Qubanın qəhrəmanları...
44 günlük Vətən
müharibəsindəki zəfərimizdən sonra 3 hərbi
qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı”, 83 nəfər
hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı”
adları verildi. 33 nəfər hərbi
qulluqçu “Zəfər”, 204 nəfər hərbi
qulluqçu “Qarabağ”, 288 nəfər hərbi qulluqçu
“Azərbaycan Bayrağı”, 105 nəfər hərbi
qulluqçu 3-cü dərəcəli “Rəşadət”,3 nəfər
hərbi qulluqçu 1-ci dərəcəli “Vətənə
xidmətə görə”, 9 nəfər hərbi qulluqçu
2-ci dərəcəli “Vətənə xidmətə görə”,
331 nəfər hərbi qulluqçu 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordenləri ilə
təltif olundu. 622 nəfər hərbi qulluqçu
“İgidliyə görə”, 1113 nəfər hərbi
qulluqçu “Döyüşdə fərqlənməyə
görə”, 3598 nəfər hərbi qulluqçu “Vətən
uğrunda”, 5448 nəfər hərbi qulluqçu “Cəsur
döyüşçü” medallarına layiq
görüldü.
Onların
arasında, hərbçilər yurdu adlanan, 1-ci Qarabağ
savaşında Milli Qəhrəman adı verilən (şəhid
baş leytenant Rafiq Nəsrəddinov), “Azərbaycan Bayraqi”
ordeni ilə təltif edilən (polkovnik Məmməd
Hacıyev), 18 şəhidi olan Quba rayonu Alpan kəndindən
polkovnik Ağagülov Şəhriyar Etibar oğlu “Azərbaycan
Bayrağı”, polkovnik-leytenant Ağagülov Elşən
Etibar oğlu və mayor Həsənov Əlişan Şakir
oğlu “Qarabağ” ordenləri ilə, polkovnik-leytenant Balayev
Zaur Zakir oğlu “Vətən uğrunda”, kapitan Zəkiyev
Röyal Zəki oğlu, leytenant Söhbətov Elsevər
Çingiz oğlu “İgidliyə görə”, gizir Novruzov Rəşad
Lətif oğlu və baş çavuş Əmiyev Fərid
Ənvər oğlu “Cəsur döyüşçü”
medalları ilə təltif ediliblər. Onların – Zəfərimizin
qazanılmasında məxsusi xidmətləri olan zabitlərimizin
həyat tarixçələri ilə tanış
olun:
Vətən müharibəsinin
iştirakçısı olan və ən yüksək ordenlərdən
biri ilə təltif edilən həmkəndlimiz polkovnik
Ağagülov Şəhriyar Etibar oğludur.
Ağagülov Şəhriyar Etibar oğlu 20 dekabr 1977-ci
ildə müəllim ailəsində anadan olub. 1995-ci ildə
orta təhsilini Alpan kəndində başa vurandan sonra Bakı
Ali Birləşmiş Komandanlıq Məktəbinin
tank-artilleriya fakültəsində artilleriyaçı
ixtisasına yiyələnib. O hələ 1999-cu ildə
leytenant rütbəsində ikən Tərtər rayonunda yerləşən
hərbi hissədə artilleriya divizionunun kəşfiyyat rəisi
vəzifəsinə təyin olunub. O vaxtdan indiyə qədər
Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində
müxtəlif vəzifələrdə (batareya komandiri,
artilleriya rəisinin baş köməkçisi, artilleriya
divizionunun qərargah rəisi, artilleriya divizion komandiri,
artilleriya korpusunun qərargah rəisi, artilleriya
briqadasının komandiri, korpusun artilleriya üzrə
şöbə rəisi) qüsursuz xidmət yerinə yetirib. Sonradan Silahlı Qüvvələrin Hərbi
Akademiyasını da bitirən Ağagülov Şəhriyar
polkovnik rütbəsinə qədər yüksəlib. Polkovnik həmyerlimiz həm aprel döyüşlərinin,
həm də 44 günlük Vətən müharibəsinin fəal
komandirlərindən olub. O, Prezidentin Sərəncamları
ilə “Azərbaycan Bayrağı” ordeni, həmçinin bir
neçə rayonun azad olunmasına görə medalları ilə
təltif edilib.
Zəfərimizdən
sonra “Qarabağ” ordeni ilə təltif edilən
polkovnik-leytenant Elşən Etibar oğlu Ağagülov 1979-cu
il iyunun 1-də Quba rayonunun Alpan kəndində
ziyalı ailəsində dünyaya göz açıb. O, kənd
orta məktəbini bitirəndən sonra Bakı Ali Birləşmiş
Ümumqoşun Komandanlıq Məktəbinə daxil olub və
burada quru qoşunların hava hücumundan müdafiəsi
ixtisasına yiyələnib. Elşən
Ağagülov 2000-ci ildə leytenant hərbi rütbəsi
alaraq Füzulidəki “N” saylı hərbi hissənin zenit-raket
tağım komandiri vəzifəsində hərbi xidmətini
davam etdirib. Daha sonra Cəlilabad
rayonundakı hərbi hissənin zenit-artilleriya baterayasında
bateraya komandiri kimi fəaliyyət göstərib.
Nümunəvi xidmətinə, peşəkarlığına
görə vaxtından əvvəl kapitan rütbəsi alan E.Ağagülov xidmətini digər hərbi
hissələrdə davam etdirib. 2005-ci ildə isə
“N” saylı hərbi hissənin zenit-artilleriya
baterayasının komandiri təyin olunub. 2009-cu
ilin dekabrında ilk hərbi xidmətə
başladığı hərbi hissədə briqada hava
hücumundan müdafiə rəisi vəzifəsinin
icrasına başlayıb. Elə həmin
ildə mayor rütbəsi verilən Elşən
Ağagülov hərbi təhsilini daha da təkmilləşdirmək
barədə düşünüb. Bu məqsədlə
Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil
olub. Burada fərqləndiyinə görə
Türkiyəyə – Hərbi Hava Qüvvələri
Akademiyasına göndərilib. Bununla da həmin ali məktəbin 6-cı azərbaycanlı tələbəsi
olmaq şərəfinə nail olub. Bu təhsil
ocağını qırmızı diplomla başa vuran Elşən
Ağagülov Hərbi Hava Qüvvələrində əməliyyat
idarə rəisinin quru qoşunları üzrə istiqamətləndirici
zabiti vəzifəsinə təyin edilib. 2013-cü il dekabrın 17-də Ordu korpusunun hava
hücumundan müdafiə şöbəsinə rəis
göndərilib. 2016-cı il aprel döyüşlərində
də iştirak edən Elşən Ağagülov
sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun
başladığı qətiyyətli əks-həmlə əməliyatlarında
Füzuli, Hadrud, Zəngilan, Cəbrayıl, Qubadlı,
Laçın, Şuşa istiqamətlərində gedən
döyüşlərin fəal iştirakçısı
olub. Təkcə bir faktı qeyd edək ki, onun rəhbərliyi
altında döyüşçülər
işğalçı Ermənsitanın 3 ədəd SU-25
qırıcı təyyarəsini, eləcə də bir
neçə pilotsuz uçuş aparatlarını sıradan
çıxarıblar.
“Qarabağ” ordenli mayor Həsənov Əlişan
Şakir oğlu 20 aprel 1982-ci ildə doğulub. O, 1999-cu ildə E.Bayramov adına Quba rayon Alpan kənd tam orta məktəbini
bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil olub və bu təhsil ocağında
Quru Qoşunlarının Hava Hücumundan Müdafiəsi
ixtisasına yiyələnib. 2003-cü ildə
Müdafiə Nazirinin əmrinə əsasən Təlim-Tədris
Mərkəzində ixtisas kursu alaraq hərbi mütəxəssis
kimi təkmilləşib.
O,
2004-cü ildən müxtəlif hərbi hissələrdə
heyət rəisi, batareya komandirinin müavini, batareya komandiri vəzifələrində
çalışmaqla hərbi xidmətini davam etdirib. Mayor Əlişan Həsənov 2017-ci ildən
divizion komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini
icra edir. 44 günlük Vətən
müharibəsində düşmənin 2 döyüş təyyarəsini
və hərbi vertolyotunu vuraraq şücaət göstərib.
Qələbə münasibətilə “Vətən
Uğrunda” medalına layiq görülən polkovnik-leytenant
Balayev Zaur Zakir oglu 12 dekabr 1982-ci ildə Alpan kəndində
dünyaya gəlib. Alpan kənd tam orta məktəbini bitirəndən sonra
2000-ci ildə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Təyyarəcilik Məktəbinə
daxil olub. 2005-ci ildə həmin məktəbi
bitirib və leytenant rütbəsində Dövlət Sərhəd
Xidmətinin Aviasiya dəstəsində vertolyot pilotu kimi xidmətə
başlayıb. Bu müddətdə
müxtəlif vəzifələrdə çalışan
polkovnik-leytenant Zaur Balayev hazırda hərbi hissə
komandirinin müavinidir. O həm də bir neçə
rayonun işğaldan azad olunmasına görə verilən
medallarla da təltif edilib.
Leytenant Söhbətov Elsevər Cingiz oğlu 17 avqust
1998-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya göz
açıb.
O, şəhid E.Bayramov adına Alpan kənd
tam orta məktəbinin şagirdi olub. 2015-ci ildə C.
Naxcıvanski adına hərbi liseyi
bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində davam etdirib. Bu təhsil
ocağını 2019-cu ildə başa vuraraq leytenant hərbi
rütbəsində ön xətttə – Goranboy rayonuna
göndərilib. O, işğalçı Ermənistanın
növbəti təcavüz cəhdindən sonra, sentyabrın
27-dən etibarən Azərbaycan Ordusunun
başladığı əks-həmlə hücumunun Fuzuli, Cəbrayıl,
Xocavənd istiqamətlərindəki döyüşlərində
iştirak edib.
Vətən
müharibəsi qələbəmizlə bitdikdən sonra,
Respublikamızın ərazilərinin işğaldan azad
olunması zamanı döyüş
tapşırıqlarını yerinə yetirərkən şəxsi
mərdlik və şücaət göstərdiyinə görə
Prezident İlham Əliyevin Sərəncamı ilə
“İgidliyə görə” və rayonların azad edilməsilə
bağlı medallarla təltif olunub.
Qazi Novruzov Rəşad Lətif oğlu 23 noyabr 1987-ci ildə
Quba rayonunun Alpan kəndində anadan olmuşdur. O, 2005-ci ildə şəhid
E. Bayramov adına Alpan kənd tam orta məktəbində
orta təhsilini başa vurduğdan sonra həqiqi hərbi xidmətə
çağırılıb. Daxili
Qoşunların Xüsusi Təyinatlı dəstəsində
xidmət edən Rəşad, 2010-cu ildə Silahli Quvvələrin
Təlim-Tədris Mərkəzində gizir
hazırlığı kursunu keçdikdən sonra Gədəbəydəki
“N” saylı hərbi hissəyə göndərilib. 2011-ci ildə orada Xüsusi Təyinatlı Qüvvələr
kursunu başa vurub. Bu müddətdə o
həm də Türkiyədə, Gürcüstanda hərb sənətinin
incəliklərinə yiyələnib. 2016-cı
ilin aprelində Talış kəndi ətrafındakı
yüksəkliklər uğrunda gedən döyüşlərdə
iştirak edən və şücaət göstərən
gizir Rəşad Novruzov Prezidentin Sərəncamı ilə
“İgidliyə görə” medalına layiq görülüb.
O, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun
başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının,
daha doğrusu, Agdərə, Füzuli, Hadrut, həmçinin
Murovdağ yüksəkliyi ugrunda gedən döyüşlərin
də iştirakçısı olur. Bu
döyüşlərdə göstərdiyi igidliklərə
görə isə dekabrın 18-də Ali Baş Komandan
İlham Əliyevin imzaladığı Sərəncamla “Cəsur
döyüşçü” medalı ilə təltif olunub.
Qəhrəman komandirlərin günümüzədək
olan həyat tarixçələri, “İki Sahil” qəzetinin əməkdaşı
Qvami Məhəbbətoğlunun onlar barədə
hazırladığı yazılardan götürülüb. Təltif edilən
bütün zabit və qazilərimizi təbrik edir, can
sağlığı və uğurlu xidmət diləyirik.
Hürriyyət.-
2021.- 11- 12 fevral.- S.10.