Ağıl və milli
şüur kasadlığı…
Və yaxud Turan
dövləti haqda utopik fikirlər
A kişilər, əvvələn
türkdilli dövlətlərin birləşməsi
üçün üç keçilməz maneə var…
Son vaxtlar
Azərbaycanda, bir az da Türkiyədə
mifik Turan dövləti barədə söz-söhbətlər
gedir. Bəziləri yaxın dostlarımız olan bu adamlara
üzümü tutub deyirəm: İnsanın ağır xəstəliyi
olanda, iflic olanda fikirləşsə ki, filan dağın o tərəfində
səfalı bir göl var və tezliklə hamılıqla
dağı parçalayıb-dağıdıb gölə yol
açsaydıq nə yaxşı olardı. Ah, görəsən
bundan gözəl, bundan vacib nə var? Bunu elə
bir xalq fikirləşir ki, elə bir xalqın beş-on
ağıllısı bunun dərdini çəkir ki, nəinki
özləri bir tikə çörək dərdindədirlər,
hətta ümumiyyətlə hamısı, bütün xalq bu
gündədir.
Aləm
bir-birinə dəyib, hərə öz xalqının, öz millətinin,
öz tayfasının hayındadır, hərə təzəcə
əldə etdiyi azadlıq və müstəqilliyi qorumaq
hayındadır, zorla qoruyub saxlayır, bir dəstə məni
bağışlayın – Don Kixot ortaya atılıb təzədən
hansı bir imperiyaya qatılmaq, bir-birləri ilə tamamilə uzaq və yad olan, hamısı da
bizim kimi despotizm mühitində boğulan xalqların, millətlərin
cəm halında köləliyə qovuşmasının
arzusunu meydana atıb. Türk xalqlarının – xüsusilə
Azərbaycan xalqının, eləcə də osmanlı,
türkmən, özbək, qazax, qırğız və s. xalqların psixologiyasını, təbiətini,
mahiyyət, istək və arzularını bilməyə-bilməyə onların birləşmiş
dövlətini yaratmaq ideyası
kimə və nəyə lazımdır? Bu açıq-aşkar
görünən bir aksiomdur. A kişi sus! İsətyirsən
göyə tullan, fərqi yoxdur, bu, belədir ki, var. Necə
ki, bütün dünyaya səpənlənmiş azərbaycanlıların
başında pul qazanmaq ehtirasından başqa
heç nə yoxdur. Onların yalnız bir amalı var: daha
çox qazanmaq, yığmaq, gözüaclıq, acqurdluq,
bütün ətrafdakıları aldatmaqda birinci. Nəyin
hesabına olursa-olsun, ancaq pul yığmaq, yığmaq!
Mən adını çəkməyə qorxub, bir nəfəri
misal gətirmək istəyirəm. Rusiyada ona buna-kələk
gəlib neçə milyon yığdı və
qaçıb ölümdən güclə qurtardı. Sonra da başqa bir ölkəyə gedib Rusiyada etdiklərini
orda da etdi və nəticəsi də göz
qabağındadır. A kişi, biz
buyuq. Biz hansı bir örtülü yerdə ac
saxlanan siçovullar kimiyik.
Bu günlərdə internetdə iki güclü siyasətçinin,
iki savadlı, intellektual jurnalistin dialoquna qulaq asdım. Bizi yəhudi,
o birisi də rus (Viktor Tsıbin). Onlar əsasən
Rusiyada yaşayan azərbaycanlı və erməni
diasporlarının fəaliyyətindən və ümumiyyətlə
Dağlıq Qarabağda baş verən hadisələrdən
danışırdılar. Rus ermənilərin
xeyrinə olan hadisələrdən, ancaq real hadisələrdən
danışır, yəhudi də amansız məntiq və həqiqətlər
də onun dediklərini darmadağın edirdi. Ümumiyyətlə, yəhudilər dağlıq
Qarabağ ətrafındakı müharibə və mübahisələrdə
bizim arxamızda durmasaydılar, bilmirəm vəziyyətimiz
necə olardı?
Mən
artıq internetdə 10 dəfədən çoxdur
görürəm ki, bu və ya digər yerdə yəhudi cəngavəri
necə öz qüdrətli zəkaları və məntiqləri
ilə düşmən məddahları, pulla satın
alınmış rusları darmadağın edirlər.
Mübahisənin bir yerində çox ağıllı və
güclü, təcrübəli rus jurnalisti və siyasətçisi
ermənilərin Rusiyadakı bir çox böyük şəhərlrdə
fəaliyyət gözstərən universitetlərdə milli mərkəz
yaratdıqlarını və bu mərkəzlərdə
tanınmış rus elm və siyasət xadimlərinin ermənilərin
xeyrinə necə geniş fəaliyyət göstərdikləri,
o cümlədən saysız internet saytlarında
çıxış etdiklərini və nəticədə əksər
rus və dünya ictimaiyyətinin erməniləri dəstəklədiyini
misal gətirəndə yəhudi dedi ki, axı həmin elm və
siyasət xadimlərinin dedikləri ədalətsizdir. Onlar haqqı qoyub nahaqqı müdafiə edirlər.
Rus dedi ki, bəli, elədir, amma nə olsun? Yüz
minlərlə gənc rus tələbələri, eləcə
yüz minlərlə internet istifadəçiləri onlara
inanırlar, onları dəstəkləyirlər və
onların dediklərini həqiqət kimi qəbul edirlər.
Çünki erməni diasporu həmin elm və
siyasət adamlarına yüz milyonlarla dollar pul xərcləyir.
Ermənilərdən
çox qazanan və sayca ermənilərdən
sənin azərbaycanlı diasporun isə o qədər
acgöz, o qədər tamahkar, o qədər milli
şüursuz, o qədər milli amalsız, o qədər
miskindirlər ki, nəinki Rostov universitetində, hətta
milyondan çox azərbaycanlının
yaşadığı Moskvada belə, bircə dənə də
milli, elmi və ideoloji mərkəz yoxdur. Çünki
bunlar üçün pul lazımdır, azərbaycanlıdan
isə pul çıxanda elə bil canları
çıxır. Bunu rus jurnalisti və siyasətçisi
Viktor Tsıbin dedi. Və bundan sonra bizi
müdafiə edən qəhrəman yəhudi bir kəlmə
də olsun söz tapıb deyə bilmədi.
A kişilər, biz buyuq. Sən də
atılmısan meydana, bu cür tayfa ilə Turan dövlətini
yaratmaq istəyirsən. Bu dövlət nəyinə
lazım və bunun nə faydası olacaq? Bir
halda ki, Qazaxıstan lideri Nazarbayevdən (özü də 4
şəhərdə heykəlini qoydurub və paytaxta da öz
adını qoydurub) dönə-dönə bəyan edib ki,
Qarabağ problemi onları o qədər də də narahat
etmir. Və ümumiyyətlə
görüşdə erməniləri, bizimkilərlə
görüşdə isə bizə tərəfdar
çıxır.
Türk xalqları, başda osmanlılar olmaqla, yüksək
amal, milli fədakarlıq (orduya cəlb olunub cəsarət
nümunəsi göstərmək başqa şeydir), var-yoxunu
xalqının azadlığına, müstəqilliyinə,
firavanlığına, şöhrətlənməyinə
qurban verməyə hazır olan azərbaycanlı göstərə
bilərsənmi? Azərbaycanlı analar hələ belə
bir oğul doğmayıb.
O gün
taksi ilə gələndə sürücü az
qala ağlaya-ağlaya yolda danışırdı ki, benzini
bahalaşdırıblar cəhənnəmə, üstəlik
ona qaz da qatıblar və nəticədə maşınlar
çox keçmədən xarab olub sıradan
çıxırlar. Vallah- billah belədir.
Vəhşi siçovullar belə benzini
bahalaşdırıb onu qazla da keyfiyyətsiz hala salmazlar.
Heç bir xalq belə alçaqlığı
etməz. Heç bir xalq belə
alçaqlığa dözməz. Adə ay zalım, bahalaşdırıb bu qədər
qazandın, axı niyə malı,
maşınlarımızı, dolanacağımızı, həyatımızı
məhv edirsən? Axı bunun dolayı yolla sənə
də ziyanı var. Çünki təkcə vicdanları
olmasaydı cəhənnəmə, beyinləri, zəkaları
da yoxdur. Allahın tısbağası belə,
azərbaycanlıdan qat-qat ağıllı, xeyirxah və təəssübkeşdir.
Vallah, doğrusunu deyirəm! İnanmırsız,
“youtube” də baxın. Bir tısbağa necə olubsa arxası
üstə çevrilib. Yazıq heyvan nə qədər
əlləşirsə, ayaqları üstdə düşə
bilmir. Belə çox olur. Qalıb-qalıb ya günün altında, ya da
aclıqdan-susuzluqdan məhv olurlar. Budur,
başqa bir tısbağa görünür. O həmcinsinin
– yəni millətinin nümayəndəsinin dara
düşdüyünün görür. Və
ona yanaşıb yavaş-yavaş qaldırıb çevirməyə
çalışır. Axırı ki, məqsədinə
nail olur. Sonra da öz yoluyla
çıxıb gedir. Heç elə bil
heç nə olmayıb. Çünki bilir ki, adi bir
iş, görməyə borclu olduğu bir
iş görüb. Canı qurtaran tısbağa
da onun dalınc yavaş-yavaş çıxıb getdi.
A kişilər, əvvələn türkdilli dövlətlərin
birləşməsi üçün üç keçilməz
maneə var. Rusiya, Xəzər dənizi və İran. Türkiyə
ilə Azərbaycan Orta Asiya respublikaları ilə necə birləşəcək?
Üstəlik Rusiya da, İran da Turan
ideyasının qatı düşmənləridir. Bütün Rusiya
telekanalları və siyasətçiləri Turan
ideyasını ələ salırlar və haqlıdırlar
da. Xalq, millət yuxarıda qeyd etdiyimiz
kimi ən zəruri nə lazımdır, ilk növbədə
onun dərdini çəkər. Orta Asiyada
isə bu dərdi çəkənlər yoxdur. Bütün orta Asiya türk respublikalarında
Qırğızıstandan başqa hamısında dəhşətli
köləlikdir, ağlasığmaz despotizm hökm
sürür. Hansı türkmən despotu,
tiranı, hansı özbək, qazax prezidenti hakimiyyətini
kiməsə başqasına verər? Hər
respublikanın özünəməxsus coğrafiyası,
özünəməxsus təbii sərvətləri var.
Hansı birisi öz sərvətlərini digərləri ilə
bölüşdürüb bərabərləşdirər?
Heç biri. Axısxa
türkləri qazaxlara nə etmişdilər? Bazarlarda alver edirdilər. Onlara
hücum edib yarısı qırdılar, yarısı da
güclə qaçıb Azərbaycan və Gürcüstanda
məskunlaşdılar. Budur, türkdilli
xalqların dostluğu?
Avropa birliyi ölkələrinə gəldikdə isə
onlar siyasi-mədəni-iqtisadi cəhətdən bir-birlərinə
yaxındırlar. Eləcə də psixolji cəhətdən.
Avropa dövlətlərinin hər yerində min
illik demokratiya hakimdir. Diktatura nə
olduğunu bilmirlər. Hətta hər
hansı bir diktator xalqına azadlıq və müstəqillik
versə belə, rüşvət və korrupsiya nə
olduğununu bilməsə də ölümündən sonra
bağışlanmır. Böyük
İspaniya generalı Fransisko Franko buna ən parlaq misal
sayıla bilər. Ölkəsini Stalin
bolşevizmindən və sosializmindən güclə xilas edən,
ölkəsinə azadlıq və firavanlıq gətirən
Frankonun sonuncu heykəli də bu günlərdə
götürüldü. Bundan böyük
nankorluq olarmı? Franko heç kimi
günahsız yerə həbsxanaya atmamışdı. Rüşvət və korrupsiya nə olduğunu
bilmir, öz maaşı ilə yaşayırdı.
Sən də gözünü yumub yapışmısan
Turan belə gəldi, Turan belə getdi. A kişi,
işin-gücün yoxdur? Yoxdur ki, yapışmısan Xəzərin
o tayında zorla nəfəs alan bədbəxt
türkmənləri (amma qazpulu, işıqpulu, su pulu verməkdən
azaddırlar, bizdə isə şanlı dövlətimiz
beş qat artırıb), xoşbəxt eləmək istəyirsən.
Türkmən, özbək də deyər ki, hər
şeyim düzəlmişdi, bircə “Turan” olmağım
qalmışdı.
Aydındır ki, bu ideya ancaq işi-gücü olmayan
adamların beyninə hakim olub. Onun ən böyük
daşıyıcılarından biri də Azər Turanın
Salyanlı olduğuna görə pərəstiş etdiyi Əlibəy
Hüseynzadədir ki, deyirlər səhərlər
güzgüyə baxanda deyərmiş: “Yenə səhər-səhər
üzümə səlyanlı göründü”. Kitabları da
maşallah, nə azərbaycanca yazılıb, nə türkcə
yazılıb, nə farsca, nə də ərəbcə.
Hamısının qarışığıdır
və heç nə anlamaq olmur. Kişi təzə
dil yaradıb. Bu da “Turan” ideyasının
bayraqdarlarından biri.
110 il qabaq bədbəxt Məhəmməd Hadi
yazırdı:
Atmış imzasını miləl övraqi-həyata,
Yox millətimin
xətti bu imzalar içində.
Doğrudan
da 73 milyonluq İran əhalisinin 35-40 milyonu Azərbaycan
türkü, 25 milyonu farsdillər, qalanları ərəblər
və türkmənlərdir. Amma gör bu 40
milyonun adı “it dəftəri”ndə varmı? Yoxdur!
Əlisa NİCAT
Hürriyyət.-
2021.- 27 fevral-1 mart. S.7.