Şəhidlik zirvəsinə
ucalan Abakar!
27 sentyabr 2020 –ci il tarixində
başlayan və 44 gün davam edən İkinci Qarabağ
Savaşında bütün hərbçilər rütbəsindən
asılı olmayaraq birləşdilər, düşmənə
qarşı fədakar mübarizə apardılar. Şanlı Ordumuzun yüzlərlə yüksək
mayor, polkovnik-leytenantı, polkovnik, hətta generalları
da-siravi əsgərlərlə birlikdə səngərdə,
ön cəbhədə düşmənə qarşı
vuruşub, onu diz çökdürdülər.
Azərbaycan
Silahlı Qüvvələrinin beynəlxalq təcrübəli
zabit, ömrünün 24 ilini hərbiyə həsr etmiş,
bu illər ərzində qüsursuz, nümunəvi xidmət
etmiş, Müdafiə Nazirliyinin Qusar şəhərində
yerləşən “N” saylı hərbi hissəsinin hərbi-siyasi
işlər üzrə komandir müavini – mayor Abakar Məhəmməd
oğlu Hacıyev ölkəmizin hərb tarixində yeni tarix
yazdı. Hətta Böyük Vətən
Müharibəsində fərqli olaraq belə taktiki gediş
etdi. Yüksək çinli zabitlər, müharibə
başlayan gündən bizim fəxrimiz mayor Abakar Hacıyevin
rəhbərliyi ilə hərbi hissənin zabit, gizir, xidmətdən
əlavə hərbi xidmətini davam etdirən, çavuş
heyəti, sıravi əsgərlər tabor heyəti ilə
nüharibənin ilk günündən ön cəbhə xəttinə
gəliblər və ölüm-dirim mübarizəyə
başlayıblar…
Yaşadığı ömür yolunda hərbi
qulluqçuluğu dövründə daima qartal kimi uca zirvələri
dolaşan Azərbaycanın mərd oğlu, inadkar zabitimiz
Abakar Hacıyev cəbhədə də qartal kimi azğın
düşmənə qan udurdu. Hərbiçilərə, əsgərlərə
ruh yüksəkliyi verərək son damla qanınadək
döyüşdü… Döyüş əməliyyatlarını
təşkil etməklə yanaşı, əlində silahla əsgərlərlə
çiyin-çiyinə vuruşdu, onları tək qoymadı
mayor-“zampalit” Abakar Məhəmməd oğlu Hacıyev Və,
Vətənimizin bütövlüyü uğrunda…
Qeyd edək
ki, Abakar Hacıyev 1979-cu il aprel
ayının 11-də Zaqatala rayonu Dardoqqaz kəndində Məhəmməd
kişi ilə Pirdas ananın ailəsində dünyaya göz
açıb. Bu ailədə 3 qardaş Abakar,
Vüqar, Arif və 1 bacı Gülnar böyüyüb,
boya-başa çatıblar. 2004-cü ildə
dünyasını dəyişən Abakarın atası Məhəmməd
kişi keçmiş “Bakı Fəhləsi” kolxozunda, kənddə
baytar həkimi işləyib, yaxşı xidməti ilə
el-obada böyük hörmət qazanan kişilərdən
olub. Pirdas ana isə övladlarını
halallıqla böyütmək üçün tütün əkib,
barama yetişdirib və bağ-bağçaya qulluq edib, bar-bərəkət
yetişdirib. Valideynləri hər
övladını tərbiyəli, zəhmətsevər,
nümunəvi və Vətənpərvər ruhda
böyüdüblər. Həyat
yoldaşı dünyasını dəyişəndən sonra
ailənin yükünü çəkən Pirdas xanım
övladlarını oxutdurub və oğlanlarını,
övladlarını elimizin gözəl adət-ənənələri
ilə evləndirib və qızını gəlin
köçürüb. Artıq, Pirdas ana
nəvələri ilə bütün dərd, kədərini
unutmağa çalışır. Haqqında
danışdığımız qəhrəmanımız ailənin
böyük övladı, ailənin dayağı, möhkəm
dirəyi və ağsaqqalı olub.
Təbiətcən sakit, mülayim, xoş xasiyyətli
olan Abakar məktəb yaşlarından yüksək rütbəli
hərbiçi olmaq arzusu ilə yaşayıb. O, əvvəlcə
Sumaylı kənd məktəbiin 8-ci sinfini bitirdikdən sonra,
9-cu və 10 –cu sinfini isə Zaqatala şəhərindəki
Şıxali Qurbanov adına 3 saylı orta
məktəbində oxuyub. Bu məktəbləri
əla qiymətlərlə bitirən Abakar Hacıyev Ali Hərbi
Dənizçilik Məktəbinə olub.
“…Mən,
bir ana kimi Abakar hərbçi olmağı bildirəndə tərəddüd
etdim. Çünki o, çox sakit təbiətli,
kimsənin xətrinə dəymək istəməyən,
ancaq yaxşılıq etməyə çalışan,
tarix-hərbi fənlərini böyük həvəslə
ürəkdən öyrənirdi. Məktəb
illərində tarixi qəhrəmanların həyatlarından
dönə-dönə maraqlanırdı. O, rus
imperiyasına qarşı 25 il mübarizə
aparan İmam Şamilin hərəkatı barədə dəfələrlə
kitablarını mütaliə etmişdi. Onun
idealı İmam Şamilin güclü – qorxmaz sərkərdələrindən
olan Hacı Murad idi. Lev Tolstoyun onun barəsində
yazdığı “Qafqaz Qartalı” əsərini bir neçə
dəfə oxumuşdu” –deyə oğlu şəhid olandan
sonra qara libasını əynindən çıxartmayan Pirdas
ana səbrlə, təmkinlə, mülayim səslə
oğlunun keçdiyi ömür yolunu nəql etdi:
“Abakarın 11 yaşı olanda “20 Yanvar Faciəsi”
baş vermiş, 13 yaşında “Xocalı
soyqırımı” törədilmiş və Qarabağda erməni
azğınlar Birinci Qarabağ Savaşına
başlamışdı. Uşaq olmasına baxmayaraq bu yaşananlar
barədə necə hisslər keçirdiyini çox
yaxşı başa düşürdü. Torpa iddiasında olan xain qonşulara – erməni
daşnaklarına qarşı necə nifrət olduğunu
oxuyurdu. O, seçdiyi hərbi sənətinə
çox ürəkdən bağlı idi, bu mürəkkəb
sahənin çətinliklərinə baxmayaraq, daha da təkmilləşməyə,
təcrübəsini artırmağa, hansı hərbi hissədə
çalışsa da inadkarlığı,
dürüstlüyü ilə hamıya nümunə
olmağa çalışardı. Gənc
kadrlara gözəl məsləhətlər verər, onlara hərbi-siyasi
biliklərin öyrədilməsində böyük səy
göstərərdi.
Azərbaycan Silahlı Qüvvələrində 24 ildən
çox zabit kimi xidmət edən oğlum eyni zamanda nigaran
görünürdü. Çünki Azərbaycanımızın
ərazisinin bir hissəsi düşmən əsarəti
altında olmasını qəbul etmirdi. Tezliklə
müharibənin başlamasına həmin ərazilərin hərb
gücü ilə qaytarılmasına əmin idi, bizim fəxrimiz
– fədaimiz…”
Ailəsindən
öyrəndik ki, Abakar Hacıyev Ali Hərbi Dənizçilik
məktəbii müvəffəqiyyətlə bitirdikdən
sonra leytenant kimi fəaliyyətinə Sumqayıt şəhər
H. Z. Tağıyev adına qəsəbədəki Müdafiə
Nazirliyinin “N” saylı hərbi hissəsində işə
başlamışdır. Yüksək
intellektual səviyyəyə malik, mədəni
davranışı ilə seçilən, əsil hərbiçiyə
xas keyfiyyətləri olan, daima öz üzərində
çalışmış Abakar Hacıyev daha sonra hərbi
qulluğunu əsasən cəbhə bölgələrində
yerləşən hərbi hissələrdə yüksək səviyyədə
komandir kimi davam etdirib. Onun hərbi xidmət
yolu Beyləqan, Füzuli, Goranboy rayonlarındakı “N”
saylı hərbi hissələrdən keçib və Azərbaycan
Silahlı Qüvvələrinin ən etibarlı andına sadiq
zabit kimi yetişib. Abakar eyni zamanda dəfələrlə
müxtəlif xarici ölkələrdə hərbi biliklərin
təcrübəsini artırmaqla yanaşı hərbi-siyasi,
döyüşə hazırlıq təlimlərində fəal
iştirak edib. O, hər hansı bir hərbi hissədə
xidmət etsə də öz nümunəvi rəftarı, hərbi
andına sadiqliyi ilə, komandanlığın, zabit və əsgər
heyətinin, zabit və əsgər heyətinin böyük
hörmətini qazanıb. Milli ordumuza neçə – neçə
zabit yetişdirən, müxtəlif hərbi vəzifələrdə
çalışan Abakar əlaçı, qüsursuz xidmətə,
təcrübəli, yüksək çinli bir zabit kimi
Müdafiə Nazirliyi tərəfindən dəfələrlə
yubiley, qüsursuz xidmətə görə medallarla, fəxri
fərmanlarla və dəyərli hədiyyələrlə
mükafatlandırılıb.
Azərbaycanımızın fəxri, qəhrəmanlar
diyarı Zaqatalanın adını uca zirvələrə
çıxartmış, daima qartal tək göylərdə
bərq vuran, ağayanalığı ilə, nümunəvi tərbiyəsi
ilə, hərbiçilərin – əsgərlərin sevimlisi
olmuş – Abakar Hacıyev həm də ailəcanlı ailə
başçısı olub.
07 sentyabr
2007 –ci il tarixdə rayonda
tanınmış, ziyalı, böyük hörmət
qazanmış Arzu xanımla ailə həyatı qurmuşdu.
Bu mərd zabitin qəlbən sevdiyi Arzu Hacıyeva da ali təhsillidir. O, Bakı Slavyan Universitetinin
filologiya fakültəsinin rus bölməsini əla qiymətlərlə
bitirmişdir. Abakar həyat yoldaşına, ailəsinə
çox bağlı, diqqətcil adam olub. Ərlə – arvad bir-birlərinə çox sadiq
idi. Bu ailənin 3 övladı var.
Böyük övladının oğlu Hacının – 12,
qızı Elviranın – 10, son beşiyi Eldar isə 4
yaşındadır.
“Abakar 2017 –ci ildə Müdafiə Nazirliyinin sərəncamı
ilə Qusar şəhərində yerləşən “N”
saylı hərbi hissənin komandir müavini təyin edilib. Ürəyi Vətən
eşqi ilə döyünən, daima işğal altında
olan torpaqlarımızın düşməndən azad edilməsi
üçün narahatlıq keçirən, 2016 –cı ili aprel döyüşləri zamanı həyat
yoldaşım Goranboy rayonunda yerləşən hərbi hissədə
komandir müavini idi. O, da həmin döyüşlərin fəal
iştirakçısı olsa da, bizə heç nə bildirməmişdir…”
deyərək, sakitcə söhbətimizə qoşulan cəsur
zabitimizin xanımı daha sonra əlavə etdi: “O, harda olursa,
olsun daima bizimlə əlaqə saxlayır, bizim
yaşayış tərzimizlə maraqlanar, uşaqların
hal-əhvalını, təhsili barədə soruşardı.
Bizim problemlərimizi həll etməyə
çalışardı. Hərbi xidməti
barədə ailəmizdə heç nə
danışmazdı. O, hərbi sirləri möhkəm
saxlayar, bu barədə heç nə söyləməzdi. Hərbi hisədə böyüklü – kiçikli
zabitlər, sıravilərdə onun xətrini çox istəyirdilər.
Hamı ilə necə davranmaq lazım
olduğunu yaxşı bacarırdı. Abakarın hərbi
xidmətini bitirməsinə bir ildən çox az vaxt qalmışdı. Təqaüdə
çıxdıqdan sonra Ali Hərbi Məktəbdə müəllim
işləməyi arzulayırdı. Qəfildən
başlanan müharibə bütün arzularımızın
üstündən xətt çəkdi. Üç
övladını bizə əmanət qoydu, getdi… Ancaq bizə
yaddan çıxmaz xoş xatirələr yaşatdı…”
Zabit şəhidimizin əzizlərinin onun barəsində
söylədiklərini dinlədikcə sanki Abakarın
keşməkeşli, mənalı, hərbçi həyatı
kinolenti kimi gözümün önündən keçirdi. Bacısı
Gülnarın qardaşı barədə dedikləri daha təsiredici
idi. Təsəvvür edin ki, qardaş
itkisi nə deməkdir, bacı üçün. O, hisslərini
belə misralarla ifadə etdi:
Göz
yaşların sel olarmış,
Bu dünya puçmuş, yalanmış.
Qardaş
sənin gedişin,
Ölümdən betər olarmış.
Yandırdı
bağrımı bu həsrət,
Dondurdu qəlbimi bu həsrət.
Sağalmaz
bir yara içində,
Yıxdı varlığımı, əzdi bu həsrət.
O,
başqa cür adam idi. Hamımızın
qayğıına qalırdı, diqqət yetirirdi, dərdinə
şərik olur, köməyini əsirgəmirdi. Atamız dünyanı dəyişəndən sonra,
o, bizə həm qardaş, həm də ağsaqqalıq etdi.
Anamızın sağ əli oldu, bizə dayaq oldu. Mən
Avrasiya Akademiyasında təhsil alanda hər gün mənim vəziyyətimlə,
necə oxumağımla maraqlanar hər bir problemini həll edərdi…
Daima cəbhə bölgələrdəki hərbi
hissələrdə xidmət etdiyi üçün onu gec-gec
görürdük. Sonuncu dəfə 6 ay əvvəl
görüşmüşdük. Heç
inanmırdım ki, bu qardaşımla sonuncu görüş
olacaqdı… Heyf, Abakardan, əvəz edilməz
qardaşım…”
Qayınanası
Fatimat Bulayeva: Abakar ayrı oğul idi. Onda,
yüksək rütbəli zabitlərdə xarakterizə olan
bütün müsbət dəyərləri vardı. Həm övladların müdrik bir atası, həm
də Milli Ordumuzun beynəlxalq təcrübəli zabiti,
komandiri kimi nadir insan idi. Onu oğlanlarımdan
seçmirdim. Həmişə Vətən
yanğısı ilə yaşayan Abakarımızın həyatı
gələcək nəslə nümunə olacaq bir
ömür yaşadı. O, döyüş meydanında
hərbiçi yoldaşlarını tək qoymadı – Vətənimizin
azadlığı yolunda o uca – şəhidlik zirvəsii fəth
etdi. Bizim qəlblərimizdə isə tarixi iz qoyub getdi…”
Bəli,
27 sentyabr 2020 –ci il tarixində ermənilərin xaincəsinə
təxribatından sonra başlanan Vətən Müharibəsində
xidmət etdiyi – komandir müavini olduğu hərbi hissənin
tam zabit və əsgər heyəti ilə – ön cəbhədə
döyüşən Abakar Hacıyev mərdliyi, dönməzliyi
ilə – qəhrəmanlığı dastanı yaratdı –
adını qızıl hərflərlə hərb tarixinə
yazdı. Azərbaycan Silahlı Qüvvələrinin əvəzedilməz
zabiti – mayor Abakar Hacıyev İkinci Vətən
Savaşında Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan
rayonlarının azad edilməsində xüsusi şücaət
göstərib. Döyüşçü
yoldaşlarının bildirdiklərinə, qorxmaz, mərd
zabitimiz düşmənlə ölüm-dirim mübarizəsi
apararaq əsas uğurlu döyüş əməliyyatlarının
təşkil edilməsində fəallıq göstərib.
24 il Azərbaycanımızın Silahlı
Qüvvələrində qüsursuz xidmət və təqaüdə
çıxmağa 1 il qalmış Hadrut uğrunda
döyüşlərdə 28 oktyabr 2020 –ci il tarixində
yaralı döyüşçüləri xilas edərkən
qəhrəmancasına həlak olub.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda həlak olan Abakar Məhəmməd oğlu Hacıyevin hərbi rütbəsi mayor olsa da, o, polkovnik – leytenant rütbəsi səviyyəsində hissənin komandir müavini kimi qulluq göstərirdi. Ömrünün yarısını hərbi xidmətə həsr etmiş təcrübəli zabit müharibə başlananadək polkovnik-leytenant rütbəsi verilməli idi. Eyni zamanda Abakar Hacıyev hərbidəki əla xidmətlərə və müharibədəki igidliyə və şücaətə görə “Vətən Müharibəsinin Qəhrəmanı” fəxri adına təltif olunmalı idi. Çünki, o, buna layiqdir. Onunla hərbi hissədə xidmət edən və müharibədə onunla döyüşən hərbi qulluqçuların söylədiklərinə görə, şəhid zabitimizin çoxlu sayda yetirmələri bu savaşda həm şəhid, həm də qazi olaraq – qəhrəmanlıq nümunəsi göstəriblər.
Prezidentin sərəncamı ilə – elimizin fəxri, adı dillərdə dolaşan, gələcək nəslə nümunə olan Abakar Hacıyev göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 28.10.2020 –ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş zamanı həlak olan Abakar Hacıyev “Şəhid” və onun ailəsi “Şəhid ailəsi” statusu alıb.
Elman Maliyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Qeyd: Yaxşı olardı ki,
Sumaylı kənd tam orta məktəbinin pedaqoji kollektivi şəhid
zabit Abakar Məhəmməd oğlu Hacıyevin adının,
onun ilkin təhsil aldığı həmin məktəbə
verilməsinə təşəbbüs göstərərdilər.
Hürriyyət.-
2021.- 11-12 fevral.- S.12.