Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

 

ERMƏNİ TARİXİ VƏ ERMƏNİ – GÜRCÜ ZİDDİYYƏTLƏRİ. GÜRCÜLƏRİN SOYQIRIMI

 

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

 

(Əvvəli ötən saylarımızda)

 

Gürcü alimləri Şota Tetvadze və Otar Tetvadzenin araşdırmalarına görə, ermənilərin qədim əcdadlarının Orta Asiyanın quzey-doğusunda məskunlaşmış əhali olduğu qəbul edilmiş elmi araşdırmaçılar tərəfindən artıq bəlirlənib. Bu əhali  e.ə. XVI-XV yüzilliklərə aid Hett əlyazmalarında armatanlar, sonra, e.ə. XIV-XIII yüzilliklərdə isə xayasadlar (hayasadlar) adlanıb. Ermənilərin bu əcdadları urumlar kimi tanınır, onlar e.ə. XII yüzillikdə Van gölünün güney-doğu yörəsindəki assuriyalıların Şupriya əyalətinə soxulmuşlar. Bundan sonra Şupriya assuriyalılarda Urumad kimi xatırlanır.

Vatikanın özəl ödülünü almış, haqqında 50-dən artıq rezenziya yayınlanmış “Gürcü kilsəsi: yaradılışından günümüzədək” [(fransızca), (Roma, 1910)] kitabının müəllifi gürcü alimi M.Tamaraşvilinin ermənilərin mənşəyi haqda təqdim etdiyi faktlar və bu məsələ üzərindəki düşüncələri Avropada böyük əks-səda doğurmuşdu. (Əsər 1995-ci ildə Tbilisidə (rusca) təkrar yayınlanmışdır). M.Tamaraşvili yabançı qaynaqlara dayanaraq təsdiq edir ki, Ermənistanın ilk əhalisi gürcü mənşəli olmuşdur. Van mixi yazılarını ciddi-cəhdlə öyrənmiş olan F.Lenormana görə, Ermənistanın ilk əhalisi o irqin nümayəndələridir ki, həmin irqə gürcülər və Ermənistanın bir sıra xalqları da aiddir. Mixi yazılardakı idiomların, özəlliklə göstərmək olar ki, “ermənilərə (erməni dili və yazısına) heç bir aidiyyatı, hətta uzaq qohumluğu yoxdur… və yalnız Van yazılarının sonuncuları da həkk olunandan sonra ermənilər oraya gələ bilərdilər; onlar yerli əhalini quzeyə doğru atdılar, o ölkəyə ki, ora əskilərdə İberiya adlanırdı, indi isə – Gürcüstan adlanır”.

M.Tamaraşvilinin qənaətinə görə, Ermənistan və Kabadokiya  b.e.ə. VII əsrdə gürcülərlə məskunlaşmışdı. Onların içərisində “Xristianlığın qəhrəmanı müqəddəs Georgi və böyük əzabkeş, müqəddəs Böyük Basil də var idilər”.

N.Marrın yazdığına görə, əhəmiyyətli hərbi-strateji və ticarət yollarının cəmləşdiyi tarixi Ermənistan ərazisi həm doğudan, həm batıdan işğalçı savaşların səhnəsi olduğu üçün, hələ türk-səlcuqların gəlişindən öncələr ermənilərin əhəmiyyətli hissəsi öz doğma yurdlarını buraxıb bütün dünyaya səpələnmişdi.

Gürcü alimləri Şota Tetvadze və Otar Tetvadzenin mülahizələrinə görə, David Aqmaşenebelinin çarlıq dönəmindən etibarən Gürcüstan kiçik, ancaq güclü dövlət kimi müsəlmanların köləliyində olan bölgədəki bütün xristian xalqları və ilk sırada, erməniləri himayə etmiş və qurtarmışdır. Onların bu qənaətləri tanınmış gürcü tarixçi alimi İvane Cavaxişvilinin də fikirləri ilə səsləşir.

Erməni-gürcü ilişgiləri və ermənilərin Gürcüstana köçləri haqqında bir sıra ilkin gürcü və erməni qaynaqlarında maraqlı materiallar vardır. İvane Cavaxişvili də qədim erməni  qaynaqlarını yüksək dəyərləndirərək, o mənbələrdə Persiya, Bizans, Ərəbistan, Türkiyə, Monqolustan, hətta Gürcüstan haqqında bəzən həryönlü xronoloji (ardıcıl) bilgilər bulunduğunu dilə gətirmişdir. Ancaq bəzi erməni salnaməçiləri bu məsələlərdə təhrifçi mövqe tutmuşlar. İohann Draskanakerteli və b. buna əyani nümunədir.

Erməni Baqratunların ideoloqları erməni-gürcü ilişgilərinə əyri güzgü tutaraq çalışırlar ki, qədim dövrlərdən, özəlliklə də Arşakunların çarlığı dönəmindən, Gürcüstanın Ermənistana tabe olduğunu sübut etsinlər.

Bənzər məsələlərdə XII-XIV yüzilliklər dönəminə dair erməni və gürcü alimlərinin fikirləri isə tamamilə əkslik təşkil edir. “Gürcü tarixşünaslığına görə, XII yüzillikdə Ermənistanın böyük hissəsi gürcü dövlətinin tərkibindəydi. Erməni tarixşünaslığına görə, həqiqətən də XII yüzillikdə Ermənistanın böyük hissəsi Gürcüstanın tərkibindəydi, ancaq bu sadəcə formal olaraq beləydi, əslində guya Ermənistanın güclü özünüidarəsi vardı. Gürcüstan erməni dövlətinin tərkibindəydi”.

Əslində isə XII yüzillikdə Ermənistanın heç bir siyasi muxtariyyəti yox idi. Ona görə də erməni tarixçilərinin hadisələri saxta və gülünc şəkildə yorumlaması ancaq və ancaq acı təəssüf doğurur.

 

***

İndi isə ermənilərin gürcülərə qarşı törətdikləri soyqırım aktlarına və erməni-gürcü münasibətlərini müəyyənləşdirən, Qafqaz xalqlarının istiqlal əldə etdiyi dövrdəki zidliklərə diqqət yetirək.

Erməni terrorçu təşkilatı “Daşnaksütyun”un yaraqlı dəstələri hələ ötən əsrin əvvəllərindən başlayaraq gürcülərə qarşı silahlı təcavüz, terror və etnik “təmizləmə” siyasəti aparmaqda idi: 21 noyabr 1905-ci il tarixində Tiflisin dinc sakinləri  erməni saqqallıları tərəfindən görünməmiş qanlı və amansız qırğınlara məruz qalmışdı. Gürcü kəndlilərini və Tiflisdəki məhəllələri qırıb-“təmizləyərək” burada erməni gəlmələrini yerləşdirmək istəyirdilər. Uşaq, qadın, qoca və əlillərə də aman vermirdilər. Rəsmi mənbələrə görə, qətl edilən Tiflis sakinləri sırasında xeyli sayda azərbaycanlılar da var idi.

1918-ci ilin noyabrında isə ermənilər dövrün müasir silahları ilə, xüsusən də toplarla silahlanaraq Axalkələk və Axalsix bölgələrinə hücuma keçib, oradakı gürcüləri “təmizləyərək” (Axalkələk və Borçalıya da iddia etməklə) yeni etnik sərhədlərlə 1919-cu ilin yazında açılmalı olan Paris Sülh Konfrasına hazırlaşırdılar…

I Dünya Savaşından sonra Gürcüstanda və eləcə də Qafqazda gedən mürəkkəb prosesləri araşdıran Şota Vadaçkoriya o dövrün mətbuatı və tarixi qaynaqları əsasında o xüsusda bir sıra ciddi məsələlərə aydınlıq gətirə bilmişdir.

Gürcü müəllifi Şota Vadaçkoriya XX əsrin əvvəllərinə aid Gürcüstan qaynaqlarından istifadə edərək ermənilərin bu ölkə içərisində bir çox qorxulu, məkrli niyyətlərini ifşa etmişdir…

Bir sıra tarixi qaynaqlardan da bəlli olduğu kimi, ağıllarının və bəd niyyətlərinin bəlasına düşərək, sonra qaçqın “yazıqlığı” ilə külli miqdarda humanitar yardım alan ermənilər bu pulun da böyük hissəsini gizli silahlanmaya sərf edərək Gürcüstan, Acarıstan, Azərbaycan, Türkiyə və Dağlı xalqlarının torpaqlarına qarşı yeni silahlı üsyanlar və təcavüzlər planlayırdılar.

Şota Vadaçkoriya ermənilərin bu “qibtəedici” özəlliyi haqda tarixi bir örnək gətirərək yazır: 1918-ci ildə Zaqafqaziya – Qafqaz cəbhəsinin qaçqınlar komitəsinə 15 milyon rubl ayırdıqda, N.Jordaniyanın Gürcüstan parlamentində çıxışına görə, bu pulun böyük hissəsini – 10 milyon 252 min rublunu erməni qaçqınlar təşkilatı almışdı. Parlamentdə onun bu sözlərini dinləyər-dinləməz Q.Veşapelinin atmacası eşidildi: “Yəqin çoxlu tüfəng alıblar”.

Daşnakların xüsusi canfəşanlıqla fərqlənən “Orizon”, “Aşxatavor” kimi qəzetləri isə qabaqdangəlmişlik edərək qaçqınları siyasi məqsədlərinə alət edib:

– “Ənvər Türkiyədə, Xan Xoyski Azərbaycanda, N.Jordaniya Gürcüstanda erməniləri qırıb-çapırlar.”

– “Gürcüstanda yeni Mesopotamiya yaratmayın!”kimi ifadələrlə siyasi şivən qaldırırdılar.

Müəllifin bildirdiyinə görə, o vaxtlar “Ertoba” qəzeti erməni mətbuatının bu böhtan dolu “hərbə-zorbalarına” “Gürcüstan Mesopotamiyası” və “Daşnaksütyunun yeni fitnələri” tipli məqalələri ilə layiqli cavablar verirdi.

“Daşnaksütyunun yeni fitnələri” məqaləsinin müəllifi nəticə çıxarmaları üçün ermənilərə deyirdi: “Elə bir ləyaqətli düşmən olun ki, qarşı tərəf sizlərə hörmətlə yanaşa bilsin”.

“Ertoba” qəzetində daşnakların Axalkələkdə törətdikləri vəhşiliklərə toxunan, “Cavaxeli” ləqəbli imza ilə yayınlanmış “Qana bulaşmış əllər” məqaləsində Xospiy kəndinin əhalisinin, həm də Poladaşvili soyadlı gürcü müsəlman ailəsinin tamam qırılmasından bəhs edilirdi. Bu cinayət aktı 10 may 1918-ci ildə Gürcüstan Milli Şurasının iclasında da dartışıldı. Həmin məsələ ilə bağlı Ermənistan Milli Şurasına ünvanlanan müraciət isə cavabsız qaldı.

Ermənilər öz iddialarından əl çəkmir, “Gürcüstan ikinci Mesopotamiyadır!” deyə bağıraraq, siyasi vay-şivənlərinə davam edirdilər. Məsələn, daşnaqların “Orizon” qəzeti yalan xəbər dərc edərək yazırdı ki, “…Osmanlı hökuməti ilə (uluslararası –X.İ.) razılaşmalara baxmayaraq, gürcü hakim dairələri qaçqınların köhnə yaşayış yerlərinə qayıtmasına maneçilik törədirlər.” Eyni ittihamı erməni nümayəndə heyətinin başçısı Yekcanyan da Gürcüstan parlamenti sədrinə qarşı yönəltmişdi.

Erməni təhdidlərinin getdikcə artdığını görən Gürcüstan hökumətinin yetkililərindən Sp. Cediya erməni qaçqınlarının geriyə qaytarılmasını tək çözüm yolu saydığını bildirirdi. “Əgər Ermənistan rəhbərliyi özünə gəlib Gürcüstanın müstəqilliyini laxlatmaq, dövlətin daxilində hərbi üsyan hazırlamaq əvəzinə öz xalqının güzəranının bərpasına çalışsaydı, o zaman Gürcüstan da, bütün Zaqafqaziya, o sıradan, ermənilərin özləri də rahatlanıb uduşda olardılar,”-deyə Sp. Cediya Ermənistanla ilgili bu acı həqiqəti təəssüflə bəyan edirdi.

Diqqətəlayiq haldır ki, gürcü hökumətinin Gürcüstandakı erməni qaçqınlarının 1/3-ni Ermənistanda yerləşdirmək təklifinə erməni hökuməti rədd cavabı vermişdi. Erməni qaçqınlarını Borçalıdakı erməni kəndlərinə köçürmək təklifi də Ermənistan hökuməti tərəfindən etirazla qarşılandı.

“Ertoba” qəzeti daşnakların belə etirazlarını aşağıdakı kimi şərh edirdi: daşnaklar qorxurdular ki, o zaman Axalkələkdə ermənilər azalar və onların bu rayona gələcəkdəki iddialarına əsas olmaz, ona görə də bu məsələyə indidən etiraz edirdilər. Həmin qəzet “Erməni vəkillərinin nəzakəti” məqaləsində isə yazırdı: “Erməni qaçqınları daşnaklardan ötrü elə bir ağır artilleriyadır ki, onun “nüvəsi” Gürcüstan Respublikasının ürəyini parçalaya bilər. Məgər bundan imtina etməkmi olar?!”.

Ermənistan hökumətinin başlıca vəzifəsi gürcü liderlərini təsir altında saxlamaq, öz “vacib” planlarını həyata keçirmək – beləliklə də öz qaçqınlarını Gürcüstandan köçürməmək idi.

Erməni liderlərinin əsl simasını açan Tiflisdə yayınlanan “Ertoba” qəzeti yazırdı: “Erməni daşnakları ikili siyasətə qulluq edən ikiüzlü bir partiyadır. Hamı ilə mübarizə apardığı halda, hamı qarşısında “quyruq bulayır”. Hamı ilə dostluq edir və hamıya xəyanət edir”…

Parlament iclasında A. Cacenaşvili daşnak liderlərindən birini belə xarakterizə etmişdir: “İkili siyasət yürüdən Xatisov Rusiyaya sədaqətli olduğuna and içirdi. Bu gün, durum dəyişdikdə, öz sədaqətini Osmanlılara bildirir, halbuki, qabaqlar onlara qarşı satqınlıq siyasəti aparırdı. Xatisov qaçqınlığı törədən ənənəvi siyasətçilərin tipik nümayəndəsidir. Onlar əbəs yerə düşünürlər ki, insanları müharibə qaçqına çevirir, onları bu hala avantürizm və siyasi kallıq gətirib çıxarır”.

 

Hürriyyət.- 2021.- 27 fevral-1 mart. S.11.