Vətən uğrunda
son damla qanınadək
döyüşdü...
Şəhidlərimiz
Azərbaycanda yaşayan
bütün xalqların nümayəndələri dəmir
yumruq tək birləşərək 44 gün davam edən Vətən
müharibəsində böyük fədakarlıq, vətənpərvərlik
nümunəsi göstərdilər. Azərbaycan Prezidenti
İlham Əliyevin çıxışlarının birində
vurğuladığı kimi: “Qələbəmizin rəmzi
olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan
bundan sonra daha da güclü olacaq”.
“Poliqon”un
məlumatına görə, bu fikirlər DİN-in Daxili
Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor
Anar Əhmədovun istehkamçı gizir Səmədov Mayis
Şadıbəy oğlunun həyat və keçdiyi şərəfli
döyüş yolundan bəhs edən “Vətən uğrunda
son damla qanınadək döyüşdü…” sərlövhəli
məqaləsində yer alıb. Məqaləni təqdim
edirik.
Gizir
Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun
Qadaş-Oba kəndində anadan olub. Əslən Quba rayonunun
Küsnət kəndindən olan Şadıbəy Səmədovun
(2010-cu ildə vəfat edib) və Əzizə Səmədovanın
böyüyüb tərbiyə etdiyi 4 övladdan (Kəmalə,
Mayis, Ceyhun və Vəsilə) biri, həmçinin, ailənin
ikinci övladı idi.
Orta
təhsilini doğulub boya-başa çatdığı
Qadaş-Oba kənd orta məktəbində alan Mayis 1992-ci ildə
həmin təhsil ocağının 9-cu sinfini bitirərək,
Xaçmaz şəhərindəki 92 saylı texniki-peşə
məktəbinə qəbul olunub. 1995-ci ildə təhsilini
başa vuraraq, “elektrik qaynaqçısı” ixtisasına yiyələnib.
Müddətli həqiqi hərbi xidmətini 1996-1999-cu illərdə
Daxili Qoşunların o zaman dislokasiya yeri Füzuli
rayonu-döyüş bölgəsi olmuş, hazırda
Bakı şəhərində yerləşən “N” saylı
hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir
müddət mülki peşə üzrə
çalışıb. 2004-cü ilin fevral ayından etibarən
Mayis Daxili Qoşunların Quba rayonundakı “N” saylı hərbi
hissəsində müddətdən artıq həqiqi hərbi
xidmətə qəbul olunub, təminat taqımında anbar rəisi
vəzifəsinə təyin edilib.
Xidmət
etdiyi dövrdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Minatəmizləmə
Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi
istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə
bitirib və ona müvafiq sertifikat verilib. Bundan əlavə,
Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində
(hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil
olunan 6 aylıq “Gizir hazırlığı kursu”nu bitirib.
“Gizir” hərbi rütbəsində Qubadakı “N” saylı hərbi
hissədə bir müddət yenidən anbar rəisi kimi xidmət
edən M.Səmədov 2011-ci ilin sentyabr ayından xüsusi təyinatlı
dəstədə atıcı-radiotelefonçu vəzifəsini
yerinə yetirib. 2012-ci ilin sentyabr ayından etibarən
qoşunların Sumqayıt şəhərində yerləşən
“N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində
müxtəlif vəzifələrdə xidmətini davam etdirən
silahdaşımız 2019-cu ilin mart ayından
istehkamçı yarımqrupunda baş
istehkamçı-yarımqrup komandiri vəzifəsinə irəli
çəkilib. Bir komandir kimi bilik və bacarığı,
qayğıkeşliyi sayəsində böyük rəislərin
etimadını, həmçinin, tabeliyində olan şəxsi
heyətin hörmətini qazanıb. Yüksək
döyüş hazırlığı və nümunəvi
xidmətilə fərqlənən hərbi qulluqçu kimi
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi
(1918-2008)” yubiley, 2-ci və 3-cü dərəcəli
“Qüsursuz xidmətə görə” medalları ilə təltif
edilib, eləcə də hərbi hissə
komandanlığı tərəfindən dəfələrlə
mükafatlandırılıb. Bununla yanaşı, cəsur
silahdaşımız 2017-ci ildə yüksək
döyüş hazırlığı və əzmkarlığı
sayəsində qazandığı “Zoğalı beret”i də
qürur hissi ilə daşıyıb.
Gizir M.Səmədov istehkamçı yarımqrupunun komandiri kimi tabeliyində olan şəxsi heyətlə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirib. Bu barədə məlumat verən Daxili Qoşunların Baş İdarəsinin Qərargahında mühəndis xidmətinin rəisi polkovnik-leytenant Baba Əliyev cəsur silahdaşını öz üzərində çalışan fəal yarımqrup komandiri kimi xatırladığını deyib: “Daxili Qoşunların istehkamçı yarımqruplarının şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları hər zaman yüksək səviyyədə yerinə yetirib. Hələ Vətən müharibəsindən öncə istehkamçılarımız istər respublikamızın evsahibliyi etdiyi müxtəlif idman yarışları, istərsə də ölkəmizdə keçirilən digər mühüm dövlət tədbirləri zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında xüsusilə fərqləniblər. Qoşunların Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 5 nəfər cəsur istehkamçısı – gizir Səmədov Mayis Şadıbəy oğlu, baş çavuşlar Nadirov Elçin Nadir oğlu, Vəlizadə Anar Afət oğlu, çavuşlar Fətəliyev Emil Mayis oğlu və Orucov Afər Yafət oğlunun, eləcə də vəzifə borcunu yerinə yetirərkən yaralanmış 16 nəfər qazi istehkamçımızın hər birinin fəaliyyətini məhz bu baxımdan müsbət qiymətləndirmək olar. Vətənpərvər istehkamçılarımız hər zaman olduğu kimi, ön cəbhədə də öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerinə yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərdilər”.
“N” saylı hərbi hissədə “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin əzmkarlığı və cəsurluğundan bu gün də fəxr hissi ilə danışır: “Vətən müharibəsində dəstəmizin qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularından biri də istehkamçı yarımqrupunun komandiri gizir Mayis Səmədovdur.
Onun bir komandir kimi fəaliyyəti hərbi hissə komandanlığı tərəfindən də hər zaman müsbət qiymətləndirilib. Yarımqrupda yüksək döyüş hazırlığı və intizamın qorunub saxlanılması üçün tabeliyindəkilərə qarşı tələbkar olmaqla bərabər, vətənpərvərliyi və qayğıkeşliyi ilə şəxsi heyətə nümunə olub.
Döyüşlərə qatıldığı ilk gündən müqəddəs borcunu şərəflə yerinə yetirən cəsur komandir içdiyi hərbi anda sadiq əsl hərbçi kimi Vətən uğrunda canından keçməklə, tabeliyində olan şəxsi heyətə bir daha örnək olmağı bacardı.
2020-ci il oktyabrın 5-də Cəbrayıl-Füzuli rayonları istiqamətində gedən döyüş Mayisin son döyüşü oldu. 7 nəfər silahdaşı ilə birgə ön mövqedəki əsgərlərimizə lazımi təminat çatdırmaq üçün gedərkən yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşən igid hərbi qulluqçumuz özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv edir. Lakin çox təəssüflər olsun ki, bu qeyri-bərabər döyüşdə dəstəmizin cəsur hərbi qulluqçuları gizir Səmədov Mayis Şadıbəy oğlu və gizir Həsənov Faiq Hüseyn oğlu Müdafiə Nazirliyinin 6 nəfər xüsusi təyinatlısı ilə birgə son damla qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə – şəhidlik zirvəsinə yüksəldilər”.
Gizir M.Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaş-Oba kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.
Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Səmədov Mayis Şadıbəy oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən uğrunda
canlarını qurban verərək, öz qanları bahasına hər birimizə Qələbə
sevincini yaşadan
şəhid oğullarımızın əziz xatirəsi
xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Allah
rəhmət eləsin!
Anar ƏHMƏDOV
Hürriyyət.- 2021.- 3 -4 iyun.-
S.13.