Böyük
güclərin Azərbaycanı parçalamaq planı…
Və yaxud 193 il əvvəl
ölkəmizin bölünməsini legitimləşdirən
Türkmənçay müqaviləsinin bu gün nə kimi
hüquqi əsasları qalır?
Fevralın 10-da Azərbaycanın parçalanmasını
legitimləşdirən Türkmənçay müqaviləsinin
193 illiyi tamam oldu. Bu müqavilə Azərbaycanın ikiyə
bölünməsi kimi yaddaşımıza qazılsa da,
faktiki bölünən vətən torpaqların üzərində
3 dövlətin ortaya çıxması ilə sonuclandı.
Qacar Türk dövlətindən xarici güclərin – elə
indiki Qərbin sələflərinin əli ilə 1925-ci ildə
fars elitasının idarə etdiyi dövlətə
çevrilmiş İran, Rusiyanın tərkibinə
keçmiş Şimali Azərbaycan və Türkmənçay
müqaviləsinin XV-ci maddəsinə əsasən 40 min erməninin
hazırkı Şimali Azərbaycanın qərb
torpaqlarına köçürülməsi sayəsində
Ermənistan dövlətinin yaradılması ilə nəticələndi.
Azərbaycanın
bölünmə sürəcinin o dönəmə görə
əsas hüquqi bazasını meydana çıxaran həm
Gülüstan, həm Türkmənçay müqaviləsini
yalnız bizimlə bağlı deyil, 1453-cü ildə
Osmanlı dövlətinin İstanbulu ələ keçirməsindən
sonra xaçlı dünyasının tərtib edərək,
600 ilə yaxın müddətdə addım-addım həyata
keçirdiyi planın gerçəkləşməsi
kontekstində nəzərdən keçirmək daha doğru
yanaşma olardı. Lap əvvəldən
başlayaq və bu məsələyə Osmanlı ərazilərinin
yenidən qaytarılması planının müəllifi –
Roma imperiyasının Avropaya köçən və prosesi
oradan işə salan, Rusiyanı da imperiya kimi tarix səhnəsinə
çıxaran icraçılarının fəaliyyətini
işıqlandıraraq müxtəlif rakurslardan baxaq, həmçinin
bu tarixi fəlakət prosesinin fraqmentlərini araşdıraq.
Hərçənd ki, ermənilər beynəlxalq aləmdə
Türkmənçay müqaviləsi sayəsində Azərbaycan
torpaqlarına köçürüldüklərini etiraf
etmirlər, amma öz içlərində bunu təsdiq edirlər,
hətta qeyd də edirlər. Bunu 2018-ci il
martın 6-da İrəvanda Türkmənçay müqaviləsinə
həsr olunmuş beynəlxalq konfrans da təsdiq edir. Ermənistanın Elmlər Akademiyasının Şərqşünaslıq
institutunun direktoru Ruben Safrastyan qeyd etmişdi ki, Türkmənçay
müqaviləsi ilə erməni dövlətçliyinin bərpasının
əsası qoyulub və bu fakt ermənilərin müxtəlif
yerlərdən indiki Ermənistanın ərazisində
toplanmasına səbəb olub. Ardınca
isə o, “Türkmənçay müqaviləsi ilə təyin
olunmuş rus-iran sərhəddi indi də aktualdır. İndiki erməni-iran sərhəddi də elə
Rusiya-İran sərhəddididr və burada Ermənistan vasitəçi
roçunu oynayır”, -deyə qeyd edirdi.
Bəs bütün bu olanlarda Fransa və İngiltərənin
İrana təsiri hansı formada idi? Napoleon, Hindistanda
İngilis hökmranlığını
qarşısını almaq üçün planlar qururdu,
ancaq Fransızların bütün səylərinə
baxmayaraq, İngiltərə demək olar ki, bütün
Hindistan yarımadası üzərində nəzarəti ələ
keçirə bildi. 1808-ci ildə Rusiyaya
qarşı İngiltərə-Qacar müqaviləsi
imzalandı. İngilislər Ruslarla
müharibədə Qacarları açıq şəkildə
dəstəklədilər. 1812-ci ilin
martında İngiltərənin Qacarların müttəfiqi
olduğu yeni müttəfiqlik müqaviləsi imzalandı və
1812-ci ilin iyununda general Con Malkolm indiki İrana gəldi. Həm də 350 zabitin müşayiəti ilə.
Həm də şaha 30 min tüfəng, 12 silah
və geyim forması üçün parça verilirdi.
Bütün bunları pulsuz olaraq təmin edən
İngiltərə, Rusiyaya qarşı üç illik
müharibə üçün İranı maliyyələşdirdi.
Ancaq 1812-ci ilin iyun ayında Napoleonun ordusu Rusiya
sərhədini keçdi. Rusların bu
müharibədə gözlənilən məğlubiyyəti,
İngilisləri əsla açmadı, çünki bu,
Fransanın güclənməsi demək idi.
1812-ci il iyulun 18-də Orebro şəhərində
(İsveç) İngilis və Rus İmperiyaları sülh
müqaviləsi imzaladılar. Buna görə,
İngiltərənin Fransadakı səfiri Qafqazda Rusiyaya
qarşı qəti addımların tərəfdarı Sir
Gore Owsley mövqeyini kökündən dəyişdirdi.
İngilis zabitlər geri
çağrıldı, Qacarlara yardım kəsildi. Amma bu təsadüfi deyildi, çünki ingilis siyasəti
Rusiyanı Osmanlıya və türk Qacar dövlətinə
qarşı “zopa” kimi istifadə edirdi. Rusiya
türk izlərinin kökünü kəsmək
üçün bölgədə xristian dayağı olan erməni
dövləti qurmalı idi. Nəticədə,
Qacar ordusu Aslandüzdə sarsıdıcı məğlubiyyət
aldı və vəziyyət Gülüstan sülh müqaviləsinin
imzalanması ilə nəticələndi. Rusiya
bir sıra ərazilər və Xəzər dənizində
donanma saxlamaq hüququ əldə etdi. Ancaq
sülh uzun sürmədi. Napoleonun məğlubiyyəti
ilə dünənki müttəfiqlər yenidən bir-birlərinə
“isti” baxmağa başladılar və qarşıdurma sürətləndi.
İngilis və Rusiya imperatorluqları
arasında Cənubi və Mərkəzi Asiyada geosiyasi rəqabət
başladı, daha sonra Rudyard Kipling “Kim” romanında bu
“Böyük Oyun” barədə yazmışdı. Rusiya xarici siyasətinin hərbi-strateji vəzifəsi
həm İstnabulu geri almaq, həm də Fars körfəzinə
və Hind okeanına çıxmaq idi. Rus
imperatorluğu Hindistanı Əfqanıstan və Qacar dövləti
ərazisindən “qısqaca almağa”
çalışırdı. İngilislərin də həm
Fras körfəzi sahillərinə, həm Hindistana nəzarəti
üçün İran forpost olmalı idi və “Rus
ayısı” nın istəklərinə
qarşı cavab tədbirləri alındı.
1814-cü ildə Qacar dövləti Böyük Britaniya
ilə bir müqavilə imzaladı və bu müqaviləyə
əsasən, ondan başqa heç bir ölkənin
qoşunlarını ərazisindən keçirməyə
imkan verməyəcək. Bu, Rus
qoşunlarının Hindistana keçməsinə qadağa
demək idi. İngiltərə öz
növbəsində Şaha pul, qoşun və silah köməyi
verəcəyini vəd etdi. İngilis
diplomatlar onu Rusiya ilə 1826-cı ildə müharibəyə
sürüklədilər, amma yenə nəticə uğursuz
oldu. Rusiya “Böyük Oyun”un bu
turunda qalib gəldi. Çar hökumətinin
Yaxın Şərqdəki nəhəng ambisiyaları
İngilisləri narahat etdi. Rusiya
İmperiyası nəinki Boğazlara və Konstantinopola iddia
qaldırdı, həm də işğal altındakı ərazilərdə
“Ermənistan” əkdi və Kürd faktoru kimi güclü
kartı öz maraqları üçün istifadə etmək
imkanı əldə etdi. İndi isə
ABŞ-ın bundan necə uğurla istifadə etdiyini
görürük. Rusiya eyni şeyi istədi, ancaq
yüz il əvvəl və Britaniya
Hindistanının qulağının dibində!
Ancaq 1917-ci ildə “Böyük Oyun” sona çatdı. Alman və
Avstriya-Macarıstanın maraqları ilə tam üst-üstə
düşən birləşmiş İngiltərə-Fransız
ittifaqı, Rusiya İmperiyasını darmadağın etdi.
Rusiya səhnəni tərk etdi və yerini
sürətlə inkişaf edən ABŞ aldı. Beləliklə, hər şey 19-cu əsrin əvvəllərində,
Fransa və Rusiyanın İrandan Hindistana keçmək istədiyi
və Britaniya imperiyasına meydan oxuduğu zaman başladı.
İngilis İmperiyası Qacar dövlətini
boğaraq öldürdü.
Bəs Türkmənçay müqaviləsi
qaçılmaz idimi? Onun qarşsını almaq
olmazdımı? Hadisələrin gedişindən
göründüyü kimi, xarici qüvvələr tərəfindən
bölgənin o vaxtkı Qərb hegemonları və Rusiya tərəfindən
udulması prosesinə start verilmişdi. 1804-cü
ildə Gəncə xanlığı işğal olundu.
1805-ci ildə Kürəkçay müqaviləsi
ilə Qarabağ xanlığı artıq Rusiyanın tərkibinə
ilk addımı atdı. Şamaxı
xanlığı da Rusiyanın tərkibinə qatıldı.
Ardınca Şəki xanlığı da buna
qoşuldu. 1806-cı ildə Dərbənd,
Quba, Bakı xanlıqları işğal olundu. 1804-cü ildə Car-Balakən xanlığı məcburi
Rusiya təbəəliyinə keçməli olmuşdu.
Beləliklə,
1804-1813-cü illər Rus-İran müharibəsində
Rusiyanın qələbəsi və Azərbaycanı
parçalayan “Gülüstan müqaviləsi” ermənilərin
köçürülməsi və birləşdirilməsini
bir daha qəti şəkildə irəli sürdü. Sona iki
xanlıq – İrəvan və Naxçıvan
xanlıqları qalmışdı ki, 1826-1828-ci illər
Rusiya-İran müharibəsinin gedişində İrəvan
tutulduqdan sonra bu plan həyata keçirilməyə
başladı.
Tarix elmləri
doktoru, professor, türkoloq, ukraynaşünas,
“Kyiv-Mohılyanska Akademiyası” Milli Universitetinin Humanitar elmlər
fakültəsinin professoru Fərhad Turanlının fikrincə,
Türkmənçay müqaviləsi o vaxtkı beynəlxalq
hüquq qaydalarına və müqaviləni imzalayan dövlətlərin
qanunlarına uyğun olaraq əbədi sülh müqaviləsi
kimi imzalanıb: “Amma artıq o dövrdəki dövlətlər
yoxdur, onların yerində başqa dövlətlər var. O
vaxt Rusiya tərəfindən işğal olunan və
parçalanan Azərbaycan ərazisinin şimal hissəsində
1918-ci ildə demokratik cümhuriyyət quruldu. İndi
də onun varisi dövlətimizdir. Bu
mövzuda beynəlxalq elmi konfranslar çağırmaq və
qanunlar qəbul etmək olar. Tarixdən dərs alıb
siyasi görüşlər hazırlamaq, haqlarımızı
bərpa etmək üçün bu müqavilənin Azərbaycana
nə qədər zərər verdiyini, parçalanıb bu vəziyyətə
düşməsində nə qədər rolu olduğunu Milli
Məclis, Azərbaycan diplomatiyasının gündəmə
gətirməyə haqqı var. Bu müqavilənin ləğv
olunması istiqamətində görüləcək işlərdən
biri İrəvan Türk Cümhuriyyətinin
qurulmasıdır”.
Hazırladı:
Ülviyyə ŞÜKÜROVA
Hürriyyət.-
2021.- 27 fevral-1 mart. S.12.