Vətənin qeyrət bayraqları...
Kövrək
ömrün səhifələri...
Gənclərimizin
üçrəngli bayrağımıza olan sevgisini, sevincini,
ehtiramını, qürur hissini görəndə fərəhdən
ürəyim köksümə sığmır. Vətənin
keşiyində dayanan, ana yurdu yağı düşmənlərdən
qoruyan, Vətən uğrunda şəhid olan, qazi olan, Vətənin
hər qarış torpağından ötrü canından
keçməyə hazır olan igid oğullarımızın
hər biri mənim nəzərimdə Vətənin qeyrət
bayraqlarıdır. İkinci Vətən müharibəsinin
veteranı Həsənxan Həsənli də belə qeyrətli,
vətənpərvər oğullarımızdan biridir. Onunla
bir təsadüf nəticəsində tanış olduq. O,
öz xalqına, millətinə, dövlətinə və el
– obasına layiqli övlad kimi böyümüşdür.
Onun Vətənə olan tükənməz sevgisi ilə
bağlı sözünü – söhbətini dinlədim,
qalib ölkənin vətəndaşı olmaqla bağlı
nikbin ümidlərinin şahidi oldum.
... O, zülmət gecələrdə, dumanlı havalarda cəbhədə gedən şiddətli döyüşlərin içindən keçib. Həmin ölüm – qalım savaşlarının içindən keçəndə, ordumuz torpaqlarımızı işğaldan azad edib irəlilədikcə əmin olub ki, düşmən igid əsgərlərimizin qarşısında acizdir. Həsənxan döyüş səngərlərində qorxu hissini də yaşayıb, qürur hissini də... Ona görə də deyir:
- Mən qanlı – qadalı günlərdə qorxunun gözünün içinə baxa bildim. Hər an, hər dəqiqə ölə bilərdim, amma... Mən bu gün şəhid analarının göz yaşlarını gördükdə özümün şəhid olmamağımdan üşəndim, özüm – özümdən utandım...
Həsənxan Həsənli 1994 – cü il, noyabrın 19 - da Sabirabad rayonunun Çöl beşdəli kəndində dünyaya göz açıb. Babası Həsənxan kişinin şərəfinə atası ona bu adı verib. Adı Həsənxan olsa da, hamı onu Həsən kim tanıyır. Hələ körpə yaşlarından ailə vəziyyətinin çətinliyini görə - görə böyüyüb. 2001 – ci ildə Sabirabad rayonunun Surxay kəndində birinci sinfə gedib. Hələ orta məktəb şagirdi olduğu günlərdən Həsənxanın arzularının maraqlı səhifələri yazılmağa başlayıb. Vətəninin çiyni paqonlu oğlu olmaq, ürəyində hüquq mühafizə orqanlarında xidmət etmək arzusu hələ kiçik yaşlarından baş qaldırıb. Taleyinin qapısını ülvi arzuları ilə açmaq üçün, arzularına çatmaq üçün gecəsini gündüzünə qataraq oxuyub. Arzuya çatmaq üçün zəhmətə qatlaşmaq uğurun açarıdır deyirlər. Ailədə və məktəbdə şəraitin çətin olmasına baxmayaraq, arzu yollarında inamla addımlayıb, ümidini üzməyib.
Sabirabad rayonunun Moranlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmaq istəyib. Qəbul zamanı 587 bal toplayıb. Ödənişlidə oxumaq şansı yox idi. Hüquq fakültəsinin ödənişsizinə balı çatmadığına görə, tarix fakültəsinin ödənişsizinə qəbul olunub. Universitetə qəbul olunduğu ilk günləri belə xatırlayı:
- Hüquq fakültəsinə qəbul ola bilmədiyimə görə bir neçə ay dərslərə həvəssiz gedib gəlirdim. Amma sonralar özümdə həvəs yaratdım. Düşündüm ki, hansı ixtisasa yiyələnməyimdən, harada işləməyimdən asılı olmayaraq, Vətənimə şərəflə, vicdanla qulluq etməliyəm. Dərslərimi yaxşı oxumaq üçün özümdə güc, qüvvə tapdım, zərbəçi stipendiyası ilə oxumağa qadir oldum. Bu, mənim üçün hava, su kimi lazım idi. Çünki çoxuşaqlı ailədə böyümüşdüm, ailəmizdə güzaranımızın çətinliyi müəyyən problemlər yaradırdı, maddi sıxıntılar məni incidirdi. Bu baxımdan aldığım tələbə təqaüdü də mənim üçün maddi kömək idi. O zaman texniki Universitetin yataqxanasında qalırdım. Mən yataqxanada yaşayarkən həyatı daha dərindən dərk etməyə başladım. Kollektivlə davranmağı, bir qabdan yemək yeməyi öyrəndim, dostluğu öyrəndim, yoldaşlığı, sirdaşlığı öyrəndim. Necə deyim, əzildiyim, sındığım vaxtlar da oldu, amma həyatın çətin yollarında yeriməyi öyrəndim, bərkidim. İkinci kursdan dərsdən kənar vaxtlarımda maddi sıxıntılarımı dəf etmək üçün şadlıq evlərində ofsiyant kimi işləməyə başladım. Ailəmizdə vəziyyət çox çətin idi. Pal – paltarımı özüm pul qazanıb almaq məcburiyyətində idim. Ona görə də çox vaxt günorta dərsdən çıxıb şadlıq evlərinə gedirdim. Dördüncü kursa kimi bir çox şadlıq evlərində işlədim.
Bax, bu mənada Həsənxan həyatın dibindən gəlib, həyatın hər cür çətinliklərini görüb.
Həsənxan
universiteti 2016 – cı ildə bitirmişdir. Universitetdən məzun
olduqdan sonra hərbi xidmətə gedib. Hərbdə artileriya
üzrə qrad (Bm – 21 döyüş maşını)
komandiri vəzifəsində xidmət etmişdir. Hərbdən
tərxis olunduqdan sonra, 2017 – 2019 – cu illərdə Azərbaycan
Dövlət İqtisad Universitetinin Biznesin təşkili və
idarə edilməsi (insan resurslarının idarə
olunması) ixtisası üzrə magistr dərəcəsi
almışdır.
Universiteti
bitirdikdən sonra Qanunvericilik və məntiq fənni üzrə
müəllimlərin işə qəbulu və dövlət
qulluğuna qəbul üzrə hazırlıq müəllimi
işləmişdir. Sonra isə dövlət qulluğu
üzrə imtahan verib və Şirvan şəhər təhsil
şöbəsində aparıcı məsləhətçi
vəzifəsinə işə qəbul olunmuşdur. Bu da
özünü təhsildə sınamaq istəyindən irəli
gəlmişdir. İmtahanlardan, müsahibələrdən
uğurla keçib gəlib. İşlədiyi sahədə
maaş çox az olsa da, işindən zövq alır.
Vətən
müharibəsinin başlanması ilə əlaqədar, 2020
- ci il sentyabrın 29 – da qismən səfərbərlik üzrə
könüllü kimi Cəbrayıl, Zəngilan, Qubadlı və
Laçın rayonlarının kəndlərinin azad edilməsi
uğrunda gedən qanlı döyüşlədə
iştirak edib. Azərbaycan Respublikası ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarında iştirak edərək
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə görə,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
"Qubadlının və Zəngilanın azad edilməsinə
görə” medalları ilə təltif olunub.
Hal –
hazırda Şirvan şəhər Təhsil şöbəsində
kadr məsələləri üzrə aparıcı məsləhətçi
olmaqla, kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi
ilə fəaliyyətini davam etdirir. Ötən hərbdən
keçib gəldiyi yola nəzər salanda hələ də
döyüş səhnələri gözünün
önündən getmir. Deyir:
- Səngərdə
gördüyüm bir müdhiş səhnə gözlərim
önündən getmir. Artileriya üzrə xidmət edirdik.
Canlı erməni görmürdük. Amma bir gün
Qubadlıda Balasoltanlı kəndində dağda postda olarkən
ərazini müşahidə etməyə
çıxmışdıq. Hava qaralırdı, erməni səngəri
ilə gedəndə ilk dəfə kütləvi şəkildə
erməni əsgərlərinin meyitlərini gördüm.
Bizim artileriyanın sərrast atəşləri nəticəsində
düşmən mövqeləri darmadağın olmuşdu.
İlk dəfə idi ki, həyatımda tikə - tikə
olmuş insan meyitləri görüb dəhşətə gəlmişdim.
O gün heç mənim yadımdan çıxmır. Bir
anlıq, düşmən də olsa, içimdə erməni
meyitlərinə qarşı mərhəmət hissim məni
rahat buraxmadı... İnsanıq, axı! Azərbaycanlıyıq,
axı! Amma Xocalı soyqırımını gözlərim
önünə gətirəndə düşmənə
qarşı içimdəki nifrət hissim bir qədər də
artdı...
... Mən
müharibəyə könüllü getmişdim. Baxmayaraq,
dövlət qulluğunda çalışırdım,
dövlət məmuru idim. Amma Vətənin dar günündə
Vətənin keşiyində dayanmağı özümə
borc bildim. Döyüşə gedərkən artileriyada xidmət
etdiyimi gizlətdim ki, məni motoatıcı briqadaya göndərsinlər.
Çünki daha qaynar döyüş nöqtələrində
olmaq istəyirdim, daha böyük şücaət göstərmək,
şəhid olmaq istəyirdim. Amma qismət olmadı...
Kamandirlər hərbi biletimdə artileriya ixtisaslı
olduğumu gördülər və məni D44 top heyətinə
baş tuşlayıcı təyin etdilər. Artileriya arxadan zərbə
endirir, amma motoatıcı briqadalar üzbəüz
döyüşdə iştirak edirdilər, əlbəyaxa
döyüşdə iştirak edirdilər... Mən də
düşmənlə canlı döyüşdə
iştirak etmək istəyirdim. Cəbhəyə gedərkən
ailəmlə halallaşmışdım. Geri sağ
qayıtmağı heç vaxt ağlımdan
keçirtmirdim. Amma şəhidlik elə uca bir zirvədir ki,
mənə qismət olmadı...
Həsənxanın
qısa və kövrək ömür kitabının səhifələrini
vərəqləyərkən, mənalı və məzmunlu
həyat yaşayan dəyərli bir gəncimizin
varlığına sevindim. Həm də ona görə sevindim
ki, nümunəvi bir ailədə böyüyüb. Zəhmətkeş
bir kişinin övladıdır. Ömür – gün
yoldaşı rəhmətə gedəndən sonra Abbas
kişi dörd oğluna və bir qızına həm ata, həm
də ana olub. Min bir əziyyətlə
böyütdüyü övladlarının
hamısının ali təhsil alması yolunda min bir əziyyətə
qatlaşıb, torpağa can verib, əkib becərib, öz
halal zəhməti ilə övladlarını
böyüdüb, boya – başa çatdırıb. Qibtə
ediləsidir, deyilmi?! Əsl vətənpərvər
oğullar belə ailələrdən çıxır, Həsənxan
Həsənli kimi
Həzi Həsənli
Hürriyyət.- 2021.- 28 dekabr.-
S.13.