“Arif Babayev
üstümə qışqırdı, ağladım”
“Uşaqlığın son gecəsi”nin
“Elya”sı: “Hamı məni əzizləyərək sakitləşdirməyə
başladı”
“Axşamlar məni rejissordan
tutmuş hamı qonaq dəvət edirdi. O qədər dəvət
alırdım ki, bilmirdim birinci hansını qəbul edim”
Megi Kejeradze - bu ad və soyad oxucuya
bəlkə də heç nə demir, lakin bu gürcü
xanım Azərbaycan kinosunun incisi olan “Uşaqlığın
son gecəsi” bədii filmində (1968) yaddaqalan, işvə-nazlı,
gözəl “Elya” obrazı ilə kino tariximizə
düşüb.
"Report"un
Gürcüstan bürosu olaraq, Megi xanımı xeyli müddətdir
axtarırdıq, amma tapa bilmirdik. Hətta
Gürcüstanın Mədəniyyət Nazirliyi belə onun
hazırkı həyatı haqqında hər hansı bir məlumat
təqdim edə bilmədi. Bəzi şəxslər isə
M.Kejeradzenin artıq həyatda olmadığı və 2019-cu
ildə vəfat etdiyini iddia edirdilər.
Buna
baxmayaraq axtarışlarımızı dayandırmadıq və
cəhdlərimiz sonda müsbət nəticə verdi. Megi
xanımı tapdıq, müsahibə üçün onunla əlaqə
saxladıq. Onu müsahibəyə razı salmaq asan olmadı.
Azərbaycan mediası üçün onunla görüşmək
istədiyimizi bilən kimi “Bakıda çəkildiyim filmlə
bağlı olacaq müsahibə, elə deyilmi?” şərti
ilə razılaşdı.
Müsahibəyə
yollanarkən “Uşaqlığın son gecəsi” filmində
Murad rolunun ifaçısı, Xalq artisti, “Elya”nı uzun illərdir
axtaran Ənvər Həsənovla əlaqə saxlayıb Megi
xanımı tapdığımızı bildiririk. O, bu xəbərdən
çox sevindiyini qeyd edərək, “Elya”ya salam və ən
xoş arzularını çatdırmağımızı
xahiş edir. Aktyorun sözlərinə görə, Megi
Kejeradzeni çox axtarsa da, tapa bilməyib və buna görə
də onun artıq həyatda olmadığını
düşünüb. Ə.Həsənov film barədə
danışanda hər zaman Megi xanımı da yad etdiyini
vurğulayıb. Ənvər müəllimi məşğul
olduğundan onu Megi xanımla müsahibə zamanı
danışdırmaq istəyimiz baş tutmur.
“Elya”nın yaşadığı ünvanı tapmağımız da asan olmur. Onun dediyi ünvana çatırıq, amma yaşadığı bloku tapa bilmirik. Tərslikdən Megi xanım ardıcıl zənglərimizə cavab vermir. Bir saata yaxın vaxt keçir. Nəhayət özü telefon açır, zənglərimizə cavab vermədiyi və ünvanı düzgün izah etmədiyinə görə üzrxahlığını bildirir. Həyətə daxil oluruq, 2 nömrəli bloku axtarırıq. İki blokun girişində 2 nömrəsinin yazıldığı lövhəni görürük. Eyvanların birindən həyətə baxan bir kişi bizi görüb kimi axtardığımızla maraqlanır. “Megi Kejeradze bu binada yaşayır?” sualımıza “Gəlinciklər gülümsəyir” filmində çəkilən?” deyib bloku işarə edir. Liftin işlək vəziyyətdə olmasını desələr də, qapıları bizim üçün açılmır. VII mərtəbəyə ayaqla qalxmalı oluruq. Megi xanım bizi mənzilinin qapısında gözləyirdi. Mənzilə daxil oluruq, “Elya”nı tapdığımıza sevinirik. Ondan müsahibə üçün foto və video çəkiliş üçün icazə alırıq, o isə bunun üçün uyğun geyimdə və formada olmadığını əsas gətirərək razılaşmır. Megi xanımı dilə tutub çəkilişə razı sala bilirik.
Megi Kejeradzenin “Report”un Gürcüstan bürosuna müsahibəsini təqdim edirik.
- Megi xanım, 53 il bundan öncə “Uşaqlığın son gecəsi” filminə dəvət olunduğunuzu necə xatırlayırsınız?
- Həmin dövrdə mən “Gürcüstan filmi”nin istehsalı olan “Gəlinciklər gülümsəyir” (1963) filmində çəkilmişdim. Kinorejissor Arif Babayev məni o filmdə görüb bəyənmişdi. Daha sonra məni Bakıya çağırdılar. Elya rolu üçün çox gözəl və yaxşı xanım olan Tamillanı sınaqdan keçirmişdilər. (müsahibim Tamilla xanımın soyadını Əsədullayeva kimi xatırlayır. Lakin bu ad-soyadlı aktrisa barədə hər hansı bir məlumat yoxdur. Bəlkə də həmin aktrisa “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarının ifaçısı Tamilla Rüstəmovadır). Həmin rolda o çəkilməli idi. Mən bunu sonradan bildim. Tamilla rola artıq hazırlaşmışdı. Lakin elə alındı ki, onun yerinə məni təsdiqlədilər. Arif Babayev “Elya rolunda Megidən başqa heç kəsi istəmirəm” demişdi. Tamilla çox incimişdi, lakin buna baxmayaraq, biz çox dostlaşdıq və uzun illər rəfiqəlik etdik. Sonralar təəssüf ki, əlaqəmiz kəsildi.
- Çəkiliş
meydançasında Sizə münasibət necə idi?
- Çəkilişlər haradasa
yarım il
davam etdi. Mən bununla bağlı Bakıya gedib gəlirdim. Hamı məni çox
əzizləyirdi. Ətrafdakılardan yalnız xoş münasibət görürdüm.
Özümü çox
xoşbəxt hiss edirdim.
Mənə dost və
doğma insan kimi münasibət bəsləyirdilər. Çox razı
idim. O qədər
doğmalaşdıq, hətta
Azərbaycan dilində
bir neçə söz öyrəndim. İndi yalnız “necəsən” sözü yadımda qalıb.
Elə bu arada Megi xanıma
Ənvər Həsənovun
salamını və xoş arzularını çatdırırıq. Azərbaycanlı
aktyorun tərəf müqabili - “Elya”nı
axtardığını qeyd
edirik. Megi xanım “doğrudan?” deyib təəccüblənir,
kövrəlir, susaraq
xatirələrə dalır...
“Çox sağ
olsun! Məndən də salam
yetirin” deyib gülümsəyir.
- Peşəkar aktrisa olmamısınız,
elə deyilmi?
- Bəli, mən aktrisa deyiləm. İngilis dili pedaqoquyam. “Uşaqlığın son gecəsi” filmindən öncə bir neçə ekran əsərində yer almışam. Ötən əsrin
60-c illərində gənc
idim. Aktrisalığa uyğun deyiləm.
Gənclik illərimdə yəqin
xarici görkəmim filmlərə çəkilməyimə
imkan verib. Arif Babayevin filmində çəkiləndə 24 yaşım
var idi, çox utancaq idim.
- Arif Babayevi xatırladınız. Onu necə yadda
saxlamısınız?
- O, çox koloritli, tələbkar və eyni zamanda çox
şən insan idi. Yaxşı zövqü ilə
seçilirdi. Mən deyərdim
ki, o, özünü
lazımı qədər
qiymətləndirmirdi. Onun lentə aldığı bütün filmlər qeyri-adidir.
- Filmin çəkilişləri
dövründən ən
çox nə yadınızda qalıb?
- Hansısa epizodun çəkilişində Arif
Babayev üstümə
qışqırdı və
mən ağlamağa
başladım. Artıq çəkilmək
istəmədiyimi və
çəkilişlərə gəlməyəcəyimi bildirdim.
Hamı məni əzizləyərək
sakitləşdirməyə başladı. Dedilər ki,
rejissor mənə görə hirslənməyib.
- Filmə ekrana çıxmasından
sonra baxmısınızmı?
- Bəli, izlədim və çox bəyəndim. Filmdə çəkilənlərin hamısı mənə çox əziz və xeyirxah insanlar idilər. Bakı dövrü deyərdim ki, həyatımın ən yaxşı dövrlərindən biridir.
Çünki hamı məni
böyük sevinclə
qarşılamışdı. Axşamlar məni hamı qonaq dəvət edirdi. O qədər dəvət alırdım
ki, bilmirdim birinci hansını qəbul edim (gülür).
- Sonralar
Azərbaycandan filmlərə
dəvət aldınızmı?
- Bəli. Zənglər oldu. İki dəfə
dəvət etmək istədilər, lakin baş tutmadı.
- Bakıda daha sonralar olmusunuzmu?
- Bəli. Bakıda olduğum vaxtda çoxlu dost və rəfiqə qazandım. Azərbaycanlıların hamısı məni
çox sevirdi. Dostlarım çox idi, dəvətlər alırdım.
Zaqulbada dəniz sahilində dincəlmişəm. Ora çox
gözəl idi.
Bakılı dostlarım da
Tbilisidə tez-tez qonağım olurdular.
Azərbaycanda həm dostlarım,
həm də pərəstişkarlarım vardı.
Çox
xoş vaxt keçirirdim. Məni tanıyanlar
çox idi.
Deyərdim ki, Bakı həyatımın
sevincidir. Kədərli olanda, əhvalımın
pis vaxtında Bakı dövrümü,
oradakı dostlarımı
yadıma salıram və yüngülləşirəm.
Orada heç kəs mənim xətrimə dəyməyib. Həmin günlər
həyatımın ən
xoşbəxt və yaddaqalan dövrüdür.
Elə gün olmur ki, o günləri yada salmayım. Sonuncu dəfə Azərbaycanda nə vaxt olduğumu
xatırlamıram. Dəvət olsa,
böyük məmnuniyyətlə
Bakıya gedərəm.
Bunu çox arzulayıram.
Bakıdan özümə boyunbağı
və qolbaq almışdım. Təəssüflər olsun ki, onları sonra itirdim.
- İndi həyatınız
necə keçir? Harada işləyirsiniz?
- Bakıda çəkiləndə
həyat yoldaşımdan
ayrılmışdım. İkinci dəfə
ailə qurdum. Həyat yoldaşım artıq vəfat edib. Bir qızım var, o da kino sahəsində
özünü sınayıb.
İki nəvəm var. Əvvəllər
Xarici Dillər İnstitutunda müəllimlik
etmişəm, hazırda
isə Texniki Universitetdə ingilis dilli müəllimi kimi çalışıram.
Yəqin bu il ali məktəbdə son ilimdir,
çünki pedaqoji fəaliyyət üçün
artıq çox qocalmışam. Mənsub
olduğum nəsil artıq gedir...
- Gürcüstan
mətbuatında barənizdə
çox az
məlumata rast gəlinir. Sizin ictimaiyyətə qapalı olduğunuzu deyirlər.
- Bilirsiniz, bu, mənim çox məşğul olmağımla
bağlıdır. Vaxt tapa
bilmirəm. Nəvələrimə baxıram. Tələbələrim var və vaxtımın böyük
hissəsini onlara ayırıram.
- Sonda azərbaycanlı kinosevərlərə
və Azərbaycandakı
pərəstişkarlarınıza nə demək istəyərdiniz?
- Sizinlə söhbət edərkən yenidən Bakıda keçirdiyim xoş günlərə qayıtdım, rəfiqələrimi
və yaxın tanışlarımı yada
saldım. Azərbaycanlılar mənə çox
doğma və əzizdirlər. Onlar qeyri-adi
yaxşı, mehriban insanlardır və bu, yalnız mənim fikrim deyil. Tələbələrim arasında Gürcüstanda
yaşayan azərbaycanlılar
da var. Onların bəziləri məni Azərbaycan filminə çəkilən aktrisa kimi tanıyır. Azərbaycanlılardan həmişə böyük minnətdarlıq
və razılıq hissi ilə danışıram. Çox şadam
ki, Azərbaycanda məni unutmayıblar.
Azərbaycanlı jurnalistin məni
tapıb müsahibə
alması da bunu təsdiqləyir.
- Megi xanım, müsahibəyə
görə təşəkkür
edirik.
Hürriyyət.- 2021.- 24-25 iyun.- S.14.