Çin olan xəyallarımızın
Xəyal adlı körpüsü...
Vətən – bir millətin illər boyu
yaşadığı, varlığının, mənəviyyatının,
milli birliyinin öz doğma
torpağı ilə qovuşduğu məkan,
xüsusi sevgi və
hörmətə layiq olan
müqəddəs bir yerdir!
Ana Vətənimiz
Azərbaycan, bizim şanlı tariximiz, azadlığımız və şərəfimizdir!
Öz həyatını təmiz vicdanla, insani dəyərlərə
sadiq qalaraq yaşayan hər bir insan üçün, Vətən
adı çox ülvi,
pak və müqəddəs bir addır!
Daxilində
yüksək əxlaqi keyfiyyət daşıyan əsl vətəndaş
isə, öz Vətənini sidq-ürəklə,
bütün ruhu ilə
sevir və onun
azadlığı, toxunulmazlığı uğrunda
hər an canından keçməyə
hazır olur!
Adını böyük hörmət və ehtiramla yad etdiyimiz
nur üzlü şəhidimiz,
xalqımızın qeyrətli oğlu, Xəyal
Rəhimli kimi...
Əziz
həmvətənlərim, torpaqlarımızın
azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə apararaq
haqqın dərgahına qovuşan müqəddəs
şəhidlərimiz haqqında ardıcıl
yazılarımın növbəti qəhrəmanı, doğma kəndimiz Əlinəzərlidə
kiçikdən-böyüyə
hər kəsin yaxşı tanıdığı,
özünə hörmət qazanmağı bacarmış, mənim
də ən yaxın qohumlarımdan biri olan, şəhid Xəyal Rahil
oğlu Rəhimli olacaq.
Xəyal Rahil oğlu Rəhimli, 09 iyun 1992-ci ildə Beyləqan rayonu
Orta Əlinəzərli kəndində,
sadə, halal ruzi qazanmaqla dolanan, zəhmətkeş
bir ailədə dünyaya
göz açmışdır.
O, 1999-cu ildə
şəhid Kərəm Əliyev adına Orta
Əlinəzərli kənd 2 nömrəli tam
orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.
Xəyal
qardaşımın ibtidai sinif
müəllimi, əsl ziyalı nüfuzuna
sahib, müəllimlər müəllimi,
şəxsiyyətinə çox böyük hörmət bəslədiyim bir insan, el
ağsaqqalı Mayor müəllim olmuşdur.
Şəhidimiz,
2008-ci ildə həmin məktəbin 9-cu sinfini
bitirərək, fərdi əmək fəaliyyətinə
başlamışdır.
O, 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Xidmətdə olduğu müddətdə, Xəyal öz nizam-intizamı, yüksək şəxsi keyfiyyətlərinə görə yuxarı komandanlıq tərəfindən fəxri fərmanlar, təşəkkürnamələr və digər həvəsləndirici mükafatlarla təltif edilmişdir. Hərbi sirri qorumağı bacaran, nümunəvi bir əsgər kimi hərbi hissə rəhbərliyinin və əsgər yoldaşlarının yanında hörmət qazana bilmişdir. Xəyal Rəhimli, 2012-ci ildə ordu sıralarından tərxis edilmişdir.
Hərbi xidmətini başa vurduqdan sonra, doğulub, boya-başa çatdığı doğma Əlinəzərli kəndinə qayıdan Xəyal, fərdi təsərrüfatlarında çalışmağa başlayıb. O, bütün kənd sakinlərinin rəğbətini qazanmışdı. Xaraktercə çox sakit, üzüyola və səmimi olması, onu hər kəsin sevimlisinə çevrilmişdi. Elə, bu məziyyətləri səbəbindən də, hamı Xəyala hörmətlə yanaşırdı. Bəli, şəhid qardaşım Xəyal saf ürəkli, təmiz vicdanlı və olduqca xeyirxah bir insan idi! Onun qəlbində valideynlərinə, əzizlərinə və doğma el-obasına qarşı xüsusi bir sevgi, məhəbbət var idi.
Bildiyimiz kimi, 27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri tarixi torpaqlarımızda - doğma Qarabağımızda, qoşunların təmas xəttində atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır.
“Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin imzaladığı 28 sentyabr 2020-ci il tarixli Sərəncama əsasən, Xəyal Rəhimli də, Ordu sıralarına çağırılmışdır. 29 oktyabr 2020-ci ildən etibarən isə, o, xüsusi təlimlərdə iştirak etmiş və torpaqlarımızın yağı düşməndən, erməni terrorçularından təmizlənməsi uğrunda gedən qanlı döyüşlərə qatılmışdır.
Dövlətçiliyimizin çətin sınaq qarşısında qaldığı belə bir zamanda, məlum İkinci Qarabağ müharibəsində Xəyal da, Müzəffər Ordumuzun tərkibində düşmən təcavüzünün qarşısının alınmasında iştirak etmişdir.
O, əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirən hərbçilərimizlə birgə mübarizə apararaq Vətənə olan borcunu ləyaqətlə yerinə yetirmiş və özünəməxsus xidmətləri ilə fərqlənə bilmişdir.
Dünya xalqlarının tarixi keçmişinə nəzər salsaq, çox asanlıqla görə bilərik ki, səbəbindən asılı olmayaraq, baş vermiş bütün müharibələr dağıntılar, insan ölümləri və əsrlərlə unudulmayacaq faciələrlə müşayiət olunur. Çox təəssüflər olsun ki, müəyyən insanların məqsədli şəkildə yaratdığı müharibələr, münaqişələr və qarşıdurmalar itkisiz olmur...
Müstəqil Azərbaycanımızın mərd oğulları, qəhrəman əsgərləri də əzəli torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şirin canından keçdilər. Haqqında söhbət açdığımız Xəyal Rəhimli də, belə oğullardan biri idi...
O, Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda mübarizə aparmış və 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən ağır döyüşlər zamanı, düşmənin fasiləsiz olaraq qumbaraatanlardan atdığı atəşlər nəticəsində qəhrəmancasına şəhid olmuşdur.
Şəhidimizin ailəsi haqda zəruri hesab etdiyim bir neçə məlumatı da nəzərinizə çatdırmaq istərdim. Belə ki, Xəyal Rəhimlinin babası Rəhimov İbad Rəhim oğlu, doğma kəndimiz Əlinəzərlidə, ətraf kəndlərdə və eləcə də, bütün rayon ərazisində özünəməxsus çəkiyə, yüksək hörmətə malik bir ziyalı idi. O, mühasibatlıq sahəsində peşəkar mütəxəssis kimi çox tanınırdı. Müxtəlif idarə və müəssisələrdə baş mühasib kimi uzun illər fəaliyyət göstərmişdir. Xüsusi savada, ən ali mənəvi və əxlaqi dəyərlərə sahib olan İbad müəllimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!
Həmçinin, Xəyalın digər babası, nəslin ağsaqqalı olan – Rəhimov Teymur Əliş oğlu da hər kəs tərəfindən sevilən bir insan olub. Demək olar ki, onu tanımayan insan yox idi. İkinci dünya müharibəsinin qəhrəmanlarından biri idi. Hər birimizin yaxşı tanıdığı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ən yaxın dostu və silahdaşı olub. Ağır, çox çətin günlər keçirib Teymur babamız. O, bir müddət almanların əsir düşərgəsində işgəncələrə, əzab-əziyyətlərə dözməli olub. Qolunun birini itirmiş, lakin bu çətinlik də, onu qorxuda bilməmiş, yaşamaq uğrunda mübarizəsini davam etdirmişdir. Müharibədən sonra əmək fəaliyyətini davam etdirmiş, müxtəlif yerlərdə işləmişdir. Teymur babamız həm xeyirxah, həm də, duzlu-məzəli söhbətləri ilə, yaxşı insan obrazında xatirələrdə qalmağı bacarmışdır. Kəndimizin ərazisində yerləşən əkin sahələrinin suvarma suyuna ehtiyacı olduğu bir vaxtda, 1969-1970-ci illər ərzində, Teymur kişinin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə kənd ərazisindən, əkin sahələrinə su arxı çəkilmişdir. Şəxsən özü də fiziki imkanlarını səfərbər edərək, bu işə lazımi töhfəsini vermişdir. Beləliklə, sırf Teymur Rəhimovun çəkdiyi misilsiz zəhmətin qarşılığı olaraq, Əlinəzərli kənd sakinləri bu arxa, “Teymur arxı” adını vermişdir.
Teymur Rəhimov, 2019-cu ildə, 100 yaşında dünyasını dəyişmişdir!
Dövlətimiz hər zaman Teymur kişini diqqət mərkəzində saxlamış, onun qayğısına qalmış və zəruri ehtiyaclarının qarşılanması üçün təxirəsalınmaz tədbirlər görərək, müvafiq addımlar atmışdır!
Şəhidimizin atası Rahil Rəhimovun xatirələri: Xəyal ailəmizdə böyüyən 5 uşaqdan biri, 4 bacının yeganə qardaşı, ailəmizin son beşiyi və bizim üçün övladlarımızın ən əziz olanı idi. O, mənim, həm arxa-dayağım, əlimdən tutanım, həm də, tək təsəlli yerim idi. Xəyalın ağıllı, sakit, etibarlı və ailəcanlı olması, aramızda qırılmaz bir bağ, daha dəqiq desəm, möhkəm dostluq münasibəti yaratmışdı. Biz, həm mehriban bir dost, həm də, ən sadiq sirdaş idik.
Yaxşı yadımdadır, 2016-cı ilin aprel ayında, 4 günlük müharibənin gedişi zamanı, ehtiyatda olan digər hərbi qulluqçular kimi, Xəyal da, təlimlərə cəlb edilmişdi. Xəyalla bərabər bir qrup çağırışçı, qısa müddət ərzində Lənkəran şəhərində təlimlərdə iştirak etmiş və müharibənin qısa müddət ərzində qurtarması səbəbindən, təlimlərdən kənarlaşdırılaraq, evə göndərilmişdilər.
Xəyal, həmçinin, hər birimizin şahidi olduğumuz Vətən Müharibəsində də, iştirak etdi. Silahlı Qüvvələrimizin tərkibinə qismən səfərbərliklə cəlb edilmişdi. Şahidlərin, döyüş yoldaşlarının dediyinə görə, Xəyal bu döyüşlər zamanı Vətənimiz uğrunda cəsarətlə vuruşmuş və üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir. Torpaqlarımızın düşmən işğalından azad edilməsində, oğlum da özünəməxsus xidmətlər göstərmişdir. Xəyal, qızğın döyüşlər zamanı, 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu ərazisində qəhrəmancasına şəhid olmuşdur.
Onun yoxluğuna inanmıram və həmişə olduğu kimi, bu gün də, səbrsizliklə yolunu gözləyirəm. Nə vaxtsa təkrar qayıtması ümidi ilə yaşayıram. Xəyalın yoxluğu ilə, ailəmiz - bütün xoşbəxtliyini, sevincini və demək olar ki, hər şeyini itirdi. O, öz gedişi ilə, bizim arzularımızı, ümidimizi və ruhumuzu da özü ilə apardı…
Allah bütün şəhidlərimizə rəhmət etsin! Vətən uğrunda şəhid olmaq böyük bir nemətdir, əsl şərəfdir!
Şəhidimizin anası Kifayət Rəhimovanın xatirələri: Xəyal, ailəsinə və əsasən də, valideynlərinə çox bağlı bir insan idi! O, uşaqlıqdan zəhmətkeş, əməksevər bir insan olub. Bütün işlərdə bizə yaxından kömək edər, ailəmizin yaxşı yaşamağı üçün bütün çətinliklərə sinə gərərdi. Övladlarımızın ən kiçiyi olduğu üçün onu daha çox əzizləyərdik, lakin buna baxmayaraq, o, çox tərbiyəli və öz yerini bilən bir uşaq kimi böyümüşdü. Ailə təsərrüfatı ilə məşğul olar, qazandığı məvacibin hamısını ailəmizə sərf edərdi. Çox mərd idi, çətinliklərdən heç qorxmazdı və həmişə öz qazancını halallıqla, alın təri ilə əldə edərdi.
Xəyal, həm də, çox etibarlı və qohumcanlı bir insan idi. Bütün qohumları, qonşuları və dostları onunla yaxınlıq edər, xoş münasibət saxlayar və daim bir yerdə olardılar.
Vətən Müharibəsi başlayanda Xəyal mənə: “Ana, mən də, Vətənimizə öz borcumu verməyə hazıram! Əgər səfərbərliklə çağırılmasam, könüllü olaraq qatılacağam döyüşlərə! Buna hazır olun! ” dedi. Əvvəlcə oğlumun mənə dediyi sözlərin fərqinə varmadım, amma hadisələrin sonrakı gedişatı, onun bu işdə israrlı olduğunu açıq-aşkar göstərdi. Çox vətənpərvər oğul idi Xəyal balam!
Xəyal müharibəyə getdiyi ilk gün hamı ilə, bütün qohumlarla xatirə şəkili çəkdirdi. İşin maraqlı olan tərəfi isə, ondan ibarət idi ki, o, adı vaxtlarda şəkil çəkdirməyi, diqqət mərkəzində olmağı xoşlamazdı. Görünür, o, həyatda hər şeyin mümkünlüyünü nəzarə alaraq, heç nəyi biruzə vermədən bu addımı atıbmış.
Xəyalı yola salmaq üçün bizə gələnlərin heç birinin onunla getməsinə razı olmadı. Heç kimə əziyyət verməmək üçün lazım olan yerə özü tək getdi.
Müharibənin ən şiddətli vaxtlarında, imkan tapan kimi bizə zəng edərdi. Hər dəfə danışanda özünün və ümumi vəziyyətin yaxşı olduğunu bildirərdi, dönə-dönə özümüzə yaxşı baxmağımızı tapşırardı. Heç zaman orada baş verənlər haqqında heç nə deməzdi. Xəyal uşaqlıqdan sirr saxlamağı bacarar, yersiz yerə hər şeyi danışmazdı. Bu xüsusiyyətinə yaxşı bələd olduğumuz üçün, ona bu barədə əlavə suallar verməzdik.
Bir gün Xəyala nə qədər zəng etsək də, əlaqə saxlaya bilmədik. Əvvəlcə bunun səbəbini bilməsək də, sonradan bizə məlum oldu ki, oğlum Vətən uğrunda şəhid olub.
O, subay idi və hələ bu günə qədər də, sevdiyi qızın olub-olmaması haqqında məlumatımız yoxdur. Bu barədə mənə heç bir söz deməmişdi. Son vaxtlar ondan: “Xəyal, niyə evlənmirsən?” deyə soruşanda, mənə: “Ana, söz verirəm ki, qələbə qazandıqdan sonra, ailə həyatı qaracağam!” deyərdi.
Bu yaxınlarda döyüş yoldaşları gəlmişdi bizə. Xəyalın keçdiyi döyüş yolu haqqında xeyli danışdılar. Onlarla olduğu 10 gün müddət ərzində özünə yaxşı hörmət qazanıbmış şəhid oğlum.
Mən də öz
növbəmdə, bütün şəhid
ailələrinin adından 30 ilə yaxın həsrətində
olduğumuz doğma Qarabağ torpaqlarımızın 44 gün ərzində düşmən əsarətindən
azad edən, xalqımıza Qələbə
sevinci yaşadan Prezidentimiz, cənab İlham
Əliyevə, birinci vitse-prezident,
xanım Mehriban Əliyevaya və
Şanlı Ordumuzun əsgərlərinə
minnətdarlığımı bildirirəm! Möhtəşəm
Qələbəmiz münasibətilə, onları təbrik edir və möhkəm can
sağlığı arzulayıram!
(Ardı
var)
Sabit Mehdiyev
Hürriyyət.- 2021.- 6-8 fevral.-
S.13.