CƏNNƏTDƏKİ İLK YAŞIN

 

Hər bir canlı kimi insan da bu həyata doğular. Hər nəfəsi həyatda bir ilmə, bir naxış toxuyar. Hər addımı onu bir az böyüdər. Geridə qoyduğu ömürə hər yeni yaş günündə nəzər salar. Bu yaşa mən nə sığdırdım deyə öz - özünə suallar verər. Ömrünün ötən yaşına bir qəhrəmanlıq salnaməsini yazmağı sığdıran, şücaəti ilə dildən-dilə düşən, doğulduğu gündən Qarabağ adlı həsrət nəğməsinin zümzüməsini eşidən qəhrəman şəhidimiz İbrahimov İbrahim Etibar oğlu. Şəhidim, biz sənin miras qoyduğun azadlığın işığına toplanmışıq. Sənsə əbədiyyətdə Allahın cənnət adlı ecazkar əsərinin sehrinə dalmısan. Necə ki, biz sənin ecazkar şəhid adının sehrinə dalmışıq.

Hər kəsə nəsib olmaz şəhid kimi şəhadətdə yeni yaşa dolmaq. Ancaq sən buna layiq görülmüsən. Bilirəm, cənnətinin qonağı çoxdur. Yolunun yolçuları indi səninlə bərabərdi. Bu dünyada sənsizliyin ağır yükünü daşıyan sevdiklərin sənin məqamını düşünüb təsəlli tapırlar. Sən 1992-ci il fevralın 18 - də dünyaya gəlişinlə ailənin ruhun isitmişdin. İndi hər kəs səni təbrikə məzarın üstə gəlir. Sən cənnətdən onları görürsən. Sinə daşına çəkilən sığalları, sənə deyilən laylaları duyursan şəhidim. Qısa ömrünə nələri sığdırmadınki? Güvəni, inamı, sevgini, sədaqəti, mərhəməti sətir - sətir yazdın. Bircə atalıq hissini yaşaya bilmədin. O "ata" kəlməsini eşitmədin. Sən sevdiyini də doya-doya oxşamadın, cəmi 14 ayın cütlüyü oldunuz. Gülsümünün ürəyində böyük sevginlə silinməyən iz qoydun və getdin. Səninlə sevincə qucaq açan bir qadın sənsiz kədərin ağuşuna atıldı. Sənsizlik nə qədər çətin olsa da səni sənsiz yaşatdığı addımlara tutunur Gülsümün. Yenə sənə "İbim" deyir. Bu oxşama mənə çox təsir edir. Övlad beşiyi başında oxşamalar deyəcəyi vaxtında yar məzarında oxşamalar deyir. İndi sənin məzarındı onun evi - eşiyi. Hər gün məzarını gül-çiçəklə bəzəyir. Cansız məzar daşından sevgi gözləyir. Şəhidim, bir qadının yaşaya biləcəyi ən ağır sınağı yaşayır sevdiyin. Artıq səsinə də həsrətdi, nəfəsinə də. Heç olmasa yuxularında onu tək buraxma. Heç olmasa gecələrin gəlişini səbirsizliklə gözləsin ki, yaşamağa bir səbəbi olsun.

     Sizin sevginiz çox böyük sınaqlardan çıxdı. 2012-ci ildə ilk baxışla yaranan sevginin yollarını daş - kəsək, tikanlı məftillər çox kəsdi. Əgər Gülsümün ailəsi ilkdən sənin ürəyindəki sevginin böyüklüyünü görə bilsəydilər bu sevgiyə əngəl olmağa çalışmazdılar. 5 illik mübarizədən sonra siz ayrılıb 1 ilin hər gününü göz yaşı töküb zülüm çəkməzdiniz. Ancaq ailə qarşı çıxsa da Allah sizin namazda, duada bir-birinizə qovuşmağınızı diləmək arzunuzu duydu. 7 illik sevgi bütün əngəlləri aşmağı bacardı. Sanki bir möcüzə baş verdi. İllərlə yubanan sevgi bir anda qovuşmağa tələsdi. 2019-cu il avqustun 2-də İbrahimGülsüm sevgisi nigah masasında təsdiqləndi. Sevənlər qovuşdular.

      İbrahim hələ 1998-ci ildə təhsil aldığı 15 N - li tam orta məktəbdə vətənə olan sevgisi ilə seçilirdi. İndi həmin məktəbin şagirdləri İbrahimin qəhrəmanlığını örnək götürürlər. İbrahim həqiqi hərbi xidmətə 2010-cu ilin aprelində gedib, 2011-ci ilin oktyabrında bitirmişdi. Lakin onun ürəyindəki vətən sevgisi onu hər zaman hərbiyə doğru çəkirdi. Beləliklə İbrahim 2020 - ci il sentyabrın 6 da ordu sıralarına yazılıb MAXE kursunu müvəffəqiyyətlə başa vurdu. İbrahim az müddətdə ordu sıralarına yazılmasına baxmayaraq onun alnına Qarabağın azadlıq müjdəçisi olmaq yazılıbmış. Oktyabrın 17-də 6 saatlıq ailəsi ilə görüşməyə gəldiyi zaman hər kəslə halallaşıb, vidalaşdı. Nəfəsi bildiyi Gülsümünə "Həmişə başını dik tut, məğrur dur. Çünki sən hərbçi xanımısan. Sevgini mənə halal elə. Səni heç bir zaman unutmayacam. Şəhid olsam da ruhum səni unutmayacaq. Çünki mən səni ruhumla sevirəm. Hər zaman sənin yanında olacam." sözlərini dedi və əbədi vidasını etdi.

       18 oktyabrda döyüşlərin ən çətin məqamında İbrahim Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Günbəgün irəliləyən yenilməz ordunun mərd əsgərləri sırasında öndə gedən İbrahim daha sonra Füzuli, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 30 oktyabrda Gülsümə zəng edib o torpaqların gözəlliyindən danışıb. "Bu gün mənə və əsgər yoldaşlarıma çoxlu dua edin. Bu gün şəhid olmasaq daha yaşayacağıq" deyir. Gülsümünü Allaha əmanət edir. Həmin danışıqdan yarım saat sonra Xocavənddə bir yüksəklikdə şəhid olan yoldaşlarını götürmək üçün bir əməliyyat başlanılır. İbrahim hamıdan öndə gedir. Həmin zaman yanına mərmi düşür. Cismi yaralanan İbrahimin son sözləri "Ay Allah, mən yaralandım?" sualı olur. Hər zaman deyirlər "Şəhidlər acı duymadan şəhadətə qovuşurlar." Bu onun bir bariz nümunəsidir. Həmin gün Gülsümün ürəyi sanki hər şeydən hali imiş kimi narahat olur. Durmadan ağlayan Gülsümə sanki İbrahim özü şəhidlik xəbərin çatdırır. Oktyabrın 31-i artıq İbrahimin şəhid xəbəri gəlir. Gülsümün o anda ağlına İbrahim döyüşə getdiyi anda gördüyü yuxu gəlir. O zaman Gülsüm Allahdan yuxusunun çin olmamağını istəmişdi. Ancaq o yuxu hər anı ilə gerçəyə döndü. Gələn hərbiçilər, İbrahimin şəkili və bayraq. "İlahi, bu gerçəkdimi? Yoxsa yenə yuxu görürəm" deyən Gülsüm bu gerçəyə tab edə bilmir. İki gün ancaq iynə gücünə ayaqda qalan Gülsüm oktyabrın 2-də İbrahimin bayraqlı tabutuna qovuşur. İllərlə həsrət çəkdiyini düşünən Gülsüm əsil həsrətin yarının tabutunu çiyinlərində aparanda başladığını anlayır. Bütün Naxçıvanlılar bu nakam ömrə, nakam sevgiyə ağlayır. Sevdiyinin üstünə ilk torpağı atmağa əli gəlməyən Gülsüm sevdiyinin məzarına ilk gülləri düzür. Bu mənzərə ürəkləri yandırıb kül edir. Elə Gülsümün yanan ürəyi kimi.

      - Bu xalq qanları ilə tarix yazan qəhrəmanları unutmayacaq. İbrahim də xalqın qəhrəman oğlu olaraq hər zaman xatırlanacaq. O mənim qəlbimdə əbədi olaraq qəhrəmanım olaraq yaşayacaq. Mən İbrahimin nəfəsini, varlığını hiss edirəm. Əbəs yerə demirlər ki, "şəhidlər ölməz".

      Bu sözləri bir şəhidin xanımı deyir. Biz bu məğrurluqdan güc alırıq. Acısı boyunu aşan insanların məğrur duruşu hər birimizə güc verir.

     Şəhid İbrahimov İbrahim Etibar oğlu şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə göstərdiyi şücaətlərə görə "Vətən Uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

ŞƏHİD

 

Ömrünü vətənə calayan şəhid,

Ömrünə cənnətdə ilmə toxunur.

Bu gün olmadığın fani dünyada,

Adına "hədiyyə" Quran oxunur.

 

Bilirəm cənnətin ən gözəl yerin,

Tanrı layiq bilir şəhid olana.

Torpaq şəhidini bağrına basır,

Olur övladına əbədi ana.

 

Neçə ürəklərin qəmli nəğməsi,

Qəmli nəğmələrin son nidasısan...

Ürəyi dərdinə qərq olanların,

Dilinin əzbəri, tək duasısan.

 

Səni unutdurmaz qərinələr ,

Laylası əbədi oxunan şəhid.

Bir məzar daşında gülüşü donan,

Baxışı ürəyə toxunan şəhid.

 

MANYA SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 18-19 fevral.- S.13.