaman kənar.
Cahanda
yaxşıdır iki şey ancaq:
Az yemək,
bir də ki, çox bağışlamaq.
Böyüklüyə
çatan hər kamil insan,
Ancaq beləliklə
çıxarar ad-san.
Eyni nikbin
notları təkcə
poemalarında deyil, lirikasında da
görə bilərik:
Qəm
yemə, qəm əhlinin imdadına canan çatar,
Dosta
yardım, bərk ayaqda mehriban dostdan çatar.
Kim səadət
istəsə, göz yummasın qoy sübhədək,
Yatsa-kordu,
ağ günə yalnız ayıq insan çatar.
Nizami Gəncəvi
daha çox “Xəmsə”sinin işığında göstərilsə
də, tədqiqat obyekti daha çox poemaları olsa da, mükəmməl
lirikdir. Yəni Nizaminin şair qiyafəsinin üstündən
keçmək günah olar. Yalnız bəzi lirik qəzəlləri
musiqiyə çevrilib və geniş xalq kütləsinə
təqdim olunsa da, divanından əlimizə gəlib
çatmış digər qəzəllərini oxuduqca
şairin incə, lirik şeir duyuma malik olması hiss edilir. Təsadüfi
deyil ki, alman ədəbiyyatının ensiklopediyası
sayılan böyük Höte Nizamini poeziyanın allahı
adlandırmışdır.
N. Gəncəvinin
lirik qəzəl və qəsidələrinin aşiq
personajı eşqdən yıpranmış vəziyyətdə
deyil. O, çökməyib, şuxdur, inamlıdır, gələcəyə
böyük ümidləri var. Bu qəzəllər pozetivdir,
oxucunu ruhdan salmır, depressiyaya mübtəla etmir...
Nizami, səndə
ruh varsa danış eşqü-məhəbbətdən,
Gözəl
bir musiqi dinlə, şərab versin sənə canan.
Və ya
Qəlbimdəki
şəmin kimi yan, canıma nur saç,
Fırlanma
əbəs, adəti – pərvanədən əl çək!
Ya gül
kimi al rəngimi, ya ətrimi qaytar,
Ya quş
kimi sal damına, ya danədən əl çək!
Günel Eyvazlı
Hürriyyət.- 2021.- 21 dekabr.- S.14.