VƏTƏN DAŞI

 

İnsan doğulur böyümək üçün. Doğulanda isə insanın nələr yaşayacağı, nələr yaşadacağı tək Allaha aşkar olur. Kiminə cismən böyümək qismət olur, kiminə ruhən. Nəcməddinin doğulduğu gün məğrurluğu, əsaləti yansımışdı gözlərinə. Həm də gözlərinin dərinliyində ümid işığı parıldayırdı. Sən demə o işıq illər sonra vətəni nura qərq edəcəkmiş.

    Savalanov Nəcməddin Akif oğlu 1985-ci il fevralın 26 - da İmişli rayonunun Göbəktala kəndində anadan olub. Ailədə 3 qardaş olan uşaqlar elə körpə yaşlarında atalarını itiriblər. Gənc yaşda dayaqsız qalan analarına qol-qanad gələn oğullar körpə yaşlarında həyatın yoxluq adında sınaq dərsi ilə imtahan olunublar. Nəcməddin düşüncələri ilə digər yaşıdlarından fərqlənib. O, 1992-ci ildə şəhid Azər Atayev adına Göbəktala kənd orta məktəbində təhsil almağa başlayıb. Hər il doğum günündə bütün uşaqlar kimi sevinən Nəcməddin 7 yaşında doğulduğu gün Xocalıda özü kimi körpələrin ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini duydu. Həmin günün sevinci elə 1992-ci ildə donub qaldı. Ondan sonra Nəcməddin 26 fevralı doğum günü kimi yox Xocalı soyqırımının ildönümü kimi qeyd etdi. Ürəyində tək bir arzusu var idi. Qarabağ işğaldan azad olunsun. O arzunun çin olmağı üçün Nəcməddin hər vəchlə çalışırdı. Bu minvalla da lX sinfi bitirdikdən sonra hərbi məktəbdə oxumaq qərarına gəldi. N. Savalanov 2000-ci ildə Naxçıvanski adına hərbi liseyə daxil olub. 2003-cü ildə bitirib və elə həmin il Heydər Əliyev adına AAHM - də təhsil alıb, istehkamçı mühəndis ixtisasına yiyələnib. 2007-2008-ci illərdə TTM - nin təkmilləşdirmə kursunu keçib. Təyinatla Sənqəçalda N sayılı hərbi hissədə işə başlayıb. Öz istəyi ilə 2012-ci ildə  Bərdə,Ağdam,Tərtər istiqamətində ön xətdə xidmət edib. 27 sentyabr 2012-ci ildə mina axtaran zaman Nəcməddin ağır yaralanıb. Son nəfəsini vətən üçün vermək arzusu ilə yaşayan qəhrəman yenidən xidmətə dönməyi üçün qurban deyib. Bir müddət sonra qurbanı qəbul olan Nəcməddin işinə dönüb. Nizam-intizamı, çevikliyi, biliyi ilə Nəcməddin əsil hərbçinin bütün müsbət xüsusiyyətlərini özündə cəmləməyi bacarıb. 2014-cü ildə kapitan hərbi rütbəsi alıb.

Bütün arzuların önündə gələn azadlıq arzusunun üzünə qapı açanlardan biridir Nəcməddin Savalanov. 2016-cı il aprelin 1-dən 5-nə qədər davam edən döyüşlərdə illərdən sonra Azərbaycan ordusunun ilk azad etdiyi torpaqlarda şücaətinin izi olan qəhrəmandı. Nəcməddinin vətənə sipər etdiyi cismi düşmənin açdığı atəş nəticəsində yaralansa da illərdən sonra körpəlikdən bu günə qədər ürəyində böyütdüyü qisasını aldığı üçün ürəyinin yarası sağalmışdı. Cisminin yaralarını isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimləri sağaltmağa çalışırdılar. Xəstəxanada yatdığı zaman ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilən Nəcməddinin ən böyük arzusu bu medalı sağaldıqdan sonra təhvil almaq idi. Ancaq o bu arzusuna çata bilmədi. Xocalının işğalı günü dünyaya gələn qəhrəman Şuşanın işğalı günü sonuncu nəfəsini verdi. O son nəfəslə bərabər neçə ümidcan tapşırdı. Mayın 8-i şəhadətə qovuşan qəhrəmanın nəşi mayın 9-u İmişli rayonu Şahverdili kənd qəbirsanlığında izdihamla dəfn olundu. Nəcməddinin dəfni zamanı hər kəsin ürəyi yanır, gözləri ağlayırdı. Ancaq bir nəfər vardı ki, onun fəryadı görənlərin ruhunu sızladırdı. Bu Nəcməddinin dostu, sirdaşı, qardaşı Məmmədov Toğrul Səyyad oğlu idi. Toğrul bu itkini qəbullana bilmirdi. Hələ Şuşaya birlikdə bayraq sancacaqlarını arzu etdiyi dostunu Şuşanın işğalı günü itirmək onun üçün çox ağır idi. Bir zaman əllərini çiyinlərinə qoyduğu dostunun tabutunu çiyinlərində aparan Toğrul dostunun dəfnində onun qisasını alacağını söz verdi. Toğrul verdiyi sözü tutdu. Qısa zaman sonra 14 iyul 2016-cı ildə Toğrul ermənilərin yenidən atəşkəsi pozma cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid oldu. Hər iki dostun ruhu cənnətdə qovuşdu.

      Bu gün Nəcməddin və Toğrulun ruhu Qarabağın hər qarışında dolanır. Onlar cismən olmasa da ruhən "44 günlük müharibə" adı ilə tarixdə həkk olunan qalibiyyətimiz zamanı vuruşan əsgərlərlə birgə vuruşublar. Həmin döyüşlər zamanı hər iki qəhrəmanın qisasını alan qəhrəmanlardan biri də Nəcməddinin həmyerlisi, dostu Həsənov Əsəd Fərhad oğlu idi. Əsəd də Nəcməddinin dəfni zamanı onun qisasını alacağına söz vermişdi. Əsəd sözünü tutdu. O, Nəcməddin və Toğrulun arzusunda olduğu torpaqları azad edənlərdən biri oldu. Əsəd də son nəfəsinə qədər vətənin azadlığı naminə vuruşdu və qəhrəmancasına şəhid oldu. Əsəd və Nəcməddin İmişli rayonu Şahverdili kənd qəbirsanlığında dəfn olunublar. Cənnətdə ruhları qovuşan üç dostdan biri olan Toğrul Məmmədov isə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndində dəfn olunub. Vətən daşı olan hər üç qəhrəmanın cismi torpağa tapşırılsa da adları ürəklərə həkk olunub.

    Bütün tökülən nahaq qanların, bitən nakam ömürlərin qisası alınıb. İllərdi uğrunda neçə-neçə vətəndaşlarımızın daş olduğu Qarabağımız azad olunub. Daha 8 may Şuşanın işğal günü 8 noyabr Zəfər günü ilə yer dəyişib. Qalibiyyətimizin işığı bütün həsrətli ürəkləri nurlandırır. Hər şəhid doğması şəhidinin qanının axdığı torpaqların mənfur düşmənlərin tapdağı altında olmadığı üçün şükür edir.

     Nəcməddinin də üç əmanət övladı atalarının can verdiyi torpağın azadlıq sevincini yaşayırlar. Onlar atalarının hər zaman dediyi "Bir gün biz hərbçilər azad Qarabağda övladlarımızı səsləyəcəyik" sözlərini unutmurlar. Onlar Qarabağa getdikləri zaman atalarının ruhunun "Nuray, Leyla, Adəm" deyə səslənişini hiss edəcəklər.

 

ÜÇ DOST

 

Sən gedən gün başladı,

Qəlbin qisas savaşı.

Yaddaşlara həkk oldu,

Əsədin Toğrulun,

Qisas dolu baxışı.

 

Toğrul çırpınıb qaldı,

Yaralı bir quş kimi.

Dost itkisi elə bil,

Lap çarmıxa çəkirdi,

O an onun qəlbini.

 

Əsəd basdı bağrına,

Övladını sənin tək.

O dərdə tab etmirdi,

Parça-parça olmuşdu,

Dərdini çəkən ürək.

 

O gün hər iki dostun,

Qisas andını içdi.

Nəcməddin, dostların da,

Sənintək bu vətənin,

Uğrunda candan keçdi.

 

İndi üç dostun adı,

Dillərə dastan olub.

Nəcməddin,Toğrul bir ,

Əsəd vətən uğrunda

Qərənfil kimi solub.

 

MANYA SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.-25-26 fevral.- S.13.