Onun yaradıcılığı Üzeyir
Hacıbəylinin diqqətini cəlb etmişdi…
Dahi bəstəkarımız tərəfindən Bakıya dəvət edilən Əşrəf Abbasovun həyat və yaradıcılığı
Əşrəf Abbasov 1920-ci ildə
Şuşa şəhərində anadan
olmuşdur. Orta məktəbi tarix
ixtisası üzrə
Şuşada bitirmişdir.
1948-ci ildə Azərbaycan Konservatoriyasını,
1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını
bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin
bir sahəsi də musiqi elmi ilə bağlı
olmuşdur. Azərbaycan musiqisinin
nəzəri problemlərini
araşdıran tədqiqatçı-alim
1952-ci ildə Moskvada
“Üzeyir Hacıbəyov
və onun “Koroğlu” operası” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq
namizədi alimlik dərəcəsinə layiq
görülmüşdür.
1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru
olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq
kafedrasının müdiri
vəzifəsində çalışmışdır.
Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. O, fortepiano və
orkestr üçün
konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa”
(1945), “Gələcək gün”
(1952), “Dramatik” (1953) simfonik
poemalarının, “Səndən
mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının,
bir çox instrumental
əsərin xor mahnı, romansın müəllifidir.
Musiqi sahəsindəki
xidmətlərinə görə
1963-ci ildə bəstəkara
“Azərbaycanın Əməkdar
incəsənət xadimi”
fəxri adı verilmişdir.
1968-ci ildə Əşrəf
Abbasova professor elmi rütbəsi verilmişdir.
Qeyd edək
ki, görkəmli bəstəkar, xalq artisti, professor Əşrəf
Abbasov Azərbaycan mədəniyyətinin inkişafında
özünəməxsus cəfakeşlik
və xidmət göstərmiş sənətkar
idi. O, Şuşa doğulsa və ilk musiqi təhsilini də burada alaraq, tar ixtisasına yiyələnmişdi. Amma elə
uşaqlıqdan özü
müəyyənləşdirmişdi ki, bəstəkar olacaq. Musiqiyə olan marağı onu gənc yaşlarında
tar üçün kiçikhəcmli,
birsəsli texniki pyeslər yazmağa həvəsləndirib. Tez-tez
Şuşaya gələn
Üzeyir Hacıbəyli
gənc musiqiçinin
yaradıcılığı ilə tanış
olduqda onu konservatoriyada oxumağa dəvət etmişdi. Beləliklə, Şuşadan qanadlanan
arzular Bakıda reallığa çevrildi.
1948-ci ildə konservatoriyanı,
sonra Moskva Dövlət Konservatoriyasının
aspiranturasını bitirən
Əşrəf Abbasov
həyatı boyu Şuşada mənimsədiyi
ənənəyə və
Üzeyir bəydən
öyrəndiklərinə sadiq oldu. O, xalq musiqisinə yaradıcılıqla
yanaşmağı və
bunu öz əsərlərində professional şəkildə həyata
keçirməyi bacardı.
Azərbaycan musiqi mədəniyyətində
Əşrəf Abbasovun
yeri həqiqətən
ayrıdır. O, milli
musiqimizin zənginləşməsinə,
ona yeni əlavələr edilməsinə,
daha da təravətli
olmasına çalışdı.
Həmişə axtarışda olan
bəstəkarın yaratdığı
əsərlər janr
rəngarəngliyi ilə
seçilir, orijinallığına
görə dövrün
bütün məşhur
musiqi nəzəriyyəçiləri
tərəfindən birmənalı
olaraq qəbul edilirdi. Bəstəkar
Əfrasiyab Bədəlbəyli
yazırdı: “Həqiqi
bəstəkar olmaq üçün üç
əsas amilə yiyələnmək zəruridir:
istedad, zəhmətsevərlik,
bəstəkarlıq texnikasını
yüksək səviyyədə
mənimsəmək. Lakin
bəstəkarın yaradıcılığını
daha yüksək səviyyəyə qaldıran,
onu dinləyiciyə sevdirən bir vacib cəhət də var: ideya
saflığı, məfkurə
təmizliyi, xəlqilik
prinsiplərinə riayət”.
Sanki bu müdrik
sözləri o, məhz
Əşrəf Abbasovu
nəzərdə tutaraq
demişdi.
Çoxcəhətli yaradıcılığa malik
olan Əşrəf Abbasov gözəl romanslar müəllifi idi. Füzulinin, Vaqifin,
Mikayıl Müşfiqin
sözlərinə bəstələdiyi
musiqilər öz həzinliyi, yüksək emosionallığı, poetik
mətnlə vəhdəti
ilə diqqət çəkirdi. Bir sıra mahnıların
da müəllifi olan Əşrəf Abbasovun “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl” və başqa romansları, mahnıları uzun illərdir məhəbbətlə
ifa edilir. Onun yaradıcılığında simfonik əsərlərin
də xüsusi yeri var. Əşrəf Abbasov ən çox simfonik poemaya üstünlük verib. “Şuşa”,
“Gələcək gün”,
“Dramatik poema” bəstəkarın ən
kamil simfonik əsərlərindən sayılır.
O, simfonik orkestr üçün bir sıra süitalar da yazmışdı. Yaradıcılığının zirvəsi isə
“Qaraca qız” baletidir. Bu balet
həm də uşaqlar üçün
yazılmış ilk böyük
səhnə əsəridir.
1968-ci ildə Azərbaycan
Dövlət Opera və
Balet Teatrının səhnəsində tamaşaya
qoyulmuş “Qaraca qız” yazıçı
Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdı. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab
Bədəlbəyli idi.
Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdu.
Bu balet haqqında
mətbuatda yazılanlardan
bəlli olur ki, “Qaraca qız”
həqiqətən də
klassik balet ənənələrinin ən
gözəl nümunələrindən
biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi
əsərə yüksək
bədii zövq əks etdirən quruluş verməyə
nail ola bilmişdi.
Bu yaradıcılığın
vəhdətindən doğan
“Qaraca qız” isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı.
Bu baletə təkcə
uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər.
Musiqili Komediya Teatrında tamaşaya qoyulan əsərlərə
Əşrəf Abbasov
musiqi tərtibatı verərdi. “Səndən
mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu,
lirizmi ilə seçilirdi. O, bir bəstəkar kimi tamaşa müəlliflərinin
ideyalarının musiqidə
də əks olunmasına çalışırdı
və demək olar ki, buna
nail olurdu. O dövrdə
bu əsərlərdə
həm də bu gün yerləri
bilinən çox görkəmli, korifey sənətkarların iştirak
etməsi də tamaşaların uğurlu
alınmasına səbəb
olurdu. Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov,
Məmməd Sadıq
Nuriyev kimi görkəmli aktyorlarla tamaşa müəlliflərinin
– istər bəstəkar,
rəssam, dramaturq olsun, istərsə də rejissor, – fərq etməzdi. Birlikdə səmərəli şəkildə
çalışmaq səhnə
əsərlərinə rövnəq
və ömür gətirirdi. Bəlkə də
elə bu səbəbdəndir ki, bu gün ötən
əsrin 70-ci illərindəki
teatr aləminə bir nostalgiya var.
Əşrəf Abbasovun fəaliyyətində
bəstəkarlıqla yanaşı,
elmi araşdırmalar
pedaqoqluq işi eyni dərəcədə
davam edirdi. O, 1952-ci ildə
Moskvada “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq
namizədi alimlik dərəcəsinə layiq
görülmüşdü. Burada bir məsələni də xatırlatmaq yerinə düşür ki, Əşrəf Abbasov respublika bəstəkarları arasında
həm də ilk sənətşünaslıq namizədi
idi. Onun elmi işlərinə,
müxtəlif jurnal və məcmuələrdə
çap olunan məqalələrinə təkcə
Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində
maraq göstərirdilər.
O, Azərbaycan musiqişünaslarının
bu sahədə hazırladıqları bir
çox elmi kitabların da redaktoru olmuşdur. Əşrəf Abbasov həm
də görkəmli pedaqoq idi. O, əvvəlcə Asəf Zeynallı adına
Musiqi Texnikumunun direktoru olmuşdur. Uzun illər isə Azərbaycan Dövlət Konservatoriyasında çalışmışdı.
O, bu ali
məktəbin rektoru,
Bəstəkarlıq kafedrasının
müdiri vəzifələrini
də ləyaqətlə
yerinə yetirmişdir.
Adı musiqi tariximizə əbədi həkk olan bəstəkar, musiqişünas,
pedaqoq Əşrəf
Abbasovun xidmətləri
layiqincə qiymətləndirilmişdir. O, Azərbaycanın
əməkdar incəsənət
xadimi, xalq artisti idi. Əşrəf Abbasov bir vaxt
adi müəllim kimi işə başlayıb tələbələr
yetişdirdiyi konservatoriyanın
ən nüfuzlu professoru kimi də hörmət və izzət qazanmışdı.
…O, əlinə ilk dəfə
tar almışdı. Elə musiqi
sahəsində də
fəaliyyətə tarla
başlamışdı. Amma bu dünyanı
tərk edəndə
o, Azərbaycanın məşhur
bəstəkarı idi!
Şirmayı dillərdə onun
min həvəs və
arzu ilə bəstələdiyi müxtəlif
janrlı musiqilər ifa olunurdu. Üzeyir Hacıbəylinin xeyir-duası
ilə bu sənətə gələn
Əşrəf Abbasov
unudulmaz müəlliminin
çox ləyaqətli
davamçısı olduğunu
özünün yaradıcılığı
ilə təsdiq etdi. Elə əsərlərə imza
atdı ki, bu gün unudulmazlar
sırasında əzəmətlə
dayananlardan biri də məhz bəstəkar Əşrəf
Abbasovdur!
Xatırladaq ki, Əşrəf Cəlal oğlu Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.
Hazırladı:
Məmməd MİRZƏLİYEV
Hürriyyət.- 2021.- 12-14 iyun.- S.14.