Çin olan xəyallarımızın
Xəyal adlı körpüsü...
(Əvvəli ötən
sayımızda)
Xəyal Rahil oğlu Rəhimli, 09
iyun 1992-ci ildə Beyləqan rayonu Orta Əlinəzərli kəndində,
sadə, halal ruzi qazanmaqla dolanan, zəhmətkeş bir ailədə
dünyaya göz açmışdır.
Şəhidimizin
bacısı Aygün Rəhimovanın xatirələri: Mən,
ailəmizin ilk övladıyam. Xəyal dünyaya göz
açanda, mən 8-ci sinifdə oxuyurdum. Qardaşım
üçün qurbanlar kəsildiyi indiki kimi
yadımdadır. Onun gəlişi, özü ilə ailəmizə
qucaq dolusu sevinc, misli görünməyən böyük bir
xoşbəxtlik gətirmişdi. Uşaqlıqda sakit təbiətli,
səbrli, təmkinli və evə çox bağlı idi
qardaşım. Xəyalı, demək olar ki, özüm
saxlamışdım və bütün xarakterlərini, istəklərini
əzbər bilirdim. Mənə, həddindən artıq
bağlı idi. Mən ona, həm ana, həm bacı, həm də,
sirr ortağı idim.
Bu
gün də, dönməyəcəyini bilə-bilə,
gözüm hər yerdə onu axtarır. Hələ də,
onun yoxluğunu qəbul edə bilmirəm! Bu dərd
yükünü daşımaq mənə çox çətindir.
Hər gün qardaşımın qayıdacağı
xülyası ilə, özüm-özümü aldadıram.
Bununla da, guya təsəlli tapır, uşaq kimi həqiqətdən
qaçıb, yalan kölgəsində gizlənirəm.
Qardaşımın şəhid olduğu həmin gün
heç zaman yadımdan çıxmaz!
Bir
şey, hələ də, mənə sirr olaraq qalır: “Niyə,
Xəyal hər dəfə mənə məktub yazanda,
cümlələrin sonunda “Mənasız həyat!”
sözünü yazırdı?!”...
Mən
özüm də, “N” saylı hərbi hissədə mülki
işçi kimi çalışıram. Vətən
Müharibəsi zamanı biz də, Vətən
qarşısında xidməti vəzifəmizi yerinə
yetirirdik. Əsgərlərimizə dualar edir, səbrsizliklə
Qələbə qazanacağımız günü gözləyirdik.
Qazandığımız bu möhtəşəm Qələbədə,
zəhməti keçən, xidməti olan hər kəsə
öz təşəkkürümü bildirirəm! Müalicə
alan qazilərimizə can sağlığı arzulayır və
tezliklə, doğmalarına qovuşmalarını diləyirəm!
Müstəqil
dövlətimizin azadlığı, xalqımızın
xoş gələcəyi uğrunda yorulmadan
çalışan Vətənimizin qeyrətli oğulları
ilə fəxr edirəm!
Uca
Allah, müqəddəs məqam sahibləri olan bütün
şəhidlərimizə rəhmət etsin!
Allah,
bütün şəhid valideynlərinə səbr versin!
Şəhidimizin
bacısı Yaqut Rəhimovanın xatirələri: Xəyal
yaşca məndən çox kiçik idi. Ailəmizdə
hamı kimi, mən də onu əzizləyər, onun
üçün əlimdən gələn hər şeyi edərdim.
Qardaşım hər birimizin sevimlisi idi. Utancaq xasiyyətli, təmiz
qəlbli biri kimi hamı tərəfindən sevilərdi.
Heç kəslə şəxsi ədavət saxlamaz,
kin-küdurəti ürəyinə yaxın buraxmazdı.
Qardaşımın hər kəsdən gizli
saxladığı, yalnız özünəməxsus,
çox maraqlı daxili dünyası vardı.
Onun şəhid
olması xəbərini eşitdiyim günü, mən də,
digər ailə üzvlərim kimi heç vaxt yaddan
çıxartmaram. Xəyalın aramızda olmaması bizi
çox sıxır və Allahın bu çətin
sınağı qarşısında hələ də, acizanə
formada, çarəsiz olaraq qalmaqdayıq...
Xəyal
qardaşım da daxil olmaqla, Vətənimiz Azərbaycan
uğrunda, xalqımızın azadlığı naminə
özünü fəda edən bütün şəhidlərimizə
Allah rəhmət etsin! Onların müqəddəs ruhu
qarşısında baş əyirəm!
Şəhidimizin
bacısı İnarə Rəhimovanın xatirələri:
Qardaşımla bağlı xatirələrim çoxdur. Xəyalın,
ürəyimdə istiqanlı qardaş, sədaqətli bir
dost kimi xüsusi yeri var idi. Hələ, ailəmizdən,
yaxın qohumlarımızdan heç biri onun nə
sözündən, nə də, hər hansı bir hərəkətindən
inciməmişdi. Hər bir işimizdə bizə yaxından
köməklik göstərər, bizi heç zaman tək
qoymazdı. Öz halal qazancı ilə ailəmizə
yardımçı olardı.
Xəyal
qardaşım, həmçinin,Vətənimizi,
xalqımızı da, bütün vücudu, bütün ruhu
ilə sevərdi! Vətən Müharibəsi başlayanda, Xəyalın
cəbhəyə getmək üçün necə can
atması yaxşı yadımdadır. Qismən səfərbərliklə
Ordu sıralarına çağırılan qardaşım, Vətənimizə
öz xidməti borcunu ləyaqətlə vermişdir.
Düşmən ilə mübarizədə üzərinə
düşən vəzifənin öhdəsindən gəlmiş,
yuxarı komandanlığın verdiyi əmr və
tapşırıqları lazımınca yerinə
yetirmişdir.
Xəyal,
torpaqlarımızın azadlığı uğrunda gedən
qanlı döyüşlər zamanı şəhid olmuşdur.
Mənim üçün şəhid baçısı olmaq,
həm çox çətin, həm də, olduqca
qürurverici bir hissdir. Bu adın məsuliyyətini dərk
edir, ağırlığını qəlbimdə
daşıyıram. Uca Allah, mənim də qardaşım
daxil olmaqla, cəmi şəhidlərimizə rəhmət
etsin!
Şəhidimizin
bacısı Səbinə Rəhimovanın xatirələri:
Demək olar ki, Xəyalla ən yaxın ünsiyyətdə
olan ailə üzvü mən idim. Bizim aramızda heç bir
sirr yox idi.
Vətən
Müharibəsi başlayanda onu da cəbhəyə
çağırdılar. Bizdən fərqli olaraq, o, həmin
gün çox sevinirdi. Bizə təsəlli verərək, hər
şeyin yaxşı olacağını bildirdi. Cəbhəyə
getməmişdən qabaq, evimizə də, mənə də
lazım olan zəruri şeyləri aldı. Bizdən
arxayın olduqdan sonra, rahat şəkildə yola
düşdü...
Qardaşım
cismən aramızda olmasa da, ruhən bizimlə olduğunu
bilirəm. Xəyal şəhid olan gündən, onunla
görüşə, yalnız qəbri üstə gedirəm.
Artıq, bu yer, qardaşımla söhbət yerim, ona
qarşı olan duyğularımın canlandığı ən
müqəddəs bir məkandır.
Bəzən,
yuxuda görürəm qardaşımı. O, adi həyatda
olduğu kimi, yuxuda da mənimlə mehriban danışır,
amma bu söhbətimiz çox da uzun çəkmir. Hər dəfə
oyanıb, bütün bunların yuxu olduğunu biləndə
isə, çox pis olur, özümə yer tapa bilmirəm. Hələ,
bu günə qədər də, onun yoxluğu ilə
barışmamışam. Xəyalla getdi hər bir sevgim, hər
bir istəyim. Dünyaya bağlılığımı,
yaşamağa həvəsimi və bütün arzularımi Xəyal
özü ilə apardı. O, mənim gözümdə
böyük bir dünya idi. İndi, bu dünya onsuz mənim
üçün çox boş və mənasız
görünür.
Bütün
şəhid bacıları kimi, mən də öz
qardaşımla fəxr edirəm! Ona, Allahdan rəhmət diləyirəm!
Şəhidimizin
dayısı Eynullah Əsgərovun xatirələri: Xəyal
evimizdə, elimizdə özünə hörmət
qazanmağı bacarmışdı. O, xüsusilə, mənim
üçün çox doğma, çox əziz idi.
Heç zaman, onu övladlarımdan seçməmişəm.
Xəyaldan özümə qarşı həmişə
hörmət və ehtiram görmüşəm. Onun cismən
yoxluğu məni çox kədərləndirir. Gözüm
hər yerdə onu axtarır və yenə də, əvvəllər
olduğu kimi, onu bağrıma basıb, qucaqlamaq istəyirəm.
Bunun mümkünsüzlüyünü bilə-bilə, yenə
də, beynimdə beləcə, şirin xəyallar qurub,
özümü sakitləşdirməyə
çalışıram. Xəyal, mənim arzularımın hədiyyəsi
idi. Bacılarının yeganə qardaşı idi, sakit, tərbiyəli
və mərd. Bizim üçün Xəyal, elə öz
adı kimi, xəyal olaraq da qaldı!...
Uca
Allahdan çox istəmişdim ki, bacımın evində belə
bir oğul böyüsün. Çox şükür ki, belə
bir oğulu Allah bizə qismət elədi. Bu gün isə, Xəyal,
artıq bacımgilin deyil, bütün Azərbaycan
xalqının övladıdır!
Xəyal
kimi oğullar, düşmən əsarətində olan, illər
uzunu həsrətində olduğumuz torpaqlarımızı
özümüzə qaytardı. Belə igidlərimizin sayəsində
Qələbə sevincini yaşamışıq!
Şəhid
adı, böyük bir fəxarətdir! Xəyal kimi
oğullar şəhidlik zirvəsinə yüksəlməklə,
xalqımızı, dövətimizi bu savaşdan qalib olan tərəf
kimi, alnıaçıq və üzüağ
çıxartdı! Mən də, Xəyalla bərabər,
bütün şəhidlərimizlə fəxr edirəm! Allah
onlara rəhmət etsin! Müqəddəs ruhları
qarşısında baş əyirəm!
Şəhidimizin
qohumu Arzu Rəhimovun xatirələri: Keçdiyimiz hər
gün tarixə dönür. Bu günlərin heç də
hamısı yaddaqalan olmur.Yeganə unudulmayan insan həyatı
isə, məhz şəhidlərimizin keçdiyi, şərəflə
dolu yaşadığı ömür payıdır.
Məşhur
alman mütəfəkkiri, şair-dramaturq Hötenin qeyd etdiyi
kimi: “Şərəfli yaşamaq mümkün olduğu yerdə,
şərəfsiz yaşamaq nahaqdır!”.
Bu
dünya həyatına fərqli şəkildə, gözəl
bir adla “Əlvida” deməkdir şəhid olmaq. Vətən,
xalq yolunda öz istəyi ilə, bilərəkdən
canını fəda edən insanların fəth etdiyi ən
yüksək, ən şərəfli zirvədə
dayanmaqdır şəhid olmaq. Bu yol, bizim şahidi
olduğumuz savaşların qəhrəmanı olan qorxmaz, məğrur
oğullarımızın getdiyi şərəfli bir döyüş
yoludur. Onların qısa, lakin hər kəsə nümunə
olacaq həyat hekayəsi, özündə şanlı
tariximizi əks etdirərək yaşatdı...
Cənnət
sakinləri olan şəhidlərimizin müqəddəs ruhu
qarşısında baş əyir və Ulu Tanrıdan onlara rəhmət
diləyirəm!...
Şəhidimizin
döyüş yoldaşı Əmrah Əliyevin xatirələri:
Xəyal ilə mən eyni gündə, qismən səfərbərlik
çağırışı ilə ordu sıralarına
çağırılmışıq. Onunla bağlı
çox xatirələrim var. Biz, istər təlim taborunda, istərsə
də, döyüş zamanı bir yerdə olmuşduq.
Yuxarı komandanlıq tərəfindən Xəyala
qarşı həmişə yaxşı münasibət
olmuşdur. Nizam-intizamlı olduğundan, hamı tərəfindən
hörmətlə qarşılanardı.
Xəyal,
ən yaxından tanıdığım, qorxmaz, mərd
döyüşçülərdən biri idi. O, Vətəninə
ləyaqətlə xidmət etmiş, xalqına, dövlətinə
sadiqliyini, ona sədaqətini öz əməli işi və
sevgisi ilə sübut etmişdir!
Əsas
döyüş yolumuz isə, Cəbrayıl, Qubadlı
rayonları və ətraf kəndləri istiqamətində
olmuşdur. Tale elə gətirdi ki, hər ikimiz də, eyni
gündə, 07 oktyabr 2020-ci il tarixdə, yanımıza
qumbaraatan mərmisi düşməsi nəticəsində
yaralandıq. Xəyalın aldığı qəlpə xəsarətləri
çox və ağır olduğundan, o, döyüş
meydanında şəhid oldu. Onunla bərabər, digər
yoldaşlarımızdan da, şəhid olanlar oldu.
Bütün bunların hamısı, mənim gözlərim
qarşısında baş vermişdir.
Bir
müddət Respublikamızın müxtəlif yerlərində
fəaliyyət göstərən Hərbi Hospitallarda
müalicə aldım. Sağlamlığım qismən bərpa
edilib, lakin bütün bunlara baxmayaraq, hələ də,
müharibənin acılarını, şahidi olduğum hadisələrin
gərginliyini yaşamaqdayam. Mən, həmin günlərdə
ətrafımda olan çox doğma, çox etibarlı
yoldaşlarımı itirdim. Onların əziz xatirəsi bir
ömür boyu qəlbimdə yaşayacaqdır! Allah
bütün şəhidlərimizə rəhmət etsin!
Onu da
vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimiz,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali
Baş Komandanı, cənab İlham Əliyevin “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının təltif edilməsi haqqında”
imzaladığı 15 dekabr 2020-ci il tarixli sərəncama əsasən,
Xəyal Rahil oğlu Rəhimli ölümündən sonra, “Vətən
uğrunda” medalı ilə təltif edilmişdir!
Nəzərinizə
çatdırmaq istəyirəm ki, şəhidimiz Beyləqan
rayonu ərazisində yerləşən Cərcis Peyğəmbər
ziyarətgahında, xüsusi olaraq şəhidlərimiz
üçün ayrılmış Şəhidlər
Xiyabanında dəfn edilib!
Həmin
gün mən də, digər rayon sakinləri kimi bu dəfn mərasimində
iştirak edirdim! Məhz, bu müqəddəs məkanda,
öz şəhidini hörmət və ehtiramla son mənzilə
yola salan xalq sevgisinin, canlı şahidi oldum! İnsan
izdihamının, sürəkli alqışların və
haqqında deyilən fəxarət dolu sözlərin
müşayiəti ilə dəfn edildi şəhid
qardaşım!
Hadisələrin
ən yaxın iştirakçısı kimi, göz
yaşları içində, milli birliyimizə, həmrəyliyimizə
görə, qeyrətli xalqımla bir daha fəxr etdim və azərbaycanlı
olduğumla qürur duydum!...
Vətənimiz
Azərbaycan uğrunda canını fəda edərək şəhidlik
zirvəsinə yüksələn igidlər, göstərdikləri
misilsiz fədakarlıqlarla, öz adlarını
xalqımızın qan yaddaşına əbədi olaraq həkk
etdilər!
Heç
şübhəsiz ki, onlar bir qəhrəmanlıq nümunəsi
olaraq, milyonlarla insanın sevgisini, rəğbətini və
ürəyini qazandılar!
Azərbaycan
xalqı hər zaman torpaqlarımızın
azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin
xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlər
bizim azadlıq, müstəqillik, yenilməzlik və qəhrəmanlıq
simvolumuzdur!
Dövlətimizin,
torpaqlarımızın illərdir düşmən
tapdağından xilas olması üçün
apardığı haqlı mübarizə öz bəhrəsini
verdi. İşğal altında olan torpaqlarımız
düşmən əsarətindən azad edildi. Müzəffər
Azərbaycan Ordusu Ermənistan dövləti tərəfindən
törədilən ardıcıl təxribatları və yeni
işğal planlarının qarşısını almaq məqsədilə
başladığı və 44 gün davam edən zəfər
yürüşü, hərbi əməliyyatları çərçivəsində,
düşmənin 30 ilə yaxın bir müddət ərzində
formalaşdırdığı silahlı qüvvələrini
darmadağın etdi. Beləliklə də, Azərbaycan ordusu
döyüş meydanında tarixi ədaləti bərpa etdi.
Xalqımız,
bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir
iradəsi və qətiyyətini, lazımı anda öz
dövləti və Ali Baş Komandanı ətrafında birləşə
bilmək əzmini nümayiş etdirdi. Biz haqq, ədalət
uğrunda döyüşdük, hüquqlarımızın bərpası
üçün mübarizə apardıq və qələbə
qazandıq.
Möhtəşəm
qələbəmiz Azərbaycanın yeni inkişaf tarixinin
başlanğıcıdır!
Vətən
Müharibəsinin böyük zəfərlə bitməsi Azərbaycan
dövlətinin, xalqının böyük uğurudur!
Bizim Vətən
savaşımız, həm də, milli birliyimizin gücləndirilməsinə
öz töhfəsini vermiş oldu.
Dağlıq
Qarabağ əzəli, tarixi Azərbaycan
torpağıdır!.
Məhz,
fədakar şəhidlərimizin həyatı hesabına Azərbaycan
dövləti öz ərazi bütövlüyünü bərpa
etdi və əzəli, tarixi torpaqlarına sahib
çıxdı!.
Vətənimizin
igid oğullarını yada salmaq, onların əziz xatirəsini
hörmətlə anmaq hər birimizin vətəndaşlıq
borcudur! Haqq-ədalət yolunda özünü fəda edən
bütün şəhidlər yüksək hörmətə
və ən ali ehtirama layiqdirlər! Şəhadət şərbətini
içən qeyrətli eloğlu, cənnət qoxulu Xəyal
qardaşım, şəhidlik məqamın mübarək
olsun!
Cismani
yoxluğunu bilsəm də, ruhən bizimlə olduğuna
inanıram Xəyal!
Öz
şərəfinlə müqəddəs şəhidlik zirvəsinə,
o əlçatmaz mərtəbəyə yüksələn
şəhid qardaşım, mən də daxil olmaqla,
bütün Səni sevənlərin və qədirbilən
xalqımızın qəlbində daim yaşayacaqsan!
Ulu
Tanrı Sənə və cəmi şəhidlərimizə rəhmət
etsin!
Xalqımız,
müstəqil dövlətimiz daim var olsun!
Üçrəngli,
müqəddəs bayrağımız daim zirvələrdə
dalğalansın!
Şəhidlərimizi
tərbiyə edib, qəhrəman oğul kimi böyüdən
valideynlər, haqqınızı bizə halal edin!
Başın
sağ olsun Azərbaycan xalqı! Təki, Vətən
yaşasın, müstəqil Azərbaycan dövləti var
olsun!
Min bir əziyyətlə
övlad böyüdüb, Vətən yolunda qurban verən,
oğlu haqqında danışarkən göz yaşlarına
hakim çıxa bilməyən Kifayət anamın əllərindən
öpür, evdə hamı açıq-aşkar Xəyal
üçün ağlayarkən, bağda, ağacların
altında, gözdən-könüldən uzaq bir yerdə
için-için ağlayıb-sızlayan Rahil dayımın
qarşısında baş əyirəm!
Böyük
Çin filosofu Konfutsinin dediyi kimi: “Hər bir insanın həyat
yolunu, onun mənəvi dünyası, xarakteri müəyyən
edir!”.
Şəhidimiz
Xəyal Rəhimli də həyat yolunu öz zəngin mənəvi
dünyasına uyğun olaraq, təmiz vicdanı,
dürüst xarakteri ilə müəyyən etdi!. Geri
dönüşün mümkün olmadığını dərk
edərək, şüurlu şəkildə öz canından
keçib şəhadət şərbətini içdi!...
Çox
hörmətli oxucular, şəhid qardaşım Xəyal barədə
qəlbimdəki duyğularımı, sözlərə,
cümlələrə çevirib Sizin diqqətinizə
çatdırmaq istədim. Buna nə dərəcədə
nail olduğumu isə, deyə bilmərəm. Sözsüz ki,
yazının necə alındığını, Siz, məndən
daha yaxşı bilirsiniz...
Qeyd:
Yazının ərsəyə gəlməsində,
işıq üzü görməsində və geniş oxucu
kütləsinə təqdim edilməsində mənə
yaxından kömək edən şəxslərə: Şəhidimizin
ailə üzvlərinə, qohumlarına, dostlarına, kəndimizin
vətənpərvər sakini, Arzu Rəhimova, Şəhid Kərəm
Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli
tam orta məktəbin rəhbərliyinə və müəllim
kollektivinə, Azərbaycan Respublikası Şəhid Ailələrinə
“Qayğı” Cəmiyyətinin sədri, Prezident təqaüdçüsü,
cənab Müşfiq Əliyevə, “SƏS” İnformasiya
Agentliyinin rəhbərliyinə və kollektivinə,
“Xocalı Soyqırımını Tanıtma” İctimai
Birliyinin sədri, cənab Şamil Sabirogluna, “Quruluş” qəzetinin
təsisçisi, cənab Elman İsrafiloğluna, “Paralel” qəzetinin
təsisçisi, cənab Tapdıq Abbasa, “Hürriyyət” qəzetinin
təsisçisi, Partiya sədri, cənab Sərdar Cəlaloğluna,
digər mətbuat nümayəndələrinə və zəhməti
keçən hər bir insana öz səmimi minnətdarlığımı
bildirirəm!
Xüsusi
qeyd: Müqəddəs Şəhidlərimizin Respublikamızda
və eləcə də, bütün dünyada
lazımınca tanıdılmasına, təbliğ edilməsi
istiqamətində bizə münbit şərait
yaratdığına görə, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyevə
sonsuz təşəkkürümü bildirirəm!!!...
Sabit Mehdiyev
Hürriyyət.- 2021.- 9-10 fevral.-
S.13.