İnternatda
böyüyən qəhrəmanımız
“Şəhid olduğumu
düşünən ailəm evə qayıtdıqdan sonra məni
böyük coşquyla qarşıladı”
“Döyüşlərin
birində mühasirəyə düşmüşdük. Tabor komandirimiz bildirdi ki, ölsək də
biz burdan atışaraq çıxmalıyıq. Həmin vaxt Ərgünəş dağının ətəyindəydik.
Hamımız da onun xətrini çox istəyirdik.
O, qabağa çıxdı. Bir də gördük ki,
bütün tabor onun arxasındadır”
“Atılan mərmilərdən
biri yaxınlığımıza düşdü. Həmin an tabor komandiri digər tərəfə, mən
isə əks istiqamətə atıldım. Tabor komandiri elə
bilirdi ki, mən şəhid olmuşam, mən də elə
bilirdim ki, o, şəhid olub… Həmin an
durmadan atəş açılırdı. Tabor
komandiri “Əhmədov sağsan?” deyə
qışqırdı. Onun səsini
eşidən zaman sevindim. Atəş dayandıqdan sonra
bir-birimizə sevinc göz yaşlarıyla sarıldıq”
Vətən uğrunda gedən
döyüşlərdə qəhrəmanlıq göstərən
igidlərimizin sırasında Maştağada yerləşəm
1 ¹-li İnternat evində böyüyən və internat evinin
adını işğaldan azad olunan torpaqlarımızda divara
yazan, həmçinin sosial şəbəkələrdə əsgərlərin
“yorğan-döşəkdə” yerdə
yatdığını bircə foto ilə gözümüzdə
əbədiləşdirən könüllü əsgər
Elçin Əhmədovun da adı var. Vətən müharibəsinin
sonlarına yaxın ailəsi Elçinin şəhid
olduğu xəbərini bilib. Lakin sonradan onun sağ
olduğunu öyrənən ailə üzvləri, tərxis
olunduqdan sonra Elçini böyük coşquyla
qarşılayıblar. Hürriyyətin əməkdaşı
qəhrəman döyüşçümüzlə həmsöhbət
olub:
– Elçin bəy, ilk olaraq
özünüz haqqınızda məlumatdan başlayaq…
– 1987-ci
ildə Şamaxıda anadan olmuşam. Üç
yaşım olarkən, 1990-cı ildə atam avtomobil qəzasında
dünyasını dəyişib. Anam da bu
xəbəri eşidib infarkt keçirdib. Atamın vəfat
etməsindən iki il sonra anam da dünyasını
dəyişib. Üç qardaşıydıq.
Bizi Lənkəran uşaq evinə apardılar.
Böyük qardaşımı isə Bakıda
internat evinə apardılar. Böyük
qardaşım da bizdən ayrı qalmaq istəmirdi. Aidiyyatı qurumlara müraciət etdikdən sonra,
bizi də qardaşımın yanına gətirdilər.
Maştağada 1 nömrəli internat evində
böyüdük. İnternat evindən sonra ən böyük arzum ali məktəbə daxil olmaq idi. Orda olarkən
həmişə ali məktəbə daxil
olmağımı arzulamışam. Lakin internat
evindən çıxandan sonra başa düşdüm ki,
işləmək lazımdır. Artıq ali
təhsil məsələm ən axrıncı planlarıma
düşdü. Həyatımda ali təhsil
ala bilmədiyimə görə çox heyfslənirəm. Hazırda evliyəm. Övladlarım
var.
– İşləyirsiniz?
–
Hazırda SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər
olaraq çalışıram.
– Orduya könüllü
yazılmışdız?
– Bəli, orduya könüllü
olaraq yazılmışdım. Döyüşlərin
ilk günlərindən hərbi komissarlığa müraciət
etdim. Dəfələrlə müraciət
etməyimə baxmayaraq, yaş məhdudiyyətimin oluğu
bildirilirdi. Mənim otuz üç
yaşım var. Bütün bunlara baxmayaraq, əl çəkmədim.
Bildirirdim ki, illərdir bu anı gözləmişik.
Mən də torpaqlarımızın azad
olunması uğrunda gedən döyüşlərdə
iştirak etməliydim. Məni hərbi
komissarlıqdan öz internat yoldaşlarım yola saldı.
– 44 günlük müharibə sizə
nə qazandırdı?
–
Müharibə mənə çox şey qazandırdı. Demək olar ki, illərdir üstümüzdə
olan utanc hissi üzərimizdən götürüldü.
Hərdən düşünürdüm ki, bizdən qat-qat zəif
bir düşmən necə olar ki, torpağımızı
işğal edə bilər?… Onlar axı bizdən qat-qat zəif dövlətdir.
Heç ora dövlət də demək olmaz.
Ermənistan sadəcə tayfadır.
İllərdir gözlədiyimiz anın yetişməsi bizə
qürur hissi verdi. 44 gün ərzində
ikinci dövlət tanımıram ki, işğalda olan
torpaqlarını geri ala bilsin. Bunu da Azərbaycan
xalqı olaraq bacardıq. Tarixi qələbə
ömür boyu bizə qürur hissləri yaşadacaq.
– Döyüş zamanı əsgərlədə
psixoloji vəziyyət necə idi?
– Tam
olaraq əhaval-ruhiyyə yerində idi. Əvvəl
fikir versəydiniz, insanlarımızda qaş-qabaq olurdu və
eyni zamanda mehribanlıq da o qədər də hiss olunmurdu.
Bəlkə də millətin daxilində gizlənmiş
qisas hissi yatırdı deyə, insanlarda aqressiya hissi var idi.
Müharibə başlayan ilk günlərdən
isə xalqımız həmrəy oldu. Canını
göz qırpmadan Vətən uğrunda fəda etmək istəyən
insanları gördük.
– Döyüşə girən zaman
ilk açdığınız atəşi
xatırlayırsınızmı?
– İlk dəfə Hadrutda (Suqovuşan) əsgər
yoldaşlarıma döyüşə qoşuldum. Həmin vaxt
Hadrut tam əldə olunmuşdu. Sadəcə
düşmən snayperləri durmadan atəş
açırdı. Daha sonra ordan xeyli ərazi
irəli gedib, Xocavənd tərəfə irəlilədik.
Xocavəndin kəndiylə Hadrutun
ortasındaydıq. Mövqeyimizə də
yerləşmişdik. Artıq ordan
düşmənə ilk atəşimi açdım.
– Daha sonra hansı döyüşlərdə
iştirak etmisiz?
– Hadrutdan
sonra Xocavəndin Tuğ, Böyük Tağlar kəndləri
və digər ərazilər uğrunda gedən
döyüşlərdə iştirak etdim. Orda
kəndləri dəqiq bilmirdik. Bildiyim qədəriylə
olduğum bəzi kəndlər Xocalıya aiddir. Son olaraq, Şuşaya qədər irəlilədik.
Axrıncı mövqeyimiz oraydı.
– Şuşa uğrunda gedən
döyüşlərdə iştirak etmisiniz?
– Şuşanın özünə ilk olaraq əsas xüsusi
təyinatlı qüvvələr girib. Çünki
orda sıldırım qayanı aşmaq lazım idi. Bunu isə yalnız xüsusi təyinatlı qüvvələr
edə bilərdi. Daha sonra biz onlara köməyə
girdik.
– Döyüşlərdə
yaralanmısınız?
–
Yüngül yaralandım. Barmağımdan qəlpə
yarası aldım. Həmin yaraya görə
xəstəxanaya müraciət etməyə ehtiyac yox idi.
Yaralandığım vaxt əsgər
yoldaşlarım ilkin tibbi yardımı göstərdi.
– İştirak etdiyiniz
döyüşlərdən hansısa maraqlı və
yaddaqalan xatirə varmı?
–
Yaddaqalan xatirələr çoxdur. Bizim tabor
komndirimiz ehtiyatda olan zabit idi. O da döyüşlər
başlayan andan orduya çağırılıb. Çox ürəkli zabitlərimizdən olub. Döyüşlərin birində mühasirəyə
düşmüşdük. Tabor komandirimiz
bildirdi ki, ölsək də biz burdan atışaraq
çıxmalıyıq. Həmin vaxt
Ərgünəş dağının ətəyindəydik.
Hamımız da onun xətrini çox istəyirdik.
O, qabağa çıxdı. Bir də
gördük ki, bütün tabor onun arxasındadır. Həmin vaxt dəhşətli bir mənzərə
yaranmışdı. O vəziyyətdə biz ordan
çıxa bildik. Daha sonra, taborun bütün əsgərlərini
bir-bir qucaqlayıb öpdü. Ona
“yoldaş mayor” deməyimizi istəmirdi. Bildirirdi
ki, mənə “qardaş” deyə müraciət edin. O
hadisədən sonra biz komandirimizi daha yaxşı
tanıdıq, o da bizi…
Bir xatirəni də danışmaq istəyirəm. Şuşa ətrafında
olarkən, qəlpələrdən qorunmaq üçün
yer qazmışdıq. Düşmən
dayanmadan atırdı. Atılan mərmilərdən
biri yaxınlığımıza düşdü. Həmin
an tabor komandiri digər tərəfə, mən
isə əks istiqamətə atıldıq. Tabor komandiri elə
bilirdi ki, mən şəhid olmuşam, mən də elə
bilirdim ki, o şəhid olub… Həmin an
durmadan atəş açılırdı. Tabor
komandiri “Əhmədov sağsan?” deyə
qışqırdı. Onun səsini
eşidən zaman sevindim. Atəş
dayandıqdan sonra bir-birimizə sevinc göz yaşlarıyla
sarıldıq. Belə maraqlı xatirələrimiz olub…
– Döyüşlər gedən zaman
yanınızda əsgər yoldaşınız şəhid
olubmu?
– Allah
bütün şəhidlərimizə rəhmət eləsin.
Ümumilikdə götürdükdə, bizim
tabordan 10-15 nəfər şəhidimiz olub. Yaralılarımız çox oldu. Buna baxmayaraq, anında tibbi yardım göstərilirdi.
Düşmən alçaqcasına sanitar
maşınlara da atəş açırdı. Halbuki, müharibə qanunlarına görə,
döyüş şəraitində tibbi avtomobillərə atəş
açılmamalıdır. Yarılıları
sanitar maşınına qədər aparırdıq ki, tibbi
yardım olunsun.
– Döyüşlər zamanı arxa
cəbhədəki vəziyyət, yəni dinc əhalidəki
əhval-ruhiyyə sizə necə təsir edirdi?
– Əlbəttə ki, insanların əhavl-ruhiyyəsini
hiss edirdik. Arxa cəbhə bizi daha da döyüşə
ruhlandırırdı. Mən dinc sakinlərimizi
daha çox döyüşmüş hesab edirəm. Bizə
vətəndaşlarımızdan çox miqdarda pay göndərilirdi.
Göndərilən payların içindən məktublar
da çıxırdı. Mənə verilən
payların içindən beşinci sinif
uşağının məktubu çıxmışdı.
Məktubları oxuyanda daha da ruhlanırdıq.
Məktubda beşinci sinif uşağı yazmışdı
ki, əsgər əmi, bu corabı geyinin
ki, ayağınız üşüməsin. Həmin
məktubu xeyli müddət üzərimdə saxladım ki,
Bakıya gedən zaman uşaqla görüşəcəm.
Günlərin birində meşədə yatan
zaman yağış yağdı. Həmin
vaxt gördüm ki, artıq məktub yağışdan
yararsız hala düşüb.
– Şanlı həyat
yolunuzun təcrübələrinə dayanaraq, gənclərimizə
nə demək istərdiniz?
– Gənclərimizə
demək istəyirəm ki, hər zaman Vətənini sevsinlər.
Vətən sevgisi tək bu torpağı sevmək
demək deyil. Vətəni sevmək ailəni,
yaxınlarını, övladlarını, ümumilikdə
millətini sevmək deməkdir. Gənclərimiz Vətənini,
ailəsini sevdiyi kimi sevsinlər. Eyni zamanda, gənclərimiz
savad alsınlar. Onlar bilikli olarlarsa, ölkəmizi
də başqa ölkələrdə layiqincə təmsil edə
biləcəklər.
– 44 günlük müharibədən
sonra evinizə qayıtdığınız zaman necə
qarşılandız? Qarşılanma anınız
hansı təəssüratlarla yadda qaldı?
– Döyüşlərdə olarkən, bir həftə evlə əlaqə saxlaya bilmədim. Sadəcə, iki gündən bir evlə əlaqə saxlayırdım ki, narahat olmasınlar. Artıq məndən xəbər çıxmayınca qardaşım Füzuliyə qədər gəlib çıxmışdı. Qardaşıma demişdilər ki, mən döyüşdə olduğum yerdən şəhidlər gəlib. Həmin şəhidlərə baxmağını istəmişdilər. Evimizə də şəhid olmağımla bağlı məlumatlar gəlmişdi. Evlə əlaqə saxladığım zaman, vəziyyət tamam başqa cür idi. Evə qayıdandan sonra, ailə üzvlərim çox sevinirdi. Axşama kimi məni buraxmırdılar (gülümsəyir). Övladlarım mənə sarılıb dayanmışdılar.
YƏHYA
Hürriyyət.- 2021.- 7-8 yanvar.-
S.13.