“Xəqani mənimlə danışandan

bir-iki saat sonra şəhid olub...”

 

Şəhid anası Südabə xanım: “Oğlum elə bil bu dünyaya qonaq gəlmişdi, at belində uzaq səfərə getdi...”

 

...Birinci Qarabağ Savaşında olduğu kimi, İkinci Vətən müharibəsində də Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər el oğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə atıblar... Birlikdə güclüyük prinsipini əsas götürərək, Vətənimizə xaincəsinə soxulan erməni qəsbkarlarına tarixi dərs veriblər, onlara yerini tanıdıblar və bir daha Azərbaycanda yaşayan bütün millətlərin Vətənimizin bütövlüyü uğrunda öz şücaətlərini nümayiş etdirərək, hətta canlarını qurban veriblər...

Bir daha Odlar yurdunun şanlı tarixində yeni-yeni səhifələr açıblar... Bu səhifələrin hərəsində bir ömrün hünərləri, tarixçəsi, canlı həyat salnamələri həkk olunub...

...Həmin şanlı tarixin yazılmasında Zaqatala rayonunun Qımır və Bazar kəndlərindən olan, hər an mürəkkəb hərb sahəsində püxtələşən o igidlərin böyük rolu olub. Qeyd edək ki, bu kəndləri Azərbaycanda hərbiçilər kəndi kimi tanıyırlar.

...Çünki tarixən bu kənddə dünyaya gələn gənclərin əksəriyyəti orta, ali hərbi məktəbləri bitirərək, könüllü olaraq hərb yolunu və yaxud müddətdən əlavə hərbi xidmətlərini davam etdirərək, hərb sahəsinin Azərbaycan Silahlı Qüvvələrinin inkişafına zəhmətlərinin əsirgəməyiblər... Onların fəaliyyətlərindən isə qalaq-qalaq əsərlər yazmaq olar... Demək olar ki, Qımır və Bazar kəndlərində yaşayan hər bir ailədən 1-2 nəfər hərbçi var, həm də hərbçi nəsilləri çoxdur...

 

...Bu günlərdə İkinci Vətən savaşında şəhid olan ölməz hərbçilərdən yazmaq üçün yolumu Qımır kəndindən saldım. Zaqatala rayon İcra Hakimiyyətinin Qımır kənd icra nümayəndəliyinin əməkdaşı Ramin Həsənovdan aldığım məlumata görə, bu müharibədə həmin kənddən 120-dən çox könüllü çavuş, gizir və yüksək rütbəli zabit iştirak edib. Həmin Vətən cəfakeşi təcrübəli zabitlərin döyüşlərdə qazanılan qələbələrdə böyük şücaətləri olub. Ramin Həsənov bildirdi ki, 27.09.2020 –ci il tarixdə erməni təxribatı nəticəsində Vətən müharibəsində Qımır kəndindən 3 nəfər hərbi qulluqçu – Murtuzəliyev Xəqani İsa oğlu, Nuhiyev Musa Nüsrət oğlu, İsrafilov Abdurəhman İsrafil oğlu Azərbaycanımızın azadlığı uğrunda qəhrəmancasına həlak olub... Onlarla hərbçi isə yaralanıb. Birinci Qarabağ savaşında isə Qımır və Bazar kəndlərindən 5 nəfər gənc şəhid olub... Bu Vətən savaşı zamanı Qımırlılar Ramil Həsənov kimi gənclərin təşəbbüsü ilə tez-tez cəbhə bölgələrinə yardımlar aparıb, müharibədə döyüşən hərbçilərlə sıx əlaqədə olublar. Onların problemlərinin həll olunmasına çalışıblar. İndi də qazi və şəhid ailələri ilə sıx əlaqəli işləyirlər.

Qımır kəndinin mərkəzində həmin kəndin sabiq icra nümayəndəsi Həsrət müəllimin təşəbbüsü, təşkilatçılığı, şəxsi vəsaiti sayəsində şəhidlərin xatirəsinə kompleks inşa edilib, qəbiristanlıqda isə Şəhidlər Xiyabanı yaradılıb. Qımır kənd icra nümayəndəsinin əməkdaşı Ramin Həsənov söhbət zamanı qeyd etdi ki, onların təşəbbüsü ilə şəhid ailələri ilə birgə Qımır və Bazar kəndlərinin hər iki girəcəklərində hər üç şəhidin iri təqdimat portretləri quraşdırılıb. Yaxın vaxtlarda kəndin mərkəzində şəhidlərin xatirəsinə bulaq kompleksi də inşa olunacaq...

...Vətən uğrunda canını fəda verən hər üç şəhidin ömrü yarımçıq qalsa da, hərb sahəsində döyüşüb, ömür yollarında qəhrəmanlıq dastanları yaradıblar...

Gəlin, bizim xilaskarlarımızla tanış olaq: hərb yolunda zirvələri fəth edən, Zaqatalamızın fəxri, baş çavuş, (MAXE) bölük komandiri Murtuzəliyev Xəqani İsa oğlu.

...Mən onun hərb, döyüş yolundan yazmaq istəyəndə Boris Polevoyun “Əsl insan haqqında povest” əsərinin qəhrəmanı yadıma düşdü... Oxşar taleli, eyni xasiyyətli, cəfakeş, qayğıkeş, sadə və eyni zamanda seçdiyi hərb qulluğunun təcrübəli, əvəzolunmaz kadrı... Onun  haqqında ətraflı məlumatlar toplamaqdan ötrü Qımır kəndində xüsusi hörmətə malik Murtuzəliyevlər ailəsində olanda bir daha Ana qəlbinin sızıltılarını, fəryadını, övlad itkisinin necə ağrılı-acılı olduğunun, Vətən üçün namuslu, qeyrətli, qorxu, çəkinmək nədi bilməyən, düşmənin göz dağı olmuş Xəqani kimi təcrübəli hərbiçi yetişdirmiş Atanın, o qəm dünyasında özünü necə sındırmadığının şahidi idim.

Şəhid anası Südabə xanım: “Xəqani mənim əlçatmaz dünyam idi...”

Şəhid atası İsa kişi: “Oğlum Xəqani bütün elin fədaisi, ürəyi, canı idi. Onun itkisi ilə baırşa bilmirəm, özümü dəryada batmış gəmidəki kimi hiss edirəm. Əlimlə isə elə bil Xəqanini xilas etməyə çalışıram. Lakin bu münmkünsüzdür, niyə görəsən yaxşıları bu dünyadan tez aparırlar?”

Zaqatalanın dağ vüqarlı, şəhid oğlu Xəqani İsa oğlu Murtuzəliyevin uşaqlıqdan arzusu polis orqanlarında işləmək olub. Onda bu çətin sahəyə marağı rəhmətlik əmisi, uzun müddət polis orqanlarında çalışmış Musa Murtuzəliyev yaradıb. Ona görə də Xəqani fiziki hazırlığını gücləndirmək üçün daima idmanla məşğul olub. Qəhrəman, fədakar hərbçilərin dünyaya göz açdığı Qımır kəndində olan zaman Murtuzəliyevlər ailəsində oldum. Müəyyən səbəblərdən polisdə işləmək arzusu reallaşmayan, lakin hərb sahəsində yüksək təcrübə toplamış Xəqani barəsində ətraflı məlumat topladım. Qeyd edim ki, Qımır kəndi bağlı-bağatlı, güllü-çiçəkli olmaqla yanaşı, zəhmətsevər insanları olan kənddir. Xəqani hərbidə qulluğa başlayan vaxtdan onun haqqında ancaq xoş sözlər, müsbət fikirlər söyləyiblər: “Xəqani Azərbaycanın, Vətəninin etibarlı müdafiəçisi, həqiqi və dönməz hərbiçisi olub... Əhsən, onun hərbidəki nailiyyətlərinə...”

...Xəqaninin vaxtilə doğulub-böyüdüyü, boya-başa çatdığı həyətə daxil olanda isə, elə bil ki, başqa aləmə düşmüşdüm... Hər tərəfi müxtəlif meyvə ağacları, səliqə-səhman, qızıl güllərlə dolu gül kolları, sanki hər tərəfə yaşıl xalı sərilmişdi. Amma bu geniş həyətdə sakitlik hökm sürürdü...

Əlavə edim ki, şəhidin ailəsinin yaşadığı ünvana qədər bələdçilik edən tələbə, yaxın qohumu Telli xanım da Vətən xilaskarı haqqında belə dedi: “Xəqani dayı bizim üçrəngli bayrağımızı daha ucalara sancaraq, şəhadət zirvəsini fəth etdi, ölməz qəhrəman obrazını yaratdı...”

Məni qarşılayan qara libaslı şəhid anası Südabə xanımı xəyallar uzaqlara aparmış, həsrətlə kimisə gözləyirdi, fındıq ağaclarının altında əyləşən böyük nəvəsi sakitcə, dinməzcə ətrafı seyr edirdi... Südabə xanım: “Balamın böyük balasıdır, atası müharibədə həlak olandan sonra özünə gələ bilmir, atasının ölümü ilə barışa bilmir, inanmır. O, mənim böyük nəvəm İsadır, babasının adını qoymuşuq. Nəvəmi heç cürə sakitləşdirə bilmirik. Hələ iki nəvəm də Bakıdadır... Onların suallarına cavab verə bilmirik, mən də, babaları da çox çarəsiz vəziyyətdəyik... Çünki Xəqani təkcə bu ailəni, Qımır kəndini yox, bütün Azərbaycanı tərk etdi... Oğlum bir əlçatmaz zirvə idi...” dedi və göz yaşları sanki yaz yağışını xatırlatdı. “O, fərqli tarixi səhifə-səhifə yazdı və bizi tərk etdi...” deyə söhbətə davam etdi. Bu məqamda hazırda cəbhə bölgəsində hərbi xidmətini davam etdirən baş çavuş Rauf Ramazanov Xəqani barəsində söylədikləri yadına düşdü: “Xəqani elə bir hərbçi idi ki, elə bir cəngavər olub ki, onun qarşısında heç bir namərd düşmən dayanmaz, tab gətirməzdi. Onların gözünün odunu alırdı, əli qanlı düşmənə qan uddurardı. Bu yolu seçəndə çox düşünülmüş addım atıb, hərb yolunda ölümü də gözünün önünə gətirmişdi Xəqani... Çünki o, Zaqatala rayonunun ən nümunəvi, seçilən və əməksevər, Vətənə bağlı bir ailədə tərbiyə almışdı Südabə anadan və İsa atadan...”

...Söz yox ki, Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq (MAXE) 10 ilə yaxın hərbi qulluqçu kimi xidmət etmiş Xəqani İsa oğlu Murtəliyevin ömür yolunu bir yazıya sığışdıra bilmərik...

Ancaq bu xidmət dövrünün əsas hissəsini ön cəbhə xəttində düşmənlə qarşı-qarşıya keçirmiş baş çavuş Xəqani Murtuzəliyev dünən də həlak ola bilərdi, yəni İkinci Vətən müharibəsindən əvvəl dəfələrlə erməni təxribatlarının qarşısını alanda 2016-cı ildə aprel döyüşlərində də... Taleyin qisməti belə imiş... Atası İsa kişi demişkən “...Bu necə oldu ki, azğın düşmən Xəqani balamı nişan ala bildi, necə ola bilər ki, balam bu məqamları qaçırdı...? Düşmənə imkan verdilər ki, oğlumu nişan alsınlar, axı o elə-belə hərbiçi – döyüşçü deyildi, zabit olmasa da, ali təhsil almasa da işğal altında olan torpaqlarımızda (Vətən müharibəsindən əvvəli nəzərdə tutulur. E.M.) üzbə-üz mövqelərin hər qarışına, düşmənlərin hər cür hiyləsinə bələd idi Xəqani... Oğlum hərbidə bütün sınaqlardan keçmişdi, dəfələrlə hərbi sınaq təlimlərindən uğurla keçmişdi, bütün çətin-mürəkkəb anları yaşamış, heç vaxt əyilməmiş və sınmamışdı. Düşmənə də meydan oxumuşdu... Niyə belə oldu?.. Oğul dərdinə, oğul itkisinə, vaxtsız ölümünə kim dözər? Ondan yadigar qalan 3 nəvənin çoxsaylı suallarına biz necə cavab verək?!... Bir təsəllimiz var: “oğlum Xəqani bu Vətən savaşında düşmənə qarşı mərdliklə döyüşdü, onların çoxsaylı canlı qüvvəsini (onunla müharibə başlayan saatlardan çiyin-çiyinə döyüşüb, yaralanan hərbçi yoldaşları belə söyləyirlər-şəhid atası əlavə edir. E.M.) darmadağın edib... Və əsl kişi tək həlak olur, üçrəngli bayrağımızı qurumaz qanı ilə əbədiləşdirir... Amma bizi gözüyaşlı qoyur, uzaq səfər yolunu seçir – cənnət qapısını açmaq üçün...” Çox çətinliklə siqareti bir-birinə calaya-calaya ağır hisslər, ağır duyğularını çatdırır. O, qürurlu şəhid atası İsa Ramazan oğlu Murtuzəliyev...

...Hələ yeniyetmə yaşlarından enişli-yoxuşlu, mürəkkəb hərb yoluna qədəm basandan Xəqaniyə demişdim ki, “ay balam, yaxşı-yaxşı fikirləş, götür-qoy et, düzdü, hərb yolunu seçirsən, uğurlu olsun, amma unutma ki, Vətənimizin üzərindən qara buludlar çəkilməyib, o sərt küləklər əsməkdədir... özünü qoru, balam...” – deyə İsa kişi qəmgin şəkildə əlavə etdi...

Südabə Ana isə qısaca: “Bir Hava qızımın bir qardaşı Xəqani balamız vardı. Hava qızımızı köçürdük – Ağdaşa, Xəqani oğlumuzu evləndirdik. Qızımın 2, oğlumun isə 3 balası, 2 oğlan və 1 qız balaları vardı... Xəqaninin böyük oğlu İsa 9 –cu sinfi bitirib bu  il. Amma sevimli atası görmədi, yaşamadı bu anları... Çox təəssüf... Şəhid oğlumun qızı Bəyim 7-ci sinfi bitirib, sonuncu övladı - oğlu Turan isə növbəti tədris ilində birinci sinfə gedecək... Xəqanisiz...

...Qəhrəmanlıqla hərb yolunu keçən qəhrəmanımızın ömür səhifələrini vərəqləyirəm... Doğulduğu tarix: 11 oktyabr 1984 –cü il Zaqatala rayonu Qımır kəndi, Murtuzəliyevlər ailəsində... Birinci Qarabağ müharibəsində həlak olan şəhid İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbini bitirən Xəqani İsa oğlu Murtuzəliyev 1 il valideynlərinə təsərrüfat işlərində köməklik edib... Milli Ordumuzda həqiqi hərbi xidmətini Müdafiə Nazirliyinin Pirəküşküı qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə keçirib. Nümunəvi hərbi xidmətinə görə dəfələrlə komandirlər tərəfindən təşəkkürnamələr alıb, mükafatlandırılıb və məzuniyyətə buraxılıb... Valideynləri deyir ki, məzuniyyətdə olarkən Xəqani əsgərlik bitəndən sonra hərbi sahədə xidmətini davam etdirəcəyi barədə əzizlərini məlumatlandırır... Ancaq valideynləri Xəqaninin hərbçi olmasına tərəddüd edib və hətta razı olmayıblar... Lakin Xəqani inadından dönmədi...

...Şəhidin anası Südabə xanım deyir ki, Xəqani Murtuzəliyev həqiqi hərbi xidmətini cəbhə bölgəsində, Goranboy rayonunda başa vurduqdan sonra evə qayıdır... O, 1 aydan sonra imzaladığı müqavilə şərtlərinə əsasən yenidən MN –nin Gornaboy bölgəsindəki, düşmənlə sərhəddə yerləşən hərbi məkanda müddətsiz həqiqi hərbi xidmətini davam etdirir və  eyni zamanda təcrübə toplayır, təlimlərdə fəal iştirak edir... Və, İkinci Vətən müharibəsinə tam hazırlıqlı hərbçi kimi yetişir...

Şəhid ailəsində olarkən, söhbət zamanı öyrəndim ki, Xəqani MAXE kimi hərbi xidmətinin bir ilini başa vurandan sonra Ülviyyə adlı xanımla ailə həyatı qurub, şən, mehriban və xoşbəxt yaşayırdılar...

Şəhid hərbçinin ömür yolunun növbəti səhifəsini açanda məlum olur ki, Xəqani Murtuzəliyev 7 il Goranboy rayonunda hərbi xidmət keçəndən sonra isə Müdafiə nazirinin əmrinə əsasən Xəqani Murtuzəliyev Bakı şəhərindəki hərbi hissələri birində bölük komandiri kimi fəaliyyətini davam etdirməyə başlayır...

Atası İsa Murtuzəıiyevin dediklərindən: “Oğlumun xidmət yeri Bakıya dəyişiləndən sonra nədənsə çox narahat və nigaran idi. Deyirdi ki, hər gün gecə yarısınadək işləyirlər... Xəqani dəyərdi ki, son günlər çox məsuliyyətli işlərlə məşğuldurlar və hərbi təlimlərin sayını artırıblar... Xəqani əsl hərbiçi kimi bizə heç nə bildirməsə də, son vaxtlar düşmənin azğınlaşmasından hiss edirdik ki, müharibə qaçılmazdır. Və eyni zamanda oğlumuz Xəqaninin bizimlə telefon danışıqlarında “əziz valideynlərim, son vaxtlar hərbidə işlərimiz daha da çoxalıb, evimizə də gec gedirik. Siz bizdən ötrü nigaran qalmayın, özünüzə baxın, işlərimiz yüngülləşsin, kəndə gələcəyəm. Sizlər üçün çox darıxmışam...” deməsi də nəyəsə işarə idi. Ancaq oğlumuz vədinə əməl etdi. 2020-ci ilin avqust ayında, yəni Vətən müharibəsinin başlamasına 1 ay qalmış kəndə, bizim yanımıza gəldi, ailəsi ilə birlikdə, nəvələrimizi də gətirmişdi. Çox-çox sevindik, darıxmışdıq, bacısı da Ağdaşdan gəlmişdi, hətta ona hədiyyə üçün əl telefonu da almışdı Xəqani... O, kəndə gələndə hamı sevinirdi, dostlar, tanışlar, qohum-qonşular toplaşardılar. Xəqani çox humanist, qəlbi kövrək, hamı ilə dil tapa bilən, çox rəhmli insan idi... Bu dəfə gələndə isə anası demişdi: “Ay bala, daha bəsdir, gəl bizim yanımızda yaşa, bu boyda bağ-bağça, torpaqlar, genişlik var... qur-yarat. Hərbidə bu boyda can qoyursan, sənin qədrinimi biləcəklər ki, canını qurban edirsən?!..” Xəqani isə mülayimcə cavab vermişdi: “Əzizim Ana, özün də görürsən ki, bir ildir Bakıya dönmüşəm... Burada əmək fəaliyyətimi, təcrübəmi daha da artırıram... az qalıb xidmətimi başa vurmağa”. Elə bil hamı hiss etmişdi ki, Xəqaninin kəndə bu gəlişi son olacaq... O isə hamı ilə zarafat edir, xoş davranır, arabir də zarafata salıb belə deyərdi: “O dığaların da başını əzib Azərbaycandan qovaq, itirək, bundan sonra rahatlanarıq... Arxayınca yurdumuza dönərik...”

Şəhidin atası İsa kişi deyir ki, Xəqani Murtuzəliyev öz işində çox məsuliyyətli idi... Uzun müddət Daxili İşlər orqanlarında çalışmış mərhum əmisini çox istəyərdi, işə ciddi yanaşmağın bir çox sirlərini, qaydalarını ondan öyrənmişdi...

Baş çavuş Rauf Ramazanov: “Xəqani hərbi qulluğa başlayanda Goranboy rayonunda bir yerdə xidmət etmişik. Çalışardı ki, daha təcrübəli, daha etibarlı hərbçilərdən nəsə öyrənsin, gələcəkdə çətinliklərlə üzləşməsin. Çox mətin iradəli, vətənpərvər, etibarlı və dostcanlı idi Xəqani. Hərbi tapşırıqları vicdanla yerinə yetirər, hətta düşmənlə üzbəüz qalanda geri çəkilməzdi, sıravi əsgərlərlə daha tez dil tapar, onların yaxın dostu, qardaşıydı Xəqani... Mən belə deyərdim ki, o, rütbəsiz “general” idi... General Polad Həşimovun həlak olması onu çox sarsıtmışdı... Düşmənə qarşı nifrət, qisas hissi çox güclüydü bizim eloğlumuzda... İkinci Vətən savaşında Xəqaninin şəhid olması xəbərini eşidəndə sanki mən havalanmışdım.”Necə ola bilər ki, Xəqani də düşmən hədəfinə gəlsin?” Hələ də özümdə deyiləm...”

Onun hərbçi yoldaşları isə söyləyib ki, 27 sentyabr 2020-ci il tarixində müharibə başlayan gündən ən qızğın döyüşlərdə iştirak edən Xəqani Murtuzəliyevi düşmən kəşfiyyatı və snaypertləri onu anbaan izləyirmiş. Çünki erməni faşistlərinə aman verməyən Zaqatalanın qorxmaz hərbi qulluqçusu, həm sərrast atıcı, təcrübəli minamyotçu, düşmən mövqelərini tam dəqiqliklə müəyyənləşdirən kəşfiyyatçı olub... O, əvəzolunmaz hərbi qulluqçu, etibarlı dost, ən ağır anlarda döyüşçülərimizin xilaskarıydı. Neçə-neçə uğurlu döyüş əməliyyatlarının öncülü – Xəqani İsa oğlu Murtuzəliyev.

...Xəqani ömrünün səhifələrini vərəqləyərkən məlum olur ki, müqavilə əsasında hərbi xidmətdə olarkən nümunəvi və qüsursuz hərbi xidmətinə görə müxtəlif vaxtlarda Ali Baş Komandandan, Müdafiə Nazirliyi tərəfindən yubiley, fərqlənmə medalları və tərifnamə, fəxri fərmanlarla, müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Şəhidin anası Südabə xanım gözlərinin yaşını axıda-axıda otaqlardan birində Xəqaninin şərəfinə yaradılmış güşədə saxlanılan 2018-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi “Qüsursuz hərbi xidmətə görə-III dərəcəli”, “Şücaəətə görə” medalları ilə, fəxri fərmanlarla, hərbi mundirlərlə və digər yadigar əşyalarla tanış etdi...

“...Oğlum elə bil bu dünyaya qonaq gəlmişdi. At belində uzaq səfərə getdi. Bütün bunlar isə bizə yadigar, nişanə qaldı...” deyə şəhid anası əlavə etdi...

 

Yaman bir gülüm oldu,

Ağlar bülbülüm oldu.

Ana oğul itirdi,

Nə böyük zülüm oldu.

 

O oğul ki, İkinci Vətən müharibəsində Cəbrayıldan başlayan döyüş yolunu Qubadlıdan, Zəngilandan, Hadrutdan, Su qovuşandan keçərək Füzulidə başa vurdu...

 

Südabə Ana yanıqlı-yanıqlı danışır: “21 oktyabr 2020 –ci il tarixində Xəqani mənə zəng vurmuşdu, qısaca hal-əhvalımızı xəbər aldı. Son sözü isə: “Ana, özündən və balalarımdan muğayat olun, məndən nigaran qalmayın...” oldu. Xəqanimizin danışığından çox həyəcan hiss etdim... Atasına heç nə demədim... Sonradan eşitdim ki, balam həmin gün mənimlə danışandan bir-iki saat sonra qanlı döyüşdə iştirak edərək, xain düşmənin atdığı mərmilərdən və xəsarətlərdən həlak olub... beləcə oğlumuz... bizi tərk etdi...” – şəhid anası qəhərlənərək danışa bilmədi...

...Çox şükürlər olsun ki, tanrı səbr, təsəlli, dözüm versə də övladı vaxtsız itirmək necə ağır dərd, itki olduğunu təsəvvür etmək mümkün deyil... Azərbaycan Silahlı Qüvvələrinin fəxri olan Xəqani “oğlumuz bizə 3 yadigar qoyub, bütün eldən getdi”, şəhid Atası İsa kişinin son sözləri belə oldu.

Cəmi 36 il ömür sürmüş, bu ömrün əsas hissəsini hərbə bağlamış, məğlub olmuş düşmənə göz dağı vermiş, daima ata-anasının, doğmalarının başını uca etmiş və bütöv Azərbaycanımızın bütövlüyü, Qarabağımızın azadlığı uğrunda şəhadətə qovuşan MAXE Xəqani İsa oğlu Murtuzəliyev 22 oktyabr 2020 –ci il tarixində doğma Qımır kəndindəki qəbristanlıqda, digər şəhidlərin sırasında cənnətin qapısını açdı... İzdiham o qorxmaz, cəsur, bütün müsbət keyfiyyətlərə malik olan hərbçi eloğlumuzu son mənzilinə yola saldı...

İşğaldan azad edilmiş torpaqlarımıza sancılan üçrəngli bayraqlardan biri Xəqaninin qəbir daşı üzərində dalğalanır...

Ruhunuz şad olsun, Vətən xilaskarı Xəqani!

Südabə Ana, ağlama, heç vaxt ağlama. Nəvələrini kövrəltmə...

İsa kişi: "Xəqani bütün ellərin balasıdır, o ölməyib, ürəklərdə yaşayır”.

...Siz fəxr edin, qürur duyun ki, Xəqani qəhrəmanlığı, şücaəti ilə əbədi bir heykəl qurdu... nəsillərə nümunə olacaq heykəl... Ölməz Xəqani Murtuzəliyev!

Tanrı ruhunu qorusun!

 

Elman MALIYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2021.- 29-30 iyun.- S.7.