800 bölümü keçən “Ata ocağı”nın yazarı:

“Serialı ona görə bitirmirik ki...”

 

Kulis.az “Ata ocağı”, “Qaynana”, “İmtahan” kimi məşhur serialların ssenaristi Valeh Əhmədovla müsahibəni təqdim edir.

 

- Valeh bəy, yerli serial industriyasının yaranma prosesi xarici teleserialların qadağan olunması və dövlət tərəfindən bu sahəyə maliyyənin ayrılması ilə başladı. Serial ssenaristi kimi fəaliyyətə başlayanda riskləri nəzərə aldınızmı? Çünki insanlar peşəkar serialları görmüşdülər və sizin üçün asan olmamalıydı.

- Əlbəttə, nəzərə alırdıq. “Xəzər” telekanalında ilk serial təcrübəmiz “Aramızda qalsın” oldu. Çox böyük məsuliyyətimiz vardı. Hətta serial başlamamışdan əvvəl kifayət qədər məbləğ xərclənmişdi dekorlara, işıqlara, geyimlərə, avadanlıqlara. Serial komediya janrında olduğundan azca rahatlığımız var idi. Çünki zarafat yazmaq qabiliyyətimiz vardı. Amma uzun müddətli serial məsələsi olduğuna görə çox narahat idik. İlk təcrübəmiz Türkiyənin “Çocuklar duymasın” serialının adaptasiyası oldu. Sadəcə 14 seriyaya qədər onların xarakterlərindən, hadisələrindən yola çıxdıq. İlk seriyalarda 90 faiz uyarlama vardısa, sonrakı bölümlərdə faiz azalmağa doğru getdi. 14 bölümdən sonra isə sırf öz ssenarilərimizi yazırdıq. Artıq serial fərqli format almağa başladı. Adaptə olan seriyalarda və öz yazdığımız seriyalarda heç bir reytinq və ya auditoriya itkisi yaşamadıq. 14 seriyadan əlavə 186 seriya öz ssenarimiz əsasında çəkildi. Ümumilikdə 200 seriya yayımlandı. Bir mövsüm sonra da “Qaynana” serialı ilə başladıq. Hətta bir şeyi deyim. Olurdu ki, “Aramızda qalsın” serialının efir vaxtları dəyişirdi. Bu da böyük bir riskdir serial üçün. Bununla belə reytinqdə itkisini görmürdük. Gecə saatlarında da, təkrar – təkrar yayımlansa da insanlar baxırdılar.

- Gəlir gətirdimi serial?

- Bununla bağlı istehsalçı, yəni telekanal məşğul olur. Biz həmişə serialın bədii hissəsi ilə məşğuluq. Lakin onu bilirəm ki, kanal çox məmnun idi. Çox böyük ajiotaj var idi yaxşı mənada. Yadıma gəlir ki, bizim reklam departamentinin əməkdaşları ilk seriyalar yayımlanandan sonra tort hədiyyə etmişdilər, reytinqlər yüksək olduğu üçün.Xəzərdə yüksək reytinqi adətənXəzər xəbəralırdı. Və bizim fəaliyyətimizlə yeni bir dalğa açıldı. Serial dalğası. Bir müddətdən sonra sloqan ortaya çıxdı: Ailənizin serial ünvanı. İnsanlar izləyirdilər, sevirdilər. Küçədə aktyorlarımızın ətrafına yığışırdılar. Bizim üçün də seriallarımızın populyarlaşması gözlənilməz oldu. Bu qədər bum olacağını gözləmirdik.

- Azərbaycan kinosunun zəif nöqtələrindən biri ssenaridir. Amma belə başa düşürəm ki, serialda bu problem o qədər də yoxdur. Uzun ömürlü, baxılan seriallarımız var. Öz təcrübənizdən çıxış edərək deyə bilərsinizmi, Azərbaycanda peşəkar ssenaristlərin formalaşması üçün hansı şərtlər tələb olunur?

- Yaxşı ssenaristin yetişdirilməsi üçün uğurlu ssenaristlərin, istehsalçıların təcrübələrini öyrənmək lazımdır. Peşəkar ssenaristlərdən master-klasslar almaq mümkün olsa, bu, 3-0, 4-0 öndə olmaq deməkdir. Ssenarist olmaq istəyənlərin özündən də təşəbbüs gəlməlidir. Yəni öyrənməyə, təkmilləşməyə meylli olmalıdır. Peşəkar dərslər almaq bir tərəfə, əgər uğurlar qazanmışıqsa bu, tənbəl olmamağımızın hesabınadır. Praktikadan əlavə biz Avropa, dünya filmlərinə baxırıq, təhlil edirik, araşdırırıq, trend olan mövzuları nəzərə alırıq. Mütaliə edirik. Qısaca desək, təcrübəli insanların təcrübəsindən yararlanmaq, əsla arxayın olmamaq, öz üzərində işləmək lazımdır.

- Həm də Azərbaycan reallığını bilmək lazımdır, deyilmi?

- Bəli. Tamamilə doğrudur. Gündəmi izləmək lazımdır. Bir də təhsildən başqa iş praktikası da önəmlidir. Misal üçün, nəzəri oturub danışmaqla yanaşı praktiki master klasslar daha faydalı olar, insan daha sürətli inkişaf edər. Nəzəri biliklərlə praktika bir arada olmalıdır. Misal üçün internetdə ödənişli əsaslarla Skorseze kimi bir çox peşəkarların nəzəri-praktiki onlayn master-klassları var.

- Siz kino sahəsində də işləmisiz. Niyə kino ssenarisi serial ssenarisindən geri qalır? Bir fikriniz varmı bununla bağlı?

- Məncə, sənaye formalaşmalıdır. Azərbaycanda istər komediya istərsə də dram janrında uğurlu filmlər var, sadəcə, düzgün strategiya qurub tamaşaçıları ora cəlb edə bilmirik. Bu da həmin keyfiyyətli filmlərin istehsalçılarını növbəti filmləri çəkməsi üçün motivasiya etmir. Kinoteatra çıxacaq filmlər məhz tamaşaçının izləyəcəyi məhsullar olmalıdır. Və bunu öncədən 10-15 qərəzsiz, obyektiv mütəxəssis film yayımlamadan qabaq mövzuya baxmalı, treylerini, tizerini izləməli, fərqli təkliflər irəli sürməli və sonra bu kinoteatra buraxılmalıdır. Seanslar da bu rəylərdən sonra ədalətli şəkildə təyin olunmalıdır. Çünki əldə olan tamaşaçı kütləsini qaçırtmaq, küsdürmək olmaz. Sponsorlar da keyfiyyətli işlərdə görünmək istəyəcəklər. Amma bizdə, bəzən layiq olmayan filmin seansları daha çox olur, nəinki keyfiyyətli filmlərin. Bu da öz təsirini göstərir. Sənaye strategiyasının düzgün qurulmaması pis filmlərin ortaya çıxmasına səbəb olur. Serial isə televiziyada yayımlanır deyə, tamaşaçı buna görə maşına minib yol qət eləmir, bilet almır. Kanallarda uğurlu seriallar çəkilir, onlar arasında ədalətli rəqabət var. Ona görə də, ən ideal işi ortaya qoymağa çalışırlar. Tamaşaçı kütləsi kinoteatrlardan fərqli olaraq azalmır, əksinə, gündən-günə artır. Uğursuz, bəzən efir doldurmaq xatirinə çəkilən azsaylı işlər də olur. Amma ümidvaram ki, zamanla bu işlərdə də keyfiyyətə önəm veriləcək. İndi rəqəmsal platformaların ortaya çıxması kinoteatrlara bir az da zərbə oldu.

- Azərbaycanda serial sənayesinin hansı şərtləri artıq formalaşıb və hansılar formalaşmayıb?

- Düşünürəm ki, serialların Azərbaycanda özünəməxsusluğu var. Braziliya serialından izlədiyi bir şeyi tamaşaçı yerli serialda görmək istəmir. Elə mövzular var ki, özüm də onları yazmaqdan ehtiyat edirəm və yəqin, yazmaram da. Məsələn, məktəbli uşaqların sevgisi. Azərbaycan tamaşaçısı bunu Braziliya, Türkiyə, Rusiya seralında normal qəbul edir, amma bizdə bunun qəbul olunması çətindir. Bu tipli onlarla misal var. Düşünürəm ki, tamaşaçı onu izləməz. Azərbaycan serialının artıq öz formatı var, qəbul etdiyi mövzular var. Nələrə diqqət etməliyik? Əgər bu, sənayedirsə, qazancı olmalıdır. Qazanc sistem halına düşməlidir. Amma qazanc olsun deyə, necə gəldi film, serial çəkmək olmaz. Çox istəyirəm ki, serial, kino sənayemizdə gəlir daha yüksək olsun. Maddiyyatdan asılı olan, keyfiyyət baxımından bəzi çatışmazlıqları da birdəfəlik aradan qaldıraq. Ümidvaram ki, bu, çox yaxın zamanlarda baş verəcək. Çünki, qeyd etdiyim kimi, hər il ötən ilkindən daha yaxşı olur.

- Mövzuları nəyə əsasən, necə seçirsiz, araşdırma metodlarınız nədir?

- Ssenarinin önəmli məqamlarından biri araşdırmadır. Hansı mövzu daha çox gündəm ola bilər, insanlara təsir edə bilər onu seçirik. Biz insanlara əsasən duyğularla təsir edirik. Sevgi duyğusu, ananın övladına bağlılıq duyğusu və s. Həm də müşahidə edirik ətrafımızda baş verən hadisələri. Xəbərləri izləyirik. Nəticədə ortaya təxminən on başlıq çıxır. Məsələn, ata ilə oğul nə üstündə mübahisə edir? Sənət seçimi, evlənəcəyi qadın... Yaxud oğul evlənib, ata yenə onun həyatına müdaxilə edir. Bu tipli mövzuları araşdırırıq, hansı daha çoxluq təşkil edir, onun üzərinə gedirik. Yəni insanların fikrini nəzərə alaraq... Amma bir şey də var; biz özümüz də serialda münasibət, mövqe ortaya qoymağa çalışırıq. Məsələn, çox ailə qəbul etməz ki, vəfat etmiş oğlunun arvadı yenidən ailə qursun. Bu, normalda qəbul olunmur. Amma biz bu motivi veririk və bir nümunə olmağa çalışırıq. Göstəririk ki, əslində, burda katastrofik, pis nəsə yoxdur. İnsandır, yenidən ailə qura bilər.

- Youtube-da saysız tamaşaçı rəyləri gəlir seriallara. Bu rəyləri araşdırırsınızmı, hesablaşırsınızmı onlarla? Və oradakı fikirlər keyfiyyətə kömək edirmi?

- Bizim ssenari qrupumuz “Qələm” adlanır. Komandaya bir ssenarist götürəndə çox sınaqdan keçiririk. Yəni onun perspektivi nə qədərdir. Proqnoz qoyuruq ki, uzun məsafəli gedə bilər ya yox. Adam var ki, bir dialoqundan bilmişəm ki, bu, uzun müddət davam edə bilməyəcək. Bəzən də baxıram ki, dialoqu daha yaxşı yazır, yaxud hadisə axtarmağı daha yaxşıdır. Amma bizim ssenaritslər universaldır. Hər şeyi bacarır. Türkiyədə ixtisaslaşma var. Bizdə də gələcəkdə belə olmasını istərdim. Biri araşdırma aparır, digəri dialoq yazır, digəri hadisə. Qrupun üzvləri bizdə işə başlamadan öncə standartlarımızı öyrənir. Onlara izah edirik ki, bu cür qaydalarla işləmək lazımdır. Mənim bir prinsipim var. Sonradan oxudum ki, Kurosavanın da belə bir prinsipi varmış. Bizim serialların heç birində intihar ola bilməz. İntihara cəhd var, amma intihar aktı ola bilməz. Bizim üçün insan həyatı çox önəmlidir. Ssenari qrupu da bu istiqamətdə işləməyə başlayır ki, nələr olar, nələr olmaz. Mövzuların seçimi də onlardan gəlir. Beş il, on il işləyən ssenaristlər var. Prinsiplərimizdən biri də odur ki, hər kəsin fikir bildirmək haqqı var və biz bunu dinləməliyik. İstər on il işləyən ssenarist beş il işləyənə, istərsə də dünən gələn ssenarist ən təcrübəli ssenaristə fikir bildirə bilər. Sualınıza gəldikdə, bu məhsul tamaşaçının məhsulu olduğundan onların fikirləri mütləq araşdırılır və Youtube bunun üçün ən gözəl imkandır. Bəzən, olur ki, tamaşaçı həddən artıq israr edir, biz də bir müddət sonra hadisələrə müdaxilə etməyə başlayırıq. Amma bizim işimizdə belə bir qayda var ki, tamaşaçı arzusuna çatdısa, demək, serial bitdi. Tamaşaçı yazır ki, filan personajlar niyə ayrıldı, qovuşsunlar. Onun istəyi normaldır, amma biz razılaşmırıq. Əlbəttə, sevinirik ki, təsir edir. Misal üçün, yazırdılar, Elman xarakterini tutsunlar, onu çıxardın artıq. Mənfi qəhrəmansız serial ola bilməz axı. Yəni kommentlərin arasında fərq qoyuruq, bilirik ki, harda müdaxilə lazımdır, harda yox.

- Seriallarda xarakterlərin hər birinin öz tərzi, intonasiyası var. Necə işləyirsiz bunu?

- Bunu aktyorlar setdə rejissorlarla çalışırlar. Amma bizim rejissor və prodüser komandamızla məsləhətləşmələrimiz olur. Sezon başlamadan öncə xarakterlərin formalaşması məsələsi var. Hazırda növbəti mövsüm üçün bu işləri görürük. Serialın izlənməsi üçün bir çox amillər var. Onlardan əsasları uğurlu xarakter və onun başına gələcək hadisələrdir. Hər xarakterə real insan kimi yanaşırıq. Onun bioqrafiyası, danışığı, yaşadığı mühit, ümumi xarakteri haqda üç səhifəlik pasport yazırıq və uzun illərdir bərabər çalışdığımız peşəkar rejissor komandasıyla müzakirələr aparırıq. Geyimi-filanı necə olacaq, variantlar təklif edirik. Və onların öhdəsinə buraxırıq. Olur ki, çəkiliş prosesində Nazim, Şəfiqə obrazına rejissor elə bir cəhət əlavə edir ki, ona etiraz etmirik.

- “Ata ocağı” dörd ildir gedir. Bölümləri 800-ü ötüb. Niyə bitrimirsiz?

- Türkiyədə belə bir qayda var ki, reytinq qazanmış bir serialı bağlamaq məntiqsizlikdir. İnsanlar izləyir, mövzu tükənməyib, rejissor prodüser heyətinin enerjisi var. Bu günə qədər sağ olsun həm tamaşaçılarımız həm də peşəkar insanlar, işlərimiz çoxluq tərəfindən qəbul olunub. “Həyat Sən nə qəribəsən”, “Bir Ailəm var”, “Cehizsiz gəlinlər”, “İmtahan” və s. Amma növbəti layihəmiz belə reytinq verəcəkmi? Qəbul olunacaqmı? Qarantiya yoxdur. Bir məsələni də deyim. Bu serialla bağlı bizə sevilən sənətkarlar da zəng edirlər, müsbət fikirlər bildirirlər, təkliflər də edirlər, məsləhət də verirlər. Yəni “Ata ocağı” insanların baxa biləcəyi məhsula çevrilib. Bəzi adamlar deyirlər, seriala baxdığımızı hiss eləmirik, baxırıq ki, görək, Nazim kişinin evində nə var, nə yox? Serial artıq ailələrin bir hissəsinə çevrilib.

- Əvvəlcədən yazdığınız bölümlərdə sonradan dəyişiklik olunurmu?

- Dəyişiklik olmayacaq deyə hökm yoxdur. Amma xarakterləri analiz edirik və proqnoz veririk ki, bir xarakter bizə nə qədər hadisə verə bilər? 10-15 gün buna gedir. Yeni sezonda 7-8 xarakter qoşulacaqsa, öncə müzakirələr aparırıq ki, bu xarakterlər kimlər olacaq? Bəzən özümüz də dəyərli sənətkarlarımızla vidalaşmaq məcburiyyətində qaldığımıza görə üzülürük. Deyirik, sizin xarakter bizə hadisə vermir, sizi sevirlər, getdiyinizə görə bizi qınayacaqlar, amma hadisə tapa bilmirik. O xarakter ömrünü başa vurur. Təbii ki, peşəkarlarla işlədiyimizə görə, həmişə qarşılıqlı anlaşma olur. Xarakterlər də var ki, uzunmüddətli hadisələr vəd edir.

- Gününüzün necə saatını buna həsr edirsiniz?

- Bizim işə başlama və bitmə saatımız yoxdur. Kabinetdə, evdə, məkanlarda, virtualda – hər yerdə işləyirik. Pandemiyada evdən işləmə məsələsi çıxdı. Bizim komanda illər öncədən buna hazır idi. “Vatsap” qrupu açdıq. İşdəki işimiz bitəndən sonra evdə işləyirik. Metroda, yolda bir hadisə görsək, axşam 9-da, 10-da hərə bir ideya atır.

- Yorucu olmur?

- Zövqü olmasa yorucu olar. Bəzən gecə 3-də durub bütün sutkanı işləyirik.

- Normal yaşamırsız ki?

- Serial sektorunun qaydasıdır bu. Hətta Türkiyədə zarafatla belə deyim eşitmişdim ki, şaxtaçılıq sektorundan sonra serial sektoru ikinci ən ağır sahədir.

- “Ata ocağı”nın uğurunun əsas şərtləri nədir?

- Ailə faktoru. Serialda mövzular yenilənir, bütün ailələrdəki reallıqları əks etdirməyə çalışırıq. Mühafizəkar atanın çölə meylli qızı var. Oğlu ilə peşə seçimində fikri üst üstə düşmür. Ana obrazı atanın narazılığını bilsə də, uşaqlarını qoruyur. Ailələrdəki problemləri araşdırmaqla yanaşı təxəyyül də qatırıq. Düşünürəm ki, nəinki “Ata ocağı”nın, digər seriallarımızın da uğurunun əsas səbəblərindən biri uzun illərdir bərabər çalışdığımız komanda anlaşmasıdır. Rüfət Şahbazov, Amiran Babayev və digər dostlarımız həm peşəkardırlar, həm də gözəl komanda yığıblar. Hekayədən başlayan iş, komanda idarəçiliyi, gözəl kastinq, quruluş, oyun, montajda ruh qorunaraq davam etdirilir. Heç kəs öz eqosunu ortaya qoymur. İmprovizələr müəyyən çərçivə daxilində olur. Yəni səhnənin əsas fikri dəyişmir. Amma hamı - rejissor, aktyor, montajçı, rəssam və s. işin keyfiyyətli olması üçün çəkiliş və montaj mərhələsində fikirlər irəli sürür. İşin keyfiyyətinə yaxşı təsir edən hər yeni fikir qəbuldur.

- Əcnəbi serialların yenidən kanallarda yayımlanması yerli serialların reytinqinə təsir göstərdimi?

- Qərar çıxanda narahat olduq. Sizə bir şey deyim, biz reytinq araşdırmaları da edirik ki, hansı mövzu tutur, hansı tutmur. Təkcə reytinq verən bölümü yox, onun uğurunu təmin edən, həmin hadisəyə gətirən öncəki iki bölümü də araşdırırıq. Növbəti mövzularımızı buna əsasən qururuq. O vaxt türk, hind serialları ciddi reytinq verirdi. Yayımı dayandırılandan sonra sektor inkişaf etdi, bizim seriallar yüksək reytinqlər əldə etdi. Bu qərar çıxanda məyus olduq ki, yenə də əvvəlki dövr başladı. Amma artıq bu seriallar reytinq baxımından bizə yaxın belə düşə bilmir.

- Serial sənayesinin inkişafı ilə bağlı hansı arzularınız var?

- İstəyərəm, yerli seriallarımız dünya arenasına çıxsın, yarışlarda iştirak etsin. Azərbaycanda bunun üçün yetərincə potensial var. Bizim coğrafiya maraqlıdır. Biz doğulan kimi üç-dörd mədəniyyəti öyrənirik. Mövzu rəngarəngliyimiz var. Biz “Həyat sən nə Qəribəsən” və “Bir ailəm var” serialına başlamadan öncə, ümumiyyətlə, dram seriallarına başlayanda Türkiyəyə praktikaya getdik. Bir çox populyar günlük və həftəlik serialların setində olduq. Orda xüsusi dörd-beş mərtəbəli binalar var - sırf çəkiliş üçün. Xəstəxana, polis şöbəsi, məhkəmə, ofis, restoran eyni binadadır və burda çəkiliş edirlər. Pandemiyada xəstəxana səhnələrini çəkməkdə çətinlik çəkdik. Gələcəkdə Azərbaycanda da belə hazır binalar olsa, işimiz bir az da asanlaşar, sektorumuz daha da inkişaf edər. Allahın köməyi ilə buna da ümid edirəm ki, çox yaxın zamanlarda beynəlxalq uğurlara da imza atacağıq.

 

Hürriyyət.- 2021.- 8-9 iyul.- S.14.