Böyük TURAN
yolçusu
Elçibəy: azadlıq aşiqi, demokratiya
döyüşçüsü
Yazımın mövzusu XX əsrin
sonlarında Azərbaycanda fenomenal şəxsiyyətə
çevrilən Elçibəydir. Ona görə fenomenaldır ki, özünün
bütün müsbət və mənfi, çatışan və
çatışmayan tərəfləri ilə əslində
Elçibəy elə XX əsrin 2-ci yarısından
sonrakı Azərbaycan deməkdir
əvvəli ötən sayımızda
Elçibəy
kim idi, nə arzulayırdı, bu cəmiyyətə
nə vermək istəyirdi? Bu suallar adekvat olaraq başqa
suallara meydan açır: Biz kimik, tarixdəki yerimiz nədir
və bu gün nə istəyirik? Bütün
bu suallara cavablar verilir, doğru və ya yanlış
mövqelər, obyektiv və ya subyektiv yanaşmalar olur. Onların bəziləri səmimi, bəziləri
sifarişli, bəziləri qərəzli, əksəriyyəti
sevgi doludur. Amma ən əsası,
bütün cavablar axtarış deməkdir.
Elçibəyin vəfatından sonra 18 ilə yaxın
bir müddətdə Bütöv Azərbaycan davası aparan,
prosesləri idarə edən, yönəldən ideoloji lider
olmadı.
Lider yoxdursa, bu etiraz, bu dava bizi məğlubiyyətə
düçar edər, bu məğlubiyyət isə, bəlkə
də, 100 illər boyu insanların birləşmək istəyini
ürəklərdən, Bütöv Azərbaycan
ideyasını beyinlərdən silə bilər. İnsan ölümləri, qan, həbslər
insanların gözünü qorxudar və bu ideyanın
gerçəkləşməsini ləngidər.
Məhz bu baxımdan da Elçibəy BAB-ı tez bir
zamanda və gərgin bir siyasi dönəmdə yaratdı ki,
Cənubda baş vərənləri nəzarətsiz buraxmayaq,
bütün durumlara hazır olaq. Orada yaşanacaqlar
bizim fikir və qərarımızdan asılı olmasa da,
baş vərənlərə hazır olmaq və durumu öz
xeyrimizə dəyişmək əlimizdə olsun. Yenə
özünün bir fikrinə söykənərək söyləyirəm:
“Bizim millətin hər zaman bütövlük ruhu olub,
amma önəmli olan o ruhu şüur halına gətirməkdir. İndi də
ruhumuz var, onu şüura çevirənədək isə səbrli
olmaq, hazırlaşmaq lazımdır”.
O cəmiyyətdəki
həm milli, həm dini-ideoloji boşluğu yaxşı
görürdü. Əlbəttə, analiz edirdi
və nəticə çıxarırdı. Bir şeyi unutmayaq ki, Elçibəy yaxşı bir
tarixiçi alim idi, Şərqi gözəl bilirdi, dini
gözəl bilirdi və Şərq xalqlarının
psixologiyasını gözəl bilirdi. Onun
“Bütöv Azərbaycan yolunda” kitabı, əslində,
bütün ittihamlara cavab idi. Elçibəy
bilirdi ki, bir şərqlinin padşah idealına uyğun tip
deyil. Bu gün Avropada velosipedlə,
metroyla, avtobusla işə gedən dövlət
başçılarını görürük. Və bunlar o dövlətlərdir ki, demokratik dəyərlər
və əhalinin rifahına görə dünyada birincidirlər.
Amma Şərqdə padşahın nəinki
velosipedlə işə getməyi, hətta maaşını
gözləyib qızına ayaqqabı alması belə onu
güclü yox, zəif göstərir. Bir şərqli
padşah tiran, diktator ola bilər, amma sadə
ola bilməz. O, xalqdan ola bilməzdi, olarsa,
padşah olmayacaqdı. Şərqdə
demokratik prezident institutunun padşahlıqdan fərqli
olduğunu, fikir müxtəlifliyinin dövlətə
qarşı deyil, əksinə, dövlət dəyərlərinin
möhkəmlənməsinə xidmət etdiyini
aşılamaq istəyirdi. Ona görə
ki, bir məsələyə, problemə fərqli yanaşma
sonda düzgün nəticənin əldə olunmasına gətirib
çıxarır. Amma onu da gözəl
bilirdi ki, cəmiyyət Elçibəyin bu
yanaşmalarından hələ çox uzaqdadır. Gətirmək istədiyi Qərb dəyərləri
bu şərqli cəmiyyət üçün çox
uzaqdı və bu xalq onu devirəcək. Bəlkə də,
etiraz edən ola bilər ki, Elçibəyi
xalq devirmədi, amma üsyana etinasızlıq və çarəni
başqa yerlərdə axtarmaq elə onu devirmək idi.
Yuxarıda da qeyd etdiyim kimi, bunu bəy özü də deyirdi
ki, bu xalq indi hakimiyyətə gətirdiyini 1 il
sonra özü devirəcək.
Hətta bəzən deyirlər ki, Elçibəy bu
xalqı kor-koranə sevirdi, bu xalqın qüsurlarını
görmürdü. Elə deyildi, tam əksinə, Elçibəy
xalqı necə vardısa, görürdü, onun psixologiyasını
yaxşı dərk edirdi və düzgün nəticələr
çıxarırdı. Lakin Elçibəy
bir şeyi də başa düşürdü ki, bu xalq
onundur, sevilməlidir və uğrunda mübarizə
aparılmalıdır. Bəyin özünün də
dediyi kimi, bu məsələyə idealist kimi
yanaşırdı və deyirdi: “Mən xalqdan razıyam,
heç vaxt ondan narazı olmamışam və ola da bilmərəm. Həmişə
də deyirəm ki, insan Xaliqə yaxınlaşmaq istəyirsə,
xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən
keçir”. Hətta burda onun zarafatla səsləndirdiyi
bir fikri də qeyd etmək istəyirəm. O, xalqa
qarşı olan ittihamlardan birinə bele bir cavab vermişdi: “Mən
Fransadan bura xalq gətirəsi deyiləm, olan budur”. Lakin bəzən siyasətin xalqın
düşüncəsi ilə uyuşmadıgını da qeyd
edirdi.
Yenə
özündən sitat gətirəcəm: “Siyasət
boksçu oyununa bənzəyir, məsələn, boksçu
əgər rəqib zərbəsi qarşısında boynunu əyməsə,
yeri gələndə arxaya və ya yana
tullanmasa, tez vurula bilər. Bizdə isə hərəkatı
iki addım geri çəkəndə deyirlər ki,
qaçdı, bu, pis psixologiyadır – adamları, hərəkatı
manevr etməyə qoymur”.
Dəfələrlə dilə də gətirmişdi ki,
elə bir cəmiyyətin qurulmasını istəyirəm ki,
diktatorlar hakimiyyətə gələndə cəmiyyət
özü ona təpki göstərsin, onlara imkan verməsin. Bəzən Elçibəyi
qatı millətçilikdə ittiham edirlər, həqiqətən
Elçibəy millətçi idi, Turan yolçusu idi,
türk kimliyimizi bizə anladan ideoloji xəttin başında
dururdu, lakin heç bir zaman Elçibəy üçün
millət, dövlət anlayışı insan
anlayışından ayrı durmamışdır. Hər bir millətin azad yaşamasını,
dövlət qurmasını vacib hesab edən Bəy bu
dövlətdə əsas dəyərin insan olduğunu önə
sürürdü. Milli azlıqlarla bağlı həyata
keçirilən dövlət proqramları haqda söylədiyi
fikirlərdən birində belə deyirdi: “Bu gün ləzgilər,
avarlar aşağı siniflərdə öz dillərində
dərs keçirlər və o dərsi keçəndə
bizə dua edirlər ki, nə yaxşı öz əlifbamızı
verdilər, dilimizdə əlifba buraxdılar. Biz
hökumət olaraq bu prosesin həyata keçməsinə
kömək edirdik, yəni demokratiyanı, insan
haqlarını nəzərə alırdıq”. Və Bəy təkcə öz dövlətinin sərhədləri
içərisindəki insanların millətçisi deyildi,
bütün dövlətlərdə rifah içində
yaşayan millətləri görmək istəyirdi.
Xarici
siyasətlə bağlı fikirlərindən bir örnək
gətirim: “Məni İran da, Səddam Hüseyn hökuməti
də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq
bildirdim ki, o cür yırtıcı, irticaçı dövlətlərə
getmərəm, bu, mənə yaraşmaz. Deyək
ki, getdim İraqa, Səddam Hüseyn də məni
yaxşı qarşıladı. Hətta
yardım da etdi. Bəs Səddamın
günahsız məhv etdirdiyi minlərcə adamın ailələri
deməzmi ki, sən də namərd oldun? Bəs
onların ah-naləsi necə olsun?!”
Və
hakimiyyətdən gedəndən sonra bir illik hakimiyyət dəyərləndirməsi
ilə bağlı etdiyi söhbətlərdə yenə belə
bir fikir səsləndirirdi: “Birillik hakimiyyətimiz
dövründə fəaliyyətimizin çox mühüm
sahəsi olan xarici siyasətdə uğurlarımız da oldu,
uğursuzluqlarımız da. Lakin ümumi şəkildə
götürsək deyə bilərik ki, biz məhz xarici siyasət
sahəsində qazandığımız nailiyyətlərin
qurbanı olduq”. Ancaq məğlubiyyətə
baxmayaraq, Əbülfəz bəy yürütdüyü
bütün fikirlərdə və getdiyi yolda çox qətiyyətli
idi. Bəy onu qətiyyətsizlikdə
ittiham edənlərə cavab olaraq “Mən çox qətiyyətli
adamam”, – deyirdi. “Mən öz
xalqımı sevdiyim üçün onunla məhəbbətlə
davranmışam. Dövlət
başçısı öz qətiyyətini ölkəsinin,
dövlətinin içində öz vətəndaşlarına
yox, çölündə düşmənlərinə
göstərməyi bacarmalıdır” tezisini irəli
sürürdü. Qətiyyətlilik odur
ki, sən hər cür əzab-əziyyətdən keçərək
xalqın xoşbəxtliyi uğrunda sonadək
çalışasan. Burada sən bəzən
öz şəxsiyyətini də qurban verməli olursan, sənin
şəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir. Doğrudan da qətiyyətlisənsə, sənin
haqqında hər şey deyiləcəyini gözə alıb
özünü ümumi məqsəd yolunda qurban verməyi
bacarmalısan. Kim haqqı cox sevirsə, qətiyyətli
adam odur. Qətiyyət qan
tökməklə ölçülməz. Və bu
fikirləri ancaq ruhən və mənən idealist, alim və
siyasətçi, müəllim və ideoloq olan böyük
bir dövlət adamı söyləyə bilərdi.. Əbulfəz bəy burada səsləndirdiyimiz
və səsləndirmədiyimiz çox fikri ilə XX əsrin
ikinci yarısını özündə təcəssüm
etdirirdi. O, bir siyasət adami idi, amma ən əsası,
böyük Turan yolçusu idi. Elçibəy
ömrünün son günlərini də daha çox
BAB-ın toplantılarına həsr etdi. Və
hər toplantıda o çıxışlarını
böyük ruh yüksəkliyi ilə bitirirdi. Məruzəmin sonunu mən də həmin ruhla bitirmək
istəyirəm.
Bir zamanlar bizə ümidlə baxan Əli bəy
Hüşeynzadələr kimi, biz də eyni ümidlə gələcəyə
baxaq deyə bu şeir parçasını söyləmək
istəyirəm.
Sizlərsiniz
ey qövmi-macar, bizlərə ixvan,
Əcdadımızın
müştərəkən mənşəyi Turan!..
Bir dindəyiz
biz, həpimiz hak-pərəstan;
Mümkünmü ayırsın bizi “İncil” ilə
“Quran”?
Hədəfimiz
həp TURAN, TURAN, TURAN!
Anar ƏSƏDLİ,
Azərbaycan Yüksəliş
Partiyası Başqanı
Redaksiyadan: İyunun 24-də Milli
Azadlıq Hərəkatının lideri, Azərbaycan
Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz
Elçibəyin doğum günü idi. Əbülfəz
Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə
Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində
anadan olub.
Elçibəy yolunun
davamçıları və onu sevənlər 24 iyun tarixini
Türklük günü kimi qeyd edirlər!
Hürriyyət.- 2021.- 29-30 iyun.- S.5.