G(ü)ecalan və Qatar nahiyələri

 – qədim Oğuz-Türk yurdları…

 

1961-ci ilin may ayı, Qərbi Azərbaycanın cənnət guşələrindən olan Qafan nahiyəsinin təbiəti gül-çiçəyə bürünüb, əski Türk yurdunun ətraf mənzərələri göz oxşayır. 35 km-lik Qafan-G(ü)ecalan avtomobil yolunun hər iki tərəfi əllərində gül-çiçək dəstələri tutmuş kökənli kənd (Şəhərcik, Müsəlləm, Qovşud, Gilətağ…) məktəblərinin şagirdləri və müəllimləri ilə tutulub, “hörmətli qonağ”ın bu yoldan keçməsini gözləyir, 4-5 saat günün altında. Nəhayət, tədbir başa çatır, ardınca haylar yaşayan Oxçu kəndinin Mədəniyyət evində nahiyənin rəhbər partiya və təsərrüfat işçilərinin yığıncağı keçirilir, “hörmətli qonaq”la bu  görüşə isə yalnız bir nəfər Türkün iştirakına icazə verilir-G(ü)ecalan mis-molibden kombinatının ilk partiya təşkilatının katibi, əslən Atküz kəndindən olan  Cavanşir Əfəndiyevə (1908-1997).

Atküz kəndinin əhalisi (50-60 ev) 1959-cu ildə ona qonşu olan Kürdükan və G(ü)ecalan kəndlərinə köçürülmüş və boşaldılmışdır, kol-kos basmış yurd yerləri, mamırlaşmış qədim qəbirstanlığı qalmaqda idi.

1989-1990-cı illərdə həmin yığıncağı xatırlayan C.Əfəndiyev deyirdi ki, iclasda haylardan biri G(ü)ecalan mis-molibden kombinatının adını çəkəndə rəyasət heyətindəki yapalaq-daşnak, “hörmətli qonaq” əsəbi halda kükrədi:

-Sən niyə türk sözünü işlədirsən,“G(ü)ecalan mis-molibden kombinatı”, onun adı Kacarandır.

Və həmin tarixdən etibarən haylar bu əski Oğuz-Türk mənşəli antrotoponimi “Kacaran” kimi işlətməyə başladılar. Bu yapalaq-köstəbək isə o vaxtlar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1920-ci ilədək müsəlman-türk xalqlarının qatili olmuş S.Şaumyanın (1878-1918) əlaltısı A.İ.Mikoyan (1895-1978) idi.

Tarixi Vətənimizdə toponimlərin “erməni”ləşdirilməsinə etiraz edən C.Əfəndiyevin (o, əvvəllər “Gıhı” təsərrüfatının rəhbəri olmuşdur) rəsmi şikayətləri, müraciətləri təbii ki, cavabsız qalmışdır.

Yığıncaq keçirilən Oxçu kəndi 1920-ci ilədək nahiyənin ən iri türk kəndi olub, 1000-ə qədər evi olub, hay kilsəsi ilə birlikdə A.Ozanyanın, Q.Nijdenin başçılıq etdiyi quldur dəstələri bu kənddə və qonşu kəndlərdə (Atküz, Şotalı, PirCavidan…) yerli, kökənli müsəlmanları “barışıq” adı ilə Cümə məscidinə yığaraq (2000 nəfərdən çox) hamısını diri-diri yandırmışdılar. Həmin amansız soyqırımdan sağ çıxanlardan (meyidlərin altında qalaraq) Şotalı kənd sakini Muradxan Orduxan oğlu (1865-1955) da  olub.

Bu kəndə sonralar Türkiyədən, Cənubi Azərbaycandan, Suriyadan, Livandan, İraqdan, Fransadan, Bolqarıstandan … köçürülmüş hay sürüləri yerləşdirlimşdir.

Zəngəzur dağlıq silsiləsinin şərq yamaclarında yerləşən G(ü)ecalan şəhəri (yaxınlığdakı Yuxarı Gilətağ kəndi də) zəngin mis-molibden filiz yataqlarının “şah damarı” üstündədir, onun qərb hissəsi Naxçıvan MR-nın Ordubad rayonu, Parağaçay hövzəsini tutur.

Silsilənin ən uca zirvəsi olan Qapıcıqdan (3906 m) başlayan eyni adlı çay, mənbəyi Mehri dağlarındakı Qobututan gölündən (G(ü)ecalan şəhərindən 8,5 km cənub-qərbə tərəf aralıda) alan G(ü)ecalan çayı, Qapıcığın digər yamacından axan gursulu Oxçuçay çayı ilə Kürdkənd kəndi yaxınlığında birləşir, Oxçuçay adı ilə Zəngilan rayonu ərazisndə Araz çayının sol qolunu təşkil edir.

“Gilətağ” orotoponimi “daşaltı”, “dağların altındakı yer” mənasındadır, ona “yüz evli Gilatağ” deyilib.

Palantökən və Oğlanca dağları əhatəsində yerləşən Yuxarı və Aşağı Gilətağ kəndləri arasında 3 km məsafə var. Bu aralıq kollu-koslu örüş-otlaq yerləri (Quru dərə, Kuma sürtünü, Taxtalar) 30-40 hektar sahə tuturdu. Kəndlərin ətrafları meşəlik (ən çox çır alma, cır armud, alça, qoz, əsgil, itburnu…ağac-kolları bitirdi) idi-Çiləkli meşə, Şərbişə meşəsi, Alanın meşəsi, Bırıdüyə meşəsi, Qarşı kaha meşəsi, talalardan “Pəhlivan ot biçən yer” yalın üstü, 3-4 km aralıda idi.

Bu ərazilərin qədim tarixi-maddi irs nümunələri sırasında orta əsrlər yadigarı, Xustup və Çimən dağları arasında Oxçu çayının axdığı dar dərədə (Yuxarı Gilətağ kəndindən cənub-qərbə 6 km aralıda) tikilmiş Qaladır. El arasında ona “Fətəli xan qalası” deyilirdi (bu barədə daha çox Həsən Əliabbas oğlu (1878-1973) danışırdı). Qalanın qalıqları (çay dərəsində tağlı qapısının yeri, yamaclarda 4-5 m hündürlüklü, 15-16 m uzunluğunda sədd) 1988-ci ilədək qalırdı. Yüksək dağlarda tikilmiş bu qala-sədd bölgə üçün hərbi əhəmiyyətli müdafiə-səngər və gözətçi-hücum rolunu oynamışdır. Qala-sədd bürclərdən, daş pəncərələrdən-səngərlərdən hörülmüşdür, onu Babək Xürrəminin (798-838) adı ilə də bağlayıdrılar, onun döyüş təlimlərinin, hərbi hücumlarının ünvanı kimi anılırdı. Hava aydın olanda bu yüksəklikdən Zəngilan və Qubadlı rayonu ərazisindəki dağları görmək olurdu.

Yuxarı Gilətağ kəndindən Xustub dağına 110-120 km, Çimən dağına 25-30 km olardı.

Çimən dağında bum-buz bulaqlar axırdı: Qazmayurd bulağı, Sınıqdaş bulağı, Sarıçeşmələr… Qazmayurd bulağı Yuxarı Gilatağın çayına tökülürdü, sonuncu iki bulaq isə birləşərək Qızqalası kəndi (qədim qalanın adına görə) üstündəki qayalıqdan, meşə arasından tökülərək Şır-şır şəlaləsini (100 m boyda) yaradırdı və axıb kəndin günbatanında, 3 km-dəki “Ahu qozu meşəsi”nə qarışırdı.

Ümumiyyətlə, Gilətağ kəndlərinin ətrafında 72 bulaq çağlayırdı. Onlardan iki Turşu bulağı Yuxarı Gilətağ kəndinin günbatanı

Oxçu çayı və Süngü düzü hövzəsi təbii-coğrafi mövqeyinə, hərbi-strateji üstünlüklərinə görə bölgədə tarixən müharibə meydanı, eləcə də beynəlxalq əhəmiyyətli ticarət yolları ilə kəsişən yer olmuşdur. Adı çəkilən hidrotoponim (Oxçuçay) və orotoponim (Süngü düzü) türk mənşəli olmaqla məkanda silah-sursat hazırlanması və döyüş keçirilməsi anlamına uyğundur.

Deyilənə görə, Babəkin döyüş təlimləri, hərbi hazırlıqları əsasən Süngü düzündə keşirilmişdir.

Nahiyənin ən böyük və qədim yaşayış məntəqələrindən biri Qatar kəndi (200 ev) olub, zəngin filiz ehtiyatına görə onun əski yeri Karxana kəndinin (50-60 evli) yaxınlığında idi.1905-1906-cı və 1918-1920-ci illərdə hay-daşnak quldurları bu kəndlərə amansız basqınlar etmiş, qanlı qətliamlar-soyqırım yapmış, bu iki kəndi yer üzündən silmişlər. Qırğınlardan qurtulmuş ailələr Zəngilan (Böyük Gilətağ, Dərə Gilətağ) və Ordubad (Əylis, Kələki, Dırnıs, Anaqut…) nahiyələrinin kəndlərində sığınacaq tapmış, orada məskunlaşmışlar.

Zəngilan rayonunun Böyük Gilətağ kəndinin əski adı “İydəli Gilatağ” olub. Əslində bu antrotoponim G(ü)ecalan nahiyəsinin Yuxarı Gilətağ kəndində yaşamış, sonralar bura köçmüş igid Əlinin adı ilə bağlıdır (onun haqqında el arasında çoxlu olaylar söylənilir)  və yerli dialekt-şivə təhrifinə uğrayaraq “İdəli” kimi deyilmişdir.

Qatar-Karxana mərkəzi nahiyənin ən sıx əhali məskunlaşdığı ocaq olmaqla, ətrafında 33 müsəlmn-türk kəndləri (Sığnaq, Mollalı, Baharlı, Qarabaş, Pir Cavidan, Qaraçimən, Gödəkli, Xələc, Çobanlı…) cəmlənmişdir.

1920-ci ildən sonra da hay kilsəsinin siyasətinə, rusların istəyinə uyğun olaraq Qafan nahiyəsinin ən sıx məskunlaşmış 97 müsəlman-türk kəndlərinin ləğvi siyasəti yürüdülmüş, tarixi Oğuz-Türk kəndlərinin  köçürülməsi nəticəsində artıq 1960-cı ildə 47 kənd qalmışdır. Yer üzündən silinmiş kökənli yurd-yuvalardan Əcili (70 ev), Əfsərli (60), Şotalı (40), Buğacıq (30), Hacıtikə (30), Zeyvə (100)… hələ də “ruhları narahat türk ocaqları” kimi xatırlanır.

Zəngəzur dağlıq silsiləsinin şərq yamaclarını tutan Qırxlar dağı Yuxarı Gilətağ kəndindən 10 km şimal-qərbə tərəfdir. Buzlaqlarla-qarla örtülü yamaclardan axan çoxsaylı bulaq suları dərələr boyu  70 km axaraq Oxçuçayına qovuşur. Bu bulaq-çayların (Qırxlar bulağı, Ağıllıyurd bulağı…) üstündə yaradılan su dəyirmanlardan axırıncı (Bəbir dəyirmanı, Ağakişi dəyirmanı, Məhəmmədəli dəyirmanı, Orucalı dəyirmanı, Şükür dəyirmanı…) 1983-cü ilədək işləmişdir (kəndin qibləsində, 400 m aralıda).

Bəbir Allahyar oğlunun (1868-1945) tikdiyi su dəyirmanını söküb daşından  Məhəmmədəli Heydər oğlu (1901-1996) 1954-ci ildə yeni bir dəyirman tikdi, 100 m yuxarıda. Həmin ilin oktyabr ayında çaya sel gəldi, əvvəlki su dəyirmanından sökülmüş daşları gətirdi öz, halal yerinə qoydu.

Çünki, yaşlılardan Mustafa Şükür oğlunun (1863-1953), Nisbicahan Adıgözəl qızının (1881-1972) söylədiklərinə görə    Bəbir Allahyar oğlu “haqq aşiği” olub.

Yuxarı Gilətağ kəndinin üstündəki Oğlanca dağının günçıxanında uzanan “Oxtar dərəsi” bütünlüklə müsəlman-türk kəndləri idi: Oxtar, Çobanlıl, Hünüt, Darvuz,Paşakənd, Şabadin…Bu hövzəyə hayların köçürülməsi 1920-ci ildən sonra başlamışdır.

R.S. Hay kilsəsi Kürdkənd kəndini -“Lernadzor”, Pir Cavidan kəndi – “Ankavan”, Qızqalası kəndi-“Açaqu”, Qobututan gölünü – “Kaputan”, Süngü düzünü “Syunik”… adlandırır.

R.S.S. II Dünya müharibəsində Stalinqrad və Cənub-qərb cəbhəsində döyüşmüş general-mayor Teymur Hağdalı oğlu Bünyadov (1911-1974) əslən Gilətağ kəndindən idi.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qafan nahiyəsi, Müsəlləm kənd sakinləri Yusif İmran oğlu Muxtarovun (1941), Sabir  Hilal oğlu Hüseynovun (1951), Yuxarı Gilətağ kənd sakinləri Məhərrəm Sadıq oğlu Cahangirovun (1934) və Famil Mustafa oğlu Bəbirovun (1936) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət  YUNUSOĞLU,

Bakı Dövlət Universitetinin müəllimi

 

Hürriyyət.- 2021.- 15-16 iyun.- S.14.