Qəhrəmanlıq  dastanı  yazanlardan  biri…

 

Danaçı  kəndinin  fəxri  şəhid  Elxan  Ramazanovun həyat hekayəsi

 

Bu yazımızda Qarabağ Savaşında tarixi iz qoymuş, gənc yaşlarında Vətənimizin bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olan Zaqatala rayonu Danaçı kəndindən həqiqi hərbi xidmətə çağırılmış – Elxan Ramazan oğlu Ramazanovdan söhbət açacağam. Qəhrəmanımızın dünyaya göz açdığı Danaçı kəndi Zaqatala rayonunun ən böyük və avar xalqının nümayəndələrinin kompakt yaşadığı kəndidir. Kənd obalara bölünüb, hər obanın da öz adı var. Bu bağlı-bağatlı kənddən Birinci Qarabağ Savaşında olduğu kimi bu Vətən Müharibəsində də onlarla mərd oğullar erməni faşitslərinə, xainlərinə qarşı döyüşüblər. Hətta 27 sentyabr 2020 -ci il tarixində ermənilərin təxribatlarından sonra başlanan Müharibədə Danaçı kəndinin düşmənlərə göz dağı olmuş avarların onları gəbərtməkləri ilə yanaşı, düşməndən əsir götürüblər, zirehli texnikasını, çoxlu sayda silah-sursat ələ keçiriblər və onlarla erməni mövqelərini darmadağın ediblər.

Demək olar ki, müharibənin bütöv cəbhə xəttində avar döyüşçüləri şücaət göstəriblər. Müharibədə Danaçı kəndindən 2 nəfər şəhadətə qovuşub, 10 -dan yuxarı vətənpərvər isə ağır yaralanaraq qazi olublar… Düşmən üzərində qələbədə onların zəhməti az olmayıb. Şəhidlik zirvəsinə ucalan, Danaçılıların qürurla fəxr etdikləri – Elxan Ramazan oğlu Ramazanov və Ruslan Mohuma oğlu Nəbiyev kəndin “Həsənoba” adlanan obasındandırlar. Hər iki şəhid igidlərimiz Danaçı kənd 1 saylı tam orta məktəbinin məzunlarıdırlar. Rayonun ən qabaqcıl təhsil ocağının təcrübəli kollektivi məktəbliləri vətənpərvərlik ruhunun aşılanmasında böyük zəhmət sərf edirlər. Həmin məktəbin direktoru Əsəbəli Nəbiyevlə şəhid ailələrinə baş çəkməzdən əvvəl bildirdi ki, rəhbərlik etdiyi məktəbdə tez-tez Birinci və İkinci Qarabağ Savaşları, ermənilərin törətdikləri vəhşilikləri, “Xocalı Soyqırımı”, Azərbaycan torpaqlarının bədnam qonşular tərəfindən necə işğal olunmaları, onların təxribatları barədə tarixi faktlarla müzakirələr aparırlar və tədbirlər keçirirlər.

Direktor qeyd etdi ki, məktəbdə Vətən oğullarının qəhrəmanlıqları, şücaətləri, müharibədə iştirak edən kəndin gəncləri və şəhidləri barədə məktəbliləri məlumatlandıran güşələr yaradılıb. Məktəbin pedaqoji və məktəbli kollektivi şəhid ailələrini və onların qəbirlərini ziyarət edirlər. Əsəbəli müəllim bildirdi ki, Birinci Qarabağ Savaşında məktəbin iki və bu Vətən Müharibəsində də 2 nəfər şəhid olublar.

Direktorun sözlərinə görə, İkinci Vətən Müharibəsində Danaçı kəndindən olan ilk şəhid – Elxan Ramazan oğlu Ramazanov məktəbin fəxri, fəallığı ilə seçilən, nümunəvi, əlaçı şagirdi olub. Əsəbəli müəllim deyir ki, elimizin qəhrəman oğlu Elxan məktəbdə keçirilən bütün tədbirlərdə, fənn, idman yarışlarında xüsusilə seçilərdi və o, əvəz olunmaz gənc idi.

“Məktəbimizin pedaqoji kollektivi onun gələcəkdə, savadlı, güclü mütəxəssis olmağına inanırdılar… Lakin, bizim istəkli, tərbiyəli, öncül şagirdimiz Elxan Ramazanov 9 -cu sinifi əla qiymətlərlə bitirib, Azərbaycan Texniki Universitetinin Bakı Texniki Kollecinə qəbul oldu. Müharibə başlayanda isə o, artıq Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi Elxan. Sonra isə… Taleyinə, qismətinə bir baxın?… Biz onun işıqlı gələcəyini görürdük… Amma, Elxan başqa bir yol seçdi… Bu yolda zirvəyə gedir, ancaq bu yolda təkcə cəsurlar gedirlər, Elxan kimi…” deyir, Əsəbəli müəllim… Ani məqamda bu təcrübəli, ziyalı doluxsunur: “Heyf, səndən Elxan, ar olsun, sənə qıyan namərd düşmənə, bu müharibədə sənin kimi neçə-neçə gələcəyimizin qurucusunu itirdik…” – deyə direktor, dodaq altı pıçıldadı…

…Hər dəfə şəhid ailəsinə baş çəkəndə əbədiyyətə qovuşan, say-seçmə igidlərimizin yaxınlarına, oğullarını vaxtsız itirmiş, qara libaslarını əyinlərindən çıxartmayan, ümidləri kəsilməmiş analara, oğul itkisini ürəklərinə qaysaq etmiş atalara, keçmiş xatirələri yaşadan qardaşlarıa, hələ də həsrətlə gözlərini yoldan çəkməyən bacılara, acı həqiqtələrə inanmayan əzizlərinə təsəlli verməyə söz tapmırıq. Hələ hər səhər şəhid məzarlarına al güllər düzən, ürəklərində sevgi və məhəbbət saxlayan o, gözəlləri demirik…

Zaqatala rayonunun Danaçı kəndi “Həsənoba”-da yaşamış, şəhid – Elxan Ramazan oğlu Ramazanovun ailəsi ilə elə məktəbin direktoru Əsəbəli Nəbiyevlə birlikdə görüşdük…

…Vətən fədaisinin atası ilə onun işi ilə əlaqədar görüşə bilməsək də, anası Nigar xanım və qardaşı Abdulla Elxanın keçdiyi qısa lakin, şərəfli ömür yolunu bizə xatırlatdılar, onun haqqında xatirələrini söylədilər… Öyrəndik ki, Elxan ailənin son beşiyi olub. Ramazanovlar ailəsinin böyük övladı olan 1993 -cü il təvəllüdlü qız övladları artıq ailə həyatı qurub. Şəhid bacısının 2 övladı, 1 qızı və 1 oğlu var. 1977 -ci il təvəllüdlü Abdulla isə subaydır və Elxan həqiqi hərbi xidmətini başa vurduqdan sonra qız nişanlanmalı imiş…

Azərbaycanımızın torpaqlarının düşmənlərdən azad edilməsi uğrunda gedən döyüşlərin birində canını fəda vermiş, o zirvəyə ucalmış və Danaçı kəndinin bu ölüm – dirim, mürəkkəb müharibədə ilk şəhidi olmuş Elxan Ramazanov isə 25 yanvar 2000 -ci il tarixində isə dünyaya göz açıb. Sağ qalsaydı 21 yaşını tamamlanmışdı onun… Anası Nigar xanım deyir ki, oğlu çox sakit təbiətli, ürəyi yumşaq, dərslərə ciddi hazırlaşan, uşaqlıqdan təsərrüfat işlərində onlara kömək edən, məktəbdə əla qiymətlərlə oxuyan və hamının sevimlisi olan şəhid balası Texniki fənləri çox sevirdi. Arzusu Kompyuter Texnologiyası üzrə mütəxxəssis olmaq idi…

…Onun qəlbi qurub-yaratmaq eşqi ilə döyünürdü, arzuları çox-çox idi. Yaşıdları arasında sevib-seçilərdi. Hər bir işi məsləhətli görərdi. Kiminsə xətrinə dəyməzdi. Oğlum yaşadığımız “Həsənoba”da yaşlı nəslin nümayəndələrinə daima kömək edərdi. O, 2016 –cı ildə aprel döyüşləri zamanı qardaşı Abdulladan nigaran qalmışdı. Tez-tez təkrarlayaraq deyərdi ki, “bu erməni dığalarının, daşnaklarının başları vaxtında əzilməlidir ki, sonralar yenidən başlarını yuvadan çıxaraarlar, yenidən təxribatlar, faciələr törədərlər, bu faşist xislətlilər, bədnamlar…” Şükür Allaha ki, oğlum aprel döyüşləridə fədakarlıq göstərən, neçə-neçə düşmənin başını əzərək, sağ-salamat hərbi borcunu yerinə yetirdi… Elxan isə 27 sentyabr 2020 –ci il tarixdə başlanan daha böyük döyüş əməliyyatlarında iştirak etdi… amma…” – söylədi – Danaçının fəxri, Elxanın anası – Nigar xanım…

Və bildirdi ki, oğlu Bakı Texniki Kollecini bitidrikdən sonra (o, kolleci bitirməsi haqqında diplom almamışdı. E.M.), yəni 2019 –cu il iyul ayında Azrbaycan Respublikasının Hərbi Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamışdı. Ailə üzvülərinin bildirdiklərinə görə Elxan hərbi xidmətinin ilkin 3 ayını Müdafiə Nazirliyinin Goranboy rayonundakı “N” saylı hərbi hissəsində xidmət keçmişdir. And içmədən sonra Zaqatala torpağının mərd, avar oğlu cəbhənin ön təmas xəttində düşmənlə üzbə-üz mövqelərdə düşməndən torpaqlarımızı qorumuş və dəfələrlə ermənilərin təxribatının qarşısını almışdı. Hər bir xidmətdə olduğu dövrdə 3 dəfə oğlu ilə görüşdüklərini söyləyən Nigar xanım bildirdi ki, Elxan Ramazanov “Ballı Qaya”-dan sonra 3-4 ay Ağdam rayonunun ərazisində hərbi xidmətini davam etdirməklə yanaşı, hərbi təlimlərdə iştirak etmişdilər. Sonradan xəbər tutublar ki, müharibə başlayanda oğlumun atıcı taboru Tərtər rayonunun Qapanlı kəndində olublar.

Aprel döyüşlərinin fəal iştirakçısı Abdulla isə söylədi ki, atıcı minamyotçu olan qardaşı Elxan döyüşçü yoldaşları ilə birlikdə Cəbrayıl, Füzuli, Suqovuşanın azad olunmasında iştirak etdikdən sonra Ağdam və Ağdərə uğrunda gedən döyüşlərə qoşulublar. Eyni zamanda düşmənə sarsıdıcı zərbələr edirən döyüşçülərimiz yəni, Elxan Ramazanovun xidmət etdiyi həmin ərazidə bir sıra uğurlu əməliyyatlar keçiriblər. Həmin vaxtlar demək olar ki, cəbhənin bütün ərazisində qızğın döyüşlər gedirdi, hərbiçilərimiz ermənilərin həmlələri dəf etdikcə, düşmən azğınlaşırdı…

Amma Şanlı Odrumuzun hər bir əsgəri zabiti torpaqlarımızı azad etmək üçün xain qonşuları darmadağın edə-edə irəliləyirdilər. Düzdü, bu döyüşlərdə Azərbaycanımızın cəsur oğullarımızdan can verənlər, yaralananlar da az deyildi, ancaq digər döyüşçülərimiz ruhdan düşmür, düşmənə nifrət hissi və qisas hissi ilə daha düclənidrilər… günlərlə ac və susuz qalmalarına baxmayaraq döyüş meydanındalarında – igidlərimiz yeni şanlı Zəfər tariximizi yazdılar – Elxan kimi cəsur oğullarımız… Oktyabrın 4 –də Ağdərə istiqamətində qızğın döyüşlər gedirdi, erməni faşistləri hərbiçilərimizin mövqelərini mərmi yağışına tutmuşdular, minamyotçularımız düşməni susdurmağa çalışırdılar… Elxangilin taboru kəşfiyyatçılarımızın müəyyənləşdikləri mövqelərə od ələyirdilər. Həmin gün günorta saatlarında düşmən artilleriya qurğusundan atılan mərmiləri Elxanın lap yaxınlığına, yəni 10-15 metrliyinə düşərək partladı. Və, Elxan həmin döyüşdə ağır yaralandı, başından, gözümdən, ayaqlarından ağır dərəcəli qəlpə yaraları alıb. Döyüşçü yoldaşları əvvəlcə Elxanı Ağcabədidəki hərbi hospitala yola salıblar…

Nigar xanım yenə də, sakitcə, kədərlə həmin anları xatırlatdı: “Oğlum azğınlarla müharibəyə başlayandan sonra Tərtərdə olanda 2 dəfə bizimlə telefonla danışmışdı: “Nigaran qalma Ana, ata, bacı, əzizlərim tezliklə düşmən üzərində qələbə qazanıb, xoş müjdələr eşidəcəksiniz, Vətənimizin azadlığı uğrunda döyüşmək özü böyük şərəfdir…” demişdir. Lakin, oktyabrın 12 –də…

Respublika Hərbi Mərkəzi Hərbi Hospitalının həkimi zəng vuraraq bildirdi ki, oğlum Elxanın üzərində 2 dəfə cərrahiyyə əməliyyatı aparılıb və üçüncü əməliyyata hazırlaşırlar. Bizə məlum oldu ki, oğlum Ağcabədi rayonundakı hərbi hospitalından vəziyyəti ağır olduğu üçün 1 həftədən sonra Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitala köçürülüb. Oğlumun vəziyyəti çox ağır olduğu üçün, əməliyyatlar aparmaq üçün Türkiyədən xüsusi təcrübəli həkimlər dəvət olunublar. Həkimlərin bildirdiklərinə görə Elxan 3 –cü dəfə cərrahiyyə əməliyyatı olunmalıdır və buna hazırlıqlar gedir. Türkiyəli  həkimlərin rəyinə görə, oğlumun cərahiyyə əməliyyatının təxirə salınması məsləhət görülmüşdür. Çünki, Elxan çoxlu qan itirdiyindən fiziki cəhətdən xeyli zəifləmişdi… Onun yaşamasına ümidləri az idi…

Həkimlərin səylərinə baxmayaraq, Elxan Ramazan oğlu Ramazanov aldığı qəlpə yaralarından hospitalda dünyasını dəyişdi… Vətən yolunda – şəhadətə qovuşdu. 22 oktyabr 2020 –ci il tarixdə…

Qeyd edək ki, Elxanın atası Ramazan kişi, həyat yoldaşı Nigar Danaçı kəndində böyük hörmət sahibdirlər. Qardaşı Abdulla isə Rusiya Federasiyasında çalışırdı…

23 oktyabr 2020 –ci il tarixində torpaqlarımızın azadlığı uğrunda döyüş meydanında ağır yaralanaraq, hospitallarda yaşamaq eşqi ilə mübarizə apararaq, cəmi 21 yaşında ömrünün bahar çağında əbədiyətə qovuşan – Elxan Ramazanov, elliklə, böyük hörmət və izzətlə torpağa tapşırıldı. Bütöv Azərbaycanımızın doğulub, boya-başa çatdığı Danaçı kəndinin fəxri, qəhrəmanı kimi… Ruhun şad olsun el qəhrəmanı!

Prezidentin sərəncamı ilə Elxan Ramazan oğlu Ramazanov “Vətən uğrunda” medal ilə təltif olunub…

…Bu gün təkcə mən yox, bütün Azərbaycan, Nigar ana, sənin oğlunun hünərindən danışır, igidliyindın yazırlar, bitməz – tükənməz Sizlərin qəhrəmanlıqlarından. Çünki, elə bir şücaət göstərmisiniz ki, qəhrəmanlıq dastanı yaratmısınız ki, onu yazmaqla, danışmaqla bitməz, bitməyəcək də.

Sizin igidliyinizə, şanınıza yaraşan sözlər də, bu Vətənin – Odlar yurdumuzun ər, qəhrəman oğulları da…

Danaçı kənd sakinləri, Daxili Qoşunların zabiti Xalid və Sərhəd Qoşunlarının zabiti Kamal Mustafayev qardaşları Danaçı kəndində olan şəhidlər Elxan Ramazan oğlu Ramazanovun və Ruslan Mohuma oğlu Nəbiyevin əziz xatirəsinə “Həsənoba” öz hesablarına “Xatirə Bulağı” kompeksi inşa ediblər.

 

Elman Maliyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hürriyyət.- 2021.- 27 fevral-1 mart. S.13.